Ermənilərin ekoloji terror siyasəti
Ermənilərin təbiətimizə
vurduqları zərərlə bağlı geniş hesabat
hazırlanacaq
Erməni
işğalçılarının tək xalqımıza
qarşı deyil təbiətimizə və təbii sərvətlərimizə
qarşı da böyük terrorçuluq siyasəti həyata
keçirmələri onların necə vəhşi və
qaniçən bir millət olduğunu bir daha sübut edir.
Artıq 20 ildən artıqdır ki, ermənilər
işğal etdikləri torpaqlarımızda ətraf mühitə,
fauna və floraya çox ciddi yaralar vurmaqdadırlar. Onlar gec-tez Azərbaycan torpaqlarından
çıxarılacaqlarını yaxşı bildiklərindən
təbii sərvətlərimizdən mümkün qədər
çox gəlir əldə etməyə, varlanmağa
çalışırlar. Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin İşğal olunmuş Azərbaycan ərazilərində
ətraf mühitə və təbii sərvətlərə
dağıdıcı təsiri müəyyənləşdirən
(izləyən) operativ mərkəzin üzvü, Zəngilan
rayon ekologiya və təbii sərvətlər idarəsinin rəisi
Möhübbət Qurbanovun sözlərinə görə,
Qarabağ müharibəsinin ilk dövrlərindən
başlayaraq bu günə kimi işğal olunmuş ərazilərdə
Azərbaycanın təbiətinə, fauna və florasına
vurulan zərər olduqca böyük rəqəmlərlə
ifadə olunur. Məsələnin tək
ekoloji-maddi tərəfi deyil, həm də böyük
ekoloji-mənəvi zərəri də var ki, bunu hesablamaq
qeyri-mümkündür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
yarandığı ilk gündən başlayaraq ermənilərin
təbiətimizə vurduğu ziyanı
araşdırdığını deyən M.Qurbanov gün
keçdikcə təbiətimizə dəyən zərərin
miqdarının artdığını söylədi:
“Nazirliyin 5 dekabr 2001-ci il 186 saylı əmri
ilə işğal olunmuş Azərbaycan ərazilərində
ətraf mühitə və təbii sərvətlərə
dağıdıcı təsiri müəyyənləşdirən
(izləyən) operativ mərkəz yaradıldı. Həmin mərkəz
işğal nəticəsində ölkəmizə dəymiş
zərəri hesablamaq, müharibədən qabaqkı və
indiki vəziyyəti aydınlaşdırmaq üçün
iş aparır. 2002-ci ilin oktyabr ayında mərkəzin
ilk hesabatı çapdan çıxdı. Hesabatda ölkəmizə dəymiş zərər
öz əksini tapdı. Təəssüflə
qeyd etməliyik ki, işğal olunmuş ərazilərimizdə
yanğınların törədilməsi, meşələrimizin
qırılması, çaylarımızın zərərli
maddələrlə hədsiz çirkləndirilməsi,
yeraltı və yerüstü təbii sərvətlərimizin
talan edilməsi nəticəsində günbəgün ölkəmizə
vurulan zərərin miqdarı artmaqdadır. Bunda bəzi xarici şirkətlərin də payı
var. Bununla bağlı faktlar ermənilərin öz internet
saytlarında da yerləşdirilir”.
Qeyd edək ki, hazırda Azərbaycanın 17,3 min km2-lik bir ərazisi işğal
altındadır. Həmin ərazilərdə 40 faiz mineral
sularımız, 23,8 faiz meşə fondu (246,217 hektar meşə
sahəsi), 152 dövlət təbiət abidəsi, 13197,5
hektarlıq qiymətli meşə sahəsi, 5 ədəd
geoloji obyekt, 155 növ faydalı qazıntı yatağı yerləşir ki, ermənilər
hazırda bu yataqları vəhşicəsinə istismar etməklə
məşğuldurlar, bəzi yataqların taleyindən isə
ümumiyyətlə, xəbər yoxdur.
İdarə rəisinin sözlərinə
görə, işğal nəticəsində ölkəmizə
dəyən ən böyük zərərlərdən biri də
çaylarımızın çirkləndirilməsidir. Ağstafaçayda və
Oxçuçayda vəziyyət daha kritikdir. Mis-molibden zavodlarının tullantıları
kütləvi şəkildə Oxçuçaya,
Oxçuçay vasitəsilə isə Araza
axıdılır. Çaylardan
götürülən su nümunələrinin analizləri həmin
çaylarda zərərli maddələrin- fenolların,
ağır metalların miqdarının normadan dəfələrlə
çox olduğunu göstərir.
Meşələrimiz isə kütləvi
şəkildə qırılır. Çoxillik yaşı olan nadir ağac
növləri qazanc götürmək məqsədilə məhv
edilir. Bir
fakta diqqət yetirmək lazımdır ki, son illər ərzində
Ermənistan Qərb ölkələrinin şirkətlərinin
köməyi ilə meşəçilik sahəsində
öz istehsalını 10 dəfə artırıb. Aydındır ki, onlar buna Azərbaycan meşələrinin
qırılması hesabına nail olublar.
Tərtər su anbarının taleyi də
təhlükə altındadır. Su anbarının iş rejimini dəyişdirən ermənilər
yay aylarında suyun verilməsini demək olar ki,
dayandırırlar, qış aylarında isə əksinə,
buraxırlar. Nəticədə yeddi rayonun təsərrüfatına
ciddi ziyan dəyir.
Ermənilərin təbiətimizə
vurduğu ciddi zərərlərdən biri də 1999-cu ildən
başlayaraq işğal olunmuş ərazilərdə və
həmin ərazilərə yaxın olan torpaqlarımızda
yanğınların törədilməsidir. Yanğınlar nəticəsində
həm torpaq qatı, həm də fauna və flora növləri
məhv edilir. M.Qurbanovun sözlərinə görə,
2006-cı ildə 63414 hektar, 2007-ci mildə 31097 hektar, 2008-ci
ildə 380 hektar, 2009-cu ildə 250 hektar ərazi ermənilər
tərəfindən yandırılıb. Bu il
indiki dövrə kimi isə ermənilər iki yanğın
törədiblər. Birinci yanğın iyunun
15-də Tərtər rayonunun Şıxarxı kəndi ərazisində
baş verib. İkinci yanğın isə
iyulun 3-də yenə də Tərtər rayonunda törədilib.
Nəticədə rayonun Çaylı və
Şıxarxı kəndlərində ümumilikdə min
hektara yaxın ərazi tamamilə yanaraq külə
dönüb. Baş verən
yanğınlar nəticəsində Azərbaycana milyon
dollarlarla ziyan dəyib və yeni yanğınların törədilməsi
ilə bu rəqəm artmaqda davam edir.
Ermənilərin beynəlxalq aləmdə ifşa
olunması istiqamətində görülən işlərdən
danışan idarə rəisi bildirdi ki, ermənilərin təbiətimizə
qarşı apardıqları ekoloji terror siyasətinin Azərbaycan,
xüsusən də dünya ictimaiyyətinin diqqətinə
çatdırılması daim diqqət mərkəzindədir:
“Bu məsələ ilə bağlı bir çox beynəlxalq
təşkilatlara müraciətlər edilib. Nəticədə
2006-cı ildə sentyabrın 6-da BMT Baş Məclisinin
60-cı sessiyasında Azərbaycanın işğal
olunmuş ərazilərindəki vəziyyət müzakirəyə
çıxarıldı. Sessiyada
işğal olunmuş ərazilərdə ermənilərin Azərbaycanın
təbiətinə vurduğu ziyanla, yanğınların
törədilməsi ilə bağlı ciddi narahatlıqlar
diqqətə çatdırıldı. Az
sonra əraziyə ATƏT-in qiymətləndirmə
missiyası göndərildi. Yaradılmış
xüsusi komissiya yanğınların törədildiyi ərazilərdə
oldu və hesabat hazırlanaraq BMT-yə təqdim edildi. Eyni zamanda işğal olunmuş ərazilərdə
fəaliyyət göstərən xarici şirkətlərlə
həmin şirkətin təmsil olunduğu ölkənin
dövlət başçısına etiraz məktubu göndərilir.
Bu sahədə görülən işlər
artıq öz müsbət nəticələrini göstərməkdədir
və bu sahədə fəaliyyətimizi bundan sonra da davam
etdirəcəyik”.
M.Qurbanov ermənilər tərəfindən təbiətimizə
vurulan ziyanla bağlı yeni bir hesabatının
hazırlanacağını da diqqətə
çatdırdı: “1992-2010-cu ilə qədər olan
dövrdə ermənilər tərəfindən təbiətimizə
vurulan ziyanla bağlı yeni bir hesabatın hazırlanaraq
ictimaiyyətə təqdim olunmasını nəzərdə
tuturuq. Əsas məqsəd tarixi faktları bir
yerə toplamaqla ermənilərin xalqımızın
başına gətirdiyi müsibətləri, təbiətimizə
vurduğu zərərləri dünya ictimaiyyətinin diqqətinə
çatdırmaqdır”.
Qeyd edək ki, ermənilərin ölkəmizə
qarşı həyata keçirdiyi ekoloji terror siyasətinin
araşdırılıb dünya ictimaiyyətinə
çatdırılmasında bir sıra qeyri-hökumət təşkilatları
da fəallıqları ilə seçilirlər. Belə təşkilatlardan
biri “Ekoloji Qayğı” İctimai Birliyidir. Birlik
keçən il Prezident Yanında QHT-lərə
Dövlət Dəstəyi Şurasının maliyyə
yardımı ilə “Ermənistanın Azərbaycana təcavüzü
nəticəsində Azərbaycan təbiətinə dəymiş
ekoloji zərərin qiymətləndirilməsi və onun
dünya ictimaiyyətinə çatdırılması” layihəsini
həyata keçirib.
Birliyin sədri Süveyrat Həsənova qəzerimizə
müsahibəsində ermənilərin təbiətimizə
qarşı terrorçuluq siyasətinin geniş miqyas
aldığını söylədi: “Azərbaycanın
işğal altında olan ərazilərində təbii abidələrə
və təbiətə qarşı erməni vəhşilikləri
son həddə çatıb. Azərbaycan təbiətinə
dəyən zərər onilliklər ərzində bərpa
olunmayacaq. İşğal olunmuş ərazilərdə
torpağın münbit qatı məhv edilib, flora və
faunamız ciddi itkilər verib. Bir çox
bitki və heyvan növləri müasir silahlı erməni
quldurları tərəfindən tamamilə məhv edilib və
yaxud məhv olmaq təhlükəsi ilə üzləşib.
Azərbaycanın yüz illər boyu ekoloji
tarazlıq naminə qoruyub bəslədiyi meşə
örtüyü, habelə qiymətli, nadir ağaclardan ibarət
yaşıllıq zolaqları qəddarlıqla məhv edilib.
Azərbaycan hidrobioloji mühiti zəhərlənib
və ekoloji böhran həddinə çatıb.
Planetin mühafizəsində duran 300-dən çox beynəlxalq
konvensiya müddəaları aşkar kobudluqla pozulub”.
Həyata keçirdikləri layihə barədə məlumat
verən S.Həsənova layihə çərçivəsində
görülən işlərin əhəmiyyətini
xüsusi vurğuladı: “Ermənistanın təcavüzü
nəticəsində Azərbaycan təbiətinə dəymiş
zərərin araşdırılması, elmi tədqiqi və
dünyada sübutu təkcə elmi strukturlarının deyil,
həm də Azərbaycan ictimai qurumlarının, xüsusilə
ekoloji problemlərlə məşğul olan QHT-lərin vəzifə
borcudur. Təşkilatımızın həyata
keçirdiyi “Ermənistanın Azərbaycana təcavüzü
nəticəsində Azərbaycan təbiətinə dəymiş
ekoloji zərərin qiymətləndirilməsi və onun
dünya ictimaiyyətinə çatdırılması” layihəsi
əsasən bu məqsədə xidmət edib. Layihə çərçivəsində ilk dəfə
olaraq, Azərbaycanın Ermənistanla sərhəd
rayonlarının hidrosferası ümumilikdə öyrənilib
və ölkəmizin hidrobioloji mühitinə dəymiş zərərlə
bağlı ekoloji qiymətləndirmə aparılıb.
Layihənin reallaşdırılmasında
AMEA-nın Zoologiya, Coğrafiya, Mikrobiologiya və
Torpaqşünaslıq institutlarının alimləri ilə əməkdaşlıq
edilib, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bəzi
təhlil və araşdırma məlumatlarından istifadə
olunub.
Elmi-tədqiqat işlərinin Azərbaycanın Ermənistanla
həmsərhəd ərazilərini əhatə etdiyinin deyən
təşkilat sədri bildirib ki, layihənin nəticəsi
olaraq Ermənistanın Azərbaycana təcavüzü
zamanı Azərbaycan təbiətinin hidrobioloji mühitinə
dəymiş zərər beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırılıb və dünya ictimaiyyəti, beynəlxalq
təşkilatlar bu ədalətsiz müharibədə erməni
vəhşiliklərinə son qoymağa
çağırılıb: “Layihə başa çatsa da
Ermənistanın təcavüzü nəticəsində Azərbaycan
təbiətinə dəyən zərərin ekoloji qiymətləndirilməsini
daim diqqət mərkəzində saxlamağı
qarşımıza məqsəd qoymuşuq. Ermənistan
dövlətinin təkcə Azərbaycan xalqına deyil, onun təbiətinin
bioloji müxtəlifliyinə qaşı da genosid siyasətini
həyata keçirməsi faktı davamlı olaraq dünya
ictimaiyyətinə çatdırılacaq”.
Babək CAHANDAROV
Paritet.- 2010.- 8-9
iyul.- S. 9.