Sosial şəbəkələr təhlükə mənbəyinə çevrilir

 

Alimlər sosial ünsiyyət portallarını bəşəriyyəti məhvə aparan yeni bir silah növü kimi qiymətləndirirlər

 

Həyatımızın ayrılmaz hissəsinə çevrilən internetdən istifadə edənlərin sayı sürətlə artmaqdadır. İnsanlar internetdən informasiya əldə etmək, məktublaşmaq, şəkillərə və video roliklərə baxmaq, ünsiyyət yaratmaq, oyun oynamaq və s. məqsədlər üçün  istifadə edirlər. Son vaxtlar isə dünyanın ən müxtəlif yerlərindən ən fərqli insanların bir-biriləri ilə ünsiyyət qurduqları sosial şəbəkələrə maraq daha da artıb. Sosial şəbəkələrin üzvləri arasında adi vətəndaşlarla yanaşı məşhur insanlar, yüksək vəzifəli dövlət məmurları, hətta prezidentlər belə var. ABŞ-ın Virciniya ştatında yerləşən, internet layihələri üzrə marketinq araşdırmaları şirkəti olan “Comscore” tərəfindən yayımlanan son hesabatda dünyanın 15 yaş və ondan yuxarı 1,1 milyard internet istifadəçisinin üçdə ikisini əhatə edən 734,2 milyon insanın sosial şəbəkə saytlarından istifadə etdikləri bildirilir.

Sosial şəbəkələrdən gündəlik olaraq istifadə edənlərdən biri də Asifdir. Dediyinə görə, şəbəkəyə əsasən köhnə tanışları və dostları ilə ünsiyyət yaratmaq üçün daxil olur: “Artıq iki ilə yaxındır ki, “Facebook”un üzvüyəm. Burada həm köhnə dost-tanışlarımla danışır, həm də yeni-yeni insanlarla tanış oluram. İş-güc imkan vermədiyindən dostlarımla az görüşə bilirəm. Buna görə də virtual aləmdə “görüşürük”. Bir sözlə, “Facebook” mənim üçün həm dostlarımla ünsiyyət yaratmaq, həm də yeni insanlarla tanış olmaq üçün gözəl bir vasitədir”.

Aynur da tez-tez sosial şəbəkələrə üz tutanlardandır. O bunun müsbət tərəfləri ilə yanaşı mənfi tərəflərindən də danışdı: “Sosial şəbəkələr insanlarla ünsiyyət yaratmaq baxımından yaxşı imkanlara sahib olsa da, mənfi cəhətləri də çoxdur. Oğlanların bir çoxu bura qızlarla tanış olmaq üçün daxil olurlar. Hətta elə olur ki, qızlara əxlaqsız təkliflər də edirlər”.

Məlumat üçün bildirək ki, ilk sosial şəbəkələr 90-cı illərin ortalarında meydana çıxıb. Bu “Classmates” idi; 1999-cı ildə yaradılan “Livejournal” çox populyar olub; 2003-cü ildə “MySpace”, bir il sonra yaradılan “Facebook” və 2006-cı ildə Rusiya yaradılan “Odnoklassniki” və “V kontakte” də fəaliyyətə başlayıb. Yeni yaradılan sosial şəbəkələrin sayı isə durmadan artır.

Qeyd edək ki, sosial şəbəkələr arasında ən məşhuru “Facebook”dur. Statistikaya görə, bu gün dünyada 500 milyondan çox insan “Facebook” sosial şəbəkəsində qeydiyyatdan keçib. Bir çox insan vaxtının böyük hissəsini “Facebook”da keçirir. “Amerikanın səsi” radiostansiyasının məlumatına görə, hazırda “Facebook” istifadəçilərinin sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 117 milyon insan bu sosial şəbəkənin üzvüdür. Siyahıda 2-ci yerdə Böyük Britaniya, 3-cü yerdə isə İndoneziya gəlir. 20 milyon istifadəçi ilə Türkiyə “Facebook”da ən çox üzvü olan ölkələr sırasında 4-cü yerdədir. Azərbaycanda isə 153 280 nəfərdən çox insan “Facebook” sosial şəbəkəsində qeydiyyatdan keçib.

 

 Ruslar sosial şəbəkələrdə hər gün  6,6 saat vaxt keçirirlər

 

 Comscore” şirkəti tərəfindən aparılan tədqiqatın nəticələrindən məlum olub ki, sosial şəbəkələrin xidmətlərindən istifadəçilərin sayına görə ilk 3 yeri Rusiya, BraziliyaKanada kimi ölkələr tutur. Rusiyada sosial saytlara daxil olanlar orta hesabla gün ərzində 6,6 saat vaxt keçirirlər. İkinci yerdə gələn Braziliyada hər sosial şəbəkə istifadəçisi gün ərzində orta hesabla 6,3 saat ərzində 1220 səhifəyə baxış edir. Üçüncü yerdə qərarlaşmış Şimali Amerika ölkəsi Kanadada isə sosiallaşanlar orta hesabla gün ərzində 5,6 saat vaxt sərf etməklə 649 səhifəyə baxış edirlər. Digər maraqlı fakt isə qonşumuz Türkiyənin bu siyahı üzrə dünya 20-yinə daxil olmasıdır. Bu da qonşuqardaş ölkədə sosial şəbəkələrin fəal istifadəçilərinin artmasına dəlalət etməkdədir. Türkiyə siyahıda 14-cü yeri tutmaqla Fransa, İsveçrə və İtaliya kimi bir çox inkişaf etmiş ölkələri geridə qoyur. Maraq doğuran digər məqam isə əksər ilk sosial şəbəkələrin meydana gəldiyi ABŞ-ın bu siyahıda 10-cu yeri tutmasıdır. 300 milyona qədər əhalisi olan Amerika əhalisi sosial şəbəkələrdə gün ərzində 4,7 saat vaxt keçirməklə 480-ə yaxın baxış həyata keçirirlər.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkələrə marağın artmasını yeni texnologiyalardan istifadənin genişlənməsi ilə izah edir: “Düşünürəm ki, bunu sosial yönümlü hadisə kimi qiymətləndirmək olar. Məsələn, insanların öz maraqları ətrafında birləşməsi, bir mövqeyi ortaya qoymaları və s. bunu maraqların ortaya qoyulması və mövqelərin qorunmasında yeni texnologiyalardan istifadə olunması kimi də dəyərləndirmək olar”.

 

Həm müsbət, həm mənfi tərəfləri var

 

 Qeyd edək ki, sosial şəbəkələrin həm müsbət, həm də mənfi tərəfləri var.  Müsbət tərəflərdən biri sosial şəbəkələrin insanların bir-biri ilə ünsiyyətlərini davam etdirib əlaqələrini saxlamasıdır. Ünsiyyətə ehtiyacı olanlar, özünü tənha hiss edənlər, eləcə də hər hansı bir səbəbdən cəmiyyət içinə çıxa bilməyənlər öz ehtiyaclarını sosial şəbəkələr vasitəsilə təmin edirlər. Yaxud da müəyyən depressiyada olan insanlar özlərinə tanışlar tapıb, ovqatlarını yüksəldirlər.

Bir başqa müsbət məqam budur ki, bu sosial şəbəkələrdə canlı cəmiyyətlər yaranır. Kim hansı sahə ilə maraqlanırsa, sanki onların klubları yaranır. Məsələn, həkimlər, iqtisadçılar, hüquqşünaslar və digər klublar. Belə klublar istifadəçilərin  həm də öz peşəkar biliklərinin artırılmasında da böyük rol oynayır. Burada insanlar ən müxtəlif sahələrdə öz biliklərini bölüşürlər.

 

 Sosial şəbəkələr insanları real dünyadan ayırır

 

Təəssüflə qeyd etməliyik ki, müsbət tərəflərinə baxmayaraq sosial şəbəkələrin mənfi tərəfləri daha çoxdur. Bir çox dünya alimləri sosial ünsiyyət portalını bəşəriyyəti məhvə aparan yeni bir silah növü kimi qiymətləndirirlər. Onların fikrincə, belə sosial şəbəkələr insanların internet asılılığını artırmaqla yanaşı, onları müasir həyatdan uzaqlaşdırır, beyinlərini yuyurrobot kimi sanki özünə tabe etdirir. Ən başlıcası, insanlarda mənəvi dəyərləri məhv edir və onları real həyatdan uzaqlaşdırır. Məsələn, əgər real həyatda insanlar dostları ilə görüşür, ünsiyyət qurur, paylaşırlarsa, sosial şəbəkə insanın vaxtını və ömrünü real olmayan, virtual bir “həyata” sərf etməyə məhkum edir.

Sosial şəbəkə istifadəçiləri həm öz əxlaqi təməllərini dağıtmaq təhlükəsi qarşısındadırlar. Bununla bağlı araşdırma aparan Cənubi Kaliforniya Universitetinin (ABŞ) alimləri bildiriblər ki, bu başlıca olaraq hələ psixikası tam formalaşmamış uşaqlar və yeniyetmələrə aiddir. Alimlərin məlumatlarına görə, əgər istifadəçi şəbəkədə hər hansı fiziki ağrıdan bəhs edən informasiya görürsə, bu zaman onun beyni buna bir neçə saniyə içərisində reaksiya verir. İnsanda heyranlıq və ya mərhəmət hissi oyadan hər hansı informasiyanı emal etmək üçün isə daha çox vaxt lazımdır. Alimlər narahatlıqla qeyd edirlər ki, tez-tez meydana gələn məlumatları oxumaqla insanlar sadəcə heyranlıq və ya şəfqət hissi oyadan məlumatları dərk edə bilməyəcəklər. Perspektivdə bu hal insanlarda əxlaqi prinsiplərin dəyişməsinə səbəb olacaq. Misal üçün, bu hisslərə qapılan insanlar yaxşını pisdən ayıra bilməyəcək.

Həkimlər isə xəbərdarlıq edirlər ki, sosial internet-saytlara olan maraq, intihar özbaşına hərəkətlərin riskini artıra bilər. Onların dediklərinə əlavə olaraq bildirək ki, 2006-cı ildə “MySpace” şəbəkəsini ziyarət edən istifadəçilərdən biri intihar edərək həyatına son qoyub.

 

Cinayətkarların potensial qurbanına çevirir

 

Başqa bir təhlükə isə sosial şəbəkələrin istifadəçilərinin kibercinayətkarların potensial qurbanına çevrilməsi ilə bağlıdır. Belə ki, şəbəkədə özləri haqqında ətraflı məlumat yerləşdirmələri onların asanlıqla internet cinayətkarlarının toruna düşməsinə səbəb ola bilər. “Consumer Reports” jurnalının ekspertlərinin fikrincə, ev ünvanının yazılması, ailə üzvləri haqqında məlumatların yerləşdirilməsi və şəkillərin təqdim edilməsi, hətta doğum tarixinin tam verilməsi “ideal cinayətə” səbəb ola bilər. Qeyd edək ki, yanvar ayında sorğuda iştirak edən iki min Amerika vətəndaşının 9 faizi sosial şəbəkədə şəxsi məlumatlarının oğurlanması və müxtəlif təcavüzkarlıqlarla üzləşdiklərini etiraf ediblər.

Sosial şəbəkələr hətta ailələrin dağılmasına, insanların özlərinin yaxınlarının canlarına qəsd etməsinə səbəb olur. Bu yaxınlarda Rusiyada baş verən kədərli hadisə dediklərimizi sübut edir. Belə ki, Rusiyanın Omsk vilayətində yaşayan Nikolay Şmidt adlı şəxs arvadının “Odnoklassniki.ru” saytında bir kişi ilə yazışdığını biləndən sonra özünüiki yaşlı qızını öldürüb. Təqribən bir həftə öncə evə tez gələn Nikolay həyat yoldaşının sosial şəbəkədəki səhifəsinə daxil olarkən tanımadığı şəxsdən gələn məktubu görüb və ağlını itirib. Həyat yoldaşı Svetlanaya “deməli biz sənə lazım deyilik” sözlərini deyən Nikolay heç bir açıqlama gözləmədən qızını da götürərək evi tərk edib.

Qayınatasının evinə gedərək ondan maşınını gəzmək üçün istəyən qısqanc ər dəhşətli bir üsula əl atıb. Bir həftə müddətində onun yaxınlarının və milisin axtarışları heç bir nəticə verməyib. Yoxa çıxan Nikolayı və onun qızını tapmaq mümkün olmayıb. Sonda yoxa çıxan avtomobili meşə zolağında tapan şəxslər dəhşətli mənzərə ilə rastlaşıblar. “Mazda” markalı avtomobilin tüstü borusunu şlanqla avtomobilin salonuna birləşdirən Nikolay pəncərələri də bağlayaraq avtomobili işə salıb. Bununla da qısqanc ər qızının və özünün həyatına son qoyub.

Sosial şəbəkələrin daha bir təhlükəli mənfi cəhəti isə ondan ibarətdir ki, bəzi sosial şəbəkələr insanların şəxsi məlumatlarının asanlıqla yayılmasına ya əldə edilməsinə səbəb olur. Belə ki, bir sıra kəşfiyyat və təhlükəsizlik qurumları var ki, belə şəbəkələr vasitəsilə insanların şəxsi məlumatlarına göz gəzdirirlər. Yəni, bəzən sosial şəbəkələr insanları nəzarət altında saxlamaq üçün bir növ vasitəyə çevrilir. Onların virtual məkanda kimlərlə dostluq etməsinə, kimlərlə nə haqqında yazışmasına və digər şəxsi informasiyalara da nəzarət olunur.

 

 ABŞ-da sosial şəbəkələrdən istifadə qadağan edilir

 

Sosial şəbəkələrin yaratdığı problemlər artıq dövlətləri və iri şirkətləri də narahat etməyə başlayıb. Belə ki, bu ilin əvvəlindən ABŞ-da dövlət, özəl idarə, müəssisə, təşkilat və şirkət rəhbərləri öz işçilərinə vaxtı sosial şəbəkələrə müraciət etməyi qadağan etməyə başlayıblar.

“Robert Half Technology” şirkəti tərəfindən aparılan tədqiqatlar göstərib ki, sahibkarların yarısından çoxu öz işçilərinin işə intizamının artırılması məsələlərinə ciddi fikir verməyə başlayıblar. Tədqiqatlar zamanı sorğularda 1400-dən artıq korporasiya təşkilatın yüksək vəzifəli menecerləri (100-dən artıq əməkdaşı) iştirak edib.

Məlum olub ki, ABŞ şirkətlərinin 54 faizi öz işçilərinə vaxtı “Twitter”, “Facebook”, “Linkedln “MySpace” kimi sosial şəbəkələrdən istifadə etməyi qadağan edib. Şirkətlərin 19 faizi isə öz işçilərinə sosial resurslardan yalnız korporativ məqsədlərlə istifadə etməyə icazə verdiklərini bildirib. 100 şirkətdən hər 16-cısı şəxsi məqsədlərlə sosial şəbəkələrə müraciət etməyə məhdudiyyətlər qoyur. Təşkilatların yalnız 10 faizi əməkdaşların bu kimi saytlara müraciət etməsinə heç bir məhdudiyyət qoymayır.

 

 Uşaqlar daha çox zərər çəkirlər

 

Sosioloq Əhməd Qəşəmoğlu sosial şəbəkələrin xeyrindən çox, ziyanlı tərəflərinin olduğu fikrindədir: “Hələ 1990-cı illərin əvvəllərində Azərbaycanda kompyuterləşmə hərəkatı başlandı. Yadımdadır ki, hər kəs, hətta dövlət məmurları belə kompyuterlərdən məhz “oyun” vasitəsi kimi istifadə etməyə başladılar. Təxminən 2 il vəziyyət belə davam etdikdən sonra kompyuterlərdən normal şəkildə istifadə olundu. Sosial şəbəkələr də belədir. Hələ ki, onun müsbət tərəflərindən yox, mənfi tərəflərindən istfifadə olunur. İnsanlar şəbəkələrdən əsasən əyləncə, tanışlıq, sentimental söhbətlər etmək məqsədilə istifadə edir. Hətta bu sentimental söhbətlərin pornoqrafiya ilə nəticələndiyi vaxtlar da olur. Amma vaxt gələcək səmərəli istifadə edəcəklər”.

Ə.Qəşəmoğlunun apardığı müşahidələrə görə, nəticədə tələbələr, şagirdlər təhsildən yayınır, insanların əli işdən soyuyur, tənbəlləşir, hətta aspirantlar belə öz elmi dərəcələrini sosial şəbəkələrə qurban verirlər.

Digər tərəfdən, sosioloq sosial şəbəkələrin azyaşlılar, eləcə müəyyən yaş həddində olan insanlar arasında faciələr törətdiyini təəssüf hissilə vurğuladı: “Bir görürsən, 12-13 yaşlı bir qız uşağı İnternetdə oturub hansısa yaşlı, yaxud qorxunc xəstəliyi olan bir şəxslə ünsiyyət qurur. Məsələ aydınlaşanda azyaşlı qız psixoloji sarsıntı keçirir. Bu gün Rusiya xəstəxanalarında çoxlu sayda belə xəstələr müalicə olunur. Azərbaycanda da sosial şəbəkələrdən dolayı depressiya vəziyyətinə düşən və psixoloji zərbə alan insanlar çoxdur”.

Sosioloqu narahat edən başqa bir məsələ virtual şəbəkələrin ailə münasibətlərinin kəskinləşməsi ailələrin dağılmasına səbəb olmasıdır. Onun sözlərinə görə, vaxtını sosial şəbəkələrdə virtual həyat sürməklə keçirən kişilərin başı o qədər qarışıq olur ki, hətta həyat yoldaşı ilə seksual münasibəti belə arxa plana keçir. Nəticədə ailələr dağılır.

Digər tərəfdən, sosioloqun apardığı müşahidələrə görə, belə şəbəkələr bəzi qadınları əxlaqsızlığa yuvarlayır: “İşləməyən ev qadınları var ki, vaxtını öldürmək üçün sosial şəbəkələrdə tanışlıqlardan istifadə edir. Onların naşılığından istifadə edən əks cinsin əxlaqsız nümayəndələri xanımları asanlıqla “toruna salır” və yoldan çıxarır. Elə ilk görüşdəcə avam xanımlar həmin kişilərin “dilinə-felinə” inanır. Bu da ailələrin dağılmasına gətirib çıxarır”.

 

 Əhali arasında maarifləndirmə işi aparılmalıdır

 

Sosial şəbəkələrdən mənfi istifqamətdə istifadə olunmaması üçün sosioloq hesab edir ki, bunun üçün maariflənmə işləri aparılmalı və eyni zamanda, dövlət nəzarəti olmalıdır: “Nəzarət deyəndə, cinayət tərkibli nəzarətdən söhbət getmir. Məsələn, müəyyən arzuolunmaz söhbətlər zamanı xəbərdarlıq siqnallarının daxil olması və digər elektron nəzarət halları vacibdir. Maariflənmə işi həm məktəblərdə aparılmalıdır, həm də müəyyən təşkilatlarda. Çünki insanlar çox vaxt yanlış yolda olduqlarını bilmirlər, onları düzgün yola dəvət etmək lazımdır”.

Psixoloq Azad İsazadə bu fikirdədir ki, sosial şəbəkə asılılıq dərəcəsində olmamalıdır. O xüsusilə azyaşlı uşaqların, o cümlədən yeniyetmə gənclərin “Facebookda çox vaxt keçirmələrini daha təhlükəli hesab edir. Psixoloqun qənaətinə görə, onsuz da həyata yenicə qədəm qoyan bu insanlar artıq əsl həyatın məhz virtual dünya olduğuna inanırlar və tədricən virtual dünyanın sakinlərinə çevrilirlər.

 

 Böyüklər uşaqlara nəzarət etməlidir

 

 Eyni zamanda, psixoloq hesab edir ki, azyaşlılar sosial şəbəkəyə qoşularkən mütləq böyüklər tərəfindən onlara nəzarət olunmalıdır: “Valideyn bilməlidir ki, uşaq kimlərlə yazışır, ünsiyyət qurur, nəticədə kimlərlə görüşür, maraq dairəsi necədir və s. Əks-halda, yeniyetmə hansısa dini sekta, terrorçu qrup, yaxud norkomanın təsiri altına düşə bilər. Sonra isə gec olar. Digər tərəfdən həddən ziyada sosial şəbəkələrdə olmaq uşaqları təhsildən yayındırıb, avaraçılığa da sövq edə bilər. Buna görə də azyaşlı uşaqlar böyüklərin kəskin nəzarəti altına alınmalıdır”.

A.İsazadə düzgün istifadə etmədikləri halda, sosial şəbəkələrin gənclərin psixikasına  mənfi təsir göstərdiyini bildirdi. Onun sözlərinə görə, çox vaxt gənc qızlar belə sosial şəbəkələrdə oğlanların “torunadüşür. Aldadılaraq, yoldan çıxarılan qızlar nəticədə ağır depressiv vəziyyətə düşürbu da onların gələcək yaşamlarına mənfi təsir göstərir.

 

 

B.Cahandarov

 

Paritet.- 2010.- 31 iyul-2 avqust.- S. 8; 15.