“İrəvan hadisələrinin
qabardılması Qarabağ probleminin həlli üçün
vacibdir”
İradə Rizazadə: “İrəvan
xanlığı ərazisində baş verən hadisələr
vahid, peşəkar və dünya standartlarına uyğun
şəkildə bir araya gətirilərək dünyaya
çatdırılmalıdır”
Artıq iyirmi ilə yaxındır
ki, torpaqlarımızı işğal altında saxlayan ermənilər
hər bir vasitə ilə dünya ictimaiyyətini
Qarabağın onlara məxsus olması xülyasına
inandırmağa çalışırlar. Hərçənd
ki, onların özləri də çox yaxşı bilirlər
ki, hazırda onların yaşadıqları torpaqlar belə Azərbaycan
torpaqlarıdır. Prezident İlham Əliyev də öz
çıxışlarında bunu bəyan etməklə
yanaşı, müdafiə mövqeyindən hücuma
keçməyin vacibliyini dəfələrlə
vurğulayıb. Dövlət başçısının
dediklərindən belə nəticəyə gəlmək olar
ki, biz nəinki Qarabağın, eyni zamanda Ermənistan dövlətinin
yerləşdiyi ərazilərin- keçmiş İrəvan
xanlığının ərazisinin
də Azərbaycana məxsus olduğunu dünya ictimaiyyətinə
bəyan etməliyik. Qeyd edək ki, artıq bu istiqamətdə
müəyyən işlərin görülməsinə
başlanıb. Dövlət qurumları ilə yanaşı
bu işdə qeyri-hökumət təşkilatları da
xüsusi fəallıq göstərirlər. Belə təşkilatlardan
biri də “Vətəndaşların Sosial Rifahı Naminə”
İctimai Birliyidir.
Nəzərinizə çatdıraq
ki, birlik keçən il
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurasının maliyyə
dəstəyi ilə
“İrəvan və irəvanlılar adlı-tarixi
xronika, faktlar, sənədlər, canlı
şahidlər üzərində
qurulmuş, faktın bərpasına, quraşdırılmış
səhnələrə və
3D qrafikaya əsaslanan,
bir neçə əcnəbi dillərə
tərcümə ediləcək
sənədli filmin istehsalı” layihəsini həyata keçirib. Birliyin sədri İradə Rizazadə ilk
öncə təşkilatın
fəaliyyəti və
əvvəlki illərdə
həyata keçirdikləri
layihələr barədə
məlumat verdi: “ İctimai birliyin
əsas fəaliyyət
istiqamətlərindən biri
vətəndaşların sosial
durumunun yaxşılaşdırılmasına,
onların maarifləndirilməsinə
və yeni iş yerlərinin yaradılmasına yardım
etməkdir. Bununla əlaqədar 2006-2007 illərdə BMT-nin Qaçqınlar üzrə
Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin
dəstəyi ilə Xızı rayonu Yeni Yaşma qəsəbəsində qadınlar
üçün Təlim-İstehsalat
Mərkəzi açılıb
və hazırda fəaliyyət göstərir.
Burada tikiş, toxuculuq və xalçaçılıq
peşələrinə yiyələnən
qadınlar bazar üçün məhsul
istehsal edirlər.
Eyni zamanda, Mərkəzdə istəyi
olan bütün şəxslərə (qaçqın
və məcburi köçkün, aztəminatlı
ailələrdən olan
qadınlara) peşə
təlimləri keçirilir.2007 və 2008 illərdə Almaniyanın ölkəmizdəki
səfirliyinin dəstəyi
ilə Xızı şəhərində Qadın
İnkişaf Mərkəzi
yaratmışıq. Burada kompyuterlər,
peşəyə yiyələnmək
üçün müxtəlif
avadanlıqlar quraşdırılıb,
kiçik kitabxana təşkil edilib.
2008-ci ildə Prezident
yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
maliyyə dəstəyi
ilə Bərdə rayonunun Zümürxan kəndində qaçqın
və məcburi köçkün, aztəminatlı
ailələrdən olan
qadınlar üçün
Təlim-İstehsalat Mərkəzi
açılıb, fəaliyyət
göstərir. Hazırda
qeyd olunan layihələr nəticəsində
120 qadın peşə
təlimləri keçib,
bundan 65 nəfəri işlə təmin edilib: 45 nəfər evində çalışır
və əhaliyə müxtəlif xidmətlər
göstərir. Peşə təlimləri
mütəmadi olaraq davam edir”.
İrəvanla bağlı həyata keçirdikləri layihə
barədə məlumat
verən İ.Rizazadə
Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılmasında layihənin böyük əhəmiyyət kəsb
etdiyini söylədi:
“Bizim keçən il Şuradan maliyyələşən layihəmiz
İrəvan xanlığı
və onunla bağlı tarixi həqiqətlər haqqındadır.
Mərhum Prezident, ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış
18 dekabr 1997-ci il, eləcə də Prezident İlham Əliyev tərəfindən
imzalanmış 29 dekabr
2005-ci il tarixli fərmanlara
əsasən qədim
Azərbaycan torpaqları
olan İrəvan ərazisində qalmış
tarixi mədəniyyət
abidələrinin, eləcə
də bu Azərbaycan xanlığı
ilə bağlı tarixi həqiqətlərin
dünya ictimaiyyətinə
çatdırılması zəruri hesab edilir. Hesab edirik
ki, hələ də İrəvan ərazisindən bir neçə tarixi dönəmdə sürgünə
və soyqırımına
məruz qalmış
insanlar, o cümlədən
Azərbaycan dövlətçilik
tarixinə, mədəniyyətinə,
etnoqrafiyasına xüsusi
töhfələr vermiş
İrəvan xanlığının
tarixi və burada baş verən gerçək hadisələrə dünyanın
anladığı bir
dildə dünya ictimaiyyətinə çatdırılmayıb. Bu gerçəklərin
açıqlanması Azərbaycan
dövlətinin xarici
siyasət prioritetlərindəndir”.
Apardıqları araşdırmalar
nəticəsində Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə iki fotosərgi
keçirdiklərini deyən
təşkilat rəhbəri
araşdırmalar zamanı
əslən İrəvan
xanlığından olan
bir çox canlı şahidlərlə
görüşdüklərini qeyd etdi: “Həyata
keçirdiyimiz birinci
sərgi “İrəvan
- torpağım,
tarixim, taleyim mənim”, ikinci sərgi isə “Qədim İrəvan xanlığının tarixi
abidələri və
mədəni irsi” adlanırdı. Hər iki sərgidə
İrəvan xanlığının
tarixi abidələri,
mədəniyyəti, ictimai-siyasi
həyatına dair fotoşəkillər nümayiş
edilib. Araşdırmalar apardıqda əslən
İrəvan xanlığından
olan bir çox canlı şahidlərlə görüşlərimiz
oldu. Qeyd etmək istəyirəm ki, keçirdiyimiz sərgilər üçün
biz unikal tarixi fotoşəkillər əldə
etmişdik: İrəvan
xanlığının xanları
olan Abbasqulu xan İrəvanski və Pənah xan Makinskinin nəticələri ilə
görüşdük və
onlar bizə qədim şəkillər,
sənədlər və
əşyalar təqdim
etdilər. Eyni zamanda Sankt-Peterburqa
ezam olunmuş əməkdaşımız oradakı
kitabxanalardan və muzeylərdən lazımı
materiallar və faktlar əldə etdi”.
İ.Rizazadə layihə
çərçivəsində İrəvan və irəvanlılar adlı tarixi-xronika faktlar, sənədlər, canlı
şahidlər üzərində
qurulmuş, faktın bərpası üçün
quraşdırılmış səhnələrə əsaslanan,
bir neçə əcnəbi dillərə
tərcümə ediləcək
sənədli film çəkildiyini
də söylədi:
“Bu filmin istehsalına
başlamamışdan biz vaxtilə
İrəvanda və xanlığın 15 mahalında
doğulmuş, illər
boyu erməni təcavüzünə məruz
qalmış insanlarla
görüşlər keçirdik.
Onların çoxunun bir
neçə nəsli
(babaları, ataları
və özləri) ermənilər tərəfindən
qovulub, işgəncəyə
məruz qalıblar.
Hər birisi yaşadığı
şəhəri və
mahalı, evi qeyd edir, tarixi
abidələri, adət-ənənələrini,
çalışdığı sahəni və sonda hansı səbəbə görə
öz dədə-baba
yurdlarını tərk
etməklərini danışırdılar”.
Qeyd edək ki, filmin
yaradıcı heyəti
böyük təcrübəyə
malik olan professionallardır. Ssenari müəllifi Məqsəd
Nur, rejissor Emil Babayev, prodüser Davud Müzəffərli,
operator Vüqar Şıxəliyevdir.
Filmin tarixi xronologiyasını təqdim edən və canlı şahidlərin dediklərinə
tarixi qiymət verən tarixçi-ekspert,
bu sahədə bir çox kitabları çap olunmuş İsrafil Məmmədovdur.
Sözügedən filmin diasporumuzun və lobbiçilik fəaliyyəti
ilə məşğul
olan təşkilatların,
Azərbaycanın haqq
işini müdafiə
edən ayrı-ayrı
şəxslərin istifadəsi
üçün əyani
vəsait olduğunu deyən İ.Rizazadə bildirdi ki, hazırda İrəvan-Zəngəzur
torpaqları ətrafında
baş verən siyasi, tarixi hadisələr, orada hüquqları pozulmuş
milyonlarla türkün
taleyi barədə dünya ictimaiyyəti az məlumatlıdır: “Düşünürük ki,
İrəvan hadisələrinin
qabardılması Qarabağ
probleminin həlli, yəni beynəlxalq aləmdə haqq işimizin əsaslandırılması
üçün vacibdir.
Beləliklə, bu filmin istehsalı ölkəmiz,
xalqımız, dövlətçiliyimiz
və gələcək
nəsillər üçün
vacib idi.
İndiyədək Azərbaycanın rəsmi və qeyri-rəsmi təşkilatları
Qarabağ probleminin dünyaya çatdırılmasında
xeyli işlər görüblər. Lakin tarixi
Azərbaycan torpaqları
olan İrəvan xanlığı ərazisində
baş verən hadisələr bütövlükdə
təhlil olunsa da, vahid, peşəkar
və dünya standartlarına uyğun şəkildə bir araya gətirilərək dünyaya çatdırılmayıb.
Bu sahədə ciddi işlərin görülməsi çox
vacib bir məsələdir. Bizim həyata
keçirdiyimiz layihə
problemə yeni, peşəkar və dünyanın anlaya biləcəyi - qərəzsiz,
qəzəbsiz, yalnız
faktlara, rəqəmlər
və vizual görüntülərə əsaslanaraq,
həqiqətləri ortaya
qoymaqla Azərbaycanın
haqq işini müdafiə edən hər bir kəs
üçün əyani
vəsait olacaq. Gələcəkdə təşkilatımız bu fakt və
materiallar üzərində
araşdırmalarını davam etdirməyə çalışacaq”.
Babək Cahandarov
P.S.Yazı “Paritet” qəzetinin Prezident yanında
KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun dəstəyi ilə həyata keçirdiyi “Erməni terrorizminin ifşa olunmasına informasiya dəstəyi” layihəsi çərçivəsində dərc edilir
Paritet.- 2010.- 17-19 iyul.- S. 11.