“Dağlıq Qarabağ münaqişəsi Yohannes Raunun gözü ilə”

 

Sərraf  Hüseynov: “Bu kitab Dağlıq Qarabağ münaqişəsində əsil həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz vasitə ola bilər”

 

 Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdıran, ermənilərin xalqımıza qarşı yürütdükləri işğalçılıq və terror  siyasətini ifşa edən təşkilatlardan biriLider Qadınlar İctimai Birliyidir. Birlik keçən il Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ermənistan-Azərbaycan arasında olan Dağlıq Qarabağ münaqişəsi Yohannes Raunun gözü ilə” adlı layihə həyata keçirib. Nəzərinizə çatdıraq ki, 1999 -2004-cü illərdə Almaniyanın 12-ci Prezidenti olmuş böyük siyasətçi  Johannes Raunun alman dilində yazdığı “Der Berg-Karabach-Konflikt zwischen Armenien und Aserbaidschan”(“Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi”) adlı qiymətli tarixi kitabın Azərbaycan və ingilis dillərinə tərcümə olunması və yayılması layihənin əsasını təşkil edib.

Sözügedən təşkilatın Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə Departamentinin müdiri, layihə rəhbəri Sərraf  Hüseynov həyata keçirdikləri layihənin əhəmiyyətini xüsusi qeyd edərək, kitabın ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini söylədi: “Kitabın tərcümə prosesinə başlamazdan əvvəl işçi heyət, ictimaiyyət nümayəndələri və ekspertlərin iştirakı ilə kitabın geniş müzakirəsi keçirildi. Müzakirə iştirakçıları məhz belə bir kitabın Dağlıq Qarabağ münaqişəsinin hüquqi müstəvidə öz ədalətli həllini tapmasında böyük rol oynaya biləcəyini qeyd edərək, bu kitabın dünyanın ayrı-ayrı dillərinə tərcümə edilib yayılmasını təqdirəlayiq hal kimi vurğuladılar. Onu da deyim ki, kitabın elmi əsaslarla tərcümə edilməsi üçün tərcüməçi ilə bu haqda ekspertlərin söhbətləri və ona müəyyən tövsiyələri də oldu. Kitab əvvəlcə hissə-hissə Azərbaycan dilinə tərcümə olundu, bu hissələr ekspertoperator tərəfindən yoxlanıldıqdan sonra ardıcıl olaraq ingilis dilinə tərcümə olundu. Tərcümələrin hər biri orijinal mətnlə müqayisəli tutuşdurularaq dəqiqliklə redaktə olunduqdan sonra çapa tövsiyə olundu”.

Layihə rəhbəri hesab edir ki, Almaniya prezidenti olmuş böyük siyasətçi  Yohannes Raunun yazdığıErmənistan Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsiadlı kitab Azərbaycan Ermənistan arasında olan Dağlıq Qarabağ münaqişəsində əsil həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz vasitə ola bilər: “Kitabda əvvəlcə Qarabağın tarixi haqqında müfəssəl məlumat verilir. Hələ Qafqaz Albaniyasının vaxtında bu torpaqlarda Azərbaycan türklərinin yaşadığını, bu ərazilərin tarixən türklərin məskəni olduğunu tarixi sənədlərlə əsaslandıran və əyani şəkildə göstərən müəllif sonra münaqişənin köklərini araşdırır. Ermənilər tərəfindən nəinki, Azərbaycan-Türk tarixinin saxtalaşdırıldığı, hətta Qədim Alban tarixinin də saxtalaşdırıldığı qeyd olunur.  Burada o, müxtəlif tarixçilərin əsərlərinə və tarixi qeydlərinə əsaslanır və onlardan sitatlar gətirir. Kitabda bu ərazidə hakim olan türk əsilli hökmdarlardan, Qarabağ xanlığının tarixindən, xanlığın əhalisindən faktlar əsasında söhbət açılır. Rus imperiyası ilə İran arasında bağlanmış “Gülüstan” və “Türkmənçay” müqavilələrinin nəticəsində ermənilərin Qarabağ ərazisinə köçürülməsindən, bu hadisənin tarixi ilə bağlı Ağdərə rayonunda ermənilərin ucaltdığı abidədən və nəhayət, birinci Qarabağ müharibəsindən xronoloji ardıcıllıqla danışılır. Azərbaycan xalqına qarşı olan soyqrıma - Xocalı faciəsinə həqiqi qiymət verərək ermənilərin əsil üzünü ortaya qoyur. Xeyli sayda ədəbiyyatdan istifadə edən müəllif ədalətlilik  və həqiqət prinsip ilə Azərbaycanın haqq səsini, xalqımızın bu münaqişədə məruz qaldığı zorakılığı bütün dünya ictimaiyyətinə çatdırır”.

Təşkilat nümayəndəsini sözlərinə görə, bu gün dünyada Azərbaycan Ermənistan arasında olan bu münaqişəyə ikili standartlarla yanaşılması, BMT    AŞPA -nın qəbul etdiyi qətnamələrə indiyədək əməl olunmamağı, ermənilərin uydurma siyasətlərinin dəstəklənməsi, hələ davam edən erməni qondarma təbliğatının qarşısının alınmamağı, münaqişənin düzgün dəyərləndirilməməyi, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında qeyri-dəqiqlik kimi problemlərin olması buna əyani sübutdur: “Azərbaycanlı tarixçilərin siyasətçilərin yazdıqları əsərlərə, etdikləri çıxışlara baxmayaraq hələ dünya birliyi bu məsələyə konkret münasibətini ortaya qoymur. Məhz bu səbəbdən də dünya dövlətlərindən olan tanınmış siyasi xadimlərin, tarixçilərin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın xeyrinə olan çıxışlarını və əsərlərini lazımi dillərə tərcümə edərək yaymaq çox yerinə düşərdi. Bu mənada böyük siyasi xadim Yohannes Raunun müəllifi olduğu  “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi” kitabı Azərbaycan diaspora fəaliyyətinə və dövlətin apardığı xarici siyasətə böyük bir dayaq olardı”.

S.Hüseynovun sözlərinə görə, bu layihənin icrası ilə bağlı dünyada Ermənistan-Azərbaycan münaqişəsinə olan ikili münasibətdə yanaşmada Azərbaycanın xeyrinə müəyyən fikir dəyişikliyi baş verəcək. Eyni zamanda, beynəlxalq təşkilatlara və xarici ölkə vətəndaşlarına adıçəkilən münaqişənin köklərinin və mahiyyətinin düzgün çatdırılması kitab vasitəsilə təmin ediləcək. “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi” kitabı  bu münaqişə ilə bağlı beynəlxalq aləmdə ən obyektiv və lazımlı mənbə olacaq: Bu kitab vasitəsilə hazırda bütün dünyanı bir xəstəlik kimi bürüyən erməni lobbiçiliyinin təlqin etdiyi yalan standartları və stereotipləri sındırmaq, onların yalanlarını ifşa etmək, eləcə də, beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrin parlamentlərinə, ölkədəki xarici ölkələrin səfirliklərinə məlumatın yayılmasını təmin etmək mümkün olacaq”.

 

 

Babək Cahandarov

 

 P.S. Bu səhifə “Paritet” qəzetinin Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyi ilə həyata keçirdiyi “Erməni terrorizminin ifşa olunmasına informasiya dəstəyi” layihəsi çərçivəsində dərc edilir.

 

 

Paritet.- 2010.- 22-23 iyul.- S. 11.