Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi

 

Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası adından çıxarılan və ədalət mühakiməsinin yekun aktı olan məhkəmə qətnaməsinin hüquqi, nəzəri, təcrübi cəhətdən düzgün tərtib edilməsi və onun hüquqi qüvvəsinin vaxtında alınmasına, habelə onun icrasına nəzarət vətəndaşların məhkəmə orqanlarına olan inamını artırır, onların hüquqi vasitələrlə tərbiyə olunmasına xidmət edir. Lakin bununla yanaşı, bəzən prosessual hüquq normalarının pozulmasına da təsadüf olunur.

Son zamanlar məhkəmə təcrübəsində mübahisələndirilən hüquq normalarının tətbiqi ilə əlaqədar olaraq məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi müddəti və qaydası aktual mövzuya çevrilmişdir.

İlk öncə məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi üçün nəzərdə tutulmuş müddət barəsində araşdırma aparaq. 01 iyun 2000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 233.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmçinin MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göstərilən normada nəzər də tutulan müddət əvvəlki qanunvericilikdə daha az nəzərdə tutulurdu. Belə ki, 01 mart 1965-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinin 297-ci maddəsinə görə, kassasiya şikayəti və ya protesti, qətnamənin məhkəmə tərəfindən bütöv formada çıxarıldığı gündən on gün müddətində verilə bilərdi. On günlük müddətin bir aylıq müddət ilə əvəz olunması təbii ki, dövlət tərəfindən vətəndaşların hüquq və azadlıqlarının məhkəmə tərəfindən səmərəli qorunması, ədalətli məhkəmə araşdırması hüququnun məhkəmə sistemində daha geniş tətbiqinə xidmət edir.

İndi isə məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi üçün nəzərdə tutulmuş müddətin hesablanması (başlanması və bitməsi tarixi) qaydasına nəzər yetirək.

Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi üçün mühüm məsələlərdən biri müvafiq prosessual müddətin axımının başlanma vaxtının düzgün müəyyən edilməsi və bu müddətin tətbiqidir.

Yuxarıda göstərdiyimiz kimi MPM-in 233.1-ci maddəsinə görə, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Lakin bəzi hallarda konkret prossesual hərəkətlərin edilməsi üçün müddətin müəyyən edilməsi olduqca zərurətli olsa da, hətta qanunvericilik prosessual müddətin məhkəmə tərəfindən müəyyən edilməli olmasına dair müvafiq bir göstəriş təsbit etsədə, bu sahədə məhkəmələrdə kargüzarlığın aparılmasında müəyyən fərqlər meydana çıxır.

MPM-in 128.3-cü maddəsinə əsasən, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Beləliklə MPM-in 128.3-cü maddəsinin təhlilindən çıxış etdikdə illərlə, aylarla, həftələrlə və günlərlə hesablanan prosessual müddətlərin axımının başlanğıcının həmin müddətin təyin edildiyi təqvim tarixindən sonrakı gündən və ya hadisənin baş vermsindən sonrakı gündən hesablanmalı olduğu aydın olur.

Bəzi hüquq ədəbiyyatlarında şərh edilən maddədə göstərilən 1 aylıq müddətin hesablanması müxtəlif mövqedən yanaşılır. Belə ki, bir qrup hüquqşünasların fikrincə qanunvericilikdə nəzərdə tutulan 1 aylıq müddət qətnamənin qəbul edildiyi gündən başlayaraq növbəti ayın həmin günündə tamamlanır. Lakin 1 aylıq müddətin sona yetməsi qətnamənin qəbul edildiyi gündən başlayaraq növbəti ayın müvafiq günündən sonrakı günü tamamlanması daha düzgündür. Misal üçün, birinci instansiya məhkəməsinin qətnaməsi 03 noyabr 2009-cu il tarixdə qəbul edilmişsə, ondan nəzərdə tutulan şikayət vermə müddəti 04 noyabr 2009-cu il tarixdə sona çatır. Belə ki, burada məhkəmə qətnaməsindən şikayət vermə müddəti 03 noyabr 2009-cu il tarixdən deyil, 04 noyabr 2009-cu il tarixdən hesablanır.

Nəzəri və təcrübi cəhətdən müəyyən olunur ki, həm qanunla, həm də məhkəmə tərəfindən prosessual hərəkətlərin edilməsi üçün müddətlər üç üsulla müəyyən edilir: a) hökmən baş verməli hadisə göstərilməklə; b) dəqiq təqvim tarixi ilə; c) hərəkətin edilə biləcəyi vaxt dövrü ilə. Məlumat üçün bildiririk ki, göstərilən bütün üsullar qüvvədə olan MPM-də kifayət qədər öz əksini tapmışdır.

Daha sonra məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi üçün nəzərdə tutulmuş müddətin tətbiq edilməsinə dair müvafiq araşdırma aparaq.

Bir daha vurğulayırıq ki, qanunvericiliyin tələbinə əsasən, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmçinin, MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

Bundan başqa, məhkəmə qətnaməsinin işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməsi MPM-in 227.3-cü maddəsinə nəzərdə tutulub.

Şəxsə məhkəmə qətnaməsini rəsmi qaydada verildiyi gündən onun şikayət vermək üçün nəzərdə tutulan müddəti başlanır.

Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsində MPM-in 233.1 və 360-cı maddələrinin təhlili müxtəlif fikirlərlə qarşı-qarşıya dayanır. Bəzi hallarda konkret prosessual hərəkətlərin edilməsi üçün hərəkətin müəyyən edilməsi zərurəti olsa da, qanunvericilik prosessual hərəkətin məhkəmə tərəfindən nə vaxt həyata keçirməsinə dair kifayət qədər göstəriş təsbit etməmişdir. Bu səbəbdən də, müəyyən qrup müəlliflərin münasibətinə görə şəxsin məhkəmə qətnaməsindən şikayət vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətinin başa çatmaması qətnamənin qanuni qüvvəyə minməsini təsdiq etmir və qətnamə yalnız şəxsin ondan şikayət vermə müddətinin sona çatmasından sonra qanuni qüvvəyə minir. Belə ki, məhkəmə qətnaməsindən apellyasiya və kassasiya şikayəti verilməsi müddəti proses iştirakçılarının hərəkətləri üçün qanunla müəyyən edilmiş müddətlərə aiddir. Əslində məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi qanunvericilikdə nəzərdə tutulan 1 aylıq müddətin başa çatmasından sonra mümkün olur. Bu şəxsin apellyasiya şikayəti vermək hüququnu əsla məhdudlaşdırmır.

Beləliklə şəxsin şikayət vermə müddətinin bitməsindən asılı olmayaraq məhkəmə qətnaməsi 1 aylıq müddət başa çatdıqdan sonra qanuni qüvvəyə minir və müvafiq olaraq icra hərəkətləri aprılır. MPM-in 234-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “icra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun 14 yanvar 2003-cü il tarixli, 1 nömrəli qərarı ilə qərara almışdır ki, birinci instansiya məhkəmələti tərəfindən baxılan və apellyasiya şikayəti verilməyən işlər üzrə icra vərəqələri qətnamə qanuni qüvvəyə mindikdən sonra həmin məhkəmələr tərəfindən verilir.

Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsindən sonra onun icrası həyata keçirilir. Amma bu məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermə müddətini dayandırmır. Şəxs məhkəmə qətnaməsindən şikayət vermə müddəti ərzində istənilən vaxt şikayət verə bilər. Bu zaman məhkəmə qətnaməsi icraya yönəldilmişdirsə hakim, məhkəmə qətnaməsindən şikayət daxil olduğu barədə icraçılar şöbəsinə məlumat xarakterli məktub göndərir. Məktubda məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayətinin məhkəmə tərəfindən qəbul edilməsi göstərilməli, həmçinin şikayətin surəti əlavə olunmalıdır. icraçılar şöbəsi isə öz növbəsində “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən icra vərəqəsini geri qaytarır (məlumat üçün qeyd edək ki, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununda belə bir müddəa nəzərdə tutulmayıb).

 Göstərilən hal şəxsin məhkəmə qətnaməsinin təkzib edilməzliyi halına riayət edilməsi deyil (Qətnamənin təkzib edilməzliyi dedikdə, ondan apellyasiya və yaxud kassasiya şikayəti vermə imkanının tükənməsi və ona apellyasiya və yaxud kassasiya qaydasında baxılmasının qeyri-mümkün olması anlaşılır).

Azərbaycan Respublikasının Məhkəmələrində kargüzarlığın aparılmasına dair təlimata əsasən, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda isə məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Çox təəssüf ki, məhkəmə qətnaməsinin şəxsə  rəsmi qaydada təqdim olunması göstərilsə də, MPM-in 134.1-ci maddəsinə əsasən, məhkəmə işdə iştirak edən şəxslərə sənədləri rəsmi qaydada verilməsi siyahısına məhkəmə qətnaməsinin adı göstərilməmişdir.

Bundan başqa məhkəmə qətnaməsinin alınmamasına, yaxud alınmamasının səbəblərinə dair MPM-də heç bir müddəa nəzərdə tutulmamışdr. Qanunda müəyyən edilən hallar nəzərdə tutulsaydı mövcud vəziyyətdə məhkəmə qətnamsənin qanuni qüvvəyə minməsində heç bir çətinlik yaranmazdır.

Məsələyə müxtəlif mövqedən yanaşdığımız halda müəyyən fikir ayrılığına səbəb olan hallara aydınlıq gətirək. Qeyd etdiyimiz kimi bir qrup müəlliflər hesab edirlər ki, qanunvericilikdə nəzərdə tutulan şikayət vermə müddəti şəxsin qətnaməni aldığı andan başlayır və məhkəmə qətnaməsi yalnız şəxsin həmin müddətdə şikayət vermədiyi andan sonra qüvvəyə minir. Bəs məhkəmə qətnaməsini məlumat üçün tərəfə göndərən hakimin məktubu şəxsə çatdırılması poçt xidməti tərəfindən mümkün olmaması (məsələn, şəxsin uzun müddət Azərbaycan Respublikası hüdudlarından kənarda yaşaması, şəxsin ünvanını dəyişməsi və sair) necə? Bu anda ortaya başqa bir məsələ çıxır. Belə ki, şəxsin məhkəmə qətnaməsini rəsmi almaması və həmin qətnamədən şikayət verməsi müddətinin ötürülməməsindən sonra məhkəmə qətnaməsi necə qüvvəyə minməliddir? Bu, özlüyündə məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsini böyük çətinliklə üz-üzə qoyur. Həmçinin bu hal iddiaçı (ərizəçi) tərəfin hüquqlarını məhdudlaşdıraraq, onun məhkəməyə müraciət hüququnu qismən pozur. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli srülərkən, qanun əsasında yaradılmış müstəqil qərəzsiz məhkəməvasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bu mövqedən çıxış edən Avropa Məhkəməsi, Hornsbi Yunanıstana qarşı məhkəmə işində belə qənaətə gəldi ki, razılığa gələn dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı.

Məhkəmə qətnaməsinin qüvvəyə minməsinin qarşısını alan, ondan şikayət verilməsinə dair qısa bir araşdırma aparmaq olduqca zəruridir.

Məhkəmə qətnaməsindən şikayət verilməsi, bu şikayətin məhkəmə qətnaməsinin qüvvəyə minməsinə təsir etməsi qanunvericilikdə müxtəlif dövrlərdə müxtəlif cür normalarda təsbit edilmişdir. Misal üçün bir neçə normanı göstərək; 01 iyun 2000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti ilə ləğv edilməmiş qətnamə apellyasiya instansiyasının qərar qəbul etdiyi andan qanuni qüvvəyə minir. Həmçinin MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. MPM-in 393-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəbul edildiyi andan qanuni qüvvəyə minir. MPM-in 405.1-ci maddəsinə əsasən, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə və qərardad qəbul edildikdən sonra 3 ay müddətində verilə bilər. MPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiya məhkəməsinin qərarı qəbul edildiyi andan qüvvəyə minir.

26 may 2009-cu il tarixli Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 233.2-ci maddə çıxarılmış, 360-cı maddədə “təqdim olunan (alınan)” sözlərirəsmi qaydada verildiyisözləri ilə əvəz edilmiş, 393-cü maddə yeni redaksiyada; apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir; kimi verilmişdir.

Beləliklə şərh olunanları nəzərdən keçirərək hesab edirik ki, məhkəmə qətnaməsinin qəbul edildiyi gündən 1 ay keçməsi yalnız o halda onun qanuni qüvvəyə minməsi üçün əsasdır ki, qətnamədən apellyasiya şikayəti verilməsin.  Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmişdirsə və bu şikayət əsasında qətnamə ləğv olunmamışdırsa, yəni apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, şikayəti isə təmin etmədən saxlamışdırsa, apellyasiya instansiyası məhkəməsinin bu barədə müvafiq qərar qəbul etdiyi andan deyil birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin sona çatması ilə qüvvəyə minir. Eyni hal apellyasiya instansiya məhkəməsinin qətnaməsi üçün də nəzərdə tutlmalı və tətbiq edilməlidir.

Onu da qeyd etmək lazımdır ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə minməsi ilə əlaqədar təkzibedilməzlik və müstəsnalıq kimi hüquqi xassəyə malik olur.

Son olaraq bildirmək istəyirik ki, maraqlı tərəfin məhkəmə qətnaməsindən şikayət vermək müddətinin bitməsindən asılı olmayaraq qanunvericiliklə nəzərdə tutulmuş 1 ay (apellyasiya instansiya məhkəməsinin qətnaməsi üçün bu müddət 2 ay nəzərdə tutulur) müddət ərzində məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə o qanuni qüvvəyə minməli və müvafiq olaraq icraya yönəldilməlidir.

 

İstifadə olunmuş ədəbiyyat:

 

1. Hakimlərin etik davranış kodeksi, Azərbaycan Respublikasının Məhkəmələrində kargüzarlığın aparılmasına dair təlimat. Bakı, “Qanun” 2010, 172 səhifə.

2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin elmi-praktik kommentariyası. Bakı, “Patronat-S” şirkəti, 2003, 560 səhifə.

3. Nula Moul və Katarina Harbi, Ədalətli məhkəmə araşdırması hüququ: insan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tətbiqinə dair məlumat kitabçası.

4. Azərbaycan SSR Mülki Prosessual Məcəlləsi. Bakı, “Azərbaycan” dövlət nəşriyyatı 1988, 190 səhifə.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun Qərarlar Məcmuəsi (1991-2008), Bakı, “Hüquq ədəbiyyatı” nəşriyyatı 2008, 380 səhifə.

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, Bakı, “Digesta” nəşriyyatı 2009, 312 səhifə.

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kommentariyası, Bakı, “Digesta” nəşriyyatı 2002, 790 səhifə.

 

 

Paşa SƏFƏROV,

Yasamal Rayon Məhkəməsi

məsləhətçi (məhkəmə iclas katibi)

 

Paritet.- 2010.- 13-14 iyul.- S. 13.