Erməniləri ifşa
edən faktlar tam
araşdırılmayıb
“1915-ci ildə aprelin 24-dən mayın 6-na qədər
davam edən Van hadisələri zamanı burada bir dənə
də türk qalmamışdı”
Ermənilər öz mənfur
niyyətlərini həyata keçirmək üçün hər
bir vasitədən istifadə edirlər və öz məqsədlərinə
çatmaq üçün müxtəlif cinayətləri
törətməyə hazırdırlar. Özlərini əzilmiş
və fağır millət kimi göstərən ermənilər
bunun müqabilində Avropa ölkələrindən və
Amerikadan aldığı dəstək hesabına güclənərək
“Böyük Ermənistan” xülyasını həyata
keçiriməyə çalışırdılar.Ermənilər
Şərqi Anadoluda öz istəklərinin həyata
keçirə bilməyəcəklərini anlayaraq Azərbaycanda
bu xülyanı reallaşdırmaq üçün fəaliyyətə
başladılar və bunun nəticəsi olaraq, hal-hazırda
torpaqlarımızın 20 faizə yaxını işğal
altındadır.
Ermənilərin bu
işğalçı siyasətinin beynəlxalq aləmə
çatırılmasında tarixçilərimizin də
xüsusi rolu var. Tarix elmləri doktoru Həcər Verdiyeva qəzetimizə
müsahibəsində ermənilərin
işğalçı və ikiüzlü siyasətinin
ifşa edilməsi istiqamətində görülən işlər
barədə ətraflı məlumat verdi.
-Ermənilərin əsas
hədəf kimi Azərbaycanı seçməsi nə ilə
bağlıdır?
- Məlum olduğu kimi 19-cu əsrin
sonlarından etibarən erməni millətçiləri “Böyük Ermənistan” ideyasını əsas
götürərək Şərqi Anadoluda
özlərinə dövlət qurmağı əsas məqsəd
kimi irəli sürürdülər. Belə ki, 1878-ci ildə San-Stefano sülh
müqaviləsi bağlandıqdan sonra ermənilər
əsasən İngiltərənin dəstəyinə
arxalanırdılar və həmin dövrdə İngiltərənin
baş naziri Qladson onların mənəvi dayağı idi. 1878-ci ildən etibarən ilk növbədə
İstanbul patriaxı Varsebityan
açıq şəkildə Fransa
və digər Qərbi Avropa nümayəndəliklərinə
bildirir ki, artıq
Osmanlı təbəəsi olmaq istəmirlər. Eyni zamanda həmin dövrdən
etibarən Vanda məşhur varlı bankir oğlu Partuqamyan öz ətrafına şagirdlərini
yığır və bu ideyanı təbliğ
etməyə başlayır və qısa müddət ərzində
onun 40-a yaxın silahdaşı olur. 1885-ci ildə Patuqamyanın rəhbərliyə
yaranan “Armenikanlar”
partiyası ilk dəfə “Böyük Ermənistan” ideyasını irəli
sürür. Bundan sonra
məşhur erməni millətçi partiyaları olan Cenevrədə “Hnşak”(1887)
və 1890-cı ildə Tiflisdə “Daşnaksütun”
yaranır və bu iki
partiya Partuqamyanın “Böyük
Ermənistan” ideyasını öz
proqramlarına salırlar.” Böyük
Ermənistan” dövlətini yaradarkən onlar
mübarizə vasitəsi kimi ilk növbədə terrorizmi
əsas götürürdülər.1894-1896-cı illərdə
Kiçik Asiyada çox böyük iğtişaşlar baş
verir, lakin onların
planları baş tutmur,
üsyanlar yatırılır və ermənilər
fiaskoya uğrayır. Ermənilərin bu niyyətinin baş
tutmamasının əsas səbəbi odur
ki, onlar Qərbi Avropa dövlətlərindən və ABŞ-dan gözlədikləri dəstəyi ala bilmirlər. Həmin dövrdən başlayaraq on minlərlə
erməni qaçqınları- həm dinc
əhali, həm də zinvorlar(muzdlu döyüşçülər) Azərbaycanda
məskunlaşırlar. XX əsrin əvvəllərində “Daşnaksütun”
belə qənaətə gəlir ki,
onların bu ideyasını Osmanlı
dövlətində reallaşdırmaq qeyri-
mümkündür. Beləcə, Azərbaycan
torpaqlarına yönəlirlər və xüsusən
1903-cü ildən başlayaraq Sürməli,
İrəvan, Qars, Gəncə və Bakıda onlar
açıq şəkildə öz
ideyalarının bildirməyə başlayır. Həmin dövrdə Qafqazda mülki işlər üzrə rəis olan Qolıtsin 1903-cü ildə qəti şəkildə
erməni separatizminə qarşı mübarizəyə
başlayır və həmin ildə Üçməzdin kilsəsinin
kapitalı, xüsusən silahlar inzibati strukturlar tərəfindən
müsadirə olunur ki,
bu da erməni millətçilərinin
ciddi narahatçılığına səbəb
olur. Onlar rus məmurlarına, ilk
növbədə Qafqaz inzibati-idarə
strukturlarına rəhbərlik edən məmurlara
qarşı mübarizəyə başlayırlar. 1904-cü
ildə Qolıtsinə qarşı terror
aktı həyata keçirilir. O,
ağır yaralanır və Qafqazı tərk etmək məcburiyyətində
qalır.
1905-ci ilin fevralından başlayaraq Bakıda erməni-azərbaycanlı münaqişəsi baş verdi. Bu münaqişə zamanı Bakı qubernatoru olan Nakaşidze erməniləri açıq şəkildə müdafiə etmədi. Üç günlük qarşıdurma nəticəsində erməni tərəfi məğlub oldu. Ermənilərin bu məğlubiyyəin səbəbini Nakaşidze də gördülər və “Daşnaksütun” partiyasının fitvası ilə 1905-ci il mayın 11-də Nakaşidze öldürüldü. Bundan sonra 1905-ci ilin avqustun 1-də Qafqaz Canişinliyi bərpa edildi və 1905-1915- ci ilin avqustuna qədər canişin olan Vorontsov-Daşkov ermənipərəst siyasətilə tarixə düşdü.
Bu dövrdə Azərbaycan müstəmləkə idi. Azərbaycan dövləti və onun maraqların ifadə edən qüvvə yox idi. Çar rejimi müsəlman xalqlarını o cümlədən, azərbaycanlıları daha çox buxovlamağa və zəncirləməyə meyilli siyasət yürüdürdü. Belə ki, Rusiya Azərbaycanda yerli əhalinin sayının çoxluğunun görərək bunu özünə təhlükə hesab edirdi və bu səbəbdən də ermənilərin, rusların Azərbaycan torpaqlarına kütləvi köçürülməsi baş verdi ki, bu da çar rejiminin “parçala və hökm sür” siyasətinə ən böyük nümunədir.
-Erməni terror təşkilatının rolu və fəaliyyəti barədə nə deyə bilərsiniz?
-İlk dəfə ən böyük terror aktı 1896-cı ildə İstanbulda baş verib. İstanbul bankına “Daşnaksütun” partiyasının bir qrup nümayəndəsi hücum etdi və tarixdə ilk dəfə olaraq terror aktı həyata keçirilərkən mülki insanlar girov götürüldü.Rusiya imperiyasının məmuru Mayevski göstərirdi ki, Kiçik Asiyada olan bütün fəaləkətlərin, dağıntıların günahkarı daşnaklardır. Erməni millətçiləri törətdikləri fəlakətlərin bir nəticə vermədiyini görərək terror aktlarını həyata keçirirldiər. 1904-cü ildə sultan Əbdülhəmidə qarşı da erməni təşkilatları terror aktı həyata keçirdilər.Bu sui-qəsdən sonra erməni separatçıları Osmanlı dövlətində terror aktlarını dayandırır və bütün qüvvə Azərbaycan torpaqlarının ələ keçirilməsinə yönəldilir.
-Xarici dövlətlər və təşkilatlar ermənilərə nə kimi yardımlar göstərirdi?
-Ümumiyyətlə İngiltərə açıq şəkildə uzun müddət erməni millətçilərini müdafiə edib. Ancaq erməni məsələsinin yaranmasında amerikan missionerlərini mühüm rol oynadı və XİX əsrin 30-cu illərindən etibarən onlar Osmanlı dövlətində özlərinin cəmiyyətlərini yaradırlar. Onlar bu cəmiyyətlərinin ilk növbədə Yaxın Şərqdə yaratmaq istəyirdilər, lakin bu regionda onların cəmiyyətlərinə heç kim dəstək vermədi. Osmanlı dövlətində 1839-cu ildən etibarən erməni protestantlarının sayı 1000-də artıq idi və onlar amerikan missioner cəmiyyətlərinə meyilli olurdular. XIX əsrin II yarısından etibarən bu missioner cəmiyyətləri şəhərcik tipli məktəblər açır və bu məktəblərdə erməni gəncləri təhsil alır.Təhsil alan bu gənclərin dünyagörüşü, baxışları erməni kəndlilərinin dünyagörüşündən xeyli fərqlənir. Artıq onlar belə qənaətə gəlirlər ki, Şərqi Anadoluda onların özlərinin dövləti yaranmalıdır, çünki onlar tarixi ədəbiyyata müraciət edəndə artıq bilirlər ki, uzaq keçmişdə e.ə II əsrdə onların dövləti olub və sonradan 387-ci ildə Sasani-Bizans müharibələri nəticəsində bu dövlət məhv olub, bu iki dövlət arasında bölüşdürülüb.
Birinci Dünya Müharibəsi illərində ABŞ-da ermənilərin bir sıra komitələri yaranır. Bu komitələr mütəmadi olaraq erməni qaçqınlarına yardımlar edirlər. Amerikalı biznesmen Rokfeller 1915-ci ildə erməni qaçqınlarına 200 min dollar məbləğində yardım göstərir. Elə həmin ildə Amerika komitəsi erməni qaçqınlarına 100 min dollar məbləğində yardım göstərir. ABŞ prezidenti Vudro Vilson Versal sülh müqaviləsi bağlanmamışdan əvvəl Paris sülh konfransında erməni məsələsinə ciddi şəkildə diqqət yetirir və həta burada olan Azərbaycandan gəlmiş heyəti yalnız 1919-cu ildə qəbul edir. Maraqlı məqam bundan ibarətdir ki, Vilsonun ölümündən sonra XX əsrin 50-ci illərindən etibarən hər il Amerikadakı erməni gəncləri ad günündə Vilsonun qəbrini ziyarət edirlər. Bu göstərir ki, erməni məsələsində V.Vilsonun “dəyərli fəaliyyəti” ermənilər tərəfindən unudulmur . 1971-ci ildən etibarən ABŞ prezidentləri hər il aprelin 24-də Amerikada yaşayan erməni xalqına müraciət edir və müraciətlərində onlara öz dəstəklərini bildirirlər. Amerikada fəaliyyət göstərən erməni lobbisi də qondarma “erməni soyqırımının” bu ölkənin Konqressində qəbul edilməsini istəyir.
1881-ci ildə Tiflisdə erməni məsələsinin yetişdiyi bir məqamda “Erməni xeyriyyə cəmiyyəti “ adlı xeyriyyə cəmiyyəti yaranır. Bu cəmiyyətin əsas məqsədi guya xeyiyyəçilik, maarifçilik olsa da, əslində bu maarifçiliyin arxasında beyinləri ideoloji cəhətdən hazırlamaq dayanırdı. 1906-cı ildə bu xeyriyyə cəmiyyətinin varisi kimi Misirdə”Daşnaksütun” partiyasının liderlərindən olan Poqos Nübar paşanın rəhbərliyi ilə “Erməni Xeyriyyə Cəmiyyətlərinin İttifaqı“ yaranır. Onlar özlərinin onillik yubleyini qeyd edərkən bildirdilər ki, əsas məqsəd Rusiya və Osmanlı dövlətində yaşayan erməniləri birləşdirmək və Ermənistan dövlətini bərpa etməkdən ibarətdir.1914-cü iin yazından II Nikolay bu ittifaqın komitələrinin Rusiyanın bir sıra şəhərlərində fəaliyyət göstərməsinə dəstək verdi.
-Erməni- qriqoryan kilsəsinin erməni məsələsindəki rolu barədə nə deyə bilərsiniz?
-Ermənilər IV əsrdən etibarən öz dövlətçiliyini itirsələr də, bu dövrdən etibarən bütün dünyaya səpələnsələr də , ancaq onları birləşdirən və bir icma, xalq şəklində saxlayan erməni- qriqoryan kilsəsi idi. “Daşnaksütün” və”Hnçak” partiyalarının proqramlarının əsasında erməni-qriqoryan kilsəsinin ideologiyası dayanır. Hətta yuxarıda qeyd etdiyimiz kimi Qolıtsin kilsədə olan silahları müsadirə edəndə də erməni-qriqoriyan kilsəsi Qolıtsinin öldürülməsinə fitva vermişdi. Ümumiyyətlə erməni-qriqoryan kilsəsi analoqu olmayan kilsədir. Bu kilsə dünyada yeganə kilsədir ki, İsa peyğəmbərin yalnız bir təbiətini- ilahi olan təbiətini qəbul edir. Erməni-qriqoryan kilsəsi dünyada olan bir neçə kilsələrdən biridir ki, millətçiliyin, ideologiyanın, mübarizənin önündə sona qədər gedir və əsrlər boyu bunu davam etdirir. Erməni-qriqoryan kilsəsini özünəməxsusluğu erməni dövlətinin istənilən vasitələrlə bərpasını həyata keçirməkdən ibarətdir.
-Ermənilərin türklərə qarşı yeritdiyi soyqırımı siyasəti kifayət qədər araşdırılıbmı və bu yöndə hansı işlər görülüb?
-Qeyd etmək lazımdır ki, XX əsrin 90-cı illərinə qədər erməni məsələsinin öyrənilməsi aktual xarakter daşımırdı, çünki proletar beynəlmiləlçilik əsas götürülürdü. 1988-ci ildə Xankəndində baş verən hadisələr azərbaycanlılar üçün gözlənilməz idi. Bu hadisələrdən sonra ermənilər kimdir, bizim torpaqlara necə gəlib məsələlərini öyrənməyə başladıq. 1988-ci ildən 2010-cu ilə qədər 22 il vaxt keçib və bu illər ərzində şübhəsiz ki, müəyyən işlər aparılıb. Amma qeyd etmək lazımdır ki, bizim arxivlərimizdə, kitabxanalarımızda olan bir çox mənbələr öyrənilməyib. Həmçinin ən ağrılı fakt budur ki, biz əski əlifbanı bilmirik. Əgər biz əski əlifbanı bilsəydik “İqbal” qəzetinin 1905-1906-cı illərlə bağlı olan hadisələr haqqında çox zəngin məlumatlarını öyrənə bilərdik. Əski əlifbaları bilən insanlar var, lakin onların çoxu tarixçi deyil. Müasir dövrdə “erməni soyqırımı” məsələsinin beynəlxalq ictimaiyyət tərəfindən qabardılmasını görən Türkiyə də əllərində olan mənbələrin tədqiqinə başlayıb və bu məqsədlə türk və erməni tarixçilərindən ibarət komissiyanın yaradılması təklifi ilə çıxış edib.
Ermənilərin türklərə qarşı soyqırım həyata keçirməsini bəzi Avropa tədqiqatçıları da xüsusi olaraq vurğulayırlar. Məsələn, avstriyalı tarixçi Fayql Erik göstərir ki, 1914-1918-ci illər ərzində Egey dənizindən Aralıq dənizinə qədər, Qara dənizdən Qafqaza qədər olan bir məkanda iki milyon yarım türk-müsəlman məhv edilib. Yaxud fransız tədqiqatçısı Jorj Demorovil yazır ki, 1914-1918-ci illər ərzində Şərqi Anadoluda bir milyondan çox türk-müsəlman qırılıb. O, göstərir ki, 1915-ci ildə aprelin 24-dən mayın 6-na qədər davam edən Van hadisələri zamanı ermənilər burada o qədər qətll, zorakılıq, soyqırım həyata keçirmişdi ki, rus qoşunları türk şəhəri Vana daxil olanda burada bir dənə də türk qalmamışdı.1918-ci ilin iyununda Kürdəmirdə ermənilərin törətdikləri vəhşətlərdən dəhşətə gələn bolşeviklər “dinə- imana” gələrək ermənilərin məhv edə bilmədiyi əhalini özləri ilə birlikdə Bakıya aparıblar.
Murad BAXŞƏLIYEV,
Səbuhi ŞƏLDIYEV
P.S.Yazı “Paritet”
qəzetinin Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun dəstəyi ilə həyata keçirdiyi “Erməni terrorizminin
ifşa olunmasına informasiya
dəstəyi” layihəsi çərçivəsində dərc
edilir.
Paritet.- 2010.- 10-12 iyul.- S. 10.