Bütün insanlarda “moda xəstəliyi” var

 

Gizli sexlər bu xəstəlikdən istifadə edib bazara tanınmış brendlərin adından saxta mallar çıxarır

 

Bu gün  ölkəmizdə moda mühitində bir qarışıqlıq var. Yəni  hazırda yerli brendlərimizə nisbətdə müxtəlif ölkələrin məşhur geyim markaları şəhərimizin mağazalarında yer alıb. Müşahidə etdikdə aydın görmək olur ki, şəhərimizin sakinləri də daha çox xarici ölkələrdən gətirilmiş geyimlərə üstünlük verir. Bu və digər məsələlərdən danışmaq üçün  modelyerlərimizlə həmsöhbət olub, ümumilikdə bugünkü moda aləmi haqqında  onların fikirlərini öyrəndik.

Bu gün Azərbaycanın dünya moda bazarında  çox da populyar olmadığından danışan ilk həmsöhbətim  modelyer və dizayner Mehrəngiz Cəbrayılova bildirdi ki, buna səbəb maddiyatın zəif olmasıdır: ”Dünyada təmsil olunmaq üçün   işlədiyin kollektiv geniş olmalıdır.  Bu işdə maraq da əsasdır. İlk növbədə təmsil etdiyin ölkənin marağı olsun ki, mənim milli geyimlərim, brendlərim dünayaya çıxır. İkincisi  isə bu işdə  modelyer, stilist və vizajist maraqlı və peşəkar olmalıdırlar. Fikrimcə, peşəkarlıq və maraq vəhdət təşkil etsə, özümüzü dünya  moda aləmində təsdiq edə bilərik.  İstedadlı, yaxşı fantaziyaya malik olan gənc modelyerlər maddi vəziyyətləri zəif olduğundan və stimulu olmadığından irəliyə gedib öz potensial imkanlarını  üzə çıxara bilmirlər və belə desək yarı yolda qalırlar”.

 Yerli brendlərimizdən danışan Mehrəngiz xanım bildirdi ki, az da olsa geyim brendlərimiz var:” Məsələn,  Emiland” kişi geyimləri hazırlayan brendimiz var.  Ümumiyyətlə, bütün dünyada yaşayan  insanlarda “moda xəstəliyi” var.  Onlar istəyirlər ki, hər zaman məşhur markalardan geyinsinlər.   “Emiland”   dünyada məşhur olsaydı, bütün dünyanın məşhurları, adi insanları sözügedən firmanın kostyumlarını geyinmək istərdilər. Ancaq  mən elə insanlar tanıyıram ki, onlar markaya və brendə baxmırlar, sadəcə  bir modelyerlə işləyirlər və çalışırlar ki, eksklüziv paltarlar geyinsinlər. Ən məşhur brend olsa belə, onu hər kəs geyinə bilər. Amma modelyer işi  xüsusi hazırlanmış bir iş olur. Yerli  modelyerlərimiz  öz üzərində işləsələr, onlara insanlar tərəfindən çox müraciət olunar. Yəni modelyerə ona müraciət edən hər hansı bir sifarişçiyə daha çox  müxtəlif geyimlərin yer aldığı katoloq təqdim etsə,  onunla işləyən insanların sayı da çox olar.  Modelyerin geyimləri zəif olduqda   mağazalarda çox olduqda insanlar üz tutacaqlar məşhur brendlərə”.

 

Gizli sexlərin açıq ziyanı

 

“Azərbaycanda istehsal olunan geyimlərdə keyfiyyət çox zəifdir. Hazırda bildiyimə görə,   bir məktəbli forması tikən geyim fabrikimiz var. Ancaq gündəlik, ziyafət və s.  üçün geyim hazırlayan müəssisələrimiz yoxdur. Çünki onlar fikirləşirlər ki, hazırlasalar alınmayacaq. Ancaq bu gün bir çox geyim mağazalarımızda gizli (altdan) yerli sexlərdə  tikilmiş və üzərinə xarici marka vurulmuş geyimlər satılır. Çünki, onlar  geyimin üzərinə Azərbaycanda istehsal olunduğunu yazsalar, heç kəs almayacaq. Elə peşəkarlar var ki, onların hazırladığı və üzərində xarici ölkə brendi olan geyimlər orijinaldan çox az fərqlənir. Bu işin bir yaxşı cəhəti var ki, artıq ölkəmizdə bu cür işlər görülür və bu da moda sahəsinə marağın artmasına və yerli brendlərimizin sayının çoxalmasına  səbəb olur.  Gizli sexlərin fəaliyyəti digər tərəfdən faciədir ona görə ki, bu iş gizli edilir və yanlışlıq var. Çox istərdik ki, gizli sexlər açıq fəaliyyət göstərsinlər və bizlərə də məlum olsun ki, ölkəmizdə  geyim hazırlayan müəssisələr var. Eyni zamanda  bu açıq istehsal həmin sexlərə bəzi insanlar tərəfindən maliyyə yardımı edilməsinə kömək edə bilər. İnanın, bu cür sexlərdən çox istedadlı modelyerlər meydana gəlir”.

 Həmyerlilərimizin bu gün daha çox  Türkiyə istehsalı olan geyimlərə üstünlük verdiklərini deyən modelyer bildirdi ki, sözügedən ölkədə istehsal olunan geyimlərin qiyməti bizim həm maddi durumumuza uyğundur, həm də çox gözəldir:” Türkiyə ilə Azərbaycan qardaş ölkə olduğundan  zövqlərimiz də üst-üstə düşür. Bir qədər elit təbəqəyə məxsus olan xanımlarımız isə İtaliya, Fransa geyimlərinə daha çox üstünlük  verirlər”.

Dəbin formalaşmasının insanın öz əlində olduğunu deyən M.Cəbrayılova qeyd etdi ki, adi insanlar arasında  zövqlə geyinənləri çoxdur:” Zövqün və dəbin formalaşması insanın dünyagörüşündən asılıdır. İndi modelyerlər konkret olaraq heç nə eləmirlər. Çünki moda təkrarlınır.Hazırda xanımların və bəylərin geyimlərinə baxsaq görərik ki, bu dəb 80-85-ci illərdə olub. Məsələn, dar biçimli paltarlar, şalvarlar, böyük yaxalıqlar, qatdamalı  don və ətəkliklər olublar. Belə düşünürəm ki, dəb artıq formalaşıbdır. Sadəcə vaxtaşırı köhnə modanı gətirirlər və müasirləşdirirlər. Biz hazır məhsulu götürürük və onun üzərinə öz əlavəmizi edib 2010-cu ilin dəbini yaradırıq”.

Bu gün insanlar arasında moda mühitinin olduğunu deyən həmsöhbətim bildirdi ki,  əgər yeni bir məhsul bazara gəlirsə, mütləq şəhərimizin sakinlərinin çoxu  həmin geyimləri əldə edir ki, dəbdən geri qalmasınlar:  “Ancaq düşünmürlər ki, bu geyim mənə yaraşır və ya   yaraşmır.  Ancaq insanların yaraşanı geyinməsi daha yaxşı olardı.

Onu da qeyd edim ki, çox nadir hallarda insanlarımız gündəlik geyimlərinə görə modelyerə müraciət edirlər.  Əsasən bədən quruluşları standartlara uyğun olmayan xanımlar və bəylər modelyerə üz tutur. Amma adi normal insanlar ziyafət geyimləri üçün bizlərə müraciət edirlər. Daha çox insanlar  əl işləri ilə bəzədilmiş və şərqə yaxın olan geyimlərə üstünlük verirlər. Çünki Şərq moda aləmində bitməz tükənməz bir xəzindir. Hətta Avropa ölkələrinin modelyerləri geyimlərində şərq naxışlarından və üslublardan   istifadə edirlər. Çünki Şərqdə olan gözəlliyi incəliyi avropada tapmaq çətindir, bizlər geyimi  qəlbimizlə yaradırıq”.

Modanın çox gəlirli bir sahə olduğunu sahibkarların düşünmədiyini deyən M. Cəbrayılova bildirdi ki, indi modelyerlərin çoxu  fərdi olaraq illərlə çalışaraq  nəsə əldə edirlər:”Yəni onlar ilk qazanclarını işlərinə sərf edirlər.  Cəmiyyətdə tanınandan sonra onlar qazanc əldə edirlər. Bu gün 5-6 modelyer tanıyıram ki, onlara  hansısa bir sahibkarın kömək etməsini eşitməmişəm. Bir çox sahibkarlar modelyerlərə etibar etmirlər, inanmırlar və onlar bu işə qoyduqları sərmayənin batacağından qorxurlar. Bunun üçün də modelyerlərin çoxusu fərdi işləyir və bu hal da bizdə modanın  zəif inkişaf etməsinə səbəb olur. Tək insanın bu sahədə çalışması çətindir, moda kollektiv əməyin nəticəsidir. Bu gün reklamı olmayan, ancaq çox istedadlı və müəyyən bir mühitdə çalışan modelyerlərimiz var. Buna görə də insanlar daim axtarışda olmalı və peşəkarlarla işləməyə üstünlük verməlidirlər”.  

Həmkarından fərqli olaraq  istedadlı modelyer, YUNESKO-nun Ümumdünya Xalq Yaradıcılığı Təşkilatının Azərbaycan üzrə bölməsi olan   Ümummilli Xalq Yaradıcılığı Təşkilatının   sədr müavini Minarə Quliyevə bildirdi ki, bu gün Azərbaycan dünya moda bazarında özünəməxsus bir tərzdə tanınıb:” Ancaq biz hələ ki,  moda sahəsində inkişaf etmiş ölkələrlə rəqabətə daxil ola bilmirik. Onların sırasına daxil olmaq   üçün müəyyən zaman tələb  olunur. Çünki Azərbaycanda moda hələ yeni-yeni  inkişaf edir. Ancaq onu da qeyd edim ki, Azərbaycanda modanın  tarixi qədimdir və inkişaf etməkdədir. Sadəcə  müasir  geyim tərzi, bazara istehsalın çıxarılması və müəyyən özünü tanıtma brendləri və s.məsələlər var.  Bu gün Azərbaycanda bir -iki modelyer adı çəkmək olar ki, onlar Azərbaycanı moda sahəsi üzrə dünyada təmsil edir   eyni zamanda tanıdırlar. Xüsusi olaraq bu modelyerlərdən tanınmış və istedadlı modelyerimiz Fəxriyyə Xələfovanın adını qeyd etmək olar.Fəxriyyə xanın milli brendlərimizi öz orijinal kolleksiyalarında  xarici ölkələrdə layiqincə təmsil edir”.

 

Muğamın geyimə çevrilməkliyi

 

Yerli brendlərimizin geniş auditoriyada tanınmasının  sırf modelyer işi olmadığını deyən M.Quliyeva bildirdi ki, bu böyük bir  kollektivin və ölkə daxilində fəaliyyət göstərən şirkətin bacara biləcəyi işdir:” Bu işə yüksək maliyyə sərf edilməli və işə ciddi yanaşılmalıdır. Brendi tanıtmaq modelyer işi deyil. Modelyer eskizlər və geyim kolleksiyaları hazırlayır, bu işi dünya moda bazarında tanıtmaq üçün böyük kollektiv lazımdır.

Məsələn, mən hələ gənc modelyer olaraq öz kolleksiyalarımı hazırlayıram və bu səbəbdən mağazalarda hələ ki, satışda geyimlərim  yoxdur.  Mənim geyimlərim müəyyən mərasimlərdə istifadə olunur. Sonuncu kolleksiyam “Muğam əsrlərdən gələn səs” adlanır. Bu kolleksiyam yeddilik təşkil edir ki, hər bir  muğamımıza uyğun geyim orda yer alıb. Bu geyimlərimi hazırlayarkən  muğamlarımızın nəzəriyyəsini oxuyub öyrənmişəm və musiqiçi deyil, bir modelyer və rəssam gözü ilə həmin geyimləri yaratmışam. Bilirsiniz hər hansı modelyerin geyimlərinin brend olaraq hazırlanması üçün modelyer kimi özünü təsdiq etməlisən. Yəni birinci  ada görə işləyirsən, sonra isə ad sənə görə işləyir”.

“Azərbaycanın geyim tarixinə nəzər saldıqda görürsən ki,  rəng seçimində və tikiş texnologiyasında da  özünəməxsusluq var. Müxtəlif ölkələrdə keçirilən moda sərgilərində nümayiş olunan  geyimlərimizdə bu millilik daha çox öz əksini tapır” deyən modelyer qeyd etdi ki, elə geyim formalarımız var ki, digər ölkə geyimləri ilə sintez olunur: ”Xanımlarımız şərq üslubunda tikilmiş geyimlərə  üstünlük verirlər və  dəbdəbəni sevirlər. Qara rəngə üstünlük verirlər   tünd rəngli geyimlərdən  daha çox  ziyafətlərdə istifadə edirlər”.

Dəbin bizə digər ölkələrə nisbətən gec gəlib çatdığını deyən M.Quliyeva bildirdi ki,  bu səbəbdən də xanımlarımız telekanallar, jurnal, qəzet və internet  vasitəsilə müasir geyim tərzini özləri üçün müəyyənləşdirirlər və yaraşanı-yaraşmayanı dəbə uyğun geyinirlər:” Geyim insanın daxili aləminin ifadəsidir. Daxildən gələn zövq birbaşa insanın xarici görkəminə və geyiminə də təsir edir. Bu gün  ölkəmizdə modelyerlərə tələbat  azdır, bu da onlara inamsızlıqdan   irəli gəlir. Digər bir tərəfdən isə maliyyənin azlığı da bu işə təsir edirr”.

Azərbaycanda azda olsa peşəkar və bu sənəti sevən  modelyerlərin olduğunu deyən müsahibim bildirdi ki,  peşəkarlıq, sənətə ciddi yanaşma, insanların zövqünü öyrənmək və onları aldatmamaq bu işdə əsasdır: ”Bu gün heç bir geyim firması ilə əməkdaşlıq etmirəm. Ancaq fərdi olaraq  işlərimlə maraqlanan insanlarla işləyirəm. Geyimlərimə daha çox sənət adamları həvəs göstərirlər”.

Minarə xanım bildirdi ki, bu yaxınlarda  bir çox moda sərgilərində iştirak edib:”Bu ilin oktyabr ayında Çində  YUNESKO-nun Dünya Xalq Yaradıcılığı Təşkilatının təşəbbüsü ilə  dünya gənclərinin ikinci qurultayı keçiriləcək . Həmin tədbirdə   Azərbaycanı gənc modelyer kimi mən təmsil edəcəyəm və “Muğam əsrlərdən gələn səs  digər kolleksiyalarımdan olan  20 geyimim  orda nümayiş olunacaq”.

 

 

Günay

 

Paritet.- 2010.- 29-30 iyul.- S. 16.