Ən vacib sığorta
1999-cu ildən start verilən icbari tibbi
sığorta sistemini tətbiq etmək üçün bu sahədə
sistemli islahatların aparılmasına ehtiyac var
Azərbaycanda
demokratik islahatların aparılması yeni düşüncə
və mədəniyyətlərin də formalaşmasına ehtiyacın
olduğunu ortaya çıxarıb. Hazırda
bu tendensiya sığorta sistemində də özünü
göstərməkdədir. Sirr deyil ki, Azərbaycanda
sığortalanma mədəniyyəti çox
aşağıdır. İnsanlar nəinki
mal- mülklərini, heç canlarını da
sığortalamaq istəmirlər. Əlbəttə
ki, ən vacib sığorta insan həyatının
sığortalanmasıdır. Ölkəmizin
sığorta haqqında qanunvericiliyinə görə,
sığortaçıların fəaliyyət istiqamətləri
baxımından həyat sığortası və qeyri-həyat
sığortası (ümumi sığorta) sahələri,
sığorta obyekti baxımından isə şəxsi sığorta
və əmlak sığortası sahələri mövcuddur.
Hər bir sığorta sahəsi də öz
növbəsində müəyyən sığorta siniflərindən
ibarətdir.
Tibbi sığorta isə sığorta olunanın
sığorta müqaviləsində nəzərdə
tutulmuş xəstəliyə məruz qalmasına görə
müayinə və müalicə olunması üçün tibb müəssisələrinin
göstərdiyi xidmətlərlə, habelə dərman vasitələrinin
alınması ilə əlaqədar yaranan xərclərin əvəzinin
tam və ya qismən ödənilməsini nəzərdə
tutur. Heç kim özünün və ya
başqa bir şəxsin həyatının və ya bədən
üzvünün (məsələn, ayağının,
gözlərinin və s.) həqiqi maddi dəyərini müəyyənləşdirə
bilməz. Bu səbəbdən maliyyə təzminatı
prinsipi tibbi sığorta istisna olmaqla, şəxsi
sığortaya aid olan sığorta siniflərinə aid
edilmir. Tibbi sığortada isə şəxsin
çəkdiyi tibbi xərclər maliyyə cəhətdən
ölçülə bilir.
Hazırda
icbari tibbi sığortanın tətbiqinin səhiyyə
sistemində aparılan islahatların tərkib hissəsi kimi həyata
keçirilməsi nəzərdə tutulur. Bu baxımdan əksər Avropa ölkələrində
olduğu kimi bizdə də tibbi sığortanın məcburi
nəzərdə tutulması təqdirə layiqdir. Bu, həm əhalinin səhiyyə xidmətlərinə
əlçatanlığını artıra, həm də həmin
sistemdə qeyri-rəsmi ödənişlərin
qarşısını ala bilər. Bununla
belə, hələlik icbari sığortanın tətbiqi
mexanizmləri tam müəyyən edilmədiyindən bu sistemə
keçid uğurlu alınmaya bilər.
Azərbaycanda
məcburi tibbi
sığortanın tətbiqi ilə bağlı hələ
1999-cu ildə qanun qəbul olunub. O zaman 2000-ci ildən məcburi tibbi
sığortanın tətbiq edilməsi nəzərdə
tutlmuşdu. Lakin həmin il ölkə
başçısı icbari tibbi sığortanın tətbiqinin 5 il
müddətinə təxirə salınması
üçün sərəncam verdi. Nəhayət, Prezident
İlham Əliyev 2008-ci ildə məcburi tibbi
sığortanın tətbiqi ilə bağlı digər bir
fərman imzaladı. Eyni zamanda bu fərmanla
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə
Agentliyin yaradılması nəzərdə tutulurdu. Lakin həmin ilin yanvarın 1-dən icbari tibbi
sığortanı tətbiq etmək mümkün olmadı.
İcbari tibbi sığorta ayrıca bir
komponent kimi reallaşdırılsa, effekti olmayacaq
Məsələ ondadır ki, qanunla işəgötürənlərin
əməkhaqqı fondunun 4 %-inin tibbi sığortaya yönəldilməsi
nəzərdə tutulsa da, bu sistem hələ də işləmir. Bundan başqa,
sığorta şirkətlərinin bir qismi hələ də
işləyəcəyi tibb müəssisələrini müəyyənləşdirməyib.
Qeyd edək ki, 102,56 milyon manatlıq
sığorta ödənişlərinin cəmi 0,52 milyon
manatı həyat sığortasıdır. Bu
isə yalnız əhalinin həyat sığortasına
marağının azalması ilə deyil, həmçinin
sığorta şirkətlərinin tibb müəssisələri
ilə işləyə bilməməsinin nəticəsidir.
Bəzi hallarda isə tibb müəssisələrinin
sığorta şirkətlərindən tələb etdiyi məbləğ
böyük olduğundan həmin şirkətlər həyat
sığortası müqavilələrinin bağlanmasına
maraq göstərmir.
İşləməyən əhalinin
icbari tibbi sığortası ilə bağlı məsələlər
də hələ tam dəqiqləşdirilməyib. Bu sığorta növü
icbari olduğundan ondan bütün vətəndaşlar istifadə
etməlidir. İşsizlərin isə
sığorta ödənişlərini həyata keçirmək
imkanları, demək olar ki, yoxdur. Bu zaman
dövlətin maliyyə yardımına ehtiyac var.
İcbari tibbi sığortanın tətbiqi
səhiyyə sistemində aparılan islahatların tərkib
hissəsi kimi kompleks tədbirlər ilə müşahidə
olunmalıdır. Əgər o, ayrıca bir komponent kimi
reallaşdırılsa, onun effekti olmayacaq. Bundan başqa, sığortası olanlardan qeyri-rəsmi
ödənişlərin tələb edilməməsi və
sığorta müqaviləsinin nəzərdə tutduğu
qaydada pulsuz xidmətin göstərilməsi olduqca vacibdir.
Bu isə icbari sığortanın tətbiqi ilə
yanaşı nəzarətin gücləndirilməsini tələb
edir.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və
İslahatlar Mərkəzinin İqtisadiyyat və tibbi
sığorta şöbəsinin müdiri Abuzər
Məmmədovun sözlərinə
görə, bu gün səhiyyənin maliyyələşməsi
mərkəzi büdcə və rayon büdcəsi tərəfindən
həyata keçirilir: “Bu da ümumi səhiyyə büdcəsinin
bölünməsinə gətirib çıxarır. Belə
şəraitdə əhalinin xəstələnmə halı sığorta riski
kimi qəbul edilsə, ümumi büdcənin mərkəzi və
rayon büdcəsinə bölünməsi
bütövlükdə respublika əhalisinin xəstələnmə
risklərinin hesablanmasına imkan vermir. Buna
görə səhiyyədə struktur, maliyyənin vahid ödəyicidə
toplanması və bölüşdürülməsi üzrə
islahatların aparılması qəbul edilmiş
ümumdünya prinsiplərinə əsasən zəruridir.
Azərbaycanda səhiyyə sektorunda belə islahatların aparılması beynəlxalq
təşkilatlar tərəfindən də dəstəklənir
və yüksək qiymətləndirilir”.
İcbari tibbi sığortanın tətbiqinin əhalinin
sosial müdafiəsinin gücləndirilməsinə nə dərəcədə
xidmət edəcəyinə gəlincə o dedi ki, insanın
sağlamlıq devizi bütün ölkələr
üçün əsas prioritet istiqamət sayılır: “Səhiyyə
islahatları əsas dəyərləri - ədalət,
iştirak, həmrəylik və hər bir xəstə insan
üçün sağlamlıq potensialına nail olmaq -
özündə ehtiva edir. “Azərbaycan Respublikasında səhiyyənin
maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi
sığortanın tətbiqi Konsepsiyası”nın 2-ci maddəsinə
əsasən baza zərfinə daxil olan xidmətlər səviyyəsində
dövlət tərəfindən ilkin tibbi sanitar, təcili və
təxirəsalınmaz xidmətlər və müəyyən
profilli mütəxəssislərin xidmətlərinə təminat verilir. Əhalinin
kateqoriyalara görə maliyyələşdirilməsi Nazirlər
Kabinetinin qərarına əsasən müəyyənləşəcək.
Digər dövlətlərdə işləyən
təbəqə işə götürənlər tərəfindən,
işləməyən və digər kateqoriyalı əhali
isə dövlət büdcəsindən maliyyələşdirilir.
Beləliklə, bütün əhalinin sosial bərabərliyi
və ədalətlilik prinsipi təmin edilmiş olur. Ümumiyyətlə, varlı insanın kasıba
görə, sağlamın xəstəyə görə,
cavanın qocaya görə (bərabərlik, ədalətlilik)
prinsipi icbari tibbi sığortanın əsas prinsipidir”.
Onun fikrincə,
hərtərəfli təhlillər aparıldıqdan sonra
dövlət zəmanəti verilə biləcək tibbi xidmətlərin
baza zərfinə daxil edilməsi müəyyənləşdirilə
bilər. A.Məmmədov bildirdi ki, zərfə daxil
olmayan əlavə xidmətlərin maliyyələşdirilməsi
isə əhalinin öz vəsaiti, könüllü tibbi
sığorta vəsaitləri və müxtəlif maliyyə
yardımları hesabına maliyyələşdiriləcəkdir:
“Gələcəkdə bu hissələrin
qarşılıqlı inteqrasiya olmuş şəkildə fəaliyyət
göstərməsi nəzərdə tutulur. Bu
gün Azərbaycanda özəl sığorta şirkətləri
fəaliyyət göstərir. Baza zərfinə
daxil olmayan əlavə xidmətlər özəl
sığorta şirkətləri üçün yeni tibbi
sığorta proqramlarının həyata keçirilməsinə
şərait yaradır. Bu da öz növbəsində
özəl sektorun inkişafına təkan verir və səhiyyənin
şəffaflığına zəmanət yaradır”.
“Tibbi sığortanın inkişaf
üçün ictimaiyyətə bunu mövcud ehtiyac kimi
anlatmaq lazımdır”
İcbari tibbi sığorta sisteminin tətbiqi
zamanı xarici təcrübədən istifadə edərkən
Azərbaycan gerçəklikləri diqqətlə öyrənilməli
və nəzərə alınmalıdır. Ən əsası, icbari
tibbi sığorta sistemi vasitəsilə tibbi xidmətlərin
göstərilməsinə özəl tibb müəssisələri
də cəlb edilməlidir. Onun tətbiqi
zamanı rəqabət təmin oluna, bu da öz növbəsində
xidmətlərin keyfiyyətinə müsbət təsir
göstərə bilər.
MBASK Sığorta Şirkətinin anderaytinq şöbəsinin
tibbi sığorta üzrə mütəxəssisi Səbinə
Məlikovanın “Paritet”ə açıqlamasına görə,
müəyyən bir vaxtda sığorta şirkətləri və
ictimaiyyətin təşəbbüsü, özəl tibb
müəssisələrinin fəallığının nəticəsi
olaraq bu istiqamətdə vəziyyət
yaxşılaşmalıdır. S. Məlikovanın fikrincə
tibbi sığortanın inkiaşf üçün ictimaiyyətdə
bunu populyarlaşdırmaq, mövcud ehtiyac kimi anlatmaq
lazımdır: “Artıq belə olduqda əlbəttə ki,
tibbi sığorta ilə məşğul olan şirkətlər
tərəfindən də təkliflər daha çox olacaq. Həm də o daha qənaətbəxş və
keyfiyyətli olacaq. Onda əlbəttə
ki, hamı üçün yaxşı olacaq. Belə
olanda qiymət də düşə bilər, keyfiyyətdə
yaxşı ola bilər. Çünki
artıq konkurensiya olacaq”.
O qeyd etdi ki, hansı tərəfdən bu işə
başlamaq lazımdır demək çətindir:
“KİV-in burada böyük rolu var. Ümumiyyətlə, əksər
insanlar hələ sığortanın nə olduğunu tam
anlaya bilmirlər. Bu, nəniki, tibbi
sığortaya, başqa sığorta növlərinə də
aiddir. Onu tam anlamaq insanlar üçün
o qədər də asan deyil. Əlbəttə,
sığorta şirkətlərinin bunu insanlara tək-tək
anlatması qeyri-mümkündür. Ona
görə, ümumiyyətlə, ictimaiyyət tərfindən
istək olmalıdır. Bununla məşğul
olan müəssisələrin bu istqamətdə yönəlmiş
hansısa fəallığı olmalıdır”.
Həmsöhbətimiz bildirdi ki, hadisə hər an ola bilər və heç kim də bundan
sığortalı deyil. “Amma həyat
sığortası isə bu imkanı veirir. Maariflənmə o deməkdir ki, insanın bundan xəbəri
olsun”, deyə o əlavə etdi.
Tibbi sığorta ilə bağlı maariflənməyə
mütləq ehtiyac olduğunu deyən S.Məlikova hesab edir
ki, qiymət çox baha olduğundan cəmiyyətdə istək
də yüksək deyil: “Qiymət hamının imkanına
uyğun olan qiymət deyil. Ona görə də
Azərbaycanda tibbi sığorta üzrə indi biz fiziki şəxsləri
sığortlamırıq. Çünki fərdi
olaraq istək sıfırdır”. Onun sözlərinə
görə, istənilən şirkət bu
sığortanı öz işçiləri
üçün bir bonus kimi əldə edə bilər: “Əgər
hansısa şirkətin istəyi varsa, işçilərini
həvəsləndimək və ya onların həyat şəraitini
yaxşılaşdımaq üçün bunu edə bilər.
Acınacaqlı haldır ki, tibbi sığorta
üçün bizə müraciət edən şirkətlərin
99 faiz xarici şirkətlərdir. Görürsünuz,
bu da maariflənmə və ya sosial səviyyənin yüksək
olmasının nəticəsidir ki, artıq onlar bu
anlayışla gəlirlər başqa ölkəyə.
Onlar bunu bir ehtiyac kimi duyurlar və burada da
ehtiyac bilib öz işçilərini tibbi
sığortasını edirlər. Amma
çox yerli şirkətlər var ki, imkanları olduğu
halda belə öz işçilərinə bu imkanı
yaratmırlar. Çox istərdim ki, yerli
şirkətlər də buna maraq göstərsinlər”.
Bu məsələdə sığorta
şirkətlərinin də üzərinə müəyyən
vəzifələr düşür. Bu baxımdan S.Məlikovanın qənaətincə,
sığorta şirkətləri də bu məslədə fəal
iştirak etməlidrilər: “Yerli şirkətləri cəlb
etməldirlər. Eyni zamanda sığorta
şirkətləri arasında sağlam rəqbət
olmalıdır. Çox təəssüf
ki, rəqabət sağlam olmur. Bir də
sığorta şirkətləri bir yerdə birləşə
bilsəyidilər daha yaxşı olardı. Bu da təəssüf ki, müəyyən səbəblərədən
mümkün olmur. Həm də konkret olaraq tibbi sığorta üzrə
özəl tibb müəssisələri ilə hansısa
danışıqlara gələ bilsəydilər ki, həmin
özəl tibb müəssisələri qiymətləri daimi
olaraq qaldırmasınlar. Dövlətə
məxsus tibb müəssislərində tibbi xidmət pulsuz
olduğuna görə biz ancaq özəl tibb müəssisləri
ilə müqavilə bağlayıb orada
sığortalıları müalicə edə bilərik.
Özəl
tibb müəssisələri çox olsa da
xırdalıqlarına gedəndə bizim seçimimiz o qədər
də çox deyil. Sığorta şirkətlərinin
tələbləri var. Təəssüf ki, bu tələblərə
hər tibb müəssisəsi cavab verə bilmir. Tibb şirkətləri də çox vaxt bundan
suistifadə edirlər. Bilə-bilə ki,
sığorta şirlkətinin gedəsi başqa yolu yoxdur.
Bu da sığorta şirkətləri
üçün problem yaradır”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri
Vüqar Bayramovun fikrincə isə, səhiyyə
islahatlarının daha effektli aparılması
üçün icbari tibbi sığortanın tətbiqi
mexanizminin təkmilləşdirilməsinə ehtiyac var.
“Araşdırmalar göstərir ki, “Tibbi sığorta
haqqında” qanun indiki tələbləri tam olaraq ödəmir.
Bu baxımdan həmin qanunda bir sıra
boşllar var ki, onlar icbari tibbi sığortanın tətbiqinə
imkan vermir. Qanunvericilikdə icbari tibbi
sığortanın tətbiqi mexanizmləri göstərilməlidir.
Eləcə də Nazirlər Kabineti yanında
İcbari Tibbi Sığorta üzrə Agentliyinin statusunun tam
olaraq təkmilləşməsinə ehtiyac var. Çünki
bu agentlik icbari tibbi sığortanın tətbiqinə
birbaşa məsul olan qurumdur. Çox təəssüf
ki, bu agentlik yaradılıb, amma hələ də onun əsasnaməsi
qəbul ediməyib”.
Əhalinin tibbi sığortanın əhəmiyyəti
ilə bağlı məlumatlılıq səviyyəsi
olduqca aşağıdır
Onun sözlərinə
görə, icbari tibbi sığortanın tətbiqinə mane
olan digər faktor Səhiyyə Nazirinin 1 fevral 2008-ci il tarixli qərarına əsasən dövlət
xəstəxanalarında tibbi xidmətin pulsuz olmasıdır:
“Əgər səhiyyə xidməti pulsuzdursa, nə
üçün icbari tibbi sığortanın tətbiqinə
ehtiyac var? Səhiyyə Nazirliyinin qərarlarının
Azərbaycan qanunvericiliyinə
uyğunlaşdırılmasına ehtiyac var. Bu ziddiyətin
aradan qaldırılması olduqca maraqldır”. Ekspert digər
məqamı sığorta şirkətləri ilə xəstəxanaların
münasnibətlərinin tam olaraq formalaşmamasında
görür: “İcbari tibbi sığortda üç tərəf
var; sığorta şitkətləri, xəstəxanalar və
vətəndaşlar. Bu gün praktiki olaraq bu
üç tərəfin münasibətləri hələlik
sivil müstəvidə qurulmayıb. Bu,
birbaşa onunla bağlıdır ki, əvvəla
sığorta edənlə sığorta olunanaların tibbi
sığortanın əhəmiyyəti ilə bağlı məlumatlılıq
səviyyəsi olduqca aşağıdır. Bu o deməkdir ki, ölkədə tibbi
sığorta mədəniyyəti aşağıdır.
Təbii ki, bu münasibətlərin
yaxışaldırılması və ya sivil müstəviyə
keçməsi üçün sığortalıların
maarifləndirməsinə ehtyiac var”. V.Bayramov bildirdi ki,
sığorta şirkətləri ilə dövlət xəstəxanaları
arasında da münsabitlərin qurulmasıda müəyyən
problemlər var: “Hələ də sığorta şirkətləri
ilə dövlət xəstəxanalarının əksəriyyəti
arasında münasibətlər sivil səviyyədə
qurulmayıb. Sığorta sənədlərinin
xəstəxanalarda qəbulu ilə bağlı problemlər
qalmaqdadır. Digər problemsə xəstəxanaların
icbari tibbi sığortanın tətbiqinə qarşı
olmalarındadır. Apardığımız
sorğular göstərir ki, həkimlərin əksəriyyəti
icbari tibbi sığortanın tətbiqində maraqlı deyillər
və onların narahatçılığı sözügedən
islahat tətbiq ediləndən sonra rüşvət həcmin
azalması səbəbindən gəlirlərinin
azalmasıdır”. Onun fikrincə, bütövlükdə
tibbi sığorta ilə bağlı biliklərin
aşağı olması icbari tibbi sığortanın
inkişafını tormozlayan faktorlardan biridir: “Vətəndaşlar
könüllü sığorta xitmətlərindən istifadə
etməyə maraqlı deyillər. Bütün
hallarda həyat sığortası vətəndaşı
gözlənilməz təhlükələrədən
qoruyur. Vətəndaşlar tibbi
sığortanın əhəmiyyətini tam olaraq başa
düşmədiyi üçün onlarda həyat
sığortasından istifadə etmək mədəniyyəti
tam olaraq formalaşmayıb. Bir də
problemi yalnız əhalinin sığorta mədəniyyətində
axtarmaq düzgün olmaz. Bütövlükdə
icbari tibbi sığortanın tətbiq edilməsi
üçün maarifləndirməyə həm əhali, həm
sığorta şirkətləri, həm də səhiyyə
işçiləri cəlb edilməlidir”.
V.Bayramov hesab edir ki, tibbi sığorta
sisteminin inkişafı üçün əhalinin gəlirlərinin
artırılması da olduqca vacibdir. O qeyd etdi ki, əhalinin tibbi sığortaya yönəldəcəyi
vəsaitlər çox azdır: “Hazırda Azərbaycanda əhalinin
gəlirlərinin 70 faizdən çoxu istehlak
mallarının alınmasına, 10 faizi vergi və
rüsumların ödənilməsinə sərf edilir. Yerdə
qalan vəsait az olduğundan əhali
sığortalana bilmir. Avropa və Amerikada
sığortalanmanın yüksək olması əhalinin gəlirləri
ilə bağlıdır. Bu səbəbdən
əhali gəlirlərinin 1/3-ni sığorta və digər
bu kimi məsələlərə sərf edə bilir.
ABŞ-da hazırda ÜDM-in 8 faizini, Avropada 11 faizini
sığorta ödənişləri təşkil etsə də,
Azərbaycanda bu rəqəm 1 faizə belə
çatmır”.
Mərkəz sədrinin
fikrincə, də
insanların tibbi sığortanın əhəmiyyətini
qiymətləndirə bilməsi üçün müəyyən
müddət lazımdır: “Bu istiqamətdə media
kampaniyalarının, təlimlərin aparılması, eləcə
də bülletenlərdən, reklam şitlərindən
istifadə insanlarda müsbət fikir yaranmasına köməklik
göstərir. İzah edəndən sonra hiss edirsən ki,
insanların fikri dəyişir. Hərçənd
Səhiyyə Nazirliyi çalışırdı ki, bu ildən
icbari tibbi sığortanın tətbiqinə başlasın,
amma alınmadı. Güman edirəm ki,
2011-ci ildən tez icbari tibbi sığortanı tətbiq etmək
mümkün olmayacaq”.
Göründüyü kimi, 1999-cı ildən
strart verilən icbari tibbi sığorta sistemini hələ də
tətbiq etmək mümkün deyil. Səbəb yalnız icbari tibbi
sığorta sisteminin qanunvericilik bazasının mükəmməl
olmaması ilə bağlı deyil. Eyni
zamanda bu sahədə institutsional dəyişikliklərin
aparılmasına ehtiyac var. Hökumətin icbari tibbi
sığorta sisteminin tətbiqi ilə bağlı
açıqlamalarına baxmayaraq bu sahədə sistemli
işin həyata keçirilməsi müşahidə edilmir.
Bu isə bəzi hökumət qurumların icbari tibbi sığortanın tətbiqində
maraqlı olmaması ilə bağlıdır. Prosesin
ləngiməsi hökumətinin icbari tibbi sığorta tətbiq
ediləndən sonra əhalinin məlumatlılığının
aşağı olması səbəbindən icra prosesində
problemlərin yarana biləcəyi ilə bağlı
ehtiyatlılığı ilə bağlıdır.
Fuad HÜSEYNZADƏ
Paritet.- 2010.- 3-5 iyul.- S. 8-9.