QHT-lər ermənilərlə internet
savaşında fəaldırlar
Saytlarda yerləşdirilən materiallar
Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə
çatdırmağa kömək edəcək
Son
zamanlar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin
diqqətinə çatdırılması işində
böyük uğurlar əldə olunur. Dövlət
başçısı İlham Əliyevin “ən yaxşı
müdafiə hücumdur” taktikasını əsas tutaraq bir
çox təşkilatlar, ayrı-ayrı mərkəzlər
müxtəlif səviyyələrdə təbliğat
işini quraraq erməni saxtakarlığına ardıcıl
zərbələr endirirlər. Bu sırada Heydər Əliyev
Fondunun gördüyü işlər xüsusilə qeyd
olunmalıdır.
Dövlətin
bu yöndə fəaliyyətinə töhfə verən digər
təşkilatlar da var ki, onların da işləri diqqət cəlb
edir. Belə təşkilatlardan biri də “Dostluq” Gənclərin
Əlaqələndirmə Mərkəzidir. Mərkəz
keçən il Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi
ilə reallaşdırdığı “www.garabagh.ws -
Qarabağın dünənini, bu gününü və
sabahını ehtiva edən internet resursu” layihəsi çərçivəsində
www.garabagh.ws adlı internet resursunu yaradıb.
Layihə
barədə qəzetimizə məlumat verən Mərkəzinin
rəhbəri Yusif Ağayevin sözlərinə görə,
qloballaşan dünyada dolğun və operativ informasiyanın əldə
edilməsinin yollarından biri də internetdən istifadə
etməkdir: “Təcrübə göstərir ki, müasir
dünyada digər mübarizə metodlarına nisbətən
informasiya mübarizəsi metodu nailiyyət əldə etmək
üçün daha effektivdir. Məhz təqdim olunan layihənin
əsas məqsədi Qarabağla bağlı internet resursu
yaratmaqla yanaşı, informasiya mübarizəsində Azərbaycan
dövlətinin Qarabağla bağlı apardığı xəttə
dəstək verməkdən ibarətdir. Bununla yanaşı,
kütləvi və elektron informasiya resurslarında olan məlumatları
təhlil edərək vahid mərkəzdə toplamaq,
Qarabağ haqqında ətraflı informasiya resursu yaratmaq,
internet resursu vasitəsi ilə virtual lobbiçilik, diaspora
funksiyasını həyata keçirmək, informasiya
mübarizəsinə qoşulmaq məqsəd kimi seçilib.
Araşdırmalar
göstərir ki, internet şəbəkəsində
Qarabağla əlaqədar məlumatlar azdır, böyük
bir qismi isə təəssüf ki, Azərbaycana məxsus
deyil. Həzərə alsaq ki, informasiya mübarizəsi sahəsində
son illərə qədər nailiyyətlərimizlə sevinməyimizə
əsasımız çox deyil, o halda məsələnin
aktuallığını göz önündə
canlandırmaq daha da asan olar”.
Qeyd
edək ki, sözügedən saytın materialları 20 əsas
bölmədə, 65 alt bölmədə, 36 alt
yardımçı bölmələrdə toplanaraq
ümumilikdə 121 bölmə ilə əhatələnib.
Qarabağın tarixi 12 bölmədə, mədəniyyəti
9 əsas, 33 alt bölmədə, təbiəti 9 bölmədə,
görkəmli şəxsiyyətləri 6 bölmədə,
Milli Qəhrəmanları, Ermənistanın Azərbaycana
qarşı təcavüzləri, azərbaycanlıların
soyqırımı, erməni terrorizmi, tarixi sənədlər,
elektron kitabxana, fotoqaleriya, videolar, forum və sair kimi bölmələrdə
əsas məlumatlar vahid elektron informasiya resursunda toplanaraq
ictimaiyyətə təqdim edilib. Bu bölmələr
özündə Azərbaycan haqqında-dövlət
atributları, paytaxt, ərazi, beynəlxalq əlaqələr,
neft strategiyası, din kimi alt bölmələri, tarix bölməsində-
Qarabağ ibtidai icma dövründən müasir dövrə
qədər olan dövrləri əhatə edir. Eyni zamanda təbiət
bölməsində-geoloji quruluş, relyef, daxili sular, flora,
fauna, qoruqlar, yasaqlıqlar, təbii ehtiyatlar, ekoloji problemlər
bölmələri, mədəniyyət bölməsində-təsviri
incəsənət, ədəbiyyat, musiqi, teatr, kulinariya,
memarlıq, mədəni irs, xalq sənətkarlığı
kimi bölmələri yer alır. Ermənistanın Azərbaycana
qarşı təcavüzləri bölməsində-münaqişənin
başlanması, münaqişənin həlli istiqamətində
atılan addımlar, erməni diasporu: münaqişənin həllində
maneə kimi bölmələri, Azərbaycanlıların
soyqırımı bölməsində- 1905-1907, 1918-1920, Xocalı
soyqırımı, etno-mədəni soyqırım bölmələri,
erməni terrorizmində-erməni terror təşkilatları,
erməni terror təşkilatlarının həyata
keçirdikləri terror aktları, əsir, girov və itkin
düşmüş həmvətənlərimiz bölmələri,
Qarabağ bölgəsinin Azərbaycanlı icması haqqında
məlumat, forum, qonaq kitabı, sorğu kimi bölmələrlə
dolğun, zəngin və tarixi-elmi faktlara söykənən məlumatları
ehtiva edir. Saytda 1433 foto, 168 elektron kitab və məqalə
istifadəçilər üçün aktivləşdirilib.
Mərkəz
rəhbəri bildirib ki, layihənin həyata keçirilməsi
bir neçə mərhələni əhatə edib. Birinci mərhələdə Prezident yanında Dövlət
İdarəçilik Akademiyasının YUNESKO Mərkəzində
internet resursunun işçi qrupu yaradılıb, onun ümumi
konsepsiyası, strategiyası və strukturu müəyyənləşdirilib:
“Bu prosesdə bir çox təşkilatlarla yaxından əməkdaşlıq
edilib. Onların arasında Şuşa rayon İcra Hakimiyyəti,
Dağlıq Qarabağın Azərbaycanlı İcması, Mədəniyyət
və Turizm, Ekologiya və Təbii Sərvətlər nazirlikləri,
Əsir və İtkin Düşmüş, Girov
Götürülmüş Vətəndaşlarla İş
üzrə Dövlət Komissiyası, AMEA-nın Botanika və
Zoologiya institutları olub. “Dostluq” Mərkəzi ilə əldə
olunmuş fəaliyyət haqqında sazişdən sonra fəaliyyət
davam etdirilib. Bu mərhələdə toplanan informasiyalar daha
da zənginləşdirilib, məlumatların təhlili
aparılıb, onlar komplekləşdirilib, partal struktur və
texniki cəhətdən təkmilləşdirilib, ictimaiyyətə
təqdim edilib.
Hesab
edirik ki, resursu daha da təkmilləşdirərək, digər
dillərə tərcümə edərək Qarabağ
haqqında daha geniş internet resursuna çevrilməsi məqsədəuyğundur.
İnanırıq ki, oxucularımız www.garabagh.ws internet
portalını vətənpərvərlik hisslərinin ifadəsi
məkanı, dövlətçiliyimizə sədaqətimizin
ünvanı kimi qəbul edəcək, onun daha da zənginləşməsinə,
həqiqət və ədalət ünvanı olmasına,
Qarabağ münaqişəsi barədə gerçəkliyin
dünya ictimaiyyətinə ədalətli
çatdırılması işinə öz töhfələrini
verəcəklər”.
Nəzərə
çatdıraq ki, “Dostluq” Mərkəzi Prezident Yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə hazırda
Qarabağla əlaqədar reallaşdırdıqları layihə
çərçivəsində Azərbaycan dilində
yaradılmış www.garabagh.ws elektron informasiya resursunun
xarici dillərə tərcümə olunması və xəbərlər
bölməsinin yaradılması layihəsini həyata
keçirir. Y.Ağayev bildirib ki, hazırda resursun təkmilləşdirilməsi
və tərcümə olunması üzərində iş
gedir: “Təbiidir ki, internet resursunun yaradılması
Qarabağla əlaqədar operativ məlumatların əldə
etməkdə çətinliyi aradan qaldırır. Bu isə
öz növbəsində böyük vaxt itkisinin
qarşısını alır, Qarabağla əlaqədar
lobbiçilik və diaspora fəaliyyətində olan müəyyən
çatışmazlıqları aradan qaldıraraq, resurs vasitəsi
ilə virtual lobbiçilik və diaspora funksiyasını həyata
keçirməyi mümkün edir. Müasir dövrdə
informasiyanı operativ əldə etmək metodunun, habelə
formalaşmaqda olan yeni gənc nəslin informasiya əldə
etmək marağının daha çox internet üzərindən
olduğunu nəzərə alaraq gənclərin bu sahədə
maarifləndirilməsi və vətənpərvərlik ruhunda
tərbiyə olunmasında yeni bir istiqamət olacağı qənaətindəyik”.
Bu
gün Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasının çox önəmli bir məsələ
olduğunu deyən Y.Ağayev qeyd edib ki, belə bir zaman kəsiyində
Qarabağla bağlı fəaliyyət göstərən
QHT-lərin fəaliyyətinə səmərəli dəstək
verilməli, onların fəaliyyəti düzgün koordinasiya
olunmalıdır: “Çünki söhbət informasiyadan və
onun çatdırılmasından gedir. Müasir
dünyamızda informasiya mübarizəsi artıq silahlı
mübarizəyə alternativ kimi qiymətləndirilə bilər.
Son iki əsrdə yüz minlərlə həmvətənlərimiz
mərhələ-mərhələ həyata keçirilən
soyqırım, etnik təmizləmə və deportasiya siyasətinin
qurbanı olub. Bu antibəşəri siyasətin 1988-ci ildən
başlayan növbəti mərhələsinin hamımız
canlı şahidləriyik. Azərbaycanın əzəli və
ayrılmaz ərazisi olan Qarabağda erməni separatizmi,
torpaqlarımızın 20 faizinin işğal olunması, 1
milyondan artıq vətəndaşımızın dədə-baba
yurdlarından didərgin salınması, kütləvi qətl
və qırğınlar, terror aksiyaları, işğal
edilmiş ərazilərimizdə misli görünməmiş
erməni vandalizmi- bütün bunlar müasir dünyanın
gözü qarşısında baş verib.
Biz
eyni hədəfə doğru hərəkət etməklə,
birgə elmi potensialımızı, əməkdaşlıq əlaqələrimizi
gücləndirməklə mənfur erməni təbliğatını
durdura, dünyanı öz haqq işimizə inandıra bilərik.
Bu işdə Azərbaycan gənclərinin böyük elmi
potensialının olması sevinc və qürur hissi
yaradır. Bu potensialdan səmərəli istifadə etmək
isə hər birimizin üzərinə düşən məsuliyyətdir.
Ölkə prezidenti cənab İlham Əliyev
vurğulayıb ki, biz informasiya mübarizəsində
hücuma keçməli, daha da fəallaşmalıyıq.
Bütün bunları nəzərə alaraq və cənab
prezidentin çağırışına dəstək vermək
məqsədi ilə vətəndaşlıq borcu hesab
etdiyimiz bu layihəni reallaşdırmaq qərarına gəldik.
Bu yönümlü layihələrin, elmi tədqiqatların
çox olması olduqca əhəmiyyətlidir. Bu, həm
dövlətçilik, həm də yetişməkdə olan
yeni gənc nəslin tariximizə biganə qalmamaları
baxımından olduqca zəruri işlərdir”.
Ermənilərə internetdə
savaş açan təşkilatlardan biri də “İctimaiyyətlə
Əlaqələrin İnkişafına Kömək”
İctimai Birliyidir. Birlik keçən il Prezident yanında
QHT-lərə Dövlət Dəstəyi Şurasının
maliyyə dəstəyi ilə “Internet məkanında Qərbi
Azərbaycan həqiqətlərinin
işıqlandırılması” layihəsini həyata
keçirib. Birliyin sədri Şəlalə Həsənova
belə bir layihəni keçirməyin hansı zərurətdən
meydana gəldiyini bu cür izah etdi: “Rus dilli internet səhifələrində
Qərbi Azərbaycan anlayışı bizim nəzərdə
tutduğumuz anlayış deyil. Çünki, Qərbi Azərbaycan
haqqında axtarış verəndə yalnız Cənubi Azərbaycan
haqqında məlumatlar çıxır. Bu günkü Ermənistan
ərazisinin vaxtilə İrəvan xanlığının
olması, azərbaycanlılara mənsub olması heç bir
mənbədə rast gəlinmir. Düşündüm ki, bu
barədə internet məkanında ciddi materialın
olmasına ehtiyac var. Bu material isə 1997-ci ildə nəşr
edilən və müəllifi Ermənistanın əməkdar
jurnalisti Həbib Rəhimoğlu olan “Silinməz adlar,
sağalmaz yaralar” adlı kitab oldu.
Azərbaycanlıların Ermənistanda
soyqırımı haqqında ilk tədqiqat əsəri olan
bu kitabda ermənilər tərəfindən azərbaycanlılara
qarşı törədilən soyqırım haqqında zəngin
materiallar var. Həmin kitabda verilən demoqrafik statistika
göstərir ki, 1905, 1920-ci il faciələrindən sonra
bütün İrəvan-Zəngəzur zonasında azərbaycanlı
əhalinin sayı dəfələrlə azalıb, insanlar məhv
edilib, öz dədə-baba yurdlarından qovulub. Bu faktları
demoqrafik statistika göstərir. Bu kitabda 656 kəndin hər
biri haqqında ayrıca məlumat verilir. 1831-ci ildən
üzü bəri əhalinin
siyahıya alınması keçirilib. Hər dəfə biz
soyqırım adlandırdığımız illərdən
sonra faciələrdən sonra əhali 55 dəfə
azalıb. Rəqəmlərin dili ilə, hərbi arxivlərdən
tapılmış xəritələr, statistik toplulardakı
faktlar əsasında erməni təcavüzü sübuta
yetirilir. İndiki Ermənistanın ermənilər tərəfindən
zəbti haqqında təkzibolunmaz faktları dünya ictimaiyyətinin
diqqətinə çatdırmaq üçün “Silinməz
adlar, sağalmaz yaralar” kitabının rus və ingilis dillərinə
tərcümə etmişik, həmçinin kitabın internet
saytını yaratmışıq.
Dəyərli
göstəricilərdən biri
26 səhifədə çap olunmuş “Ermənistan SSRİ ərazisində
azərbaycanlılar yaşamış kəndlərin rayonlar
üzrə təsnifi”dir. Cədvəl
formasında 650 Azərbaycan kəndinin qədimdən rəsmi
adı, 1918-ci ildən sonra ermənisayağı dəyişdirilən
adları, onların coğrafi koordinatları, 1831-ci,
1873-cü, 1886-cı, 1905-ci, 1914-cü, 1931-ci illərdə həmin kəndlərdə
yaşamış azərbaycanlıların azalmağa
doğru gedən sayı göstərilib. Bu faktlar 200 il ərzində
azərbaycanlılara qarşı keçirilən təcavüzkar
siyasətin tutarlı sübutudur. Kitab İrəvan
xanlığının və keçmiş Ermənistan
SSRİ ərazisində soydaşlarımız
yaşamış rayonlar barədə maraqlı tarixi bilgilər
ilə zəngindir. Kitabdakı xronoloji düzülmüş
faktları rus və ingilis dillərində internetə yerləşdirməsi
erməni böhtançılarının və onların
havadarlarının qarşısına düşmən atəşini
susduran güclü silahla çıxmağımıza bərabərdir”.
Ş.Həsənova
indiki Ermənistan ərazisinin Azərbaycanın tarixi
torpaqları olmasının prezident İlham Əliyev tərəfindən
dilə gətirilməsini xüsusi qeyd edib: “Azərbaycan
prezidenti İlham Əliyev ötən ilin fevral ayında
Xocalı soyqırımının ildönümü
münasibətilə çıxışında ilk dəfə
olaraq müasir Ermənistanın İrəvan
Xanlığının torpaqlarında yerləşməsi
haqqında rəsmi bəyan edib. Bununla ölkə
başçısı bədnam qonşularımıza
qarşı aparılan siyasətdə yeni tendensiyaların
başlanğıcı haqqında xəbər verib. Bu da erməniləri
təşvişə saldığından onlar informasiya
müharibəsində Azərbaycan həqiqətlərinə
qarşı yeni çirkin texnologiyalardan istifadə etməklə
iftira xarakterli məlumatların internetdə yayımını daha da genişləndiriblər.
Ermənistan-Azərbaycan münaqişəsindən ötən
20 il ərzində düşmən
tərəfinin gözləmədiyi halda Azərbaycan regional
liderə, Avropa ölkələrinin strateji təhlükəsizlik
üzrə tərəfdaşına
çevrilibdir. Bütün bunlar informasiya
blokadasını yarmaqda və Azərbaycan həqiqətlərini
yaymaqda böyük rol oynamışdır. Artıq dünya
ictimaiyyəti səsimizi dinləməyə başlayıb”.
Birlik
sədri rusdilli saytlarda Azərbaycan tədqiqatçılarının
əsərlərinin olmamasını təəssüf hissi ilə
qeyd edib: “Təəssüf ki, bir çox rusdilli portallarda yer
almış ermənipərəst materiallara qarşı Azərbaycan
tədqiqatçılarının rus dilində əsərləri
yoxdur. Hətta görkəmli avstriyalı alim Erik Fayqlın
“Erməni mifomaniyası” kitabının alman dilindəki
versiyası açılmır, rus dilində isə kitabdan
yalnız qısa parçalar yerləşdirilib. Nə
yaxşı ki, Milli Təhlükəsizlik Nazirliyinin
www.mns.gov.az internet
saytının kitabxana səhifəsində ermənilərin
ifşasına yönəldilən Azərbaycan dilində nəşr
olunan 32 kitabın siyahısı rus dilində verilib. Bu
çoxmilyonlu rusdilli internet istifadəçilərinə
bizim də tutarlı sözümüz olduğu barədə
xəbər verir. Qərbi Azərbaycanın ermənilər tərəfindən
zəbti haqqında da internetdə, İ.Çavçavadzenin
və V.Veliçkonun əsərləri istisna olmaqla, rusdilli ədəbiyyat
demək olar ki, yoxdur. Bu məsələni gündəmə gətirməyin
vaxtı çoxdan yetişib. İnternet məkanında bu
mövzunun məhz rus dilində geniş
işıqlandırılması MDB-də fəallaşan azəri
diasporuna, uzaq xaricdə yaşayan və vaxtilə SSRİ-də
rus dilində təhsil almış həmvətənlərimizə
lazımdır. Çünki onlar öz xalqının dərdinə
şərik çıxır və bu məsələdə
fəal iştirak etmək məqsədilə rus dilindəki məxəzləri
internetdə daima axtarmaq zorundadırlar. İnternet vasitəsilə
rus dilində və digər xarici dillərdə tarixi İrəvan-Zəngəzur
mövzusu üzrə həqiqətləri dünya ictimaiyyətinə
çatdırmaq günün təxirəsalınmaz məsələsidir”.
Ş.Həsənova
layihənin icrasından əldə
olunacaq konkret nəticələr
barədə danışaraq qeyd etdi ki, layihənin nəticəsi
olaraq cəmiyyətdə, beynəlxalq ictimaiyyətdə Qərbi
Azərbaycanın tarixi barədə yeni təsəvvür
yaranacaq. İnternetin çoxmilyonlu rusdilli istifadəçiləri
yeni dəyərli məxəz əldə edə biləcək.
Kitabın ingilis dilinə tərcüməsi
isə Avropa və Amerika tədqiqatçılarına, siyasətçilərinə,
bu problemlə maraqlanan mütərəqqi insanlara onlara məlum
olmayan tarixi gerçəkliyi və ermənilərin məkrli
əməllərini aşkarlayacaq. 1948-1953, 1988-ci illərdə
öz tarixi ata-baba yurdlarından deportasiya olunmuş, zorla
çıxarılmış azərbaycanlıların
öz doğma vətənlərinə qayıtması kimi
haqlarının tanınmasına siyasətçiləri
sövq edəcək. Ermənilərin təcavüzkar və
soyqırım səciyyəli əməllərini tutarlı
faktlarla sübuta yetirəcək, bu faktları internet vasitəsilə
iki xarici dildə dünya ictimaiyyətinə geniş yayımlayacaq. Kitabın latın
qrafikasında nəşri gənc nəslə deportasiya barədə
yeni məxəzlə tanış olmaq imkanı yaradacaq.
Universitetlərin humanitar fakültələrinin tələbələri
ilə müzakirələr, dəyirmi masalar keçiriləcək,
kitabın elektron mətnləri rusdilli www.koob.ru kimi saytlara,
Milli Təhlükəsizlik Nazirliyinin elektron kitabxanasına, Mədəniyyət
və Turizm Nazirliyinin www.baku-art.az
saytına, Rusiya, Avropa, Amerikanın nüfuzlu təhsil və
elm ocaqlarına, səfirliklərə təqdim ediləcək.
Yeni saytın istifadəçilərinin sayının monitorinqi
aparılacaq, sayta gələn
suallar cavablandırılacaq, forumlar keçiriləcək.
Bütün bunlar ermənilər
ilə apardığımız informasiya müharibəsində
Azərbaycanın mövqeyinin daha da möhkəmlənməsinə
kömək edəcək.
Babək
CAHANDAROV
Paritet.- 2010.- 3-4 iyun.- S. 4;7.