O, qələmiylə mübarizə aparanlardan idi

 

Qarabağın ən odlu nöqtələrində peşə borcunu yerinə yetirən Salatın Əsgərova Azərbaycanın cəbhədə şəhid verdiyi ilk jurnalistdir

 

 Dünyada üç məfhum var ki, onlar insanın iradəsindən kənardadır: insanlar atanı, ananı, bir də Vətəni seçə bilməzlər. Vətəni sevmək hər bir vətəndaşın şüurlu seçimi olmalıdır. Hər bir fərd özünü cəmiyyətdə şəxsiyyət kimi təsdiq etmək, öz bacarıq və istedadını üzə çıxarmaq üçün vətənpərvərik hissinə malik olmalıdır. Vətənpərvərlik isə mücərrəd anlayış deyil.

 

Vətənpərvərlik - hər bir fərdi Vətən qarşısında borc hissini dərk etməsi, bütün fəaiyyətinin son məqsədini Vətən naminə olduğunu qurban vermək kimi xüsusiyyətlərin məcmusudur.

 Belə bir deyim var: Qəhrəmanları zaman yetişdirir. Qəhrəmanlıq üçün ölçü-biçi olmur, onu planlaşdırmaq, qəlibə salmaq mümkün deyil. Şərait yaranır və sən tərəddüdsüz o addımı atırsan. Daha dəqiq desək, özünü bu yolu keçməyə borclu bilirsən.  Qarabağ savaşının yetirdiyi qəhrəmanlar da bu sıradandı. Keçdikləri yol müxtəlifn olsa da, məna, məzmun eyni idi. Hərə öz bacardığı sahədə çücaət göstərdi.

 Yəqin ki, jurnalistləri ictimai döyüşçü adlandırsaq kimsə bizləri qınamaz. Məgər, qələmi silah edərək ictimai rəyin formalaşdırılması uğrunda döyüşmürükmü? Elə jurnalistikanın özəlliyi də bundadır. Bəli,  jurnalistika vasitəsilə insanları ayağa qaldırmaq da olar, yatızdırmaq da olar…

Nə xoş ki, “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən ilk xanım bizim həmkarımız olmuş Salatın Əsgərovadır. Qarabağın ən odlu nöqtələrində peşə borcunu yerinə yetirən Salatın Əsgərova Azərbaycanın cəbhədə şəhid verdiyi ilk jurnalistdir.

İxtisasca geofizik olsa da dərin müşahidə, gördüklərini təhlil etmək qabliyyetinə malik olan bu xanımı jurnalistika özünə daha çox celb edib. O, 1984-cü ildən müqavilə ilə “Baku” qəzetində, 4 il sonra isə “Molodyoj Azerbaydjana” qezetində işləməyə başlayıb.

  Salatın müxtəlif mövzularda yazırdı. Onun qəzet səhvələrində toxunduğu problemlər həyatımızın ən vacib, ən ümdə məsələləri idi. Ancaq Qarabağ problemi, Azərbaycanın bütövlüyü, erməni qəsbkarlarına qarşı igidliklə vuruşan oğullarımızın mərdliyi həyatının son 3 ilində Salatın Əsgərovanın yazılarının başlıca mövzusuna çevrilmişdir. Peşəsinə sadiq olan bu qorxmaz qadın Qarabağın ən odlu nöqtələrində olurdu. “Molodyoj Azerbaydjana” qəzetinin oxucuları onun doğma torpağa məhəbbət, azğın düşmənə nifrət dolu oçerklərini, yol qeydlərini səbirsizliklə gözləyirdilər.

 

“Azərbaycan nəyə görə mərkəzi rəhbərliyin yeni idarəetmə üsullarının sınaq meydanına çevirilməlidir?”

 

 Onun həqiqəti söyləyən, erməni faşizmininin iç üzünü açan yazıları yağıların gözünə ox kimi sancılırdı. Salatının Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edən “Omonçular” (“Omonovı”) adlanan sonuncu yazısı (“Molodyoj Azerbaydjana” qəzetinin 1991-ci il 3 yanvar tarixli sayı) söylədiyim fikirin təsdiqi üçün kifayətdir. Jurnalist bu yazısında təkcə özünün dediyi kimi, “müharibənin başlanması ilə taleyi 180 dərəc bucaq altında dönmüş” bu döyüşçülərin igidliyindən yazmır, həm də imperiya nökərlərini kəskin tənqid edirdi. Yazı belə bir məntiqi yekunla bitir: “SSRİ prezidentinin (M.Qorbaçovun) DQMV-də qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi barədə fərmanına əməl olunmursa, respublikamızda prezident idarəçiliyinə nə ehtiyac var? Azərbaycan nəyə görə Mərkəzi rəhbərliyin yeni idarəetmə üsullarının sınaq meydanına çevirilməlidir? Bu suallara mütləq cavab alınmalıdır. Başqa cür ola bilməz”.

1991-ci ilin yanvarın səkkizi, artıq doqquzuna keçən gecə... Qarabağda düşmənin hazırlamağa başladığı yeni qətlin ünvanı olan Salatın gecə yarısı sevimli Bakısıyla, doğmaları ilə halallaşdı. Qara gecə hər şeyə qara nöqtə qoydu. Onun ezamiyyəti Laçına idi. Ancaq Şuşada - Qaladərəsində həlak oldu. Çoxdan tanıdığı, şəxsiyyətinə böyük hörmət etdiyi Larionovun Şuşada olduğunu eşitmişdi. Oleq Larionov o Larionov idi ki, Qazaxda Salatını ölümdən xilas etmişdi. Erməni təcavüzkarlarına qarşı aparılan əməliyyatlarda, döyüşlərdə onun mərdliyinin dəfələrlə şahidi olmuşdu Salatın. Onunla görüşmək, bu hərbçi rus oğlundan müsahibə almaq istəyində idi. O, bunu özünün vəzifə borcu hesab edirdi. Odur ki, Şuşaya getdi. Yaşlarınız, doğulduğunuz yerlər, millətiniz, peşəniz müxtəlif olsa da, ölüm adlı amansız bir kabus birləşdirdi sizi. Bir jurnalist, üç hərbçi...

   Qarabağ müharibəsinə kimi bir-birindən xəbərsiz olan bu dörd insanın faciəli ölümü isə bir-birinin oxşarı, eyni qanlı günə yazılıbmış. Salatın Larionovla söhbət etdi. Ancaq bu söhbəti yarı yolda düşmən avtomatlarının səsi susdurdu. Salatının gicgahına dəyən güllə onun dünyaya sığmayan Vətən eşqini, gənc ömrünü Qarabağın qanlı yollarında yarımçıq qoydu.

 

Onlar doğmalarından, xüsusən də körpə övladlarından keçiblər...

 

 İllər ötüb keçir, tarix səhifələri yeni adlarla, yeni faktlarla zənginləşir, qalınlaşır, kitablara, külliyatlara çevrilir. Sadəcə, bu kitabları, bu külliyatları tozdan, hörümçək torundan qorumaq haqqı və borcu insanların, daha çox isə cəmiyyəti istiqamətləndirən, onlara ideya, ümid, fəaliyyət proqramı, nəzəriyyə, bir sözlə, yeni bir üfüqün yolunu göstərən insanların üzərinə düşür. Yəni söz adamları, elm adamları, siyasətçilər həmin o tarixi yaddaşlarda yaşatmaq, cilalamaq borcundan kənarda qala bilməzlər. Deməli, 9 yanvar tarixi ən azı Azərbaycan jurnalistləri üçün Salatın Əsgərovanın faciəli ölümü ilə tarixləşmiş və jurnalistikanın, mətbuatın həm şərəf salnaməsi, həm də anım məqamıdır.

 Sən demə, vətən sevgisi əsl vətəndaş üçün valideyn, övlad, bacı-qardaş və s. sevgisindən üstün olurmuş. Bu qədər gözü yolda qalanlar bir tərəfdə olur, torpağa məhəbbət isə bir tərəfdə. Bu iki seçim femidasında ikincini seçməkdən böyük qəhrəmanlıq ola bilməz. Şəhid həmkarlarımız Salatın Əsgərova, Çingiz Mustafayev, Alı Mustafayev və Fəxrəddin Şahbazov da ikincini seçənlərdəndirlər. Onlar doğmalarından, xüsusən də körpə övladlarından keçiblər...

 Salatın xanımla bağlı araşdırma aparakən çox təzadlı və qəribə bir faktla rastlaşdım. Təsadüfə bax ki, Salatın Əsgərovanın qatili Arno Mkrtçyan vaxtilə yazıçı-dramaturq Firuz Mustafa birgə əsgəri xidmətdə olub. F.Mustafanın fikrincə Salatın Əsgərovanı sağlığında təkcə “Molodyoj Azerbaydjana” qəzetinin oxucuları və 5-10 nəfər yaxın adamı tanıyırdısa, artıq bu gün “Salatın” sözünün özü qorxmazlıq simvolunu çevrilib: “Mən Salatının onunla lap yaxın ünsiyyətdə olan həmkarlarından deyiləm. Vaxtilə əməkdaşlıq etdiyim “Azərbaycan gəncləri” qəzeti redaksiyasına yolum düşəndə həmin qəzetlə eyni mərtəbədə yerləşən digər bir mətbuat orqanının – “Molodyojka”nın tanış jurnalistlərilə də hal-əhval tuturam. Arabir beton pillələrin qovşağında, liftdə, dəhlizdə rastlaşdığım Salatınla da salamlaşar, ötəri də olsa, əhvalını soruşardım. Uşaq kimi qəribə gülüşü, boğuq səslə danışmağı vardı. Mənim Salatınla olan bu cür qısa, ötəri salam-kəlam və yazılarından yadda qalan bəzi kiçik epizodlar istisna olunmaqla, onun barəsində indi geniş söhbət açmaq və ya xatirə yazmaq üçün elə bir əsasım yoxdur”.

Deyir ki,  Salatını ötəri tanısa da, onun qatilini nisbətən daha yaxşı tanıyır: “Arno Mkrtçyan vaxtilə mənimlə eyni alayın eyni bölüyündə, lap elə eyni tağımında əsgəri xidmətdə olub. Əslən Dağlıq Qarabağdan olan fizika müəllimi Arno Mkrtçyan bölüyümzdəki ermənilərin ən fağır, ən üzüyola üzvü idi və azdanışan bir adamdı. Bəlkə də onun ürəyində elə o vaxtdan və ya ondan da əvvəl - lap uşaqlıqdan Azərbaycana və azərbaycanlılara qarşı nifrət toxumu göyərməyə başlayıbmış. Deyə bilmərəm. Amma bir epizodu xatırlatmaq istəyirəm. Bizi tez-tez təlimə aparır, avtomatdan duran və qaçan hədəflərə atəş açdırırdılar. Arno Mkrtçyanın atəşi hər dəfə boşa çıxırdı. O, avtomatla davranmağı, silah tutmağı bacarmırdı. Aradan keçən illər ərzində A.Mkrtçyan özünün bütün “səhvləri”ni düzəldib. Mərkəzi və respublika televiziyası ilə göstərilən süjetlərdə yenidən “görüşdüyüm” keçmiş tankçı, fizika müəllimi sən demə, bu illər ərzində öz “biliyini” xeyli təkmilləşdirmiş, nəinki silahdan hədəfə atəş açmağı öyrənmiş, hətta insan ovuna çıxmağa başlamışdı”.

Onun sözlərinə görə, ağır xroniki-patoloji xəstəliyə mübtəla olmuş erməni xalqının müalicəsi asanlıqla başa gəlməyəcək: “Erməni mətbuatı onu milli qəhrəman kimi qələmə verirlər. Əslində isə o, cinayətkardır...”

 

“Şəhidliyə də təngənəfəs olaraq can atdı”

 

Baş Prokurorluğun mətbuat xidmətinin əməkdaşı, “Salatın Əsgərova” mükafatının laureatı Əntiqə Qonaq da Salatınla eyni dövürdə cəbhə jurnalsiti kimi fəaliyyət göstərib. Onunla söhbətimizdə bildirdi ki, Salatın qələmiylə mübarizə aparanlardan idi: “Jurnalistikaya da yenicə gəlmişdi, müharibəyə də ilkin yollananlardan idi. Deyərdim ki, bəlkə də həm sənətə gəlişində tələsmişdi, həm də cəbhəyə gedişində. Elə ölümə də tələsdi, şəhidliyə də təngənəfəs olaraq can atdı. Bu tələskənliyin arxasında isə hərəkətverici qüvvə vardı. Bu enerji idi onu bir çox yaşıdları, həmkarları kimi irəli aparan, birincilərdən edən”.

Ə.Qonaq dedi ki, Salatın Əsgərova məhz şəhid olandan sonra çoxları onun jurnalistliyindən xəbər tutdular: “Deyəsən heç bir il deyildi  qəzetə gəldiyi. Müharibənin ən qızğın dövrü idi. Bəlkə də ermənilərin xalqımızın baçına açdığı müsibətlərə biganə qala bilməməkdən irəli gəlirdi bu sənət dəyişikliyi. Mühəndisliyi jurnalistikaya dəyişmişdi. Bir neçə dəfə odlu nöqtələrə getməyə macal tapmışdı. Oradan cəbhə reportajları hazırlamışdı. Bununla kifayətlənə bilməzdi ki... Cəbhə jurnalisti olaraq bunu əminliklə bildirirəm. Gedirsən, döyüşçülərlə görüşürsən, onların problemləri ilə maraqlanırsan, həll edəcəyinə, kömək olacağına söz verirsən, yanlarına qayıdacağına inandırırsan onları. Di gəl, yazını çap etdirəndən sonra şəhərdə duruş gətir. Bu, mümkünsüz bir işdir. Bu baxımdan Salatını da, onun kimi hərəkət edən digər həmkarlarımı da çox gözəl başa düşürəm”.

Salatının şəhidlik xəbəri gələn kimi “Azərbaycan” nəşriyyatınta çalışanların əksəriyəti bir yerə toplaşıb. Nəşriyyatın qarşısında yığıncaq keçirilib. Bir çoxları kimi Əntiqə xanım da çox pafoslu çıxış edib: “Xatırlayıram ki, fikrimi təxminən bu sözlərlə tamamladım: “Bu gün cəbhədə qızlarımız şəhid olursa, oğlanlarımızın əllərinə qələm alaraq yazı yazmağa haqları yoxdur”.

Bu, həmin anın mənə çılğıncasına dedirtdiyi sözlər idi. Amma 20 il keçsə də,

yenə də həmin fikirdəyəm. Salatın şəhid olmasaydı yəqin ki, yüzlərlə məqalə yazacaqdı, kitablar nəşr etdirəcəkdi. Amma, bunlara vaxtı çatmadı. Bizlərin illərlə edə bilməyəcəyimizi, yazmağa çalışacağımızı o, tez bir zamanda, hamımızdan zirək və keyfiyyətlə gördü. Yazısını qanıyla yazaraq Vətənə olan borcundan qurtuldu. Allah qəni-qəni rəhmət eləsin!”.             

Milli Qəhrəman Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn olunub. Salatın xanımın adı bir neçə yerdə əbədiləşdirilib. Belək ki, Lider Qadınlar İçtimai Birliyi “Salatın Əsgərova” mükafatını təsisi edib. Ölümündən sonra Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adına laiq görülüb. Paytaxtımızın küçələrindən, o cümdən Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır. Yaşadığı binaya xatirə lövhəsi vurulub. Yaxınlığında həlak olduğu kənd “Salatınkənd” adlanır.

 Mübariz ruhlu xarakterə malik Salatın Əsgərova canından çox sevdiyi Vətəni Azərbaycan uğrunda şəhid oldu. Bizlərə isə özü boyda fəxr, qürur qalası qoyub getdi. Salatın adlı bu qalanın əzəməti, məğrurluğu isə Azərbaycan durduqca yaşayacaqdır.

... Elə bir gün gələcək ki, zaman özü bütün dünyaya həqiqəti açıb göstərəcək. O zaman isə torpaqlarımızı düşməndən azad edəcəyimiz gün olacaq. Bu günə isə az qalıb, lap az... O zaman isə Qarabağ uğrunda ölümü yaşamaq eşqindən qat-qat uca tutan övladlarımızın, Salatınların ruhu şad olub, əbədi rahatlıq tapacaq.

 

 

 Fuad Hüseynzadə

 

 P.S. Yazı ANS Press Nəşriyyat Evinin Milli Qəhrəman, tele-jurnalist Çingiz Mustafayevin 50 illik yubileyi ilə əlaqədar elan etdiyi jurnalistlər arasında vətənpərvərlik ruhunda yazı müsabiqəsinə təqdim olunur.

 

Paritet.- 2010.- 29-30 iyul.- S. 12.