“Milli jurnalistikamız 135 illiyinə tarixi uğurlar və sabaha böyük ümidlərlə gedir”

 

Müşfiq Əmirov: “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bir dövlət qurumu kimi mətbuatla sıx əməkdaşlıq münasibətlərinin qurulmasında olduqca maraqlıdır”

 

 Əslində istənilən mətbuat vasitəsi elə həm də rabitə xidməti rolunu oynayır. İnformasiyanın yayılması, lazımi ünvanlara çatdırılması və oxunması mətbuatın əsas hədəflərindən biri deyilmi? Bu baxımdan rabitə işi ilə mətbuatı əlaqəli şəkildə başa düşmək lazımdır. Amma 135 illik zirvədən baxanda Milli Mətbuatımızın rabitə xidməti olaraq rolu maraqlıdır. Məhz buna görə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məsləhətçi mətbuat katibi, eyni zamanda “Rabitə dünyası” qəzetinin baş redaktoru Müşfiq Əmirovla görüşüb bu və digər məqamlarla bağlı həmsöhbət olduq.

- Müşfiq müəllim, son illər ölkədə milli mətbuatın inkişafı naminə məqsədyönlü işlər həyata keçirilib. Mətbuatın inkişafını necə xarakterizə edərdiniz?

- Əvvələn qeyd edim ki, “Əkinçi” qəzetinin nəşrə başladığı vaxtdan hesablanan mətbuat tariximiz ötən dövrdə şərəfli yol keçib, bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Azərbaycan mətbuatı xalqımızın azadlıq arzularının gerçəkləşməsinə, mənəvi dəyərlərinin qorunmasına, mədəniyyətinin tərəqqisinə, qabaqcıl ictimai fikrin, milli şüurun formalaşmasına böyük töhfələr verib. XX əsrin sonlarında müstəqilliyimiz bərpa edildikdən sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə zəruri şərait yaradılması prioritet vəzifə kimi müəyyənləşdirilib. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb, KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılıb. Ulu öndər Heydər Əliyevin fərman və sərəncamları ilə mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirilib, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulub. Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında Prezident sərəncamında qeyd olunur ki, ölkəmizin sürətlə inkişaf etdiyi demokratikləşmə prosesinin dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın qarşısında yeni vəzifələr durur. Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir.

Ümummilli lider Heydər Əliyevin KİV-in inkişafına dövlət himayəsi və jurnalistlərə dost münasibətini davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son 7 ildə mətbuatımızın problemləri ardıcıl olaraq aradan qaldırılır, KİV demokratik cəmiyyətdə öz rolunu maneəsiz olaraq icra edir.  Prezidentin tarixi qərarı ilə ötən il  KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyası təsdiq olunub,  Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb və hazırda bu fond uğurla fəaliyyət göstərir.Bu qarşılıqlı əlaqə dövlət-media münasibətlərində ciddi bir qaydaya çevrilərək cəmiyyətdə mətbuatın mövqeyini də yüksəldir. Bu yaxınlarda İstanbulda Azərbaycan jurnalistlərinə müsahibə verən Prezident İlham Əliyev onların müxtəlif mövzulu, aktual suallarını cavablandırdıqdan sonra media təmsilçilərinin işini də dəyərləndirdi: “Mən sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm. Qeyd edim ki, sizin dünənki sualınız da Aralıq dənizindəki hadisələrə Azərbaycanın münasibətini açıqlamaq üçün bir imkan yaratdı. Azərbaycan haqqında həqiqətləri çatdırmaq bizim ümumi işimizdir”. Bu qiymətlə dövlət başçısı medianın həyatımızdakı misilsiz rolunu, onun ölkə rəhbərliyi ilə eyni amala xidmət etdiyini bir daha vurğulayıb.

Bu gün hər bir vətəndaş öz sözünü cəmiyyətə maneəsiz çatdırmaq və ətraf aləm barədə operativ, obyektiv məlumat almaq hüququndan tam istifadə edir. Milli jurnalistikamız 135 illik yubileyinə tarixi uğurlar və sabaha böyük ümidlərlə gedir.

-Son illər ölkəmizdə sahə nəşrlərində də bir canlanma hiss olunur. Siz özünüz də rabitə və informasiya texnologiyaları sahəsində yeganə rəsmi qəzet olan “Rabitə dünyası” qəzetinin baş redaktorusunuz. Necə hesab edirsiniz, bu sahədə rəqabət mühiti yaranıbmı?

- Doğrudan da, fərəhləndirici haldır ki, sahə qəzetləri də artıq Milli Mətbuatımızda özünəməxsus yer tutur. Son illər bu sahədə dinamik inkişaf tendensiyası müşahidə olunur. Artıq sahə nəşrləri nəinki bir-birləri ilə, hətta ölkənin digəri ictimai-siyasi qəzetləri ilə də sağlam rəqabət aparır. Mən şadam ki, bu gün auditoriyanın seçdiyi qəzetlər arasında “Rabitə dünyası” qəzeti də var. Biz qəzetin işini təşkil edəndə hansısa bir qəzetlə rəqabətə girmək haqqında fikirləşmirik, sadəcə bizim hədəfimiz daha keyfiyyətli məhsul ortaya qoymaqdır. Belə olan təqdirdə, rəqabət də yaranır,  daha çox oxucu kütləsi cəlb etmək də mümkün olur. Bu gün  bütün dünyada  sahələr üzrə ixtisaslaşma gedir. Qəzetlər, jurnallar, televiziya və veb resurslar belə, konkret sahəni əhatə edir. Hesab edirəm ki, bu peşəkarlığı artırmaq baxımından olduqca zəruridir. Belə olan halda jurnalistlər daha çox natamamlıqdan qaçıb, tam bir sahə üzrə öz biliklərini artırırlar. Beləliklə də, baxırsan ki, artıq jurnalist hətta ekspert kimi də fəaliyyət göstərir. Dünyada bunun çox gözəl nümunələri var. Yaxın perspektivlərdə ölkəmizdə də sahə KİV-nin böyük auditoriya toplayacağına əminəm. Zənnimcə, ən azından oxucunu istiqamətləndirmək, seçim imkanlarını konkretləşdirmək lazımdır.

-Son zamanlar baş redaktoru olduğunuz “Rabitə dünyası” qəzeti mövzu seçimi, əhatəlilik, dolğunluq və operativlik baxımdan böyük maraq doğurur. Bu inkişaf tempi Sizi qane edirmi?

- Bizim fəaliyyətimizi bu cür xarakterizə etməyiniz sevindirici haldır. Amma bu o demək deyil ki, əldə etdiyimiz nəticələr, hazırkı inkişaf tempi bizi tam qane edir.  Xeyr, bu təkəbbürlük kimi xarakterizə olunmaqla yanaşı, bizim peşəkarlığımıza da kölgə salardı. Mövcud inkişafa qane olmaq, gələcək inkişafa balta vurmaq deməkdir. Bu gün informasiya cəmiyyətinin formalaşdığı, inqilabi texnoloji yeniliklərin baş verdiyi bir dövrdə yaşayırıq. Rabitə və informasiya texnologiyaları sektorunu hədəf seçən bir qəzetin inkişaf surəti də bu sahədəki inkişafa bərabər olmalıdır. Hazırda biz fəaliyyətimizi bu istiqamətdə qururuq. Artıq 18 ildir ki, “Rabitə dünyası” nəşr olunur,  kifayət qədər auditoriyası var, ölkə mətbuatında layiqli yerini tutub. Qəzetin 3 dildə nəşr olunması, sektor üzrə ən son yenilikləri oxucuya çatdırması, ölkənin ictimai- siyasi həyatında baş verən hadisələrə vaxtında reaksiya verməsi, respublikanın həyatında mühüm izlər buraxan hadisə və şəxslər barədə yüksək keyfiyyətdə, rəngli formada xüsusi buraxılışların nəşr olunması artıq bir ənənə halını alıb. Artan keyfiyyət göstəricilərinin nəticəsidir ki,  bu gün ölkənin tanınan, sayıb seçilmiş ziaylıları bir başa bizim qəzet vasitəsi ilə yazı dərc etdirməkdə maraqlıdır. Qəzetin informasiya ötürmək baxımdan elektron KİV-dən geri qalması faktını  əsas götürərək son illər daha çox təhlili, araşdırma xarakterli yazılara üstünlük vermişik. Müşahidələr göstərir ki, bu tip yazılar xüsusi marağa səbəb olur. Çalışırıq ki, özünəməxsusluğumuzu qorumaqla daha  rəngarəng, maraqlı yazılar dərc edək. Biz son zamanlar, rəsmiyyətlə səmimiyyət arasında tandem yaratmağa nail olmuşuq. Belə ki, bu gün qəzetin səhifəsində, həm ölkədə ən ali səviyyədə baş verən xəbərə, həm də gənclərin əyləncə saytlarına olan marağından, virtual sevgisindən, spamdan, virusdan bəhs edən yazılara rast gəlmək mümkündür. Biz bununla sözün yaxşı mənasında rəsmi qəzet steoretipini qırmış olduq. Mən deyərdim ki, bu gün bizim qəzetin oxucusu digər qəzetlərə nəzərən  daha həssas və diqqətlidir. Bəzən bizə adi hərf səhvin belə bağışlamırlar. Bu da yəqin oxucularımızın bizdən daha keyfiyyətli iş gözləməsinin nəticəsidir. Fürsətdən istifadə edə demək istəyirəm ki, biz qəzet olaraq Sizin rəyləriniz bizim üçün çox önəmlidir və biz kiçik belə olsa qəzetimizə yaraşmayan hər bir səhv üçün tədbirlər görürük. Planlarımız çoxdur, daha böyük nailiyyətlərə doğru inamla addımlayırıq.

- Siz həm də ölkənin ən mühüm nazirliklərindən birinin məsləhətçi mətbuat katibisiniz. Mətbuatla işinizi necə qurursunuz?

- Artıq 13 ildir ki, bu işlə məşğulam. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) bir dövlət qurumu kimi mətbuatla sıx əməkdaşlıq münasibətlərinin qurulmasında olduqca maraqlıdır. Şəxsən cənab nazir Əli Abbasovun tapşırıq və tövsiyələrinə əsasən biz əməkdaşlıq imkanlarını genişləndiririk. Gündəlik müşahidələrinizdən də bilirsiz ki, cənab Nazir özü də mətbuatın işinə hörmətlə yanaşan şəxsdir. O bütün hallarda jurnalistlərin suallarını səbirlə dinləyərək müfəssəl cavablar verir. Bütün bunların nəticəsidir ki, RİTN-lə  ölkənin istənilən mətbu orqanı arasında hər şeydən əvvəl səmimi dostyana münasibətlər mövcuddur. İstənilən jurnalist istədiyi vaxt suallarına cavab tapmaq imkanına malik olur. O ki qaldı mətbuatla işimizin hansı səviyyədə qurulmağına, sevindirici haldır ki, bu gün ölkədə İKT sektorundan yazan çoxlu sayda jurnalistlər var. Təbii olaraq, onlarla mütəmadi informasiya mübadiləsi edirik. Bununla belə, mətbuat işçiləri arasında fərq qoymuruq. Bu sahəyə marağı olan, material hazırlamaq istəyən hər bir jurnalistə də əlimizdən gələn köməyi göstəririk.  Müntəzəm olaraq, informasiyalar, pres-relizlər hazırlayıb mətbuata yayırıq. Hər gün ölkə qəzetlərində rabitə və informasiya texnologiyaları sahəsinə aid məlumatların dərc edilməsi bir ənənə  halını alıb. Hesab edirəm ki, bu bizim uğurumuzdur.

-Bu gün müasir informasiya texnologiyaları bütün sahələrə sirayət edib. Elə bu təsir mətbuatdan da yan keçməyib. Bu haqda nə deyə bilərsiniz?

- İnformasiya cəmiyyətinin əsas aləti kimi müasir texnologiyalardan istifadə qaçılmazdır. Bu gün yeni texnologiyalar jurnalist əməyinin asanlaşdırıb. Yaxın keçmişə nəzər salsaq görərik ki, jurnalist bir məlumat hazırlamaq üçün bəzən uzun məsafələr qət etməyə məcbur olurdu. İndi İnternet, mobil telefon bu işi xeyli yüngülləşdirib. Bu gün Azərbaycanda jurnalistin Avropada məskunlaşan bir şəxsdən virtual olaraq müsahibə almaq imkanı belə var. Bütün sahələrdə müşahidə olunan virtuallaşma jurnalistikadan da yan keçməyib. Bu gün sırf internet vasitəsi ilə yayımlanan nəşrlər, TV-lər, radiolar fəaliyyət göstərir. İnsanlar öz fikir və rəylərini forumlar, sosial şəbəkələr vasitəsi ilə yayırlar. Təcrübə göstərir ki, bu tip yayım üsulunun miqyası da olduqca genişdir. Dünyada “virtual jurnalistlər” var ki, onlar məkanından asılı olmayaraq hər bir qurumla qarşılıqlı əməkdaşlıq şəraitində işləyirlər. Bu gün dünyada kifayət qədər məşhurluq qazanmış qəzetlər belə, kağız formatda çapı dayandırıb, elektron formda nəşr olunurlar ki, bu kifayət qədər müsbət nəticələr verir.  Texnologiya əsrində yaşayarıq, bütün bunların baş verməsi təbii ki, gözləniləndir. Son illər ölkəmizdə də bu sahədə mühüm işlərin görülməsi təqdirəlayiq haldır.  Artıq İnternet media anlayışı azərbaycanlı oxuculara yad kəlmə deyil. Bu gün ölkədə 300-dən çox gündəlik kütləvi informasiya vasitəsinin nəşr olunması, on minlərlə jurnalistin sərbəst şəkildə informasiya toplaması, mükəmməl hüquqi bazanın formalaşdırılması ölkədə sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılmasında mühüm rol oynayır. Mən bu kimi dəyərlərin qorunub saxlanması istiqamətində bütün mətbuat işçilərinə uğurlar arzulayıram.

 

 

Fuad

 

Paritet.- 2010.- 17-19 iyul.- S. 9.