“Azərbaycanda torpaq azadlığı mövzusu bədii
həllini tapmayıb”
Aydın Dadaşov: “Amma qaçqınların -kənd əhalisinin
şəhərə gəlməsini və şəhər mədəniyyətinin
əldən getməsini problemə çevirənlər oldu“
Azərbaycan milli kino tarixinə nəzər saldıqda “Uzaq sahillərdə”, “Şərikli
çörək”, “Mən sizi dünyalar qədər
sevirdim”, “Onun böyük ürəyi”, “Bizim Cəbiş
müəllim”, “Tütək səsi”, “Bizim küçə”,
“Mən ki, gözəl deyildim”, “Gilas ağacı”, “Fəryad”,
“Girov”, “Sarı gəlin”, “Ağ atlı oğlan”,
“Soyqırım” və s. kimi milli filmlərimizdə müharibə
mövzusunun əsas götürüldüyünü
görürük. Düzdür, tarixə nəzər
saldıqda görərik ki, o zamanlar da bizim
müharibə mövzusunda çəkilən filmlərimiz
çox olmayıb, heç indi də onların sayı
çox deyil. Müharibədən bəhs edən son filmlərimizin
seyrçi rəğbəti qazanmamasının bir cəhəti
də texniki cəhətdən zəiflik və peşəkar
kadrların olmaması ilə də
əlaqəlidir. Bizdə bugünkü Azərbaycan kinosunda Qarabağ mövzusunun yeri və
çəkilən filmlərin səviyyəsi haqqında ətraflı məlumat almaq
üçün professor,
kinoşünas, pedaqoq Aydın
Dadaşovla həmsöhbət olduq.
Torpaq azadlığı
mövzusunun, Qarabağ məsələsinin həmin problem başlayandan lentə
alındığını deyən
A.Dadaşovun sözlərinə görə ilk dövrdə bu haqda məlumatlar informasiya
materialı kimi video lentlərə çəkilib:” Bizim kino
xronika bu sahədə zəif işləyib. Ona
görə ki, kinonun imkanları məhduddur. Kinoda o kameralarla
ki, xronikada işləyirlər orda kino lent tez
bitir. Video isə
belədir ki, fasilə ilə 2-4 saat çəkmək
mümkündür. Amma kinoda lentin özünün tələbləri var, orda
müəyyən məsafə işıq və s. məsələlər
nəzərə alınır. Ona görə də
kino ilə çəkilən materiallarda hadisə yoxdur. Video ilə çəkilən məlumatlara
gəldikdə isə, müəyyən bir dövr oldu ki, Qarabağ
mövzusu informasiya bazarına daxil oldu. O zaman qeyri peşəkarlar
hətta məişət kamerası ilə çəkdiyi
materialları sata bilirdilər. Ümumiyyətlə, deyə bilərəm
ki, Qarabağ mövzusu və
problemi bizdə yaxşı reportyorlar yetişdirdi. Hətta bizim reportyorlardan
bir neçəsi Tacikistanda və Əfqanıstanda bu işi
həyata keçirdilər və peşəkarlıq
qazandılar. Qarabağ müharibəsinin ilkin mərhələsində
o zaman bizdə belə bir fikir formalaşmışdı ki, ermənilərin
vəhşiliklərini nə qədər çox göstərsək
dünya ictimai birlikləri də bizi daha yaxşı anlayar.
Amma nəticədə məlum oldu ki, bizim bu mövzudakı filmlər dünyaya gedib
çıxası deyil, eyni zamanda da filmlərimizin yüksək bədii və
dramaturji səviyyəsi də olmadı”.
“Bu gün Qarabağ probleminin mövzu baxımdan dərinləşməsi
var. Məsələn,
Qarabağla bağlı hadisələrdə insan taleləri önə keçdi. Yəni problemə milli zəmində deyil, humanizm zəmnində
bir baxış yarandı.
Ancaq buradada
konkret filmləri nəzərdən keçirsək, görərik
ki, Qarabağla bağlı digər
bir mövzuda işlənib. Belə ki,
qaçqınların -kənd əhalisinin şəhərə
gəlməsini və şəhər mədəniyyətinin əldən
getməsini də problemə çevirənlər oldu. Əslində isə Azərbaycanda torpaq
azadlığı mövzusu bədii həllini tapmayıb.
Qarabağ, torpaq
azadlığı, soyqırımla bağlı ümumilikdə otuz filmin çəkildiyini deyən Aydın Dadaşovun sözlərinə
görə
kinoşünaslıq fakültəsində təhsil alan
tələbələr
üçün yazdığı dərslikdəki bir fəsildə yer almış
“Torpaq azadlığı ekranda”
adlı məqaləsində
qeyd etdiyim mövzuda çəkilən filmlərin
geniş təhlilini də verib: “Azərbaycan üçün hər hansı beynəlxalq
festivalda ciddi uğur qazanmaq faktı hələ
olmayıb, o cümlədən
Qarabağ mövzusunda da”.
“Sizin
Qarabağ mövzusunda çəkilmiş filminiz
varmı?” sualını
kinoşünas belə cavablandırdı: ”Qarabağ
probleminə həsr edilmiş müəllifi olduğum ssenarilər
var. Bununla bağlı 9 dəqiqəlik film və reportajlarım da var. Bizdə
kinodakı şaquli idarəçilik
forması imkan vermir ki, haqlı
olaraq bu problemi işıqlandıra bilən müəyyən
ssenarilər üzə çıxsın”. Tələbin təklifi
formalaşdırdığını deyən
Aydın müəllim qeyd etdi
ki, bu gün Qarabağ mövzusunda yazılan ssenarilər də
yetərincə deyil: ”Təəssüf ki, sosial sifarişdə
də artıq torpaq azadlığı mövzusu arxa
plana keçir. Ümumiyyətlə,
mədəniyyət strategiyasında müəyyən dəyişikliklər
etmək lazımdır”.
Bu gün dövlət və qeyri -hökumət
təşkilatlarının, prodüser şirkətlərinin təşəbbüsü ilə
soyqırım, Qarabağ problemi, erməni terrorizminin
ifşası, Xocalı soyqırmı və 20 Yanvar faciəsi
ilə bağlı filmlərin çəkilməsini yüksək
qiymətləndirən həmsöhbətim
təəssüf hissi ilə qeyd etdi ki, ancaq bu filmlərin
çoxunun çəkiliş prosesində peşəkarlar
iştirak etmədiyi üçün də filmlər zəif
alınır: “Bu qeyd etdiyim
nöqsanlara baxmayaraq Qarabağ
və torpaq azadlığı mövzusunda çəkilən
filmlərin sayının çox
olması o səbəbdən yaxşıdır ki, qeyd
etdiyimiz bu mövzu daima gündəmdə qalır. Bu gün bir sıra
prodakşnlar da Qarabağla bağlı filmlər çəkirlər,
ancaq onlar hələ həyata davamlı deyil. Bu səbəbdən ki, hələ ölkəmizdə
kino sağlam biznes faktoru üzərində oturmayıbdır.
Özlərinə prodakşn və prodüser
deyənlər hələ ki, dövlət büdcəsinin məsrəfləri
hesabına dolanırlar. Şübəhiz ki, belə
filmlərin çəkilməsi erməni terrorizminin
ifşası üçün də bizə istiqamət verir və imkanlar
yaradır”.
Dövlət Mədəniyyət
və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul
olan A. Dadaşov xüsusi olaraq
vurğuladı ki, tədris apardığı ali təhsil
ocağındakı tələbələrin Qarabağ
mövzusuna marağı çox yüksəkdir: “ Onu da qeyd
edim ki, tələbələrimizin çoxu öz kurs və
diplom işlərində bu mövzuda yazmağa can atırlar. Gənc nəslin Azərbaycanın əsas problemi
olan torpaq azadlığı və Qarabağ problemi ilə
maraqlanması, bu haqda yazmaq və film çəkmək istəyi
çox yaxşı bir haldır. Amma orda da icra səviyyəsi hələ
aşağıdır”.
“Qeyd etdiniz ki, Qarabağ mövzusunda
çəkilən
filmlərin sayı və peşəkarlığı
sizi qane etmir. Uzun illərdir bu sahədə
çalışan bir mütəxxəsis kimi, bu problemin həllini
necə görürsünüz?” sualını A.Dadaşov belə
cavablandırdı: “İlk əvvəl dövlət
sifarişləri bu mövzuya yönəlməlidir.Çünki
bu bizim ən qlobal problemimizdir. Bu gün Mədəniyyət və Turizm Nazirliyinin xətti
ilə milli qəhrəmanlarımız haqqında filmlər
çəkilir və bu, çox gözəl bir haldır.
Çox istərdim ki, bu filmlər nəzarətdə
saxlanılsın və peşəkar səviyyədə
çəkilsin. Bilirsiniz, artıq
ekspermentlərdən xilas olmalıyıq və bu işlə
peşəkarlar məşğul olmalıdır”.
Çox sevindirici haldır ki, bu gün gənclərimiz Qarabağ problemi ilə maraqlanmaqla
yanaşı, həm də çalışdıqları
müxtəlif sahələr üzrə bu istiqamətdə iş
aparırlar belə ki, iki gənc
tələbə Beynəlxalq
Universitetin 5-ci kurs tələbəsi
Fuad Əsgərov və Xəzər Universitetinin -nin
3-cü kurs tələbəsi
Asif İmanov Qarabağ mövzusunda film çəkiblər.
Çəkilmiş film barədə
məlumat verən F.Əsgərov qeyd etdi ki, filmdə Qarabağ müharibəsi
zamanı tibb bacısı olmuş və öz qəhrəmanlığı
ilə seçilmiş Sevda Səfərovadan bəhz edilir:” Gənc
yaşlarında hərbiyyə yollanmış Sevda döyüşlər
zamanı qəhrəmanlıqlar etmiş və onlarla əsgəri
yaralı halda döyüş bölgəsindən
çıxarıb, hətta bəzi
hallarda əsgərlərə könüllü qan verməkdən
belə boyun qaçırmayıb. Bizdə belə
bir qəhrəman qadın haqqında film çəkdik və
bu bizim üçün çox şərəfli bir
işdir”. Qeyd edək ki, haqqında
danışdığımız film Azərfoto İnformasiya
Agentliyi və Yoxsulluqla Mübarizəyə Qlobal
Çağırış - Azərbaycan Milli Koalisiyası tərəfindən
elan olunmuş Minilliyin İnkişaf Məqsədlərinin 3,4,5 hədəfləri olan
Gender Bərabərliyi - Ana və Uşaq
sağlamlığına aid keçirilən video müsabiqədə
qalib olub və 1-ci yerə layiq görülüb.
Diasporla İş üzrə
Dövlət Komitəsinin təbliğat,
informasiya və analitik təhlil şöbəin müdiri
Elşad Miraləm isə qəzetimizə
verdiyi məlumatda bildirdi ki,
Komitənin saytında həm 20 Yanvar faciəsi, həm Xocalı soyqırımı və həm də Ermənistanın Azərbaycana
təcavüzü ilə bağlı faktları əks etdirən
bir bölmə var:” Həmin bölmə də bu, məsələlərlə
bağlı ətraflı məlumat verilib. Eyni zamanda
Xocalı soyqırımına həsr edilmiş və DİDK-nin
sifarişi ilə çəkilmiş
film də saytda yerləşdirilib. Amma biz hesab
edirik ki, bunlar kifayət deyil. Daha çox
filmlər olmalıdır. Yəni biz
düşünürük ki, Xocalı soyqırımı ilə
bağlı həqiqətləri elə bir şəkildə
təbliğ etməliyik ki, artıq bunu azərbaycanlıların deməyə ehtiyacı
olmasın. Yəni ayrı-ayrı xarici ölkələrin
ictimaiyyəti, alimləri və ümumilikdə ictimai rəyi
formalaşdırmağa qadir olan adamlar bu həqiqətləri
dərk və qəbul etsinlər. Bu barədə
onlar danışsınlar və filmlər göstərsinlər”.
Məlumat üçün
bildirək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin (www
diaspora. gov.az) saytının
filmlər bölməsində tariximizlə, milli birlyimizlə,
faciələrimizlə bağlı olaraq çəkilmiş “ Biz
azərbaycanlıyıq”,
“Ayrılarmı
könül candan” , “Bir millət iki dövlət”, “Azərbaycan
deyəndə”, “Birincilər “
adlı filmlər yerləşdirilib. Bu yaxınlarda Kaliforniyada “Quba”
sənədli filminin təqdimat mərasimi keçirilib. Belə
ki, bu
film Azərbaycan Prezidenti
yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının maliyyə yardımı ilə Avrasiya Beynəlxalq
Tədqiqatlar İnstitutu tərəfindən çəkilib. Filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədov,
redaktoru Kəmalə Paşayeva, elmi məsləhətçisi
professor Musa Qasımlı, baş məsləhətçi
millət vəkili Qənirə Paşayevadır. Sənədli
film erməni daşnaklarının 1918-ci il
martın 30-31-də Qubada törətdiyi
soyqırımından bəhs edir.
Azərbaycan - Amerika Cəmiyyəti
tərəfindən keçirilən filmin təqdimat mərasimində
azəri və türk diasporunun nümayəndələri, Azərbaycanın
Los-Ancelesdəki baş konsulu Elin Süleymanov, Türkiyənin
Los-Ancelesdə vitse-konsulu Arif Çelik də iştirak ediblər.
Azərbaycan-Amerika Cəmiyyətinin
baş direktoru Cavid Hüseynov filmdə əks olunan tarixi hadisələr
barədə məlumat verib. Filmə baxış
keçirildikdən sonra çıxış edən baş
konsul Elin Süleymanov bildirib ki, Azərbaycanda tarixən
tolerant cəmiyyət mövcud olub və bu cəmiyyət
heç vaxt “Daşnaksütyun”un etnomərkəzçi
ideologiyasını qəbul etməyib. “Quba
rayonu əsrlər boyu dağ yəhudilərinin azərbaycanlılarla
birlikdə yaşadığı bir bölgədir ki, bu da Azərbaycan
cəmiyyətində tolerantlığın və
qarşılıqlı anlaşmanın hökm
sürdüyünə bir misaldır”.
Türkiyə Amerika
Assosiasiyaları Assambleyasının prezidenti Ergün
Kırlıkovalı çıxış edərək bu sənədli
filmin prodüserlərinin gördüyü işi yüksək
dəyərləndirib. Onun sözlərinə görə,
bu film I dünya müharibəsi dövründə erməni
daşnaklarının Qafqazda və Anadoluda törətdiyi
çoxsaylı cinayətlərdən yalnız birini əks
etdirir: “Bu filmi Amerikanın elmi və akademik dairələrində
yaymaq çox vacibdir. Bu, erməni radikalların
yürütdüyü yalançı siyasəti faş
etmiş olar və tarixi həqiqətlərin üzə
çıxarılmasında yardım göstərə bilər” (www.
diaspora.gov.az).
Bakı Şəhər Gənclər
və İdman
Baş İdarəsinin (www. dysbaku.az) saytında da mütəmadi
olaraq tarixi faciələrimizlə bağlı filmlər,
reklam çarxları, video kliplər yerləşdirilir.
Baş İdarənin internet saytının administratoru Rəşad
Həsənovun bizə verdiyi məlumata görə onlar saytlarında
dövlət və qeyri-hökumət təşkilatları tərəfindən tarixi faciələrimizlə
bağlı çəkilən filmləri, klip və
videoçarxları yerləşdirirlər:” Belə ki, bizim
idarə tərəfindən hər il Xocalı soyqırımı ilə
bağlı aksiyalar keçirilir, eyni zamanda saytımızda
da həmin ərəfədə bu qanlı hadisə ilə
bağlı filmlər yerləşdirilir.
Onu da qeyd edim ki, mütəmadi olaraq
saytımızda tarixi faciələrimizlə bağlı yerləşdirilən
filmlərimiz yenilənir və dəyişdirilir. Bunu da etməkdə məqsədimiz odur ki, Azərbaycanda
tarixi faciələrimizlə bağlı çəkilmiş
filmlər ölkə daxilində qalmasın və daha
geniş auditoriyaya təqdim edilsin”.
R.Həsənov bir maraqlı məqama
toxunaraq bildirdi ki, saytlarında Azərbaycanın tarixi faciələri ilə
bağlı yerləşdirilmiş filmlərə,
videoçarxlara, kliplərə daha çox əcnəbilər
baxır və bəzən öz rəy və şərhlərini
də yazırlar:”Biz də bu halı nəzərə
alaraq video materialların
çoxunu beynəlxalq dillərdə saytda yerləşdiririk.
Hazırda isə saytımızda Xocalı
soyqırımından bəhs edən “Dəyirman” qrupu və
Toni Blackmanın ingilis dilində ifa etdiyi (“Justice for Khojaly”
-”Xocalı üçün ədalət”) mahnısına
çəkilmiş klipi yerləşdirmişik”.
Günay Əsədova
P.S.Yazı “Paritet” qəzetinin
Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun dəstəyi ilə həyata keçirdiyi “Erməni
terrorizminin ifşa olunmasına informasiya dəstəyi” layihəsi
çərçivəsində dərc edilir.
Paritet.- 2010.- 15-16 iyul.- S. 11.