Ölkəmizdə mədəni turizm sahəsi də inkişafdadır

 

 Ölkəmizin infrastrukturu gündən -günə genişlənir. Bakı və regionlarımızda  biri-birindən  fərqli, möhtəşəm və qeyri-adi istirahət mərkəzləri, hotellər tikilir, muzeylər, qoruqlar yaradılır, yeni parklar salınır və müasir standartlara  uyğun qurulur. Eyni zamanda ərazisində qədim yaşayış məskənlərinin, abidələrin olduğu  ölkəmizdə son dövrlər turizmin digər növləri ilə yanaşı, mədəni turizmin inkişafına xüsusi önəm verilir.

  Məlumat üçün bildirək ki,  2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən bərpa edilərək istifadəyə verilən Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi hazırda minlərlə yerli və xarici turistlərin axışdığı məkanlardandır. Ötən ilAtəşgah məbədiDövlət Tarix-Memarlıq Qoruğunun cəlbedici turizm obyektinə çevrilməsi məqsədilə ölkə rəhbərliyi tərəfindən bir milyon manat vəsait ayrıldı. Bundan əlavə, təbiətin başqa bir möcüzəsi olan Yanar dağda təbiət və dövlət qoruğunun yaradılması ilə əlaqədar iki il öncə sərəncam imzalanıb. Bununla yanaşı,    bu ilin aprelində ölkə başçısı tərəfindən təsdiq edilən 2010-2014-cü illərdə turizmin inkişafına dair dövlət proqramında da tarixi-memarlıq və mədəniyyət qoruqlarının ərazilərində müasir turizm infrastrukturunun yaradılmasına xüsusi yer ayrılıb.

Uzaq keçmişimizin bir çox arxeoloji, mədəni və memarlıq abidələrini qoruyub saxlayan, Abşeron  yarımadasında yerləşən, minlərlə yerli və xarici turistlərin  axışdığı muzeylərdən  biri də Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksidir.   Sözügedən muzeyin direktoru Fikrət Abdullayevin dediyinə görə, kompleks əsas iki ideyadan qaynaqlanaraq yaranıb. İnteraktiv turizmin inkişafı üçün bir neçə turlar təşkil etdiklərini deyən direktor bildirdi ki, bu turlar xüsusən kiçik yaşlı uşaq və gənclərə aiddir: “Amma onu da söyləyim ki, yaşlı nəslin də sözügedən turlara marağı çoxdur. Turları təşkil etməkdə isə məqsədimiz odur ki, iştirakçılar əsasən haqqında danışdığımız muzey kompleksində olan emalatxanalarda (xalçaçılıq, dulusçuluq, dəmirçixana, təndirxana) özləri işləsinlər və hər bir iş prosesi ilə yaxından tanış olsunlar. Çünki biri var bu sahələrlə bağlı olan stendlərə kənardan seyrçi kimi baxasan, biri də var ki, birbaşa sənətlə ünsiyyətdə olasan. Fikrimcə ünsiyyətdə olmaq daha maraqlıdır”.

 Muzey kompleksinə gələn turistlərdən danışan F.Abdullayevin dediyinə görə, onların əksəriyyətini - təxminən 80 faizini gənclər və tələbələr təşkil edir: “Qoruğa gələn xarici turistlərin sayı hər ay artır. Hazırda ölkəmizdə olan xarici ölkə səfirlərinin hamısı muzeydə olublar. Maraqlıdır ki, indi də səfirliklər öz qonaqları ilə, ailə üzvləri ilə tez-tez buraya gəlirlər. Kompleksdə müasir muzey texnologiyalarından istifadə olunması və muzeyin açıq səma altında yerləşməsi seyrçilərin xüsusi marağına səbəb olur. Ötən il kompleksi 11 minədək insan ziyarət edib ki, bunun da təxminən 10 faizi xarici turistlər olub.”

Atəşgah məbədinin direktoru Rəşid Babayi deyir ki, prezidentimizin ötən il imzaladığı sərəncama əsasən, ərazinin maraqlı turizm obyektinə çevrilməsi üçün burada konservasiya işləri həyata keçiriləcək. Məbəd hazırda turistlərin ən çox sevdiyi məkanlardan biridir. 2009-cu il ərzində bu tarixi abidəni 14 700 nəfər turist ziyarət edib. Bunların təxminən yarısı xarici ölkə vətəndaşları olub. 2010-cu ilin ilk dörd ayında isə Atəşgahı 6 min nəfər ziyarət edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıqdır.

Azərbaycan Turizm İnstitutunun mətbuat xidmətindən verilən məlumata görə, ilin bütün fəsillərində turistləri cəlb etmək istəyən ölkələrdə mədəni turizmin inkişafına xüsusi diqqət yetirilər: “Çünki mədəni turizm mövsümlə əlaqəli deyil. Ölkəmizdə də turizmin bu növünün inkişaf etdirilməsi üçün böyük işlər görülür. Hazırda statistikaya əsasən, respublikamızın ərazisində 6500-dən çox tarixi abidə var. Təəssüflər olsun ki, bəzi abidələrimiz haqqında nəinki xaricilər, hətta yerli mütəxəssislər də az məlumata malikdir. Bu abidələrin pasportlaşdırılması, yerləşdikləri ərazilərə turizm marşrutunun müəyyən edilməsi mühüm önəm kəsb edir. Əgər biz ölkəmizdəki abidələrdən turizm məqsədi üçün lazımi səviyyədə istifadə etsək, xeyli sayda turist cəlbinə nail ola bilərik”.

 Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin əməkdaşı, sənətşünaslıq namizədi Fazil Məmmədov mətbuata verdiyi məlumatda bildirib ki, müstəqillik əldə edildikdən sonra ölkədə maddi-mədəni irsin qorunmasına xüsusi önəm verir: “Sevindirici haldır ki, son vaxtlar abidələrimizin təbliği ilə bağlı çoxlu iş aparılır: bukletlər hazırlanır, filmlər çəkilir.

Mütəxəssislər deyir ki, mədəni turizmin də müxtəlif istiqamətləri var: “Turistlərin bir qismi teatrla, bəziləri tarixi-memarlıq abidələri ilə Bundan əlavə, 10 il ərzində turizm marşrutlarına daxil olan abidələr müəyyənləşdirilib, dövlət tərəfindən onların bərpasına böyük maliyyə vəsaiti ayrılır”.  Nazirlik rəsmisi bu gün Azərbaycanda YUNESKO-nun Maddi-Mədəni İrs siyahısına düşən İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, Qobustan qoruğu kimi abidələrin dünyaya daha yüksək səviyyədə tanıdılmasının zəruriliyini vurğulayıb: “Respublikamızın bölgələrində turizm nümunəsi kimi təqdim edilə bilən gözəl abidələrimiz var. Məsələn, Qaxda Samuxqala qalası, Naxçıvanda Möminəxatun türbəsi, Qarabağlar türbəsi, Salyanda Cümə məscidi, Ordubad bir qoruq şəhəri kimi, Basqal və digərləri dünya turistlərinin diqqətini cəlb edən abidələrdir. Bundan başqa, iştirak etdiyimiz beynəlxalq sərgilərdə tarixi abidələrimizi təbliğ edən filmlər, kliplər nümayiş etdirilməlidir. Hazırda bu sahədə ilk mərhələdəyik”.  

Mütəxəssislər deyir ki, mədəni turizmin də müxtəlif istiqamətləri var: “Turistlərin bir qismi teatrla, bəziləri tarixi-memarlıq abidələri ilə maraqlanırlar. Ölkəmizə gələn turistlərin əksər hissəsini daha çox tarixi mədəniyyət nümunələrimiz maraqlandırır. Azərbaycanın ən böyük mədəni turizm marşrutlarından biri “İpək yolumarşrutudur. Ölkəmizə gələn mədəni turizm həvəskarlarını Qobustan qayaüstü rəsmləri, İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası da çox maraqlandırır. Maraqlıdır ki, biz Qız qalasını turistlərə müdafiə istehkamı kimi təbliğ ediriksə, yaponlar onu bir astrofizik obyekt kimi dəyərləndirirlər. Bundan başqa, biz mədəni turizm həvəskarlarına Atəşgahı, Yanardağı, Ramana və Mərdəkan qalalarını, yeni yaradılmış Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksini təqdim edirik. Ölkəmizə gələn yapon turistləri Şəkiyə də böyük maraq göstərirlər. Yolüstü onlara Diri baba məqbərəsi, Şamaxıda Cümə məscidi və Yeddi Günbəz məqbərə-kompleksi göstərilir”. 

  Deməli, turizm də öz növbəsində ölkənin mədəni irsinin dünyaya çatdırılmasında vasitə rolunu oynayır. Bu baxımdan da turizm sahəsinin ölkəmizdə daha geniş formatda inkişafı və bu sahə üzrə peşəkar kadrların hazırlanması  Azərbaycan mədəniyyətini daha  geniş bir formada tanıdılmasına öz töhfəsini verəcək.

 

 

G.ƏSƏDOVA

 

Paritet.-2010.- 3-4 iyun.-S. 9;11.