Anasının peşə davamçısı

 

Ceyhun Əsgərov: “Həm ana idi, həm jurnalist. Amma ikisi bir yerdə idi

 

 Həmkarımızın özündən sonra qoyub getdiyi yazılar ondan əbədi bir yadigar olaraq qalacaq. Amma onun ən böyük yadigarı isə yeganə oğlu Ceyhundur. Anası həlak olanda 6 yaşında olan Ceyhun indi 26 yaşındadır. Hazırda ANS televiziyasının əməkdaşıdır.

 

 

- Ceyhun, ananızın tərcümeyi-halı yadınızda necə qalıb?

-  Anam 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində doğulub. 1979-cu ildə Bakı şəhəri Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft Kimya İnstitutuna daxil olub. Ondan sonra müxtəlif ictimai yerlərdə ştatdan kənar çalışıb. Ən sonda isəMolodyoj Azerbaydjana  qəzetində müxbir işləyib. 1991-ci il yanvarın 9-u Laçından Şuşaya gedərkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşüb, onun olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə anam amansızcasına qətlə yetirilib.

- Salatın xanımı bir ana jurnalist kimi necə xatırlayırsınız?

- Bilirsiniz, jurnalistika elə bir peşədir ki, daima axtarışda olursan, beynində mövzular fikirləşirsən. Yəni təkcə işdə görülüb qurtarmır. Bir sözlə daima çalışmalısan. Anam da belə idi. Daima yazırdı, pozurdu. Hətta, yadımdadır anamla birgə uşaq hekayələri yazırdıq. Bir dəfə bulvarda bir restoranda oturmuşduq. Bizdən kənarda iki nəfər qadın əyləşmişdi. Anam bacarığımı yoxlamaq üçün birdən mənə dedi: “Get onlardan müsahibə al”. Mən gedib həmin xanımlara bir-iki sual verdim. Onlar da mənə qələm bağışladılar. Yəni çalışırdı ki, məni uşaqlıqdan bu sahəyə sövq etsin. Sözümün canı odur ki, həm ana idi, həm jurnalist. Amma ikisidə bir yerdə idi. Ana kimi əlbəttə qayğıkeş, mehriban idi. Mənimlə bağlı baş verirdisə o dəqiqə narahat olurdu. Jurnalist kimi o vaxt müharibə dövrü idi. Jurnalistlərin əsas istiqamətləri Azərbaycanda gedən müharibəni işıqlandırmaq idi. Kimisi oturub redaksiyada yazırdı, kimisi gedib döyüş bölgəsindən məlumatlar toplayırdı.

 - Demək ananızın arzusu olub ki, siz jurnalist olasınız?

- Mənim ana babam həkim olub. Həmişə uşaqlıqda deyirdim ki, həkimliyi oxuyacam, amma jurnalist işləyəcəm. Sonradan Azərbaycan Beynəlxalq Universitetinin tibbi biologiya fakültəsinə qəbul oldum oxudum gördüm ki,  bacarıram, başım çıxır. Amma içimdə hiss edirdim ki, bu sahə mənlik deyil. Çünki mənim bir yerdə oturub işləməyə səbrim yoxdur. Jurnalistkaya da məqsədyönlü şəkildə  gəlmədim. Təsadüf nəticəsində düşdüm bu sahəyə. Sonradan gördüm ki, , bu mənə maraqlıdır. Məsələn səhər gəlirəm işə günorta bilmirəm harada olacam. Elə olub ki, iki gün evdə olmamışam. Bu baxımdan jurnalistika əsl mənim hövsələsizliyimə, tələsgənliyimə uyğun peşədir. Bu gün fəxr edirəm ki, anamın yolu ilə gedirəm çalışıram ki, bu peşəni ona layiq olan formada davam etdirim.

 - Bu gün Azərbaycan cəmiyyətində Milli Qəhrəmanların təbliğindən, onların tanıdılmasından razısınızmı?

- Xeyir. Bu gün müğənnilər, Milli Qəhrəmanlardan daha çox populyardır.

- Bəs, Milli Qəhrəman övladı kimi necə deyə bilərsiniz, onların tanınması üçün etmək lazımdır?

- Son zamanlar Azərbaycanda insanların oxumaqla arası yoxdur. Bu gün insanların təfəkkürünə əsas təsir edən təbliğat vasitəsi televiziyalardır. İstənilən kanalı açsaz görəcəksiniz ki, müğənnilərsülaləsi”, Şadlıq sarayları s. bu kimi şeylər göstərirlər. Mümkün qədər ANS- çalışırlar ki, bu istiqamətdə görüntülər az olsun. Amma  istənilən halda tək əldən səs çıxmaz. Gedib 6-7 yaşlı məcburi köçkün uşaqdan da soruşsaz ki, hansı Milli Qəhrəmanın adını bilirsən, bir-iki ad deyəcək. Amma hansısa müğənninin adını soruşsaz 200-nin adını çəkəcək. Ən azından bu da artıq cəmiyyətin səhvidir. Mən bura həm televiziyaları aid edirəm. Buna görə birincisi gərək cəmiyyətdə bu istiqamətdə dəyişiklik olsun. İkincisi gərək hər bir insan özündə dəyişiklik etsin. Ona görə mənim hər hansı veriliş ya süjet etməyimlə nəticə əldə etmək olmaz. Əlbəttə ki, bu sahədə müəyyən işlər gedir. Amma müğənnilərin reklam dalğasında bu itib-batır.

- Bu gün Milli Qəhrəmanlarla bağlı hansısa bir televiziya verilişinin açılmasını siz necə görürsünüz?

- Normal görürəm. Amma bir şey deyim ki, onu hazırlamaq da, açmaq da olar. O veriliş bir müddət yaşaya da bilər. Amma o verilişin reytinqi olmayacaq. Reytinq qazanmayacaqsa, rentabelliyi olmayacaq. Şəxsən mən fikirləşirəm ki, Azərbaycan tamaşaçısı o verilişə baxmayacaq.

- Yəqin ki, Salatın xanımın sizdə arxivi var?

- Bir-iki əlyazması var. Amma anamın heç arxivi yoxdur. O vaxt mən uşaq idim. Heç anam özü arxiv yaratmamışdır. O zaman kim bilərdi ki, belə olacaq...

- Siz heç onun qəzetdə çap olunan məqalələrini əlyazmalarını bir kitab şəkilində çar etdirmək üçün cəhd etmisiniz?

- Xeyir, bu istiqamətdə cəhd göstərməmişəm. Bəlkə gələcəkdə belə bir şey elədim.   

- Bu günə kimi ananızı yuxuda görmüsünüz?

- Yalan deməyəcəm. Anam rəhmətə gedəndən sonra hələ bir dəfə olsun onu yuxumda görməmişəm.

 

 

Paritet.- 2010.- 29-30 iyul.- S. 12.