Estoniyada Azərbaycana aid materiallar toplanmış kitabxana var

 

“Ermənilər bizi işğalçı kimi təqdim edirlər, buna baxmayaraq biz Qarabağla bağlı faktları açıqlayırıq və plakatlar təqdim edirik”

 

Azərbaycan dilinin, adət-ənənələrinin, tarixinin xaricdə doğulub böyüyən  uşaqlara öyrədilməsi məqsədilə  bir sıra xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız tərəfindən yaradılmış “Bazar günü” məktəbləri fəaliyyət göstərir. Belə ki, hazırda Estoniyada da “Bazar günü” məktəbi var. Bizdə bu yaxınlarda Azərbaycana gəlmiş və  Estoniyadakı “Bazar günü” məktəbinin rəhbəri olan Sənəm Əliyeva ilə həmsöhbət olduq. O bildirdi ki, bu gün  Estoniyadakı “Bazar günü” məktəbinə soydaşlarımızın böyük marağı var: ”Hətta bəzən başqa millətin nümayəndələri də türk dili ilə bağlı, yaxın dil olduğu üçün  bizə müraciət edirlər. Turist kimi Türkiyəyə səfərləri çox olduğu üçün həmin ölkənin dili ilə də maraqlanırlar.  Bizim əsas məqsədimiz tariximizi, mədəniyyətimizi gələcək nəsillərə öyrətməkdir.

 Əyani vəsaitlərimiz çoxdur. Bakıdan lazım olan əyani vəsaitləri aparmışıq və  mədəniyyətimiz, incəsənətimizlə bağlı çoxlu sayda plakatlarımız, bundan başqa çox böyük kitabxanamız var. Azərbaycan dövlət qurumları, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələrimiz var və onlar lazımi dəstəyi göstərirlər.    Mən hazırda orada bağçada uşaqlara dərs keçirəm. Ümumiyyətlə, Estoniyada uşaq bağçalarında mexanizm bizim ölkədən fərqlənir. Orada mexanizm əsasən tədris prosesidir, müəllim və köməkçi çalışır. Yalnız uşaqlarla deyil, valideynlərlə də işləyirik və həftədə iki dəfə valideynlərin qəbul günləridir. Uşaqlara əsasən eston dili, ətraf mühit, təbiətə, insanlara münasibət öyrədilir”.

  Estoniyada “Azərbaycan radiosu” açmağı planlaşdırdıqlarını deyən S.Əliyeva qeyd etdi ki, bu layihə ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinə  müraciət ediblər  və onlar da bu layihəyə  dəstək göstəriblər:” Bu radio payızdan etibarən fəaliyyətə başlayacaq. Həftədə 1 dəfə yayımlanacaq verilişin eston, Azərbaycan və ingilis dilində yayımlanmasını istərdik. Ancaq hələki iki dildə reallaşdırmağı planlaşdırırıq.  Radioda 6 bölmə üzrə verilişlər təqdim edəcəyik. İlk bölmədə həmin ay ərzində Azərbaycanda tarixi-xronoloji ardıcıllıqla baş verən hadisələr, sonra isə hər iki ölkənin mədəniyyət, incəsənət, təhsil, elm sahəsində xəbərləri təqdim olunacaq. Bundan başqa Azərbaycan haqda “Bu maraqlıdır” rubrikasında maraqlı faktlar, görkəmli şəxsiyyətlər barədə söhbət açılacaq. Sonda isə proqramı Azərbaycan ədəbiyyatı və musiqi nümunələri ilə bitirmək istərdik.  Bu proqramı açmaq təşəbbüsü ilə 2 il əvvəl müraciət olunub, Estoniya radio və televiziya şirkətinin rəhbərliyi bu il layihəni və proqramın rubrikalarını təsdiqləyib. Onu da qeyd edim ki, “Radio-4” bir çox Avropa ölkələrinə yayımlanır, geniş dinləyici auditoriyasına malikdir”.

Estoniyada yaşayan soydaşlarımızla çox sıx əlaqələrinin olduğunu deyən S. Əliyeva  bildirdi ki,  əlamətdar günləri birlikdə qeyd edirlər: ”Azərbaycan Mədəniyyət Günləri təşkil etməklə yanaşı milli mətbəximizi də təqdim edirik, musiqi günləri keçiririk. Bacardığımız qədər Azərbaycanı təbliğ edirik ki, buna da orada tam imkan yaradılır. Onlar Qarabağ münaqişəsi ilə əlaqədar hadisələri tam dəqiqliyi ilə bilmirdilər. Mən bacardığım qədər məlumatları çatdırıram, eyni zamanda onlar istər-istəməz azərbaycanlılarla tanış olduqdan sonra xalqımızın səmimiliyini görürlər. Ermənilər  tərəfindən bizim haqqımızda informasiyalar tam başqa cür verilir  və bizi işğalçı kimi təqdim edirlər. Biz Qarabağla bağlı faktları açıqlayırıq, plakatlar təqdim edirik. Hətta Estoniyada keçirilən parlamentlərarası konfransda çıxışında litvalı deputat bildirdi ki, Xocalı ilə bağlı filmə baxdıqdan sonra bir neç gün yata bilməyib. Bu soyqırım onu dəhşətə gətirib”.

 Oradakı diaspor təşkilatlarının  Azərbaycanla bağlı müxtəlif tədbirlər keçirdiklərini deyən Əliyeva bildirdi ki,  mayın 27-28-də Tallin şəhərində Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzi və Estoniya-Azərbaycan Dostluq Qrupu ilə  birlikdə “Azərbaycanın Avropaya İnteqrasiyasında Baltikyanı ölkələrin rolu” mövzusunda konfrans keçirilib:” Tallində həmçinin 28-may Respublika Gününə həsr olunmuş sərgi də açıldı. Konfransda Litva, Latviya və Estoniyanın dövlət nümayəndələrinin, parlament üzvlərinin, Azərbaycanın Baltikyanı dövlətlərdəki diplomatik korpuslarının təmsilçiləri, Baltikyanı ölkələrdəki Azərbaycan icmalarının üzvlərinin, yerli ictimai təşkilatların, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edirdi. Bir sıra məsələlər, o cümlədən Qarabağ məsələsi müzakirə olundu”.

Estoniyada  Milli Azlıqlarla İş üzrə İnteqrasiya İdarəsində də çalışdığını deyən həmsöhbətim bildirdi ki, Estoniyada Azərbaycan Mədəniyyət Günləri keçirildikdə digər xalqlar da gəlib iştirak edirlər:” Gürcüstan, Ukrayna, Dağıstan və Belarusiya xalqları ilə yaxşı münasibətlərimiz var. Keçirilən tədbirlərdə qarşılıqlı olaraq iştirak edirik. Ermənilər bizim tədbirlərə açıq şəkildə qarşı çıxa bilmirlər, bizim geniş fəaliyyətimizi də bəyənmirlər. Milli azlıqların nümayəndələri bizə çox inanırlar və hətta bəzən özləri də etiraf edirlər ki, ermənilər hər şeyi öz adlarına yazan bir millətdir. Ermənilər mətbəximizi belə öz adlarına çıxmağa çalışırlar. Məsələn, milli mətbəximizə aid olan dolmanı özlərininki kimi təqdim etsələr də, mən orada estonlara anlatdım ki, bu sözün kökü türk sözüdür. Onlar bu reallıqlara  inanırlar. Məsələn, mənim haqqımda eston qəzetlərinin birində məqalə çıxanda  ermənilər şərhlər vermişdi. Hətta eston televiziyasında estonlar bildirib ki, bu məqaləyə verilən şərhlər yəqin ki, ermənilərə məxsusdur. Bizim müvəffəqiyyətlərə, əlbəttə  ki, sevinmirlər. Mən bir neçə dəfə eston televiziyasında çıxış etmişəm. Bu yaxınlarda  Azərbaycanın ölkə başçısı Estoniyaya səfər etmişdi. Həmin ərəfədə də mən televiziyada çıxış etdim. Qarabağla bağlı fikirlərə gəldikdə isə biz hər çıxışımızda müharibə ilə əlaqədar geniş fikirlər səsləndirməyə ixtiyarımız yoxdur. Bu istiqamətdə yuxarı dairələr  siyasi  danışıqlar aparırlar. Biz isə sadəcə həqiqətləri çatdırmağa, azərbaycanlılarla bağlı yaradılan yanlış fikirləri düzəltməyə  çalışırıq”. 

Sonda S.Əliyeva bildirdi ki,  bu gün estonların azərbaycanlılara çox böyük hörməti var:” Azərbaycan adı gəldikdə çox müsbət fikirlər söyləyirlər. Hətta mən çalışdığım kollektivdən bir neçə nəfər eston Azərbaycana gəlib. Gəlmək istəyənlərin sayı daha da artır. Bakının çox gözəl şəhər olduğunu hər zaman  bildirirlər”.

 

 

Günay ƏSƏDOVA

 

Paritet.- 2010.- 8-9 iyul.- S. 4.