Gələn il Azərbaycan operası Hyuston səhnəsində təqdim oluna bilər

 

Bir qrup hyustonlu mütəxəssis Bakı, Şəki, İsmayıllı və Lahıcda olub

 

Azərbaycanın təbiətinin gözəlliyi, rəngarəngliyi,  tarixi  və mədəni abidələrlə zəngin olması nəinki  ölkə daxilində, həm də ölkədən kənarda da  artıq məşhur olub. Elə bu hal səbəb olur ki, ölkəmizə son illər tez-tez bir sıra xarici ölkələrdən  əcnəbi turistlər gəlir,  müəyyən proqram əsasında  Bakıda və regionlarımızda  olub, maraqlı məkanlarla daha yaxından tanış olurlar. Nəticədə Azərbaycan daha geniş ictimaiyyət tərəfindən tanınır.  Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası ilə birgə layihəsi əsasında bu günlərdə müxtəlif sahələri təmsil edən bir qrup hyustonlu mütəxəssislər  Azərbaycana gələrək,  Bakı və regionlarımızda olublar. Bu barədə daha ətraflı məlumat əldə etmək üçün Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova ilə görüşüb həmsöhbət olduq. İradə xanım bizimlə söhbətə Bakıya bu dəfəki gəlişinin məqsədindən danışmaqla başladı.

mumiyyətlə, çalışıram ki, ildə bir dəfə  Azərbaycana -Bakıya gələm. Mənim doğmalarım Azərbaycanda yaşadığı və Azərbaycan mənim Vətənim olduğu üçün hər il  buraya gəlmək mənə vacibdir. Bu dəfə isə Bakıya  Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin  dəvəti ilə Hyustondan bir qrup ilə gəlmişik. Hyustondan  gəlmiş on nəfərlik qrupun daxilində sözügedən şəhərin mədəniyyət guşələrinin başçıları, Hyuston operasının, muzeylərinin nümayəndəsi və turizm üzrə mütəxəssislər və s. Bu layihəni həyata keçirməkdə mənim və nazirliyin əsas məqsədimiz odur ki,  Azərbaycanı Hyustonda  daha geniş tanıtmaq üçün, mədəniyyətimizi, tariximizi və s. bu qrupa təqdim edək. Bu  on gün müddətində Hyustondan gəlmiş qrup  Şəkiyə, Lahıca, İsmayıllıya səfər etdilər.  Onlar Azərbaycanın tarixini canlı olaraq gördülər və tanış oldular. Düzdür, bu gün informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə yaşayırıq və kompüter-internet vasitəsi ilə istədiyin məlumatı əldə edə bilirsən. Amma qonaqların dediyi kimi, ancaq bir ölkə ilə tanışlıqda internetdə əldə etdikləri məlumatdan çox, canlı olaraq gedib öz gözlərinlə görmək daha qiymətlidir. Çox təqdirəlayiq  bir haldır ki, Hyustondan gəlmiş qonaqlar özləri  Azərbaycanın və azərbaycanlıların doğurdan da, tolerant olmasının  şahidi oldular. Çünki onlar bu səfər müddətində qədim alban kilsəsini, məscidləri gördülər, eyni zamanda küçədə gedərkən özləri azərbaycanlılarla tanış oldular. Soydaşlarımızla qonaqlar Şəkidə və Lahıcda çay mərasimində daha yaxından tanış oldular və ünsiyyət qurdular, eyni zamanda regionlarımızda fəaliyyət göstərən muzeylərə getdilər. Mənim üçün çox şərəflidir ki, qonaqlar  bizim qonaqpərvərliyimizlə və mehribançılığımızla sözlə və ya kimdənsə eşitməklə yox, canlı olaraq  tanış oldular.

- Hyustondan gəlmiş nümayəndə heyəti gələcəkdə Azərbaycanla bağlı hər hansı layihə həyata keçirməyi nəzərdə tutubmu?

- Əlbəttə, gələcəkdə Hyustondan gəlmiş  qrupun üzvləri ilə Azərbaycanda mövcud olan bir sıra qurumlar arasında layihələr həyata keçiriləcək. Biz regionlara səfər etməmişdən əvvəl bir plan və test hazırladıq. Və suallarımız oldu ki, sizlər Azərbaycana səfərə gəlmişsiniz və bu səfərdən sonra nələr görmək istəyirsiniz, yəni bu əlaqələri iki ölkə arasında  davam etdirə bilərikmi? və s. suallar hazırlamışdıq. Səfərin sonuncu günü qonaqlar getməmişdən əvvəl, bütün qrup üzvləri birgə toplaşdıq  və bir saat   söhbət etdik. Qrupun üzvlərinin hər biri bu səfərlə bağlı öz fikirlərini dedi.  Onu qeyd edim ki, Bakı ilə Hyuston arasında əlaqələrin tarixi çox qədimdir, yəni artıq 30 ilə yaxındır ki, iki ölkə arasında əlaqələr mövcuddur. Hyuston və Bakı arasında əlaqələrin əsasında neft dayanır. Bizim  Nobelsərgisi adlı gözəl bir layihəmiz  var. İstərdik ki,  bütün dünyaya, bu sərgi vasitəsiylə göstərək ki,  neft  ilk dəfə Azərbaycanda çıxıb  və neftin inkişaf tarixi   Azərbaycandan başlayır. Bu  Nobelsərgisini biz istərdik ki, Hyuston muzeylərindən birinə təqdim edək. Bu səbəbdən də qonaqlar arasında olan muzey nümayəndələri Azərbaycanda adiyyati qurumlarla bu ətrafda  söhbət apardılar. Biz artıq Azərbaycan Dövlət Neft Şirkəti və SOCAR ilə danışıqlarımız oldu və planlaşdırdıq ki, bu sərgini gələn il Hyuston şəhərində keçirək. Hər il Hyustonda beynəlxalq festival olur. Hər il bu festival  hansısa ölkəyə məxsus olur.  Hətta bir dəfə bu festivalda iştirak edən hörmətli səfirimiz Yaşar Əliyev  bu festivalın  hər hansı bir ölkə haqqında məlumat əldə etmək üçün, çox maraqlı  olduğunu qeyd etdi və dedi ki, gələcəkdə Azərbaycanı sözügedən festivalda təmsil edək. Biz artıq düşünürük ki, 2011-ci ildə “ İpək yolu və Azərbaycan” adı altında Hyustonda keçirilən beynəlxalq festivala qatılaq. Bu qeyd etdiyim  məsələ bizim tərəfimizdən irəli sürülmüş bir layihədir, hələ təsdiq olunmayıb. Ancaq mənə elə gəlirik bu layihəmizin həyata keçməsi Azərbaycanın daha geniş formatda tanınmasına imkan verərdi. Ona görə ki,  sözügedən festivala, hər il  250 mindən artıq insan gəlir. Bu festival gələn il Azərbaycanla bağlı olaraq keçirilsə və orda milli mətbəximiz, suvenirləri, əl işləri , xalçaçılıq, mis üzərində maraqlı işləri göstərmək və nümayiş etdirmək istərdik.

Hyuston operasının “Şərq və Cənub” adlı bir layihəsi var. Bu səbəbdən də  biz istəyirik ki, Azərbaycan öz operasını Hyustonda təqdim etsin. Artıq Hyustondan gəlmiş operanın nümayəndəsi ilə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə arasında  bu istiqamətdə danışıqlar aparılıb. Ümid edirəm ki,  gələn il Azərbaycan operası Hyuston  səhnəsində təqdim oluna bilər.

Təhsil sahəsinə gəlincə isə, qonaqlar arasında olan  Helen Rous  Azərbaycan Diplomatiya Akademiyasında oldu. O, bu ali təhsil ocağının aktivliyini gördü və bildirdi ki, sözügedən ali təhsil ocağında tədrisin səviyyəsi  xarici universitetlər səviyyəsində aparılır. Xanım təklif etdi ki, nəinki  iki ölkənin tələbələri arasında, eyni zamanda bu ali təhsil ocağında çalışan professor- müəllim heyəti  arasında  da mübadilə olsun.

- Qonaqlar Bakıda da mədəniyyət ocaqlarımızda olublar. Onlar da Azərbaycan sənət aləmi hansı təəssüratı yaradıb?

-  Bizim qonaqları Gənc Tamaşaçılar Teatrının binasının gözəlliyi valeh etmişdi,  onlar qərar  verdilər bu teatrda tamaşaya baxacaqlar . Biz sözügedən teatrda   “Ələddinin sehrli çırağı” adlı  tamaşanın müasir  variantına baxdıq. Sonra isə nümayəndə heyəti ilə birgə  Dövlət Opera    Balet Teatrında “Sevil” operasına baxdıq. Bu operada  aktyorlarımızın oyunu və musiqimizin incəliyi qonaqları valeh etdi. Bundan başqa , qonaqlar   Dövlət Filarmoniyasında  təşkil edilmiş  simfonik orkestrin konsertinə tamaşa etdilər.

- İki ölkə arasında əlaqələrin daha da genişlənməsi üçün müəyyən layihələr həyata keçirirsiniz. Maraqlıdır bu gün Azərbaycanı Hyustonda necə tanıyırlar?

-Hyustonda şəhərin mərkəzində olsanız və  neft şirkətləri olan yerlərə getsəniz  görəcəksiniz ki, orda Azərbaycanı tanıyırlar. Çünki, neftlə bağlı olaraq Hyustonla -Azərbaycan arasında əlaqə var. Ancaq küçədə kiməsə yanaşıb soruşsanız əlbəttə, Azərbaycanı tanımayacaqlar. Biz onun üzərində işləyirik ki, Azərbaycanı daha geniş ictimayyətə təqdim edək. Hansı ki, bizim Azərbaycandan gəlib, Hyustonda təhsil alan tələbələrimizin də üzərində böyük bir diplomatik  iş var. Yəni  onlar ali təhsil almaqla yanaşı,  Azərbaycanın təbliği ilə də məşğul olmalıdırlar. Mən Hyustonda yaşayan ilk azərbaycanlı kimi, çalışıram ki, imkan daxilində tez-tez  orda təhsil alan azərbaycanlı tələbələrlə görüşüm. Və onları Azərbaycanın təbliği ilə  bağlı bir sıra işlər görmək üçün təlimatlandırım. Tələbələr də çalışırlar ki, bu  istiqamətdə bir sıra işlər görsünlər. Bizi orda neft şirkətlərinə dəvət edirlər, bizim Azərbayanla bağlı təqdimatlarımız və tanıtım tədbirlərimiz olur. Hyuston meriyasında Azərbaycan çox məşhurdur. Meriya həmişə bizi dəstəkləyir və köməklik edir. Hyuston və Texas çox böyükdür və mümkün  deyil ki, orda yaşayan əhalinin hamısı Azərbaycanı tanısın. Ancaq ümid edirəm ki, Hyustonda  Azərbaycan adı altında beynəlxalq festivala qatılsaq və hər il bu festivalın iştirakçısı olan  250 mindən artıq insanın 50 mini  Azərbaycanı yaddaşında saxlayacaq.

- Qonaqlar bu səfər çərçivəsində Azərbaycanla bağlı yetərincə məlumat əldə edə bildilərmi?

-Mənə xoş gələn o oldu ki, qrup üzvləri hər hansı bir muzeyə getdilərsə ordan  kitablar  aldılar. Məsələn,  biz Lahıcda olanda qonaqlar orda köçkünlük həyatı yaşayan soydaşlarımızın hazırladıqları maraqlı  oyuncaqların hamısını aldılar. Və qonaqlar  hesab etdilər ki, bu onların borcudur, ona görə ki, onlar bu şeyləri almaqla həm muzeyə və həm də insanlara kömək etmiş olurlar.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də  bizə Azərbaycanla bağlı maraqlı kitablar, CD verildi. Bundan əlavə Heydər Əliyev Fondunda da bizim nümayəndə heyətini qəbul etdilər və Azərbaycanla bağlı bizə təqvimlər, kitablar və broşurlar verdilər.

- Bəs, sizin Azərbaycanı tanıtmaq üçün kifayət qədər materiallınız varmı?

-Qeyd edim ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Mədəniyyət  və Turizm Nazirliyi  tərəfindən mənə Azərbaycanla bağlı yetərincə kitablar, CD, broşurlar və s. verirlər. Hər dəfə  Bakı səfərindən sonra Hyustona qayıtdıqda özümlə  çoxlu kitablar və digər əyani vəsaitlər aparıram.Bizim təşkilatın ənənəvi layihələri var ki, biz onu hər il keçiririk. Bunlardan biri  Hyustonda hər il keçirilən beynəlxalq festivaldı ki, hər il Azərbaycanı orda təmsil edirik. Amma təəssüf ki,  həmin festivalda Azərbaycanla bağlı  stendimizdə olan məlumatları  kiməsə hədiyyə edə bilmirik. Çünki biz də Azərbaycanla bağlı  məlumatları əks etdirən o qədər çox  kitab və s. yoxdur ki,  biz onu  qonaqlara paylayaq. Novruz bayramını ənənəvi olaraq qeyd edirik,  çalşırıq ki, sənət adamlarımızı da dəvət edək. Hər il futbol üzrə turnirlər keçirilir. 28 May Respublika Günü Hyuston meriyası tərəfindən keçirilir. Meriyanın  binasında geniş bir təqdimat olur.

- Hyustonda nə qədər azərbaycanlı yaşayır və onlar  cəmiyyətə inteqrasiya olunublarmı?

-Hyustonda ümumilikdə 200 azərbaycanlı ailə yaşayır. Onların çoxu neft şirkətlərində işləyir, alimlərimiz,  həkimlərimiz var.Orda yaşayan azərbaycanlıların bir-biri ilə sıx əlaqələri  və münasibətləri var.

- Hyustonda sizdən başqa azəri diasporu varmı?

-Orada bir sıra azəri təşkilatlarının nümayəndəliyi var. Amerika Azərbaycan Şurasının nümayəndəliyi və bundan başqa  Hyuston Azərbaycanlıları Cəmiyyəti fəaliyyət göstərir. Məlumat  üçün bildirim ki,  Hyuston və Bakı arasında qardaşlaşmanın əsası 1976-cı ildə qoyulub.  Texas ştatında azərbaycanlıların və türklərin çoxlu sayda təşkilat və cəmiyyətləri var. Onlar biri-birilərinin tədbirlərində iştirak edirlər, birgə mərasimlər keçirirlər. Amma müəyyən pərakəndəlik vardır. Bizlər  daha  sıx birləşsək və həmrəy olsaq bizim səsimiz daha geniş yayılacaqdır, bizi daha yaxşı eşidəcək və problemlərimizə həssaslıqla yanaşacaqlar.Mən çox istəyirəm ki, Hyustonda dünyaya göz açmış övladlarımız milli ruhda böyüsünlər. Bu bizim üçün çox vacibdir.

- Hyuston kitabxanalarında Azərbaycanla bağlı kitablar varmı?

- Bu ilin mart ayında Azərbaycanın Milli Elmlər Akademiyasından Hyustona bir nümayəndə gəlmişdi  və öz ilə Azərbaycanla bağlı bir sıra maraqlı kitablar gətirmişdi. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mənə verilmiş  “Azərbaycanın tarixi abidələri!” adlı kitabı və Heydər Əliyev Fondu  tərəfindən  nəşr edilmiş Qarabağ haqqında kitabları Hyustonun Respublika Kitabxanasına  təqdim etdik. Onu  da qeyd edim ki, onlar da Azərbaycanla bağlı heç bir kitab yox idi. Onlar böyük bir sevinc hissi ilə Azərbaycanla bağlı kitabları qəbul etdilər. Mən bura bir təbliğatçı kimi gəlmişəm. Bu səbəbdən də  M.F.Axundov adına Mərkəzi Kitabxananın rəhbərliyi ilə görüşüb  Hyuston Respublika Kitabxanasının rəhbərinin  istəklərini onlara bildirəcəm. Hyuston  kitabxanasının rəhbəri istəyirik ki,   bizim mərkəzi kitabxana ilə əlaqə saxlasınlar və əməkdaşlıq etsinlər. Onlar istəyirlər ki,  Azərbaycan yazıçılarının (populyar, müasir, klassik) əsərlərinin toplandığı kitab hazırlansın və Hyuston kitabxanasına tqədim olunsun.

 

 

Günay

 

Paritet.- 2010.- 1-2 iyun.- S. 12.