Cənubi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, fədai şair Əlirza Nabdil Oxtay

 

Bilsinlər ki, dinsiz dinsə qopar! Ə.N.Oktay

 

 Əlirza Nabdil Oxtay. Əsərləri” (168 səh.) kitabını toplayan, ərəb əlifbasından transliterasiya edib çapa hazırlayan Dr. İslam Qəribli İlham Qəriblidir. Əsər Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadov adına MEA Şərqşünaslıq İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub.

 XX əsrin ortalarında İranda insan haqları ilə bir araya sığmayan fars millətçiliyinin, bədnam Pəhləvi rejiminin tüğyan etdiyi, at oynatdığı, türkçülük, azərbaycançılıq məfkurəsinin dövlət tərəfindən rəsmən qadağan olunduğu məqamda ictimai fəaliyyət meydanına atılıb Azərbaycan türklərinin haqq səsini dünyaya bəyan etmək missiyasını şərəf və ləyaqətlə yerinə yetitrən qeyrətli  şəxsiyyətlərdən biri  Əlirza Nabdil Oxtaydır. 28 illik qısa, lakin çox şərəfli, ibrətamiz, zaman-zaman nəsillərə örnək ola biləcək bir ömür yaşamış Əlirza Nabdil 1944-cü ildə Təbrizdə ortabab bir ailədə anadan olub, uşaqlıq və gənclik illəri vətənimizin əzəli və əbədi paytaxtı Təbrizdə keçib. Həyat yolunun ilk illəri tarixmizin şərəfli səhifələrindən birini təşkil edən Cənubi Azərbaycandakı Milli Demokratik hökumətin fəaliyyəti dövrünə (1945-1946) təsadüf edən Ə.Nabdilinmilyonlarla gənc azərbaycanlı balaları kimi millətin varlığı və hüququ, siyasi müstəqilliyi ilə bağlı arzu və diləkləri pöhrə halında ikən rüzgarın amansız şaxtalarına tuş gəlmiş, saralıb solmuş, lakin bu fürsərdən qeyrətli, döyüşkən və mübariz gəncin qəlbindəki ümid şamını nə qəzavü qədərin tufanları, nə də zamanın qadağaları söndürə bilməmişdir. Sonralar məslək və məramını “Mən məhəbbət yolunda can qoymaq üçün yaranmışam” şəklində bəyan edən gələcək şairmücahid Təbriz, Əhər, Marağa, Ərdəbil və Xoy şəhərlərində təhsil alaraq orta məktəbi bitirmək barədə diplom-atestat alır və 1961-ci ildə Tehran Universitetinin hüquq fakultəsinə qəbul olunur. Hüququ tapdalanan, dilinə, milli adət-ənənələrinə, ədəbiyyatına, maarifinə yasaqlar qoyulan millətin hüquqlarını qorumaq eşqilə yaşayan gənc 1967-ci ildə universiteti bitirib (bəzi mənbələrdə onun ali təhsilini tamamlamadan Təbrizə dönməsi də qeyd olunur).

  Ə.Nabdil hüquq sahəsində fəaliyyət imkanlarının olmadığını görəndən sonra Xoy şəhərində müəllim kimi fəaliyyətə başlamış, özü gənc olsa da, gəncliyi vətən və xalq azadlığı uğrunda  mübarizlər kimi yetişdirməyə cəhd göstərib.

Nəhayət, 1350-ci ilin isfənd ayının 22-də (12 mart 1972-ci il) Ə.Nabdil Manaf Fələki və digər səkkiz məsləkdaşı ilə birlikdə vəhşicəsinə edam edilir.

Ə.Nabdilin ölümündən sonra dostları onun şeirlərini toplayaraqİşıqadlı bir kitabda nəşr etdirmişlər. Topluda çap olunmuş şeirlərin 33-ü və şair Məftun Əminindən edilmiş 2 tərcümə 1963-1967-ci illərə aiddir. Şairin S.Behrənginin ölümü münasibətilə ilə yazdığı “Səməd könlümdədir” şeiri isə “Arəş” qəzetindən alınaraq kitaba daxil edilib. “Rüfət” nəşriyyatının yeriniilini göstərməməklə çap etdirdiyi kitabın həcmi 116 səhifədən ibarətdir. Nəşriyyat tərəfindən farsca yazılmış 1 səhifəlik ön sözdən sonra 106-cı səhifə də daxil olamaqla şairin öz şeirləri, 107-116-cı səhifələrdə isə şeirlərini, əsasən, farsca yazan Azərbaycan şairi Y.Məftundan tərcümə etdiyiİnsansorucusu”, “Yeli səsləyirik” adlı 2 şeiri verilib.

Ə.Nabdilin əlimizə gəlib çatan digər kitabıTülkü kitabıadlanır. XIX əsrdə Azərbaycan şairi M.Xalxalinin “Sələbiyyə” məsnəvisinin motivləri əsasında yazılmış bu əsəri müəllif 1970-ci ildə tamamlamış, kitab onun ölümündən 8 il sonra, 1980-ci ildə Təbrizin “Ehya” nəşriyyatında çap olunmuşdur. 62 səhifədən ibarət olan bu kitabı M.Xalxalinin “Sələbiyyə”sinin sadələşdirilmiş varinatı və qısaldılmış forması adlandırmaq doğru olmazdı. Bizcə, Ə.Nabdil Cənubi Azərbaycanda yazılı ədəbiyyatda ana dili uşaq ədəbiyyatı nümunələrinin yox dərəcəsində olduğunu nəzərə alaraq, zəmanənin ruhuna uyğun yeni birTülkü kitabı” (“Tülkünamə”) yaradıb.

Ə.Nabdil 1970-ci ildə fars dilində yazdığıAzərbaycan milli məsələadlı əsərində məlumat verərək yazır: “40-cı ilin əvvəllərində (1960-cı ilin əvvəlləri) bir qrup çalışqan həvəskar azərbaycanlı gənclər qədim müasir Azərbaycan ədəbiyyatını mütaliə edərək vaxtaşırı ədəbi məcmuələrin nəşrinə cəhd göstərirdilər. Bütün bunlar şiddətli polis təzyiqi altında baş verirdi. Gənclər öz milli dil və ədəbiyyatları ilə tanış olaraq onuyaymaq istəyirdilər. 1325-ci ildən 1340-cı ilin əvvəllərinə qədər (1946-1960-cı illər) “Əmir Aslan”, “Hüseyn Kürd” səviyyəsində bir neçə macəraçı şeir və hekayədən, bir qədər növhə və “Heydər babaya salam” əsərindən başqa Azərbaycan türkcəsində hec bir kitab və mətbuat orqanı çap imkanı əldə etməmişdir. Polis praktik olaraq Azərbaycan dilində kitabya mətbuat  yayımını qadağan etmişdi”. Şübhəsiz, Ə.Nabdil də haqqında danışdığı “bir neçə gəncdən” biri imişbütün ömrü boyu ənənəsinə sadiq qalaraq doğma dilində yazmağı özünə şərəf işi hesab edib.

XX əsrin 60-70-ci illərində Cənubi Azərbaycan poeziyasında  süjetli lirikanın bir sıra gözəl nümunələrini yaradan Ə.Nabdil OxtayınKürdüstan”, “Tozlu piano”, “İşıq”, “Yurd”, “Səttərxanın atlıları” və s. bu kimi əsərləriadi əhvəlatlarda böyük həqiqətlərin çox ustalıqla verilməsi, əsas ideyanın açılmasına xidmət edən orijinal deyim tərzi ilə diqqəti cəlb edir.

Ə.Nabdil M.Xalxalinin əsərindən iki süjeti-Tülkünün aclıq və səfalət üzündən ailəsini tərk edərək ruzi dalınca gedərkən Xoruza rast gəlməsi və onunla arasında hadisələri və Tülkü ilə Qurd əhvəlatını- götürərək  öz şair idealına uyğun olaraq yenidən işləmiş, M.Xalxalinin bu ictimai məzmunlu çox dəyərli məsnəvisindən sipər kimi istifadə edərək zəmanəsindəki yaramazlıqlara olan nifrətini bildirib.

Ə.Nabdilin ictimai-siyasi görüşləriAzərbatcan milli məsələadlı əsərində öz əksini tapıb. Müəllif düşüncələrini, gəldiyi nəticələri 12 başlıq altında ümumiləşdirmiş, dünyagörüşünə və siyasi məfkurəsinə uyğun olaraq hadisələrə qiymət verib. Əsərdə mübahisə doğuran, elmi cəhətdən düz olmayan bir sıra məqamlar varbiz 37 il bundan əvvəl ağır, üzücü bir şəraitdə yazılmış inqilabi ruhlu bir əsəri bugünkü dəyərlər səviyyəsindən təftiş etmək niyyətindən uzağıq. Bircə məqamı xatırladaq ki, Ə.Nabdil təpədən dırnağacan millətini, xalqını, onun dilini, mədəniyyətini sevən, özünü onun yolunda fəda etməyi bacaran ideya və məslək adamı idi. O, qısa, lakin mənalı ömür yolu və ədəbi fəaliyyəti ilə ədəbiyyatımızın tarixində özünə ədəbi yer qazanmış şairlərimizdən, vədakar vətən, millət fadailərindən biridir.

ŞairinAzərbaycan və milli məsələ” əsərində “Azərbaycan dili və ədəbiyyatı necə yarandı?”, “İrtica fars millətçiliyini qabartmaqla İran xalqlarının mədəniyyaətinin məhvinə çalışır”, “Feodalizm dövründə Azərbaycan üçün milli məsələ mövcud deyildi”, “Məşrutə inqilabı və inqilabı mədəniyyət”, “Xiyabani hərəkatı”, “Rza şah diktaturası”, “1324-1325-ci illərdə (1945-1946-cı illər) demokratik hərəkat”, “Demokratların məğlubiyyətin sonra”, “Azərbaycanda milli mədəniyyətə yeni meyl etmələrvə s. məsələr öz əksini tapıb.                                                                                                                                                                      

Xatırladaq ki, kitaba XX əsr Cənubi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, fədai şair Əlirza Nabdil Oxtayın ana dilində yazdığı şeirləri, “Tülkü kitabıpoeması, tərcümələri fars dilində yazdığıAzərbaycan milli məsələadlı əsərinin tərcüməsi daxil edilib. 

 

 

Sübhan TALIBLI

 

Paritet.- 2010.- 13-14 iyul.- S. 10.