Milli və dini azlıqlar

 

Sosial-mədəni inkişaf yolunda

 

Bu gün Azərbaycanda ölkənin əsas və çoxluq təşkil edən əhalisi-azərbaycanlılarla (Azərbaycan türkləri) yanaşı, bir sıra digər millət, xalq və etnik azlıqlar da çiyin-çiyinə yaşayırlar. 1999-cu il əhalinin siyahıyaalınması göstərdi ki, Azərbaycanda yaşayan əhalinin 90,6%-ni azərbaycanlılar, 9,4%-ni isə milli azlıqlar və etnik qruplar, o cümlədən ləzgilər - 2,2%, ruslar - 1,8%, talışlar - 1,0%, avarlar - 0,6%, türklər - 0,5%, tatarlar - 0,4%, ermənilər - 1,5%, gürcülər - 0,2%, kürdlər - 0,2%, ukraynalılar- 0,4%, yəhudilər - 0,2% və başqa xalqlar təşkil edir.

 

Dövlətin milli azlıqlara münasibəti

 

 Tarazlı milli siyasət kursu, milli azlıqların ən kiçik qayğılarından tutmuş ciddi sosial problemlərinə qədər bütün məslələrinin həlli 1994-cü ildən sonra prezident Heydər Əliyevin iradəsi, cəsarəti ilə həyata keçirilirdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqlarn ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrin və s. qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı. Bu məqsədlə onlara müntəzəm şəkildə maliyyə yardımları göstərildi. Milli azlıqların mədəni mərkəzləri kommunal xərclər, kirayə haqqı ödənilmədən yerlə təmin olundular. Onların əlifbaları, doğma dillərində dərslikləri hazırlandı, kitabların, qəzetlərin nəşri üçün dövlət büdcəsindən vəsait ayrıldı, respublika radiosunda, yerli özəl televiziyalarda və qəzetlərdə doğma dillərində veriliş və materiallar hazırlanmasına şərait yaradıldı, müxtəlif konfessiyaların hamısının sərbəst və azad fəaliyyət göstərməsinə tam hüquqi təminat verildi. 1994-cü ildən sonra milli azlıqların spesifik məsələlərinə ağır, iqtisadi çətinliklər içində yaşayan Azərbaycanda dövlət səviyyəsində kompleks və müntəzəm qayğı göstərmək ənənəyə çevrildi.

Prezident İlham Əliyev də hakimiyyətə gəldikdən sonra bəyan etdi ki, Azərbaycanda heç vaxt dini zəmində, milli zəmində ayrı - seçkilik olmayacaq. O, bildirdi ki, hər bir Azərbaycan vətəndaşı dinindən, dilindən, milliyətindən aslı olmayaraq, eyni hüquqlara malikdir və bu siyasət gələcəkdə də davam edəcək.

Hazırda dövlətin özünü bu və digər milli azlıqlara qarşı münasibəti aşağıdakı prinsiplərlə ölçülür:

- dövlətin ərazi bütövlüyü və onun suverenliyi prinsiplərinə qeyri-şərtsiz əməl edilməsi;

- milli azlıqların hüquq və azadlıqlarının qorunması;

- milli azlıqların dillərinin, mədəniyyətlərinin, məişətinin qorunmasında dövlətin təminatı;

- ölkə Konstitusiyası, Milli Məclisin müvafiq qanunları və prezdentin fərmanları əsasında milli azlıqların hüqüqlarının qorunması;

Bura həmçinin aşağıdakı aspektləri də daxil etmək lazımdır:

- Azərbaycanın çoxmillətli ailəsində birgə həyat və fəaliyyətin inkişaf etdirilməsi;

- tarixi dostluq və mehriban qonşuluq əlaqələrinin qorunması;

- ideoloji-hüquqi və mənəvi-psixoloji bazanı möhkəmləndirmək üçün vətənpərvərlik ideyalarının həyata keçirilməsi;

- milli, irqi, etnik, dini mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının əsl hüquqlarını təmin etmək;

-  millətçilik, iriqçilik, hallarına yol verməmək;

Qeyd edək ki, ölkə prezidentinin 2001-ci il Sərəncamı ilə hazırlanan "Milli azlıqların hüquqlarının qorunması üzrə Azərbaycan hökumətinin hesabatı" Avropa Şurası tərəfindən müsbət qarşılanıb. Avropa Şurasının rəsmiləri Azərbaycanda milli azlıqların hüquqlarının qorunması sahəsində heç bir problemin olmamasını birmənalı şəkildə qeyd ediblər.

 

Azərbaycan qanunvericiliyində milli və dini azlıqlar

 

Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu istiqamətindəki fəaliyyətində milli və dini azlıqların hüquqlarının qorunmasına xüsusi diqqət yetirir. Dövlət əhalisinin çoxmillətli olmasını özünün tarixi nailiyyəti hesab edir və millimədəni rəngarəngliyi cəmiyyətin zənginliyinə xidmət edən amil kimi dəyərləndirir.

Azərbaycanın qanunvericilik aktlarında milli azlıqların hüquqlarının qorunması ilə bağlı mühüm maddələr var.

AR Prezidentinin 16 sentyabr 1992-ci il tarixli Fərmanı milli münasibətlər sahəsində dövlət siyasətini müəyyən edir. Fərman Azərbaycan ərazisində yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələrinin Konstitusiyada müəyyən edilmiş siyasi, iqtisadi, sosial, mədəni hüquqlarını və azadlıqlarını qorumaq, onların həyata keçirilməsinə yaxından kömək göstərmək məqsədilə Nazirlər Kabineti, ayrı-ayrı nazirliklər və rayon İcra Hakimiyyətləri qarşısında konkret vəzifələr qoyur.

AR Konstitusiyasının 25-ci, 44-cü və 45-ci mad­dələri bu və ya digər mənada milli azlıqların hü­qu­qlarının qorunmasını təmin edir.

 AR Əmək Məcəlləsində göstərilir ki, işə qəbul zamanı irqindən, milli mənsubiyyətindən və dinə münasibətindən asılı olmayaraq hüquqların hər hansı şəkildə bilavasitə və dolayısı ilə məhdudlaşdırılmasına yol verilmir.

 AR Cinayət Məcəlləsi vətəndaşların bərabərlik hüququnun pozulmasına görə məsuliyyəti müəyyən edir.

  Təsadüfi deyil ki, MDB ölkələri içərisində Azərbaycanın milli azlıqların hüquqlarının qorunması ilə bağlı qoşulduğu beynəlxalq Konvensiyalar qanunvericilik baxımından daha mükəmməldir. Belə ki, Azərbaycan BMT Baş Məclisinin 1992-ci il 18 dekabr tarixində milli, etnik, dini və dili azlıqlara mənsub şəxslərin hüquqları ilə bağlı qəbul etdiyi Bəyannaməyə və Avropa Şurasının 1995-ci il fevralın 1-də "Milli azlıqların hüquqlarının qorunması haqqında" qəbul etdiyi Çərçivə Konvensiyasını təsdiq edib. Azərbaycan AŞ-ın Konvensiyasına 13 iyun 2000-ci ildə qoşulub.

Milli azlıqların qorunması, onların dil və mədəniyyətinin inkişafı, adət-ənənələrinin yaşadılması siyasəti bu gün də davamlı olaraq həyata keçirilir. Azərbaycan qanunvericiliyində dini və milli azlıqların hüquqlarının, onların milli və mədəni irslərinin qorunması və öyrənilməsinə əsas yaradan kifayət qədər müddəalar vardır.

 

Milli azlıqların dili və təhsili

 

Respublikamızda yaşayan milli azlıqların demək olar ki, hamısı Azərbaycan dövlət dilini və onların təqribən 4/5 rus dilini də bilir. Əlbəttə ki, bu dillərə real yiyələnmək səviyyəsi fərqlidir, amma görünür ki, etniklərarası ünsiyyət üçün kifayətdir.

Avropa Şurasının tam hüquqlu üzvü olan Azərbaycan bu mötəbər qurumun 05 noyabr 1992-ci ildə qəbul etdiyi “Regional dillərin və ya azsaylı xalqların dillərinin Avropa Xartiyası”nın prinsiplərini daim diqqət mərkəzində saxlayır.

Azsaylı xalqların mədəni-maarif inkişafı tarixində Azərbaycanın müəyyən təcrübəsi var. Respublikamızın 13 rayonunda yaşayan etnik qrupların uşaqları öz milli adət və ənənələrini, mədəniyyətini öyrənmələri üçün lazımi şərait yaradılıb. Respublikanın 407 məktəbində azsaylı xalqların və etnik qrupların 55 488 nəfər uşağı öz ana dillərini öyrənirlər. 

2003-cü ildən Avropa Şurası Azərbaycanın Təhsil Nazirliyi ilə birgə regional layihə həyata keçirir. Layihənin məqsədi iştirakçı ölkələrə milli azlıqların təhsili ilə bağlı qanunvericilik sənədlərinin hazırlanmasında yardım göstərilməsi və milli azlıqların təhsil siyasəti sahəsində tövsiyələrin təqdim edilməsidir. Bu layihənin səmərəli həyata keçirilməsi məqsədilə Azərbaycan – Avropa Şurası birgə işçi qrupu yaradılıb.

Layihə çərçivəsində 2003-cü ilin may ayında Bakıda “Təhsil siyasəti və milli azlıqlar” mövzusunda milli seminar keçirilib. Seminarda Azərbaycanda yaşayan milli azlıqların nümayəndələri, o cümlədən məktəb direktorları, rus, yəhudi, gürcü və digər milli azlıqların icma rəhbərləri iştirak ediblər. Seminarda Azərbaycanda milli azlıqlar üçün təhsil siyasətinin istiqamətlərini müəyyənləşdirmək, eyni zamanda ölkəmizdə milli azlıqlar üçün effektiv və bərabər imkanlar prinsiplərinə əsaslanan təhsil siyasətinin işlənib hazırlanması məsələləri müzakirə olunub.

2005-ci ildə “Azərbaycanda milli azlıqlar üzrə təhsil siyasəti” mövzusunda Avropa Şurası və Azərbaycanın birgə yekun hesabatı dərc olunub. Hesabatda Azərbaycanda milli azlıqlara öz dillərində təhsil almaları üçün bütün lazımi şəraitin yaradılması xüsusi qeyd edilib. Eyni zamanda milli azlıqların təhsili sahəsində siyasətinin təkmilləşdirilməsi məqsədilə hesabata konkret tövsiyələr daxil olunub.

Layihə 2007-ci ildə başa çatıb, 150 nəfər müəllim və təhsil işçisi təlim seminarlarında iştirak edib.

 

2008-ci ilin 19-20-iyun tarixlərində Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda ümumtəhsil məktəblərinin müəllimləri üçün mədəniyyətlərarası və dinlərarası dialoqla bağlı mövzuların tədrisinə həsr olunmuş treninqlər keçirilib.

Layihənin növbəti mərhələsində müəllimlər üçün işçi seminarları da keçirilib və mədəniyyətlərarası təhsil üzrə müəllimlər üçün dərs vəsaiti – “Tarixin tədrisində çoxtərəfli yanaşma” adlı vəsait hazırlanaraq nəşr edilib. Layihə çərçivəsində 240 nəfər müəllim, metodist, məktəb rəhbəri treninqlərdə iştirak edib.

 

KİV-də milli və dini azlıqlara münasibət

 

 Azərbaycanda milli və dini azlıqlara münasibətdə ölkənin yazılı və elektron kütləvi informasiya vasitələri də kifayət qədər dözümlülük nümayiş etdirir. Milli Televiziya və Radio Şurası ölkədə yayımlanan teleradio yayımçılarına milli azlıqların hüquqlarına hörmətlə yanaşmağı tövsiyə edir, yeni yaranacaq teleradio kanallarından daha çox milli azlıqların dillərindən istifadəyə meyilli yayımçılara üstünlük verir.

Hazırda bir ay ərzində Azərbaycan  radiosunda talış, kürd, ləzgi dillərində ayrı-ayrılıqda 1 saat 20 dəqiqə, gürcü dilində 2 saat 40 dəqiqə, erməni dilində 1 saat 30 dəqiqə, rus dilində isə 15 saat verilişlər yayımlanır.

Azərbaycan dövlət televiziyası azsaylı xalqlardan olan rus dilində 1 ay ərzində 15 saatdan çox xəbərlər proqramı təqdim edir.

Ölkə teleməkanında ilk dəfə olaraq, məhz İctimai Televiziyada Milli Azlıqlar üçün Verilişlər Departamenti yaradılıb.

Özəl kanallardan "ANS", "Lider", "Azad Azərbaycan" və "Spase"də  rus dilində verilən verilişlərin həcmi sutka ərzində verilən verilişlərin 25-30%-ni təşkil edir.

Regional telekanallarda (10 regional kanal var) rus dilindəki verilişlərin həcmi 25-40%-dir.

 Etnik azlıqların kompakt şəkildə yaşadığı rayonlarda - Xaçmazda "Xaçmaz TV", Qubada "Xəyal TV" və "Qütb TV", Lənkəranda "Lənkəran TV", Zaqatalada "Aygün TV" adlı yerli telekanallar fəaliyyət göstərir. Balakən rayonunda yerli radio ilə azsaylı xalq olan avar dilində, Xaçmaz rayonunda isə ləzgi və tat dillərində verilişlər yayımlanır.

Avropa Komissiyasının maliyyələşdirdiyi “Cənubi Qafqaz əlaqələri və vətəndaş həmrəyliyi” layihəsi (99/0355) çərçivəsində ölkə mətbuatında milli azlıqlar haqqında dərc olunan materialların sayı və mahiyyəti ilə bağlı 2002-ci il 1-31 dekabr və 2003-cü il 15 yanvardan 15 fevrala qədər monitorinq aparılıb. Monitorinq zamanı 8 qəzet tədqiq olunub. Aydın olub ki, qəzetlərdə onların ümumi-nəzəri və tarixi materialları ilə yanaşı, etnik və dini ümumiliklərinin müasir vəziyyəti, ictimai təşkilatların tədbirləri haqqında məlumat verilib.

Göründüyü kimi, etnik problem müstəqillikdən sonrakı dövrlərdə də Azərbaycan KİV-ləri üçün prioritet mövzu olub. 

 

Dini və mədəni müxtəliflik

 

  Bu günlərdə Azərbaycanda keçirilən MDB və Dünya dini liderlərinin tədbirləri ölkəmizin digər dinlərə və millətlərə qarşı nə qədər tolerant olduğunun göstəricisi idi. Hazırda Azərbaycanda məscidlərlə yanaşı, sinaqoqlar, kilsələr fəaliyyət göstərir. Müxtəlif dini icmaların fəaliyyəti azaddır. Azərbaycanda 160 ildir ki, “Bibliya” çap olunur.

Azərbaycan Prezdentinin ayırdığı vəsait hesabına “İohan” kilsəsi bərpa olunub. Hazırda Azərbaycanda 400 dini icma fəaliyyət göstərir ki, onların da 350-si İslam təmayüllüdür. Bura Qafqaz və İran xalqlarının icması da daxildir. Təxminən 60 xristian və yəhudi icması var. Müstəqillik illərindən etibarən 5 gürcü, 5 rus və 1 udin provaslav kilsəsi fəaliyyət göstərir. Bununla yanaşı 5 sinaqoq, 5 erməni qriqorian icması, molakanların 14 icması, babtistlərin 6 icması, adventistlərin 4 icması, almanların “Lüteran” kilsəsi və Roma Katolik Məbədinin fəaliyyəti bərpa olunub.

90-cı illərdə milli azlıqlar özlərinin milli-mədəni birlikləri, assosiasiyaları və ittifaqlarını yaratmağa başladılar. Bakıda və rayonlarda azsaylı xalqların milli-mədəni mərkəzləri açıldı. Etnik və milli azlıqların mədəniyyət mərkəzlərinin işini əlaqaləndirən Respubilka Şurası fəaliyyət göstərirdi. Onların arasında Talış, Kürd (Ronai), Ləzgi (Samur), “Saxur”, Udinlərin “Orayin”, tatların “Azəri”, Buduq, Xınalıq, Azərbaycan Slavyanlarının, Ləzgilərin Mifologiyasını Öyrənən mədəni mərkəzlər, Şeyx Şamil adına Avar, rus, Azərbaycan tatları, Məhsəti türklərinin Vətən, Azərbaycan Yəhudiləri, Azərbaycan Gürcüləri, Beynəlxalq “İudaika”, Azərbaycan ukraynalıları, almanların Milli-Mədəni cəmiyyətləri, Azərbaycan Avropa yəhudilərinin icması və s. var.

Bütün bunlarla yanaşı, azsaylı xalqların folklorunun, mədəniyyətinin geniş təbilği üçün bədii özfəaliyyət kolektivlərinin repertuarının milli zəmində inkişafı üçün tədbirlər həyata keçirilir. Bu qəbilədən olan bir çox xalq kollektivləri nəinki respubilkamızda, eyni zamanda bir çox xarici ölkələrdə də məşhurdurlar.

 

 

Ramin Niftiyev

 

Paritet.- 2010.-3-4 iyun.- S. 10.