Azərbaycan Türkiyənin yanındadır

 

Azərbaycan ictimaiyyəti İsrailin hərbi aksiyasını qətiyyətlə pisləyir

 

İsrailin Qəzzaya humanitar yardım aparan gəmilərə qarşı həyata keçirdiyi hərbi əməliyyat  yenidən dünyanın diqqətini Yaxın Şərq regionuna yönəltdi. Daha doğrusu dünya mənəviyyat və humanistliyin siyasət və azğınlığa qurban getməsinin bir daha şahidi oldu.

Bəli, azğınlıq İsrailin gözünü tutub. Ona görə da İsrail hərbiçilərinin beynəlxalq sularda güc tətbiq etməklə insanları qətlə yetiriməsi dünya ictimaiyyətin hiddətinə və ciddi narazılığına səbəb olub. BMT Təhlükəsizlik Şurası İsrailin hərbi aksiyasını pisləyib, məsələnin araşdırılmasını, cinayəti  törətmiş şəxslərin cəzalandırılmasını, əsir və girovların azad edilməsi tələb edib.

Azərbaycan  İsrail hərbçilərinin insan tələfatına səbəb olmuş aksiyasını qətiyyətlə pisləyib və narahatlığını ifadə edib.  Azərbaycan XİN bu hadisənin qısa müddətdə araşdırılmasının və günahkarların cəzalandırılmasının zəruriliyini bəyan edib.  XİN-nin mətbuat katibi Elxan Poluxov bildirib ki, yaranmış vəziyyət Azərbaycanda narahatlıq doğurur: “Azərbaycan tərəfi hesab edir ki, humanitar bir aksiyanın insan tələfatı ilə nəticələnməsi narahatlıq doğuran bir faktdır. Bu hadisə qısa müddətdə dəqiqliklə araşdırılmalı və günahkarlar öz cəzalarını almalıdır”. Diplomat xatırladıb ki, Azərbaycan Qəzza zolağında yaşayan əhaliyə humanitar yardım göstərilməsinin tərəfdarıdır: “Bu barədə Azərbaycan dəfələrlə öz rəsmi mövqeyini bildirib. Ölkə prezidentinin tapşırığı ilə xarici işlər naziri Elmar Məmmədyarov keçən ilin martında Şarm əl Şeyx şəhərində keçirilən beynəlxalq donorlar konfransında Azərbaycanın bu mövqeyini açıqlamışdı. Azərbaycan bu mövqeyində qalır”.

Azərbaycanın ictimaiyyət nümayəndələri, politoloqlar, ziyalılar, QHT və KİV nümayəndələri, sıravi vətəndaşlar İsrailin hərbi aksiyasını qətiyyətlə pisləyir.

“Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev qəzetimizə bildirib ki, belə hallara qarşı əməli tədbirlər görülməli və cinayəti törətmiş şəxslər cəzalandırılmalıdır: ”Qəzza sektoruna humanitar yardımın çatdırılmasına tətbiq olunmuş məhdudiyyətlər  aradan qaldırılmalıdır. Azərbaycan dövləti və ictimaiyyəti həmişə olduğu kimi, bu dəfə də Türkiyənin yanında olduğunu, dost və qardaş ölkənin mövqeyini birmənalı şəkildə dəstəklədiyini, onunla həmrəy olduğunu əyani şəkildə nümayiş etdirir”.

N.Əliyevin sözlərinə görə,  Azərbaycan həmişə Türkiyənin yanında olub və bu hadisədə öz dost mövqeyini göstərməsi bunu bir daha sübüt edir: “İsrailin bu hərəkəti heç bir insanlığı sığmayan hərəkətdir. Əgər İsrailin qan axıtmasının qarşı alınsa, Fələstin dövləti yaransa, sonrakı mərhələ Qarabağ olacaq.  Türkiyənin güclənməsi dünyada həqiqi ədalətin və demokratiyanın bərqərar olmasına birbaşa təsir edəcək.  Türkiyəyə hər bir müsəlman və türk dəstək verməlidir. İnanırıq beynəlxalq birlik səviyyəsində bu məsələ öz həllini tapacaq”.

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli İsrailin bu aksiyasını bütün dünya dövlətlərinə meydan oxuması kimi qiymətləndirir: “Belə bir aksiya bizi Azərbaycan vətəndaşı kimi çox hiddətləndirir. Bu hərbi əməliyyatın baş verməsi  beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. İsrail tərəfi bunu etiraf etmir. Bu da onu göstərir ki, İsrail bütün dünya dövlətlərinə meydan oxuyur.”

Baş vermiş hadisəyə təəssüf ki, bütün  müsəlman ölkələrinin birmənalı yanaşmadığını deyən N. Məmmədli bildirdi ki,bütün bunlara baxmayaraq Azərbaycanın qardaş ölkəylə həmrəy  olması arzulanan və təbii haldır: “Çox təəssüflər olsun ki, müsəlman ölkələri bu məsələyə qətiyyəli reaksiya vermirlər. Xüsusən də bir çox ərəb ölkələri. Lakin  bu məsələdə Türkiyənin adı olduğuna görə istər Azərbaycan, istər digər türkdilli dövlətlər türkin yanında olmalıdır. Necə ki, Azərbaycan artıq bir mənalı şəkildə İsrailin bu addımını pisləyən bəyanat verib. Azərbaycan ilk başdan Türkiyəni müdafiə etdiyini açıq şəkildə bəyan edib. Elə Azərbaycanın  bu mövqeyini də digər türkdilli dövlətlər və islam ölkələri ifadə etsələr bu İsrailə qarşı onların işğalçı siyasətini ifşa etmək baxımından çox uğurlu bir addım olardı. Azərbaycanın isə İsrailin dinc  insanlara qarşı belə hərbi əməliyyat keçirməsini pisləməsi təbii haldır”.

Beynəlxalq məsələlər üzrə ekspert Elman Nəsirov “Olaylar”a verdiyi açıqlamada bildirib ki, İsrailin atmış olduğu bu addım beynəlxalq hüquq prinsiplərinə ziddir. E. Nəsirov deyib ki, hətta müharibələr dövründə humanitar yardım daşıyan istənilən missiyaya qarşı belə hadisə baş verməyib: “Bu hətta müharibə haqqında qanunun prinsiplərinə ziddir”. Onun sözlərinə görə, İsrailin atmış olduğu son addım heç bir halda regionda sülhə xidmət etmir, əksinə, onsuz da gərgin olan vəziyyəti bir qədər də ağırlaşdırır.

 Politoloq Nurəddin İsmayılov da bildirib ki, İsrail tərəfinin bu vəhşiliyi nə beynəlxalq hüquq, nə də ölkələrarası müqavilələrə uyğundur: “Eyni zamanda bu addım antibəşəri, insanlığa qarşı yönəlmiş bir addımdır. Hesab edirəm ki, beynəlxalq təşkilatlar İsrailin bu hərəkətinə kəskin reaksiya verməli, bu ölkəyə qarşı ciddi sanksiyalar tətbiq etməlidirlər”.

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatında da bu məsələ geniş müzakirə olunub. Qurumun sədri Faiq İsmayılov qəzetimizə bilririb ki, İsrailin addımı həm beynəlxalq hüquqa, həm də insanlığa zidd bir addım kimi qiymətləndirilməlidir: “Bunu biz qətiyyətlə pisləyirik. Köməyə ehtiyacı olan insanlara humanitar yardım aparan gəmiləri İsrailə məxsus olmayan beynəlxalq sularda vəhşicəsinə dayandırmaq və orada insanlara qarşı görünməmiş vəhşiliklər törətmək, onları qətlə yetirmək kəskin şəkildə pislənməlidir. Bizim narazılığımız İsrail hökuməti ilə yanaşı ABŞ rəhbərliyinədir. Çünki rəsmi Vaşinqton İsrailə qarşı ciddi tədbir görməməklə Yaxın Şərq bölgəsində gərginliyin artmasına və yeni münaqişə ocaqlarının yaranmasına rəvac verir”.

Onun sözlərinə görə, hadisələr yaxın gələcəkdə Türkiyənin ərəb dövlətləri içərisində lider dövlətə çevriləcəyini göstərir: “Ərəb dövlətlərinin özləri də bunu yaxşı başa düşürlər və istəyirlər ki, rəsmi Ankara fələstin xalqının hüquqlarının müdafiəsində öz səylərini bundan sonra da davam etdirsin. Bu da regional münasibətlərdə Türkiyənin sürətlə inkişafı, nüfuzunun artması deməkdir”.

 Ekoloji Problemlərin Tədqiqi Mərkəzinin rəhbəri Kamran Mahmudov “Paritet”ə açıqlamsında deyib ki, müsəlmanlar arasındakı münaqişələr və parçalanma onları mənəvi cəhətdən zəiflədir:”Təəssüf ki, digər türkdilli dövlətlər Azərbaycan kimi qətiyyətli mövqe nümayiş etdirmir, passiv seyrçi olaraq məsələləri kənardan  müşahidə etməyə üstünlük verirlər. Bu mövqe türkdilli dövlətlərin dövlət və hökumət başçılarının zirvə toplantılarında, o cümlədən 2009-cu ildə keçirilmiş Naxçıvan sammitində qəbul olunmuş qərarların ruhuna uyğun deyil”.  QHT rəhbərinin fikrincə, dünyanın müxtəlif yerlərində müsəlmanlara böyük əzablar yaşadan bu fitnəyə son qoyulması, axan qanın durması ancaq Türk İslam Birliyinin qurulması ilə mümkündür. “Fələstin, o cümlədən Qarabağ problemlərinin də yeganə həlli Türk İslam Birliyinin qurulmasıdır”, deyə o əlavə etdi.

Bir sıra partiyalar İsrail ordusunun bu hücumunu və bunu insan tələfatı ilə nəticələnməsini görünməmiş qəddarlıq aksiyası kimi qiymətləndirib və bu hadisənin mahiyyətinin bütünlüklə İsrail hökumətinin üzərinə düşdüyünü bəyan ediblər. Aydınlar Partiyası da İsrailin Türkiyədən Qəzzaya yola çıxan humanitar yük gəmilərinə silahlı basqınla bağlı etiraz bəyanatı verib(APA). Partiyanın  bəyanatında     mülki şəxslərə qarşı bu hərəkətlər pislənib, baş verənlər  İsrail silahlı qüvvələrinin beynəlxalq hüququ pozması və insanlığa qarşı cinayət kimi qiymətləndirilib. Bəyanatda bildirilir ki, İsrail bu cinayətə görə beynəlxalq ictimaiyyətə rəsmi izahat verməli, günahkarlar beynəlxalq hüquqa uyğun şəkildə cəzalandırılmalıdır.Aydınlar Partiyası beynəlxalq ictimaiyyəti İsrailin bu hərəkətinə adekvat qiymət verməyə və sanksiyalar tətbiq etməyə çağırıb.

Azərbaycan Milli İstiqlal Partiyası da Qəzza bölgəsinə humanitar yardım aparan gəmilərə İsrail Silahlı Qüvvələri tərəfindən açıq dənizdə hücum faktını pisləyən bəyanat yayıb. Bəyanatda bildirilir ki, “bu bədnam əməliyyatı həyata keçirənlər öz hərəkətləri ilə bəşəriyyətə, insanlığa, sülhə və təhlükəsizliyə düşmən olduqlarını bir daha sübuta yetirmiş oldular”.

Ümid Partiyası Rəyasət Heyətinin toplantısında da Aralıq dənizində baş verən bu hadisəyə münasibət bildirilib. Rəyasət Heyətinin üzvləri yekdilliklə İsrail dövlətinin humanitar gəmilərə basqınnını pisləyiblər.

 Böyük Quruluş Partiyası  da bu qəddar aksiyanı pisləyir, Türkiyənin haqlı mövqeyini dəstəkləyir və bu əməli törədən şəxslərin dərhal beynəlxalq məhkəmədə mühakimə olunmasını tələb edir”.

Qarabağ Azadlıq Təşkilatı (QAT) İsrailin Azərbaycandakı səfirliyinin binası qarşısında dünən  etiraz aksiyası keçirib.Təşkilatın mətbuat xidmətindən verilən məlumata görə, piketdə İsrail hərbçilərinin Türkiyə gəmilərinə, vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı törətdiyi qanlı olaylara etiraz edilib, günahkarların cəzalandırılması, İsrailə qarşı beynəlxalq sanksiyaların tətbiq olunması ilə bağlı tələblər irəli sürülüb.

Qafqaz Müsəlmanları İdarəsi  də İsrail ordusunun Qəzza zolağına yardım aparan Türkiyə gəmilərini atəşə tutması faktını pisləyən bəyanat yayıb. Bəyanatda bildirilir ki, beynəlxalq sularda beynəlmiləl tərkibli könüllülərdən ibarət “Azadlıq” donanmasının sülhməramlı heyət üzvlərinə İsrail hərbçiləri tərəfindən təcavüz edilməsi xəbəri Azərbaycan vətəndaşlarını da hədsiz sarsıdıb: “Blokadada olan Qəzza sakinlərinə humanitar yardım aparan gəmi karvanına qarşı beynəlxalq hüquqa uyğun gəlməyən rəftar nümayiş etdirilməsi təmsil etdiyimiz bölgənin müsəlmanlarının hiddətinə səbəb olub”.

 

 

G.BÜNYADZADƏ

 

F.HÜSEYNZADƏ

 

Partitet.- 2010.- 3-4 iyun.- S. 1-2.