Mətbuatımız geniş inkişaf edərək ictimai fikrin müxtəlif aspektlərini tamamilə əhatə edir

 

Pərviz Qasımov: ““Əkinçi” öz ideya dairəsi ilə islam dünyasına yenilik gətirən ilk nəşr olub”

 

Bu gün Azərbaycan mətbuatının yaranmasının 135-ci ildönümüdür. Azərbaycan maarifçiliyinin böyük nümayəndələri sırasında xüsusi yeri olan Həsən Bəy Zərdabi “Əkinçi” qəzetinin ilk sayını 1875-ci il məhz iyulun 22-də Azərbaycan oxucusuna təqdim edib. O zamandan uzun dövr keçən mətbuatımız tarixin müəyyən anlarında müxtəlif porblemlərlə də qarşılaşıb. Bu gün isə bəziləri  mətbuatın daha azad formada olduğunu düşünür, kimisi isə mətbuatın müxtəlif siyasi strukturlar  tərəfindən idarə olunduğunu deyir. “Millətçilik” qəzetinin  baş redaktoru Pərviz Qasımov düşünür ki, bu gün milli mətbuat dediyimiz bir anlayışa görə hər birimiz o zaman dövrün böyük ictimai xadimi, jurnalisti olan Həsən bəy Zərdabiyə borcluyuq.

 -”Əkinçi” öz ideya dairəsi ilə ümumiyyətlə islam dünyasına ilk yenilik gətirən nəşr olub. Bu nəşrin dili  elitar təbəqənin danışdığı qarışıq dildən fərqli olduğu üçün daha geniş oxucu kütləsinə malik oldu. Hətta bu qəzetin təsiri altında Azərbaycanda faktiki olaraq yeni bir inqilab baş verirdi. Mən  inanmıram ki, Zərdabi Hacı Zeynalabdin Tağıyevlə tanış olmasaydı, Tağıyevin adı bu qədər məşhurlaşardı.   Onun “Əkinçi”sindən başlayaraq Azərbaycanda  da milli maariflənmə hərəkatı başladı. Bu da ortaya görkəmli şəxsiyyətləri və ilk Respublikanın qurucularını gətirdi.   Zərdabinin Azərbaycan dilinə verdiyi töhfələrdə kifayət qədərdir. Dünyada 3000  qədər   dil var. Bunların cəmisi  1000 dən bir az çoxunun öz dilində yazışması, mətbuatı var. Analitiklərin hesablamalarına görə , qalan dillər 21-ci əsrin sonlarında digər dillər tərəfindən asimilyasiya olacaq. Güclü dillər o dillərdir ki, o geniş işlədilir, kütləvi informasiya vasitələrinin dilinə çevrilir.  Bu cəhətdən Zərdabinin başladığı Azərbaycan  dilini KİV dilinə çevirməkdə mühüm rol oynadı. Dilin məhv olmasının qarşısını aldı və onun inkişafına səbəb oldu.

 -Mətbuatın bugünkü problemlərini nələrdə görürsünüz?

- Burada əsas iki faktor durur. Əhalinin özünün mətbuata marağının aşağı olması, ikincisi əhalinin maddi təminatı. 40 qəpik verib gündə bir neçə qəzet almağa   vətəndaşların  hamısının imkanı yoxdur.  Adətən belə bir tendesniya var ki bir qəzeti bir nəfər alır oxuyandan sonra digərinə verir yaxud bir nəfər köşk işçisinə 10-20 qəpik pul verib qəzeti oxuduqdan sonra qaytarır. Bu  bir tərəfdən yaxşıdır ki, cəmiyyət özü imkansızlıqda da olsa çıxış yolunu taparaq mətbuatla maraqlanır. Lakin digər tərəfdən bu qəzetlərin alınmasına zərbədir. Ən yaxşı forma indiki dövrdə yalnız sponsorlara əsaslanır. 

 -Mətbuatımız düşmən ölkə ilə informasiya savaşında  necə görünür?

- Ümumilikdə erməni mətbuatını 2 yerə bölmək olar. Biri sırf informasiya xarakterlidir, digəri isə sırf təbliğatla məşğul olan, belə desək daha çox antitürk mövqeyində duran mətbuatdır.  Onların imkanları bu sahədə  böyükdür.Onlara diasporlar kadrlarla, maliyyə ilə kömək edir.  Bizdə isə bu işlər çox zəif səviyyədə qurulub.  Bir faktı deyim ki, biz belə bir təklif irəli sürdük ki,  bir mərkəz yaradaq informasiya müharibəsində Azərbaycana lazım olan məlumatların hazırlanıb müxtəlif dillərdə tərcümə olaraq ötürülməsinə nail olaq.  Amma buna maliyyə vəsaiti tapa bilmədik. 

 -Yaxşı jurnalist üçün nəzəriyyə yoxsa təcrübə vacibdir?

-Təcrübə. Təbii ki, hər ikisi birləşsə həmin jurnalistin karyerasının  qarşısını heç ala biməz. Təcrübəli jurnalist həm nəzəriyyəçi, həm psixoloqdur.

 -Mətbuatın 135 illiyindən gözləyirsiz?

-Bizim qəzetimiz bu yaxınlarda diasporla bağlı müsabiqədə qaliblər sırasında idi. Bu bizim üçün uğur idi. Həmçinin qəzet Gənclər İdman Nazirliyinin nəzdində olan Güləş Federasiyasının keçirdiyi müsabiqədə qalib olub.

Çox istərdim ki, jurnalistlərin informasiya almaları sadələşsin. Daha sonra mətbuat yayımı sahəsində bir sıra yenilikləri görmək istərdim. Bu sahədə  alternativ bərabər imkanlar yaradılmalıdır. Bizdə elə şərait olmalıdır ki, mətbuat yayımı çox şaxəli olsun onlar arasında rəqabət formalaşsın.

 

 

 G.Bünyadzadə

 

Paritet.- 2010.- 22-23 iyul.- S. 13.