Mətbuatımızın inkişafında yeni mərhələ

 

Jurnalistlər dövlət başçısının mətbuatın inkişafı ilə bağlı sərəncamlarını yüksək qiymətləndirirlər

 

 Jurnalistlərin böyük dostu adlandırılan ümummilli lider Heydər Əliyev hər zaman mətbuatımızın inkişafına böyük diqqət və qayğı göstərib. Son bir neçə ildə prezident İlham Əliyevin bu sahədə imzaladığı fərman və sərəncamlar isə sözün həqiqi mənasında milli mətbuatımızın inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Belə ki, Mətbuat Şurasının, az sonra isə Prezident Yanında KİV-lərə Dövlət Dəstəyi Fondunun yaradılması, KİV orqanlarına verilən yardımların ildən ilə artması, qəzetlərin üzləşdikləri problemlərin aradan qaldırılması sahəsində görülən işlər dediklərimizə əyani sübutdur.  Məlum olduğu kimi dövlət başçısı bu il iyunun 10-da “Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. Milli mətbuat günündə- iyulun 22-də isə sözügedən sərəncamın icrasının təmin edilməsi, habelə Azərbaycan Respublikasının bir sıra kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi, ölkə mətbuatının inkişafında xidmətləri olmuş jurnalistlərin fəxri adlarla mükafatlandırılması və jurnalistlərin ev probleminin həll edilməsi məqsədilə büdcədən 5 milyon manat vəsaitin ayrılması ilə bağlı növbəti sərəncamları mətbuat işçiləri üçün böyük hədiyyə oldu. Prezident tərəfindən fəxri adlarla mükafatlandırılan jurnalistlər bu fikirdədirlər ki, bu, tək onlara deyil, ümumilikdə mətbuatımıza verilən qiymətdir.

“Tərəqqi” medalı na layiq görülən “Azərbaycan”qəzetinin siyasət və parlament şöbəsinin müdiri İxtiyar Hüseynli ölkə başçısının mətbuata göstərdiyi diqqət və qayğının böyük olduğunu bildirdi: “  Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan mətbuat siyasəti ilə bağlı ənənələr bu gün prezident İlham Əliyev tərəfindən şərəf və ləyaqətlə davam etdirilir.Bütün bunlar biz jurnalistləri hədsiz tərzdə sevindirir. Cənab prezidentin  mətbuatın 135 illiyiyinin qeyd olunması ilə bağlı sərəncamı sübut edir ki, bu gün Azərbaycan  mətbuatının fəaliyyətinə  dövlət tərəfindən çox böyük önəm verilir. Həmin sərəncamdan irəli gələn məsələlərdə mətbuatın daha geniş miqyaslı inkişafı üçün mühüm məqamlara   toxunulub.Mətbuat Şurasının yeni binasının açılışında da İlham Əliyev  Azərbaycan mətbuatının cəmiyyətimizin  ümumiyyətlə Azərbaycanın  inkişafında oynadığı rol haqqında  konkret fikirərini bildirdi”.

Mətbuat qarşısında tələblərin  müəyyənləşdirməyin düzgün olmadığını, mətbuatın özünün təməl   fəaliyyət psinsiplərinin olduğunu deyən İ.Hüseynli Prezidentin mətbuatla bağlı tövsiyyələrini yüksək qiymətləndirdi: “Bu tövsiyyələrin hər biri biz Azərbaycan  jurnalistləri üçün bir örnək, fəaliyyətimizdə əsas meyar nöqtəsi olmalıdır.  Prezident tam haqlı olaraq qeyd etdi ki, mətbuatda da əsas məsələ milli məsələ və onların qorunması olmalıdır.”

Lakin bu sahədə mövcud çatışmazlıqlarla da mübarizənin vacib olduğunu və bu məsələyə xüsusi önəm verilməli olduğununu da diqqətə çatdıran İ.Hüseynli  jurnalistlərin peşəkarlıq məsələsini qeyd etdi: “Azərbaycan  jurnalistləri daha çox peşəkarlıq məsələsinə diqqət yetirməlidirlər” .Ölkə başçısı tərəfindən jurnalistlərin fəxri adlarla təltif edilməsi məsələsinə  toxunan İ.Hüseynli  ona verilən bu etimadı belə qiymətləndirdi: “ Fəxri adlarla təltif oluanlar siyahısında olduğuma görə mən də sevincliyəm. Bu  mənim qəlbimi iftixar hissi ilə doldurur və eləcə də bu etimad mənim qarşıma daha məsuliyyətli vəzifələr qoyur.İndiyədək göstərdiyim fəaliyyət dövlət tərəfindən necə qiymətləndirilibsə, bundan sonra da bunun belə olması üçün daha da məsuliyyətli olacam. Jurnalistlərə prezident tərəfindən fəxri adların verilməsi ilə yanaşı onların sosial müdafiəsinin  gücləndirilməsi üçün imzaladığı sərəncam da xüsusi diqqətə layiqdir.Həmçinin bir çox mətbuat orqanlarına  birdəfəlik yardımın ayrılması bir daha göstərdi ki, ölkə başçısı jurnalistlərin arxası, dayağıdır.

Milli Məclisin  mətbuat xidmətinin rəhbəri  Akif Nəsirli isə “Əməkdar jurnalist” adına layiq görüldü. Bunun üçün ölkə başçısına xüsusi təşəkkürünü bildirən A. Nəsirli hesab edir ki, dünyanın heç bir ölkəsində mətbuata Azərbaycanda olduğu qədər diqqət və hörmət yoxdur: ”Biz Milli Məclisin nümayəndələri bir çox ölkələr ilə rəsmi görüşlərdə oluruq. Mən bu gün elə bir ölkə tanımıram ki, orada Azərbaycanda jurnalistlərə göstərilən qədər dövlət qayğısı olsun. Prezident daima bu sahəni diqqətində saxlayır. Bunu hər bir mətbuat nümayəndəsi öz işində   hiss edir. Ölkə başçısının mətbuat nümayəndələrinə olan diqqət və qayğısı bu gün  bir az da geniş və müasir formada həyata keçirilir. Biz bunu geniş təbliğ etməliyik.”

“Tərəqqi” medalına layiq görülən  “Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova isə mətbuatın 135 illiyində jurnalistlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması üçün olan Prezidetin sərəncamının jurnalistlər arasında xüsusi sevinclə qarşılandığını bildirdi:  “ Böyük və şərəfli yol keçən milli mətbuatımız bu günlərdə bayram sevincini yaşayır. Bayram günü  cənab prezident tərəfindən KİV əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması və onların mövcud ev probleminin aradan qaldırılması üçün imzaladığı sərəncam hesab edirəm ki, jurnalistlərin xüsusi sevincinə səbəb oldu. Düşünürəm ki, bu problemin həlli ilk dəfədir ki, milli mətbuat tarixində dövlət tərəfindən öz həllini tapır. Bunu yalnız İlham Əliyevin mətbuata verdiyi böyük dəyər kimi qiymətləndirmək olar. Digər tərəfdən  yazılı mətbuata birdəfəlik yardımın edilməsi də redaksiyaların maddi texniki bazasının yaxşılaşdırılmasına, əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşmasına imkan verir:  ”Ölkə başçısı tərəfindən jurnalistlərə fəxri adlar verilərkən yaşlı nəslin də unudulmadığını xüsusi qiymətləndirən S.Yusifova bunu gənc jurnalistlərə nümunə  kimi qiymətləndirdi.

Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilən “Azadinform” İnformasiya Agentliyinin redaktoru Niyaz Niftiyev qəzetimizə müsahibəsində qazandığı uğuru son illər dövlət tərəfindən mətbuata göstərilən yüksək qayğı ilə izah etdi: “Milli mətbuatın 135 illiyi ilə bağlı Azərbaycanda KİV-in inkişafı, eyni zamanda jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, milli mətbuatımızın inkişafında xidmətləri olan bir qrup jurnalistin “Əməkdar jurnalist” fəxri adı ilə, digər bir qrup jurnalistin isə “Tərəqqi” medalı təltif olunması bir daha onu göstərir ki, Azərbaycan dövləti, xüsusən də Azərbaycan hakimiyyəti Azərbaycanda söz və məlumat azadlığının inkişafında hər zaman maraqlı olub. Biz bunu tək bu il deyil, əvvəlki illərdə də bu və digər formada müşahidə etmişik. Məsələn, 2005-ci ildə 300-ə yaxın KİV əməkdaşı müxtəlif dövlət mükafatlarına və fəxri adlara layiq görülüb. Həmin il eyni zamanda 30 qəzet redaksiyasının hər birinə 2 min manat birdəfəlik yardım edildi. Sonrakı illərdə həm yardım alan qəzetlərin sayı artdı, həm də onlara verilən yardımın miqdarı. Belə ki,  2008-ci ildə 38 mətbu orqanına 5 min manat, 2009-cu ildə 39 KİV orqanına 10 min manat məbləğində yardım edildi. Bi il isə KİV-ə yardım şəklində ayrılan vəsaitin həcmi artırılaraq 20 min manat təşkil edib. Bu onu göstərir ki, dövlət hər zaman mətbuata böyük diqqət və qayğı göstərir. Eyni zamanda prezidentin Mətbuat Şurasının yeni binasının açılışında iştirakı və orada çıxışı zamanı dediyi sözlər Azərbaycan mətbuatına verilən yüksək qiymətdən xəbər verir. Prezident Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və bu qurumun KİV-lərə layihələr şəklində pul ayırması da jurnalistlərin sosial-iqtisadi durumunun yaxşılaşdırılmasına bir töhfədir. Bundan əlavə ölkə prezidentinin bir neçə gün bundan əvvəl jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı imzaladığı sərəncam və bu sərəncamdan irəli gələrək 5 milyon manatın bu istiqamətə ayrılması da mətbuata qayğının bir nümunəsidir”.

“Mövqe” qəzetinin redaktoru İlham Ələsgərov da Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. O dövlət başçısının bundan sonra da Azərbaycan həyatının bütün sahələrinə, o cümlədən mətbuatın inkişafına daimi diqqət göstərəcəyinə ümidvar olduğunu bildirdi: “Mən də təltif olunan çoxsaylı jurnalsitlər arasında olduğumdan böyük fərəhlə sevinc hiss keçirdim. Və bu kiçik əməyimizə cənab Prezidentin verdiyi qiymətə görə ona özümün və həmkarlarımın adından dərin təşəkkürümü bildirirəm”.

İ.Ələsgərov Prezidentin müvafiq sərəncamı ilə respublikanın bir sıra KİV-lərinə birdəfəlik maliyyə yardımının göstərilməsini də mətbuata olan  çox yüksək diqqət kimi dəyərləndirdi: “Azərbaycan jurnalistikasının bu günləri hər kəs tərəfindən qeyd olunan bütün yaxşı cəhətləri ilə yanaşı bir sıra problemləri də var. Onun fikrincə, problemlər jurnalsitkada peşəkarlığın aşağı olması, müəyyən redaksiyaların maddi-texniki vəziyətinin bəlkə də günün tələblərinə cavab verməməsi və jurnalistlərin sosial vəziyyətlərinin aşağı olmasıdır. Bu da qəzetlərin və qəzet redaksiyalarının iqtisadi vəziyyətlərinin çətinliyindən irəli gəlir.     Bunları  nəzər alaraq son bir neçə ildir ki, Milli Mətbuat günündə ölkə başçısı tərəfindən redaksiyalara birdəfəlik yardımlar ayrılır. Düşünərəm ki, bu yardımlar redaksiyaların bir daha maddi-texniki bazalarının möhkəmləndirilməsinə və əməkdaşların sosial və maddi vəziyyətinin yaxşılaşdırılmasına xidmət göstərəcək”.

Redaktorun sözlərinə görə, Prezident Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun redaksiyaların həyata keçirdiyi layihələri maliyyələşdirməsi və  fərdi jurnalsitlər arasında yazı müsabiqəsi elan etməsi birbaşa jurnalistlərin maddi vəziyyətinin yaxşılamasına yönəlib.

Prezidentin digər sərəncamı ilə jurnalsitlərin mənzil şəraitinin yaxşılaşdırlması üçün KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsaitin ayrılmasına gəlincə, İ.Ələsgərli bunu Prezidentin jurnalistlərə qayğısının ən yüksək təzahürü kimi qiymətləndirdi: “Belə ki, bu vəsaitlə tikiləcək evlərin jurnalistlərə verilməsi onların həyat şəraitinin birbaşa yaxşılaşdırlması üçündür. Buna görə də ölkə başçısına minnətdar olmalıyıq.

 Fikrimcə qəbul olunmuş sərəncamlar bizlərin hər birinin üzərinə böyük məsuliyyət qoyur”.

“Əməkdar jurnalist” adına layiq görülən “İki sahil” qəzetinin baş redaktorunun I müavini İsmayıl Hacıyevin fikrincə, istənilən sahədə kiminsə əməyinin dövlət başçısı tərəfindən qiymətləndirilməsi onun üçün böyük şərəfdir. İ.Hacıyev cənab Prezidentin onu “əməkdar jurnalist” adı ilə təltif etməsini jurnaslitika fəaliyyətinə verilən çox yüksək qiymət kimi qəbul edir: “Bu, eyni zamanda ölkə başçısının milli mətbuatımıza diqqət göstərməsi deməkdir. Biz respublikamızın daha da çiçəklənməsi naminə, cənab Prezidentin apardığı məqsədyönlü siyasətinə azca da olsa yardımçı olmuşuqsa özümüzü xoşbəxt hiss edirik. Çalışacağıq ki, bundan sonra daha da məsuliyyətlə işləyək və bizə verilmiş bu etimadı doğruldaq”. 

30 ildən artıq müddətdir ki, mətbuat sahəsində çalışan “Paritet” qəzetinin əməkdaşı Ağasəf Babayev də prezident tərəfindən “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülməsini onun əməyinə verilən yüksək qiymət kimi dəyərləndirdi: “Dövlət başçısının mətbuatımızın inkişafı sahəsində gördüyü işlər jurnalistlərə göstərilən yüksək diqqət və qayğının əyani sübutu olmaqla yanaşı, yaxın gələcəkdə mətbuat sahəsində olan problemlərin tədricən aradan qalxacağına ümidləri daha da artırır”.

 

 

Paritet.- 2010.- 24-26 iyul.- S. 8.