“Qarabağ: yaddaş” kitabı işıq üzü
görüb
Gələcəkdə kitabın
tirajının artırılması və ingilis
dilində nəşri də nəzərdə tutulub
Bu yaxınlarda Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “İşğal olunmuş torpaqlarımızı unutmayaq” layihəsi çərçivəsində “Qarabağ: yaddaş” kitabını nəşr etdirib. 500 tirajla çap olunan kitabda Qarabağın ümumi tarixi, erməni işğalçıları tərəfindən Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların işğalı haqqında yığcam məlumat verilir. Kitabı dəyərli edən başlıca amil isə burada işğal olunmuş hər bir rayonun tarixi, coğrafiyası, əhalisi, mədəniyyəti, tarixi mədəniyyət abidələri, görkəmli şəxsiyyətləri, milli qəhrəmanları və işğalı ilə bağlı məlumatların yer almasıdır.
Sözügedən ictimai birliyin sədri Anar Xəlilov “Paritet”ə bildirib ki, kitab əsasən yeniyetmə və gənclər üçün nəzərdə tutulsa da, Qarabağın işğal olunmuş rayonları haqqında məlumat almaq istəyən hər bir kəs bu kitabdan bəhrələnə bilər: “Kitabı çap etməkdə əsas məqsədimiz ondan ibarətdir ki, yeniyetmə və gənclərə, xüsusən də Qarabağı görməyən, oradan çıxan zaman azyaşlı olan və Qarabağı xatırlamayan gənclərə, ümumiyyətlə, bütün gənclərə və yeniyetmələrə Qarabağ və işğal olunmuş rayonlar, Qarabağın tarixi, təbiəti, tarixi abidələri və s. haqqında məlumat verməkdir. Mütəxəssislər tərəfindən də yüksək qiymətləndirilən kitabın nəşrinə görə təşkilatımız Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi tərəfindən xüsusi diplomla təltif edilib. Kitabın ərsəyə gəlməsində və lazımi materialların toplanmasında Şuşa rayon İcra Hakimiyyəti, Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Mədəniyyət və Turizm Nazirliyi, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi, işğal olunmuş rayonların dövlət qurumları, mədəniyyət və turizm idarələri böyük köməklik göstəriblər. Bundan əlavə çoxsaylı ədəbiyyatdan da istifadə etmişik. Artıq kitabın nüsxələrinin dövlət qurumlarına, kitabxanalara, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinə, bu sahədə fəaliyyət göstərən digər QHT-lərə paylanmasına başlanıb. Gələcəkdə kitabın tirajının artırılması və ingilis dilində nəşri də nəzərdə tutulub”.
Kitabda yer alan materialların
ayrı-ayrı saytlarda,
elektron kitabxanalarda da yerləşdirildiyini deyən A.Xəlilov bildirib ki, kitabın
özəlliklərindən biri burada işğal
olunmuş rayonlar haqqında məlumatların
yığcam şəkildə
verilməsidir: “İndiyə
kimi işğal olunmuş hər bir rayon haqqında ayrılıqda kitab nəşr olunub. Biz bu məlumatların
bir yerə toplanmasına zərurət
olduğunu düşündük
və hər bir rayon haqqında məlumatları yığcam
halda kitab şəklində çap
etdirdik ki, hər bir kəs
Qarabağın rayonları
haqqında məlumatları
bir mənbədən
əldə edə bilsin”.
A.Xəlilov Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə gerçəkləşdirilən “İşğal olunmuş torpaqlarımızı unutmayaq” layihəsi barədə də məlumat verdi. Bildirdi ki, sözügedən layihə çərçivəsində ilkin olaraq Qarabağla bağlı üç dildə (Azərbaycan, rus və ingilis) CD disk hazırlanıb: “Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istəyən hər bir şəxs bu diskdən və hazırladığımız digər materiallardan istifadə edə bilər. Diskdə Qarabağın tarixi haqqında geniş material, eləcə də Qarabağın işğaldan əvvəlki və işğaldan sonrakı dövrünə aid 800-ə yaxın şəkil yerləşdirilib. Bundan əlavə layihə çərçivəsində Qarabağ abidələrinə aid 700 tirajla divar kağızları hazırladıq və orta məktəblərə, ilk olaraq isə məcburi köçkün və qaçqınların təhsil aldıqları orta məktəblərə payladıq. “İşğal olunmuş torpaqlarımızı unutmayaq” şüarı altında çap edilən divar kağızlarında Qarabağda yerləşən tarixi mədəniyyət abidələrimizin həm işğaldan əvvəlki, həm də işğaldan sonrakı təsvirləri verilib. Bu da gənclərimizdə ermənilərin abidələrimizə qarşı təcavüzkar siyasəti haqqında müəyyən təsəvvür yaratmağa kömək edəcək.
Babək Cahandarov
Paritet.- 2010.- 17-19 iyul.- S. 7.