Abbas Səhhət
də qaçqın idi
ŞAMAXI – 1918
(Xatirə)
Hələ
indiyə qədər Azərbaycanda bir çox adam elə
bilir ki, Şamaxı şəhəri 1902-ci ildə orada
baş vermiş zəlzələ nəticəsində
dağılıb. Doğrudur, 1902-ci ildə şəhərdə
bir çox evlər uçub dağılıb. Ancaq mənim yadıma
gələn 1911-18-ci illərdə isə Şamaxı abad bir
şəhər idi. Orada təxminən 25 min əhali
yaşayırdı. Şəhər əsasən iki
böyük hissədən ibarət idi. Şəhərin
yuxarı hissəsində hökumət divanxanaları,
realnı məktəbi, altıillik şəhər məktəbi,
əsgəri qışla, həbsxana, poçtxana, xəstəxana
yerləşirdi. Orada olan əsas küçə Krasnaya
ulitsa adlanırdı. Yuxarı hissənin əhalisi azərbaycanlılar,
ermənilər və ruslardan ibarət idi.
Şəhərin
aşağı hissəsində iki meydan (Aşağı və
Yuxarı meydan), bir neçə karvansara, Başmaqçı, Baqqal,
Papaqçı və s. bazarları, Sarıtorpaq, Qalabazar,
Şeyxminaz, Yuxarı Qala, İmamlı, Qurdlar və s. məhəllələr
var idi. Şəhərin şimal kənarında Cuhudlar məhəlləsi
yerləşirdi. Şəhərin aşağı hissəsinin
əhalisi azərbaycanlılardan ibarət idi. Şəhərin
ən gur yeri Yuxarı Meydan sayılırdı. Bu meydan
Cümə məscidindən təxminən 30-40 metr qərbdə
yerləşirdi. Ətraf kəndlərdən gələn
yüklər burada boşaldılar, qapanda çəkilib
alıcılara verilirdi.
O
zaman Şamaxıda iki bağ daha məşhur idi. Onlardan
birinin adı Fatma bağı, digərinin adı isə Sərdar
bağı idi. "Əhlikef", optimist Şamaxı sənətkarları:
başmaqçılar, papaqçılar, dərzilər,
çarıqçılar və başqaları hər
cümə günü bu bağlarda seyrə
çıxıb günlərini şadlıqla keçirərdilər.
Şamaxıda 1917-ci il fevral inqilabından sonra çar
İkinci Nikolayın şəkllərinin küçələrə
atıldığı da yadımdadır.
1918-ci
ildə bərk aclıq və qaçaq-quldurluq baş verdi.
Şəhərdə hər kəs silah almağa
çalışırdı. O zaman mənim on iki yaşım
var idi. Abbas Səhhətin dərs dediyi Şamaxı realnı
məktəbində oxuyurdum. Bir səhər sakit Şamaxı
üfüqlərini top səsi sarsıtdı. Top atəşləri
şəhərin şimal-qərb hissəsində olan,
malakanlar yaşayan Cabani kəndi tərəfindən gəlirdi.
Sonra məlum oldu ki, şəhərin qərb və cənub tərəflərində
də atışma gedir. Xüsusən şəhərin qərb
hissəsində olan Lalayevin mülkündən şəhərə
güclü tüfəng atəşi
açılırdı. Bizim evimizə yaxın olan
Başmaqçı bazarın arxa tərəfindəki məktəbə
getdik. Onun həyəti yarılarla dolu idi. Böyüklərdən
eşitdim ki, Bakıdan Şamaxıya qoşun dəstəsi gəlib
və onun komandiri Stepan (Styopa) Lalayandır. Qocalar
danışırdı ki, o şamaxılıdır və
onun babasını 1905-ci ildə şamaxılılar
öldürmüşdür. Onun öldürülməsinə
səbəb aşağıdakı əhvalat olmuşdur.
1905-ci
ildə məlum olur ki, Şamaxı bazar meydanlarında bəzi
hamballar yoxa çıxır. Bu məsələnin izinə
düşən bəzi adamlar müəyyən edirlər ki,
Lalayevin adamları şəhər meydanlarına gəlib, bir
tay kömür və ya başqa şey alıb hambala verirlər
və Lalayevin həyətinə girən hamballar yox olur. Şəhərin
bəzi cavanları bu iş üstündə Lalayevi
öldürürlər. 1918-ci ildə Şamaxıya Bakı
Kommunası tərəfindən göndərilən hərbi dəstənin
komandiri həmən qoca Lalayevin nəvəsi, rus zabiti Stepan
Lalayev idi. Onun soldatları mağazaları qarət edir və
özbaşınalıq edirdilər.
Şamaxılılar
həmən gün təslim olub zabit Lalayevin yanına iki nəfər
nümayəndə göndərdilər. Onlardan biri Yuxarı
Qala məhəlləsinin mollası, digəri isə mənim əmizadəm, tacir Teymur Yüzbaşov idi. Gedənlərdən
məhəllə mollası qayıtdı. Teymur
Yüzbaşov isə gəlmədi. Eşitdik ki, onu
doğrayıb quyuya tökmüşlər. Sonra yenə
eşitdik ki, onun arvadı Nobat xanım və 9 yaşlı
oğlu Seyfullanı da güllə ilə vurub
öldürmüşlər. Dünyanın heç bir yerində
elə qanun yoxdur ki, elçini öldürsünlər. Bəs
Teymur Yüzbaşovun öldürülməsinə nə səbəb
olmuşdur? Bu haqda Yuxarı Qala məhəllə mollasının
verdiyi məlumat maraqlıdır. Onun deməsindən Teymur,
Styopa Lalayansla çox cəsarətli danışıb və
ona deyib:
–
Siz belə qoçaqsınız gedin türk qoşunu ilə
vuruşun, əlsiz-ayaqsız, yazıq camaatı qırmaq bir
qoçaqlıq deyil.
Bu
sözdən sonra Teymuru doğrayıb quyuya tökmüşlər.
(Əhsən Bakıdan gələn hökumət nümayəndəsinin
belə rəftarına...).
Teymur onsuz da gec-tez bu dünyadan gedəcəkdi. Lakin onun
göstərdiyi həmin cəsarət qoy bizə dərs
olsun.
Eşitdik
ki, Şamaxıya kömək gəlir. Bir-iki gün sonra
Bakıdan gələn qoşun və Şamaxının erməni
və molakan kəndlərindən onlara qoşulan silahlı dəstələr
Qozlu kəndinə çəkildi.
Yaxşı
yadımdadır. Kür qırağından, Şəkidən,
Gəncədən, Tovuzdan və başqa yerlərdən
atlı və piyada xırda dəstələr gəldi. Bu dəstələrdən
ən intizamlısı Şəki dəstəsi idi. Demək
olar ki, onlar bir növ təlim görmüş dəstə
idi. Eyni paltarları var idi və dörd-dörd nizamla
addımlayırdılar. Dəstənin dalınca gələn
arabalarda onlar öz azuqələrini gətirmişdilər.
Onların bayrağı da var idi. Həmin yaşıl bayraq
üzərində yazılmışdı: "Ya vətən
ya ölüm”. Mən Gəncədən gələn qoşun
dəstəsinin Aşağı Meydan karvansarayında qoyulan
iki balaca topunu gördüm. Bu dəstə aşağı
İmamlı məhəlləsində Salamovların evində
yerləşmişdi. Ora gedib-gələn adam çox idi. Biz
uşaqlar da ətrafda hərlənirdik.O zaman Şamaxıda
türk əsgərlərinin köməyi ilə 60-70 nəfərdən
ibarət silahlı bir dəstə yaradıldı. Hər
axşam üstü bu dəstə Qalabayırına (Laləzar
qəbiristanlığının ətəyindəki düzənliyə)
gəlib, burada təlim keçirdi.
Şamaxıya
köməyə gələn silahlı dəstələr, bir
gün malakan kəndi Qozluya toplaşan erməni
qoşunlarının üstünə getdilər. Lakin onlara
bata bilməyib, həmin günün axşamı geri
qayıtdılar. Deyilənə görə, həmin
vuruşmada Şəki dəstəsindən xeyli adam
öldürülmüşdü. Mart ayının
axırında Şamaxıya gələn müsəlman
qoşun dəstələri şəhəri tərk etməyə
başladılar. Deyilənə görə Bakıdan dəmir
yolu ilə gələn qoşun Kürdəmiri tutmaq istəyirmiş.
Bu baş tutsa idi deməli, Şamaxıdakı müsəlman
qoşunları mühasirəyə düşmüş
olacaqdı. Buna görə də həm müsəlman
qoşun dəstələri, həm də əhali şəhəri
tərk etməyə başlamışdı. Axşam saat
doqquz olardı. Heç lampanı söndürmədən belə
evdən çıxdıq. Bizə belə gəlirdi ki, biz
gec-tez yenə ora qayıdacağıq. Mart ayının
qaranlıq gecəsində Şamaxı əhli silahları və
başçıları olmadığından qoyun kimi
küçələrə tökülüb hərə
harayasa gedirdi. Bizim ailə Mırtı yolu ilə səhərə
yaxın Ağsuya çatdı. Yaxşı yadımdadır
yolda dayımın üç yaşında
uşağını dalımda xeyli apardığımdan
yorulmuşdum. Birdən ürəyim qəşş edib dərəyə
yıxıldım. Kimsənin məndən xəbəri
olmamışdı. Çünki nə atam, nə anam var idi.
Bir neçə saatdan sonra ayılıb, gedib dayımın
ailəsini tapdım. Onlar məscid həyətində idilər.
Səhəri günü yenə piyada Kürdəmirə yola
düşdük. Yolda qaçaqlara rast gəldik. Heç bir
şeyimiz olmadığından onlar kor-peşman
çıxdıqları körpünün altına gedib gizləndilər.
Sonra biz və başqa qaçqınlar yük vaqonu ilə
Qarasu stansiyasına gəldik. Ordan da Kür qırağına
gəlib çıxdıq. Petropavlovkadan (indiki Sabirabaddan)
göndərilən barja minib Petropavlovkaya gəldik. Burada
qohumlarımız bizi ağlaşma ilə
qarşılayıb evlərinə apardılar. Yay aylarında
"Qalaqayın bazarı" adlanan yerdə xeyli
Şamaxı qaçqını aclıqdan və xəstəlikdən
tələf oldu. Əhali burada da qorxu altında
yaşayırdı. Müəllimim Abbas Səhhət də
qaçqın idi. O, öz ağıllı sözləri ilə
şamaxılılara ürək-dilək verirdi.
Xəbər
gəldi ki, ermənilər bu gün sabah gəlib bu yerləri
alacaq. Yerli Milli komitənin üzvlərindən biri, dayım
Kərbalayi Kazım Güləhmədov təcili Gəncə
şəhərinə gedib oradan 3 nəfər türk əsiri
və bir qədər silah gətirdi. Türk əsirləri
yerli gənclərdən dəstələr düzəldib,
onlara təlim keçməyə başladılar. Əhalidə
öz qüvvəsinə inam yarandı. Sonra xəbər
yayıldı ki, Gəncədə Xan Xoyskinin rəhbərliyi
altında Azərbaycan hökuməti qurulmuşdur. Bir qədər
sonra xəbər gəldi ki, Gəncəyə türk qoşunu
gəlib. 1918-ci ilin yayında həmin qoşundan balaca bir dəstə
Molla kəndindən Qalaqayın bazarı adlanan yerə gəldi
Bütün camaat Kür qırağına toplaşdı.
Orada düzəldilmiş ala qapının yanında axund,
molla və tanınmış tacirlər dayanıb türklərin
yolunu gözləyirdi. Axşamüstü idi. Qabaqda Demosfen
barkazı, arxasında böyük bir barj sahilə yan
aldı. Barkazdan düşən zabitləri ağsaqqallar
qarşılayıb, görüşdülər. Barjdan 20-30
türk əsgəri 5-10 qatır sahilə çıxdı.
Eşitdim ki, gələn qoşun başçısı
Ramazan bəy adlı türk zabitidir. Əsli
dağıstanlı olan Ramazan bəy Türkiyədə
zabitlik məktəbini bitirib. Milli komitənin üzvləri
Mir Murtuza Mir Möhsünov, Teymur bəy Abbasov və Kərbalayi
Kazım Güləhmədov Azərbaycana köməyə gəlmiş
türk qoşununun bu dəstəsinin zabitlərinə
yaxşı bir ziyafət verdilər. Bir gün sonra həmin
qoşun Kür ilə Salyana köməyə getdi.
Sonradan
Şamaxıya gedib-gələnlər danışdılar ki,
bizdən sonra həmin Qozlu kəndindən erməni dəstələri
şəhərə daxil olmuş, , bir-bir evləri qarət
edib, qaçmayan arvad-uşağı qırmış və
bütün binalarını yandıraraq tarixi bir şəhəri
viranə qoymuşlar.
Bizim
ailə 1919-cu ildə Bakıya köçdü. Biz
Şirvanlı məscidinin yanında Kolodezniya (indi
Ağamalı oğlu) küçəsində olurduq. Bir dəfə
gördüm uşaqlar küçədə oxuyurlar:
"Çöldə bir eşşəyim var, adı
Şaumyandır." Mən dayımdan soruşdum:
"Dayı, Şaumyan kimdir?" O, dedi: “1918-ci ilə o,
Bakının böyüyü olub. Onun vaxtında Bakıda da
erməni-müsəlman qırğını olub.
Şamaxıya da Styopa Lalayevin dəstəsini o göndərib.
Şaumyan öz dostlarına deyərmiş ki, mən əvvəl
erməniyəm, sonra bolşevik”.
Mən
sonralar Mikoyanın xatiratını oxuyanda təəccüb etdim. O
yazırdı: "Erməni əsgərləri namusla və
yaxşı vuruşmuşlar. Onun bu yalanı haqqında mən
yoldaş Suslova məlumat verdim. Moskva nəşriyyatından
cavab gəldi ki, Mikoyanın kitabını Azərbaycan
tarixçiləri oxuyub, ona müsbət rəy vermişlər.
Səbuhi Şəldiyev
Paritet.- 2010.- 3-4 may.- S. 12.