“Prezidentin milli mətbuat günündə
imzaladığı sərəncamlar bu
sahənin inkişafına davamlı dəstəyin bariz nümunəsidir”
Mətbuat Şurası İdarə Heyətinin
üzvü, “İki sahil” qəzetinin baş redaktoru, əməkdar
jurnalist Vüqar Rəhimzadənin SİA-ya müsahibəsi
-Sizi Mətbuat Şurasının təsis
etdiyi Ali Media Mükafatına layiq görülməniz
münasibətilə təbrik edirik. Ölkə Prezidenti
İlham Əliyevin jurnalistlərin sosial vəziyyətinin
yaxşılaşdırılması məqsədilə
imzaladığı fərmanı necə qiymətləndirirsiniz
və bu, Azərbaycan mətbuatının inkişafına necə
təsir göstərəcək?
- Çox sağ olun, təşəkkür
edirəm. Demokratiyanın vacib amillərindən biri olan azad mətbuatın
inkişafı daim dövlətin diqqətindədir. Müasir
Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra bu istiqamətdə
ardıcıl tədbirlər həyata keçirilməyə
başlandı. “Mətbuat cəmiyyətin güzgüsü,
həqiqətin çarçısıdır” söyləyən
ümummili lider Heydər Əliyev eyni zamanda bildirirdi ki,
jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy,
zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz
peşəsinə vurğunluq tələb edən əməkdir.
Ulu öndərin uğurlu siyasəti nəticəsində
söz və məlumat azadlığını məhdudlaşdıran
süni maneələr aradan qaldırıldı, KİV-lərin
fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirildi.
Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi
daim diqqət göstərilən məsələlərdən
olub. Ulu öndərin, eyni zamanda bu siyasi kursun uğurlu
davamçısı cənab İlham Əliyevin müxtəlif
istiqamətləri əhatə edən fərman və sərəncamlarına
diqqət yetirməklə azad mətbuatın inkişafına
göstərilən diqqətin bir daha şahidi olarıq.
“Əkinçi” qəzetinin
135 illiyinin respublikanın bütün bölgələrində
yüksək səviyyədə qeyd olunması, jurnalistlərin
fəxri adlarla mükafatlandırılması, 32 qəzet redaksiyasının
hər birinə 20 min manat birdəfəlik maliyyə
yardımı ayrılması, mətbuat işçilərinin
sosial müdafiəsinin gücləndirilməsi ilə
bağlı sərəncamın imzalanması dövlətin mətbuata
qayğısının bariz təcəssümüdür.
Yubiley günündə Mətbuat Şurasının yeni binasının
açılış mərasimində Prezident İlham Əliyevin
iştirakı da bu diqqətin göstəricisidir. Bu diqqət
və qayğı mətbuat nümayəndələrini daha
da ruhlandırır, obyektivlik, gerçəklik prinsiplərini
əldə əsas tutaraq daha sanballı yazılar ortaya
çıxarmalarına stimul verir. Mətbuat tarixində ilk dəfə
olaraq cənab İlham Əliyevin jurnalistlərin sosial
müdafiəsinin gücləndirilməsi tədbirləri
haqqında sərəncamı bu sahənin əməkdaşları
tərəfindən daha böyük sevinclə
qarşılandı. Sərəncamda da Azərbaycan mətbuatının
keçdiyi inkişaf yolu, daim dövlətin diqqət və
qayğısı ilə əhatə olunması, KİV-lərin
maddi-texniki bazasının möhkəmləndirilməsi ilə
bağlı ardıcıl tədbirlərin həyata
keçiriməsi xüsusi qeyd edilir. Sənədə əsasən
mətbuat işçilərinin mənzil şəraitinin
yaxşılaşdırılması və onlar
üçün yaşayış evlərinin tikilməsi məqsədilə
2010-cu il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılıb.
Sözsüz ki, bu, böyük diqqət və
qayğıdır. Hər bir sahədə yüksək nəticələrin
əldə olunması, ilk növbədə, işçilərin
sosial vəziyyətindən, onlara göstərilən diqqət
və qayğıdan asılıdır.
Düşünürəm ki, Prezident İlham Əliyevin jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək bu sərəncamı mətbuat işçilərini daha səylə çalışmağa, üzərilərinə düşən məsuliyyəti lazımi səviyyədə yerinə yetirmələrinə geniş imkanlar yaradacaq. Bu addım eyni zamanda belə bir həqiqəti də ortaya qoyur ki, dövlətin iqtisadi siyasətinin əsasında bütün kateqoriyadan olan vətəndaşların sosial problemlərinin həlli dayanır. Maliyyə imkanları artdıqca hər bir sahənin əməkdaşları bu inkişafı, tərəqqini özünün gündəlik həyatında, sosial vəziyyətinin yaxşılaşmasında hiss edirlər. Bütün dövrlərdə cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını əks etdirən, milli və bəşəri dəyələrin təbliğində mühüm rol oynayan mətbuatın inkişafı öndədir.
- Redaksiyaya
ayrılan 20 min manat vəsait əsasən nəyə xərclənəcək?
Bu vəsaitin xərclənməsində daha
çox hansı məsələ, perspektivlər
əsas götürülməlidir?
- Möhtərəm Prezidentimiz İlham Əliyevin “Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında” sərəncamına əsasən 32 qəzet redaksiyasının hər birinə 20 min manat birdəfəlik maliyyə yardımı ayrılıb. Təbii ki, bu yardımların göstərilməsində əsas məqsəd qəzetlərin maddi-texniki bazasını, iqtisadi müstəqilliyini gücləndirmək, jurnalistlərin peşəkarlığını daha da artırmaqdır. Bu məqsədə uyğun olaraq qəzetimizə ayrılan vəsait də məhz bu istiqamətlərə yönəldiləcək. Dövlət başçısı İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışındakı çıxışında xüsusi vurğuladı ki, hər sahədə peşəkarlığın artırılması prioritet məsələdir. O cümlədən jurnalistikada peşəkar kadrların yetişdirilməsi daha vacibdir. Bu peşəkarlığın artırılmasında vacib amillərdən biri də əməkdaşların redaksiya daxilində mükafatlandırılmasıdır. Bu kimi tədbirlərin keçirilməsi jurnalistlərdə məsuliyyəti artırır, redaksiyada yaradıcılıq mühitinin daha da inkişafına stimul verir. Sözsüz ki, ayrılan vəsait istiqamətə də yönəldiləcək.
-Jurnalistlərin evlə təminatı məsələsi ilə bağlı cənab Prezidentin sərəncamının icrası zamanı hansı meyarlar nəzərə alınmalıdır?
- Sərəncamda
da qeyd edildiyi
kimi məqsəd mətbuat işçilərinin
mənzil şəraitinin
yaxşılaşdırılması və onlar üçün
yaşayış evlərinin
tikilməsidir. Sərəncamın icrası zamanı mənzil şəraiti yaxşı olmayan, daha dəqiq desək, evsiz jurnalistlər ilk növbədə
nəzərə alınacaq.
- Artıq mətbuatımıza dövlət tərəfindən kifayət qədər iri həcmli yardımlar ayrılır. Bu vəsaitlər problemlərin həll edilməsinə kifayət edəcəkmi? Ümumiyyətlə, mətbuat nə vaxt yardıma ehtiyac duymadan özünü tam təmin edə biləcək?
- Azərbaycan
bütün sahələrdə
uğurla inkişaf edir. Hər bir uğur növbəti nailiyyət üçün başlanğıcdır. Bircə faktı qeyd etmək
kifayətdir ki, milli mətbuatımızın
135 illiyinin belə yüksək səviyyədə
keçirilməsi, dövlət başçısı İlham Əliyevin redaksiyalara
birdəfəlik yardım ayırması, mətbuat
işçilərinin sosial müdafiəsinin
gücləndirilməsi, eyni zamanda, jurnalistlərin fəxri adlarla təltif
olunması haqqında sərəncamları bir
daha təsdiqləyir ki,
ölkənin ictimai-siyasi həyatında,
demokratikləşmə və müasir vətəndaş
cəmiyyəti quruculuğunda böyük rola malik olan mətbuatın
inkişafı daim dövlətin diqqətindədir.
İqtisadi inkişaf demokratiya ilə sıx bağlıdır.
Demokratik və iqtisadi
islahatların paralel aparılması Azərbaycanı
daha da möhkəmləndirir,
qüdrətləndirir. Bu baxımdan deyə bilərik ki,
mütəmadi olaraq ayrılan vəsaitlər
mətbuatın maddi-texniki bazasının
güclənməsinə, jurnlistlərin azad
fəaliyyətinə, peşəkarlıqlarının daha da
artırılmasına geniş imkanlar yaratsa da, ötən hər il
qarşıya yeni məqsədləri
qoyur. Bu məqsədlərə
nail olmaq üçün isə dövlət hər
sahəyə, o cümlədən də mətbuata
diqqət və qayğısını artırır. KİV-lərin inkişafına Dövlət Dəstəyi
Konsepsiyasında da qeyd
edildiyi kimi, hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğunun dərinləşməsi,
Azərbaycanın dünya informasiya
məkanına daxil olması və informasiya cəmiyyətinə keçid
şəxsiyyətin, cəmiyyətin və dövlətin
informasiyaya olan tələbatının
daha dolğun ödənilməsinə,
kütləvi informasiya vasitələrinin
fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə
uyğunlaşmasına ehtiyac yaradır. Bu baxımdan mətbuata dövlət
qayğısı davamlıdır. Bu diqqət və
qayğıya görə dövlət başçısı
İlham Əliyevə minnətdarlığımı
bildirir və bundan sonra da peşəkarlıq,
obyektivlik, yüksək milli
şüur və vətənpərvərlik
prinsiplərini əsas tutaraq, milli-mənəvi
dəyələrimizin inkişafına, tarixi
həqiqətlərimizin təbliğinə, ən əsası
dövlətimizin daha da
qüdrətlənməsinə, möhkəmlənməsinə,
beynəlxalq aləmdə nüfuzunun
artmasına xidmət edəcəyik.
Paritet.- 2010.- 27-28 iyul.- S. 8.