“Dağlıq Qarabağ işğaldan əvvəl və sonra

 

Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının nəşr etdiyi kitabda Dağlıq Qarabağ Azərbaycanın tərkibində olanda buradakı inkişaf səviyyəsinin çox yüksək göstəriciyə malik olduğu sübut olunur

 

 Ötən saylarımızda Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının erməni  yalanlarını ifşa etmək istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat vermişdik. Qeyd etmişdik ki, qurumun bu məqsədlə yaratdığı sayt da fəaliyyət göstərir.

 Yeni yaranmasına baxmayaraq saytı ziyarət edənlərin sayının kifayət qədər çox olduğunu deyən  MAJL sədri Qafar Mehdiyev (Çaxmaqlı), bu il saytdakı materialları yeniləməyi, buradakı materialların həcmini artırmağı nəzərdə tutduqlarını da diqqətə çatdırdı: “Çünki ermənilər digər sahələrdə olduğu kimi İnternet məkanda da Azərbaycana və Türkiyəyə qarşı geniş təbliğat işi aparırlar. Çoxlu sayda internet portallar, saytlar yaratmaqla öz təbliğatlarını gücləndirmək və bununla da dünya ictimaiyyətinin rəyini öz xeyirlərinə yönəltmək istəyirlər. Bu sahədə ermənilərə uduzmamaq üçün Dağlıq Qarabağla bağlı saytların sayını daha da artırmaqla yanaşı, həm də onların keyfiyyətinin yaxşılaşdırılmasına diqqət yetirməliyik”.

Aparılan tədqiqatların materialları əsasında  Dağlıq Qarabağ işğaldan əvvəl sonraadlı kitab nəşr etdirdiklərini deyən Q.Mehdiyev kitabın erməniləri ifşa edən tutarlı faktlar əsasında tərtib olunduğunu bildirdi: “Ermənilər əvvəllər iddia edirdilər ki, guya Dağlıq Qarabağ Azərbaycanın tərkibində olduğu dövrdə geridə qalıb, ermənilərə təzyiqlər göstərilib bunun da nəticəsində onlar öz inkişaflarını, vətəndaş cəmiyyətlərinin inkişafını təmin edə bilməyiblər bu səbəbdən Azərbaycandan ayrılmaq istəyirlər. Onların yalanlarını ifşa etmək və dünya ictimaiyyətinə çatdırmaq üçün “Dağlıq Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab nəşr etdirdik. Kitabda tutarlı faktlar gətirməklə, ermənilərin öz statistik rəqəmlərini ortaya qoymaqla, apardığımız araşdırmalarla ermənilərin Azərbaycana qarşı qaldırdıqları iddiaları tamamilə darmadağın etdik. Sübut etdik ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində olanda buradakı inkişaf səviyyəsi nəinki ətraf Azərbaycan rayonlarından, bütövlükdə Azərbaycanda ən yüksək göstəriciyə malik olub. Biz belə bir faktı ortaya qoyarkən Dağlıq Qarabağ münaqişəsi başlanarkən Azərbaycanda, Moskvada və İrəvanda keçirilən müşavirələrin materiallarından, əsasən də erməni müəlliflərinin özlərinin əsərlərindən, ayrı-ayrı dövrlərdə ermənilərin nəşr etdirdikləri kitablardakı materiallardan istifadə etdik. Misal üçün, Robert Arakelovun rus dilində “Qarabağ dəftəri” adlı bir kitabı nəşr olunub. Həmin kitabda ermənilərin Azərbaycana qarşı apardıqları mənfur siyasət tamamilə ifşa olunur.

Biz həm Dağlıq Qarabağın indiki durumu ilə bağlı da geniş tədqiqatlar apardıq bu zaman mənim özümün 2001-ci ildə Dağlıq Qarabağa Ermənistana etdiyim səfər zamanı əldə etdiyim materiallardan, Türkiyədə çalışan zaman buradakı arxivlərdən götürdüyüm materiallardan geniş istifadə etdik. Bir daha aydın oldu ki, doğrudan da bu gün Dağlıq Qarabağ çox ağır durumdadır və əsasən ianələr hesabına dolanır. Nəticə də ondan ibarət oldu ki, Dağlıq Qarabağ öz iqtisadi inkişafını yalnız aran Qarabağı ilə birgə təmin edə bilər. Dağlıq Qarabağı Ermənistana birləşdirmək və yaxud onu müstəqil bir dövlət kimi yaşatmaq qeyri-mümkündür.

Sözügedən kitabın bir çox xarici dillərə- türk, ingilis, fransız alman dillərinə tərcümə olunacağını deyən təşkilat rəhbəri Azərbaycan, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün bunun çox vacib olduğunu vurğuladı.

 

 

Babək Cahandarov

 

Paritet.- 2010.- 17-19 iyul.- S. 7.