Muğam elə bir dəryadır ki, onun haqqında bir fikir söyləmək mümkün deyil

 

Azərbaycanı və milli mədəniyyətimizi dünyada tanıdan milli musiqilərimizdən biri də muğamlarımızdır.  Çox sevindirici haldır ki,  hazırda  muğamlarımızı xüsusi  bir peşəkarlıqla ifa edən ifaçılarımızın sayıda artır.  Belə ifaçılardan biri də “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı- 2009 çərçivəsində  Müsabiqənin Qran-Pri mükafatının sahibi, əməkdar artist  Təyyar Bayramovdur. T. Bayramovun səsinin  gözəlliyi, uca zəngulələri yox, həm də ifaçılıq məharəti, peşəkar oxu tərzi  insanı bir neçə dəqiqəlik də olsa, başqa bir dünyaya aparır.  Biz də  sehrli və qəlbləri riqqətə gətirən səsə  sahib olan Təyyar Bayramovla həmsöhbət olduq. O, ilk olaraq bizimlə söhbətə  xanəndənin səsini qaydada saxlamaq üçün nələr etmək lazım olduğu haqda danışdı və bildirdi ki, əgər xanəndə muğam sənətinin arxasınca getməyə qərar veribsə,  səsini həmişə qorumalıdır:” Özü də bunu yalnız qatıldığı müsabiqələr  ərəfəsində etməməlidir. Çünki səs elə bir vergidir ki, daima diqqət tələb edir. Əks halda, indi oxuyarsan, bir saatdan sonra səsini heç bir halda ifaya tabe edə bilməzsən. Bu, təbii ki, məndə də belədir. Amma xoşbəxtlikdən iştirak etdiyim hər iki müsabiqə zamanı belə halla rastlaşmamışam. Yalnız beynəlxalq müsabiqəyə seçim turlarından sonra xəstələndim, yarışma başlayana qədər isə səsim qaydasına düşdü”. I Respublika  Muğam Müsabiqəsinin qalibi adını aldıqdan sonra T.Bayramov nəinki respublikamızda, hətta Azərbaycanın hüdudlarından kənarda da tanındı və bir sıra  xarici qastrollarda iştirak etdi. Bu barədə xanəndə özü daha geniş məlumat  verərək bildirdi ki, o xaricdə keçirilən  müsabiqələrdə iştirak etməyib, amma çoxlu qastrollarda olub:” Mən sənətə gələndən Səmərqənd şəhərində muğam müsabiqəsi keçirilib. Orada da ölkəmizi Arzu Əliyeva ilə Babək Niftəliyev təmsil ediblər. Onlardan əvvəl də Səmərqənddə keçirilən müsabiqələrdə ustad xanəndəmiz Alim Qasımov, Simarə İmanova və başqaları qalib olublar. Amma bu müsabiqələrin heç biri miqyasına və böyüklüyünə görə Bakıda keçirilən 1-ci Beynəlxalq Muğam Müsabiqəsinə bərabər sayıla bilməz”.

  Milli muğamlarımızı  digər ölkə musiqilərindən (muğam)fərqləndirən  cəhətlərdən danışan T.Bayramov qeyd etdi ki, muğamlarımızın kökləri çox-çox qədimlərə gedib çıxır:”Qeyd etdiyiniz kimi, Azərbaycan muğamlarının mükəmməlliyinə görə biz ilk növbədə dahi bəstəkarımız Üzeyir Hacıbəyova borcluyuq. Ü.Hacıbəyov o vaxtlar görkəmli xanəndələrimizdən - Cabbar Qaryağdıoğlu və Seyid Şuşinskidən ibarət komissiya yaradıb. O zamanlar elə muğamlar vardı ki, onların 30-35, hətta 40 şöbəsi vardı ki, bu da yeknəsəkliyə, təkrarçılığa gətirib çıxarırdı. Nəticədə dinləyici xanəndəyə qulaq asanda yorulurdu. Həmin komissiyanın köməyi ilə muğamlarımızda təkrarçılıq yaradan şöbələr çıxarıldı və təkmilləşdirildi. Hazırkı tədris də həmin üç nəfərin tərtib etdiyi dərsliklə aparılır. Bu müsabiqədə başqa ölkələrin ifaçılarında həmin təkrarçılıq özünü göstərirdi. İfa var ki, yarım saat - 40 dəqiqə dinləyirsən, amma ifaçının nə demək istədiyini başa düşmürsən. Amma bizdə belədir ki, dinləyici intizarda qalır ki, görəsən, bundan sonra xanəndə hansı boğazları edəcək. Onlarda isə boğazlar o qədər təkrar olunur ki, istər-istəməz tamaşaçı yorulur. Bir də xaricilərin ifasında bir fərqli cəhət də var ki, onlarda muğam yalnız orta və bəm səslə, bizdə isə bəm, orta və zil səslə ifa olunur. Bizdən festivalda iştirak edəcək ifaçıların hamısı zilli-bəmli muğamlara müraciət etmişdi. Mən bu müsabiqədən sonra özlüyümdə bir daha yəqin etdim ki, Azərbaycan muğamı dünyada birincidir”.  

  "Bilirsiniz, muğam haqqında hər kəsin öz fikri ola bilər”-deyən  xanəndə xatırlatdı ki,  ötən əsrin əvvəllərində Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Keçəçioğlu Məhəmmədin Parisdə diskləri çıxmışdı və böyük heyranlıqla dinlənilmişdi:” Hansı ki, elə muğamlarımızı təkmilləşdirənlər də bu insanlar idi. Müsabiqəni izləyən hər bir tamaşaçı da bunu təsdiqləyər ki, başqa ölkələrin muğamlarında yeknəsəklik çoxdur. Bizdə klassika qorunub saxlanır. Üstəlik, muğam sistemli şəkildə ifa edilir. Bu, danışıqda da belədir. Bir fikri qarşıdakı insana çatdırmaq üçün bir var 1-2 sözdən istifadə edəsən, bir var 10 kəlmə ilə dediklərini çatdıra bilməyəsən. Muğam elə bir dəryadır ki, onun haqqında bir fikir söyləmək mümkün deyil. Ustad xanəndələrimiz Əlibaba Məmmədov, Arif Babayev həmişə söz düşəndə deyirlər ki, kim desə ki, muğamı artıq bilirəm, yanılır. Onu da qeyd edim ki,  hər bir xalqın muğamının öz oxunma manevrası, spesifik xüsusiyyətləri var. Mən onlarla bağlı heç nə deyə bilmərəm. Amma öz ifaçılarımızla bağlı onu deyə bilərəm ki, müşayiətçilərin professional olmasının xanəndənin ifasına təsiri böyükdür”.

  Azərbaycanın 7 əsas muğamının hamısını ifa etdiyini deyən gənc xanəndə qeyd etdi ki, amma  onları  lentə aldırmayıb:” Bildiyiniz kimi, mən həm də OperaBalet Teatrının solistiyəm. Burada gündəlik məşqlərimiz də çox olur. O baxımdan hələlik bütün muğamları lentə aldıra bilməmişəm. Amma bu məsələ planımda birinci yerdədir. Bəzi muğamları, məsələn, «Orta Mahur»u, «Xaric segah»ı, «Mirzəhüseyn segahı»nı, «Mənsuriyyə»ni, «Şahnaz»ı, «Zabul segah»ı, əsas muğamlardan «Şur» muğamını, İlkin Əhmədovla birlikdə «Çahargah»ı artıq lentə yazdırmışam”.  

” Ümumiyyətlə, bizim millətin qanı «Segah»la yoğrulduğuna görə hər vaxt meyil «Segah»a olur”- deyən həmsöhbətimin sözlərinə görə  hər hansı bir tədbirdə, yaxud el şənliyində hər hansı bir mahnının arxasınca onun segah ifa etməsi auditoriyada ab-havanı da dəyişir:”Bu baxımdan «Segah» muğamı mənə çox yaxındır. Amma sizə onu da deyim ki, 1-ci muğam müsabiqəsində ilk ifamŞahnaz” muğamı olub. “Şahnaz” muğamı təbii ki, bizim əsas muğam deyil, “Şurmuğam ailəsinə daxildir. Amma mənə uğur gətirdiyinə və ifam dinləyicilərin xoşuna gəldiyinə görə nə oxuyuramsa-oxuyum, ardınca mütləq məndən «Şahnaz» istəyirlər”.

   “ «Şahnaz» muğamından söz düşmüşkən, bildiyimizə görə adətən bu muğama qadınlar daha çox müraciət edirlər. Kişi xanəndələr çox zaman «Şahnaz»ı oxumağa cəsarət etmirlər. Amma muğam biliciləri də təsdiq edir ki, Xan Şuşinskidən sonra «Şahnaz»ı siz yüksək səviyyədə ifa etməyi bacarmısınız... Siz öz ifanızdan razısınızmı?”-sualını o, belə cavablandırdı:” «Şahnaz» muğamı çox zildən ifa tələb edən muğamdır. Məncə, bu muğamı qadın xanəndələrin adına çıxmaq da düzgün olmazdı. Çünki «Şahnaz»ı kişi xanəndələr də oxuyur. Xan Şuşinski bu muğama elə bir möhür vurub ki, hələ uzun illər onun ifasına çatacaq ifanı mən təsəvvür etmirəm”.

 OperaBalet Teatrının solisti T. Bayramov  Məcnun rolunu oynamağa  hazırlaşırmı?” sualını müsahibim belə cavablandırdı:”   Şah İsmayılın” məşqlərini aparmışıq. O ki qaldı Məcnun roluna, artıq bu rol üzərində məşqlərə başlamışıq. Əvvəllər idmanla çox məşğul olduğuma görə fizianomiyam bu rolu ifa etməyimə imkan vermirdi. İndi bir qədər arıqlamışam, bir az da artıq çəkidən azad olmaq lazımdır ki, xarici görünüşüm Məcnun roluna uyğun olsun. Hələliksə Şah İsmayıl, «Leyli və Məcnun»da İbn Səlam, «O olmasın, bu olsun» tamaşasında Xan əmi rolunu, «Natəvan»da aşıq rolunu ifa edirəm. İnşallah, qismət olar, Məcnunu da oynayaram”.

Yeri gəlmişkən məlumat üçün bildirək ki, bu il Şəkidə keçirilən  “İpək yolu” I Beynəlxalq Musiqi Festivalında Dövlət OperaBalet Teatrının kollektivi M.MaqomayevinŞah İsmayıl” operasının  tamaşası ilə çıxış edib. Teatrın digər aktyorları ilə yanaşı, sözügedən tamaşada əsas rolu ifa etmiş   əməkdar artist Təyyar Bayramovda  (Şah İsmayıl) festivalda uğurlu iştiraklarına görə fəxri fərmanlarla təltif olunub.

 

 

 Günay

 

Paritet.- 2010.- 13-14 iyul.- S. 16.