Sumqayıt hadisələrinin bütün aspektlərinə dair
ciddi araşdırmalara ehtiyac
var
Əks halda Sumqayıt hadisələri əleyhimizə
çevriləcək silah olacaq
Son zamanlar erməni terrorizmini
ifşa edən yeni nəşrlərin sayı artmaqdadır. Həmin
nəşrlərin dəqiq faktlara söykənməsi,
şahidlərin, mövcud sənədlər əsasında tərbit
edilməsi isə nəşrlərin əhəmiyyətini
daha da artırır. Tanınmış hüquqşünas
Aslan İsmayılovun da yazdığı “Sumqayıt SSRİ-nin süqutunun
başlanğıcı” kitabını da bu qəbilədən olan kitablar
siyahısına əlavə etmək olar.
Əsasən Sumqayıt hadisələrindən bəhs edən kitabı ərsəyə gətiməyə müəllifi məcbur edən amal onun şəxsən özünün Sumqayıt hadisələri ilə üzləşməsi olub: “Azərbaycan SSRİ ali məhkəməsinin 1989-cu ildə Bakıda keçirilmiş iclasında dövlət ittihamını müdafiə edən prokuror olmuşam. Sonralar dəfələrlə Sumqayıt hadisələrinə aid gördüklərim və eşitdiklərim haqqında kitab yazmaq fikrinə düşsəm də, bu ideyanı özümə çox da yaxın buraxmamışam. Ona görə ki, əvvəla hər iki xalqın köhnə yaralarını təzələmək istəməmişəm, ikincisi isə belə hesab etmişəm ki, bu daha çox peşəkar tarixçilərin işidir. Ancaq ötən illərdə baş verənləri bir daha götür qoy etdikdə əvvəlki mövqeyimə yenidən nəzərə salmalı oldum. Saysız hesabsız erməni siyasətçiləri, həvəskar, peşəkar publisistlər, ermənilərə lobbiçilik edənlər, Azərbaycan və azərbaycanlılara maraq göstərən hər kəsi vahiməyə salmaq üçün Sumqayıt hadisələrini qorxunc bir vasitəyə çeviriblər. Bu vicdansız spekulyasiyalar nəticəsində həmin hadisələrin bilərəkdən saxtalaşdırıldığı minlərlə kitab, məqalə, televiziya verilişi, və saytlar ortaya çıxıb. Yeganə məqsəd isə bütün bu hadisələrin təqsirini özü də ən vicdansız formada Azərbaycan xalqının üzərinə yıxmaq idi. Vaxt gələcək tarixi saxtakarların sələfləri bu saxta materialları arxivlərdən çıxaracaq və “başıbəlalı erməni xalqı”nın bu dəfə artıq Sumqayıtda məruz qaldığı “soyqırım” haqqında yeni bir uydurmanı beynəlxalq ictimaiyyətə təqdim edəcəklər.Hesab edirəm ki, bitib tükənmək bilməyən bu yalan böhtan axınına qarşı Sumqayıt hadisələrinin bütün aspektlərinə dair sənəd və sübutlarla, dəlillərlə, əsaslandırılmış araşdırmalar təqdim edilməli, həmin hadisələrdə Sumqayıt hadisələrini qızışdıranların hər birinin rolundan hakimiyyət orqanlarının davranışından tutmuş, yüksək sovet instansiyalarının bu hadisələrə aşkar müdaxiləsinə qədər bütün məqamlar aşkarlanmalıdır. Əgər Azərbaycan tərəfi hakimiyyətə gəlməsə, şübhəsiz ki, sumqayıt hadisələri əleyhimizə çevriləcək silah olacaq.”
1988-ci ilin Sumqayıt hadisələri ilə bağlı Azərbaycan SSR Ali Məhkəməsinin 1989-cu ildə Bakıda keçirilmiş iclasında dövlət ittihamını müdafiə edən prokuror kitabındakı yazıları baş verən hadisələrlə bağlı olan cinayət işi və məhkəmə materialları əsasında hazırlayıb. Kitabda qeyd edilən bütün faktlar tam mənada reallığı əks etdirir. “ O zaman mən Azərbaycan Ali Məhkəməsində Sumqayıt hadisələri ilə bağlı cinayət işində dövlət ittihamçısı qismində çıxış edirdim. Və tam əminliklə deyə bilərəm ki, bu hadisələr birmənalı şəkildə sovet Dövlət Təhlükəsizlik Komitəsi və ermənilər tərəfindən törədilib. Qələmə aldığım kitabda bütün bu faktlar tam incəliyinə qədər qeyd edilib. Bununla yanaşı, kitabda Sumqayıtda erməni millətindən onlara qarşı cinayətlərin törədilməsinə rəhbərlik edən erməni Eduard Qriqoryan barədə də dəqiq məlumatlar yer alıb. Təəssüflər olsun ki, o zaman istintaqın əsas hissəsi İrəvanda, erməni və rus müstəntiqlərin iştirakı ilə, özlərinin istədikləri formada aparılıb”.
Kitabda hadisələr zamanı” Azərbaycanlılar erməniləri necə xilas edirdilər” adlı bölməsində qeyd olunur ki, iş materialları, zərərçəkənlərin ifadələri göstərir ki, azərbaycanlılar heç də təqdim edildikləri kimi, “vəhşi” olmayıblar, onlarda ermənilərə qarşı təsvir olunduğu sayaq nifrət də yox imiş, əksinə Azərbaycanlılar Sumqayıtda baş verən iğtişaşlar zamanı öz canları və təhlükəsizlikləri bahasına erməniləri xilas etməyə çalışıblar ki, bunu iş materiallarında həm təqsirləndirənlər, həm də zərərçəkən ermənilərin özləri də ifadələrində dəfələrlə açıq şəkildə təsdiqləyirlər. Fakt olaraq kitabda yer alan ifadələri nəzərinizə çatdırırıq: “Təqsirləndirilən Gəncəliyev Elçin Əli oğlu 1989-cu il fevral ayının 29-da ona qarşı irəli sürülən ittihamı qəbul edərək, günahını qismən boynuna almış və ifadəsində demişdir ki, 1988-ci il fevral ayının 28-də, təxminən saat 14: 30-da I mikrorayonda yerləşən çayxanaya gəlmişdir. Çayxanada gedən söhbətlərdən avtovağzaldakı hadisələrdən xəbər tutmuş, orada baş verənlərlə maraqlanaraq, hadisə yerinə baxmaq üçün avtovağzala getmişdir.
Daha sonra təqsirləndirilən şəxs
Gəncəliyev E.A izah
etdi: “Moskviç”də
oturan sərnişinləri
əhatəyə alan dəstənin arasında mən 3 milis formalı adam gördüm, amma rütbələrini ayırd edə bilmədim. Onlar dəstəni adamları döyməmələri üçün
yola gətirməyə
çalışırdılar.Amma dəstə... onlara fikir vermirdi...”
Azərbaycanlıların erməniləri hadisə
zamanı necə xilas etmələrini təsdiqləyən bu kimi və s. faktlar kitabda geniş yer alıb.
Qeyd edək ki, A.İsmayılov
müvafiq dövlət
qurumlarına bu kitabı tərcümə
edib xarici ölkələrdə yaymaq
üçün təklif
də göndərib.
Günay Bünyadzadə
P.S. Bu səhifə “Paritet” qəzetinin Prezident
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun dəstəyi ilə həyata keçirdiyi “Erməni
terrorizminin ifşa olunmasına informasiya dəstəyi” layihəsi
çərçivəsində dərc edilir.
Paritet.- 2010.- 15-16 iyul.- S. 12.