Kənd turizmi XX əsrin 60-cı illərindən sonra inkişaf etməyə başlayıb

 

2006-cı ildə Avropada kənd evlərində və kiçik kənd hotellərində 40 milyona yaxın adam istirahət edib

 

 Hazırda turizm  dünya miqyasında  sürətlə inkişaf edən biznes sahələrindəndir. Dünya  üzrə ümummilli məhsulun  10 faizi,  ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür, göstərilən  xidmətlərin təqribən  üçdəbiri beynəlxalq  turizm vasitəsilə həyata keçirilir.  Eyni zamanda  dünyada əmək qabiliyyətli əhalinin 8,1 faizi turizm industriyasında və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur.

Qeyd edək ki, turizmin növləri  içərisində diqqətçəkən  və son illər inkişafda olan sahələrdən biri də  kənd turizmidir.  Bu gün kənd turizmi Avropada da  geniş yayılmış turizm növüdür.  Azərbaycan Turizm İnstitunun turizm biznesinin təşkili və texnologiyasının təşkili kafedrasının müəllimi Qəhrəman Yusupovun dediyinə görə, Avropada geniş yayılmış kənd  turizm növü   XX əsrin 60-cı illərindən sonra intensiv inkişaf etməyə başlayıb:” Turizm firmaları yeni turizm xidməti kimi kənd evlərində və ya kənd ərazisində kiçik hotellərdə istirahət təklif etməyə başladılar. 2006-cı ildə Avropada kənd evlərində və kiçik kənd hotellərində 40 milyona yaxın adam istirahət edib. Hazırda kənd turizmi Avropanın bütün ölkələrində mövcuddur. Lakin turizmin bu növünün inkişaf səviyyəsi hər ölkədə müxtəlifdir. Belə ki, Şərqi Avropa ölkələrində kənd turizmi Qərb ölkələrinə nisbətən az inkişaf edib”.

 Həmsöhbətimizin sözlərinə görə,  Fransa, Böyük Britaniya və Almaniya turizmin bu növünün başlanğıcını qoyanlardır: “Fransada kənd turizmi daha çox şərqdə və cənubda inkişaf edib, qərbdə isə az inkişaf edib. Bunun səbəbi iqlim xüsusiyyəti, relyef və ayrı-ayrı rayonların coğrafi mövqeyinin xüsusiyyətindən irəli gəlir. Fransanın şərq rayonlarında dağ relyefin (Alp dağları, Voqez, Yura) olması, habelə bir-neçə ölkə ilə (İsveçrə, Almaniya, İtaliya, Belçika və Lüksemburq) həmsərhəd olması turistləri buraya cəlb edir. Ölkənin cənubunda çimərlik əraziləri və şərabçılıq rayonları yerləşir. Fransanın qərb rayonlarında kənd turizminin az inkişaf etməsinə səbəb iqlimin yağışlı və küləkli olmasıdır. Hazırda 35 min fransız fermeri turistlərin qəbul edilməsinə hazırdır. Almaniyada da kənd turizmin inkişaf səviyyəsi eyni deyil. Belə ki,  cənub və qərb rayonlarında daha çox inkişaf edib”. Q.Yusupov bildirdi ki,  buna səbəb regionların iqtisadi cəhətdən güclü inkişaf etməsi və zənginliyi ilə fərqlənməsidir:”Keçmiş Almaniya Demokkratik Respublikasının ərazilərində kənd turizmin inkişafı üçün federal hökumətlər intensiv tədbirlər həyata keçirirlər. Böyük Britaniyada kənd turizmi əsasən cənub regionlarda yüksək inkişaf edib. Buna səbəb bu ərazilərdə yerləşən iri şəhərlərin əhalisindən kənd yerlərində istirahət etmək istəyənlərin çox olması və qədim tarixi abidələrin zənginliyidir”. Turizm mütəxəssisinin sözlərinə  görə, hazırda regional siyasətin bir hissəsi kimi Şotlandiya və Şimali İrlandiyaya turistlərin cəlb edilməsi üçün tədbirlər həyata keçirilir: “Belçika, Niderland, Lüksemburq ölkələrində fermer turizmi yüksək inkişaf edib.  Ərazilər üzrə inkişaf səviyyəsində prinsipial fərq yoxdur. Avstriya və İsveçrədə kənd turizmin inkişaf  səviyyəsi Cənubi Almaniyada olduğu kimidir. Şimali Avropanın kənd turizmi bazarında Danimarka xüsusi yer tutur. Danimarkanın kənd təsərrüfatı öz effektivliyi ilə Avropa bazarında yüksək qiymətləndirilir. Yerli fermerlər isə bir nümunə kimi hamıya misal göstərilə bilər. Bu səbəbdən Danimarkada istirahət etmək üçün  aqroturistlərin tələbi ildən ilə artır”.

İsveçin və Norveçin yalnız cənub regionlarında kənd turizminin yüksək inkişaf etdiyini deyən Qəhrəman müəllim qeyd etdi ki, şimal regionlarında bu turizm növünə ehtiyacın az olması həmin ərazilərin sərt iqlimə malik olmasıdır:”Cənubi Avropa kənd turizmi bazarı üzrə ənənəvi olaraq güclü region sayılır və bu  dövlətlərin faktiki olaraq bütün ərazilərində inkişaf edib.

Buna baxmayaraq bu ölkələrdə də inkişaf müxtəlifliyi var. Kənd turizmin inkişaf edilmiş əraziləri bunlardır: İspaniyanın cənubu, İtaliyanın bütün ərazisi, Yunanıstanın cənubu və adaları, Kipr. İtaliyanın şimalında kənd turizmin inkişafı Alp dağları ilə bağlı olduğundan  burada dağ xizək turizmi də yüksək inkişaf edib, cənub ərazilərində isə dəniz sahillərində çimərliklərdə istirahətlə bağlıdır. İtaliyanın şimalında iri şəhərlərin ətrafındakı kənd ərazilərində dərketmə turizmi ilə əlaqəli inkişaf gedir. Yalnız 2006-cı ildə İtaliyada kənd turizm xidmətlərindən 12 milyon istirahətçi istifadə edib”.

Qərbə nisbətdə Şərqi Avropa ölkələrində kənd turizminin başlanğıc mərhələdə olduğunu deyən mütəxəssis bildirdi ki, bu sahədə müəyyən qədər  inkişaf Çexiya, Slovakiya, Macarıstan və Sloveniyada olub:”Rumıniyada kənd turizmin inkişafı “Transilvaniya Drakulıanın vətənidir” layihəsi ilə bağlıdır. Polşada kənd turizmi artıq bir-neçə ildir ki, inkişaf edir. Statistik məlumatlara görə, bu ölkədə ildə 500 mindən artıq insan aqroturbiznesin xidmətlərindən istifadə edir. Qeyd etmək lazımdır ki, dövlət kənd turizmini inkişaf etdirmək məqsədilə fermer təsərrüfatlarına kreditlər ayırır”. O qeyd etdi ki, keçmiş Yuqoslaviya ölkələrində də kənd turizmin inkişaf potensialı böyükdür:”Sadəcə olaraq bu ölkələrdə siyasi şərait qeyri-sabit olduğundan inkişaf istənilən səviyyədə getmir. Yalnız Xorvatiya son illərdə çimərliklərdə istirahət məqsədilə kənd turizmin inkişafını dəstəkləyir.Almaniya Xalq Universitetləri Birliyi tərəfindən maliyyələşdirilən layihələr çərçivəsində ölkəmizin cənub regionunun əhalisi arasında kənd turizmi mövzusunda təlimlər keçirilib”

 Avropa ölkələri  ilə yanaşı,  bu gün Azərbaycanda da turizmin müxtəlif  növləri- müalicə-sağlamlıq,  kənd, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini və s. inkişafı  istiqamətində  məqsədli işlər aparılır və uğurlar əldə edilib. Belə ki, bu növlər arasında  Azərbaycanın iqlimi, təbii şəraiti, qədim tarixi  ölkəmizdə kənd turizminin inkişafı üçün geniş imkanlar yaradır. Ölkəmizdə kənd turizminin inkişaf səviyyəsi və perspektivlərindən danışan Q. Yusupovun  dediyinə görə, kənd ərazilərinin landşaft, klimatoloji, balneoloji, tarixi-mədəni və digər amilləri insanların fiziki və mənəvi bərpasına təsir edən dəyərsiz qüvvələrdir. Ölkəmizin iri sənaye mərkəzlərindən və xaricdən gələn insanlarda adi kənd evində yaşayıb istirahət etmək arzusu böyükdür. Mütəxəssis bildirir ki, belə turistlər kənd həyatını dadmaqla yanaşı, müvafiq səviyyədə xidmətin olmasını da istəyirlər: “Bizim kənd evlərində isə əksər hallarda bu cür şərait olmur. Doğrudur, turistlərin istəyinə uyğun şəraitin yaradılması, onlara müvafiq xidmətin göstərilməsi müəyyən maddi xərclər tələb edir. Lakin bu xərclər artıqlaması ilə ev sahibinə qayıda bilər. Kənd evinin sahibi turistlərə hər cür rahatlığı olan ev və yemək təqdim etməklə bərabər, onlara bələdçilik, tərcüməçilik, nəqliyyat xidməti göstəmək, ev heyvanları və quşları bəsləmək üçün qısa müddətli imkan yaratmaqla əlavə xidmət haqqı əldə edə bilər”.

Onun  sözlərinə görə, əyalətlərdə turizmin bu növünün inkişaf etdirilməsində kənd əhalisinə yardımçı olmaq, onları müəyyən stereotiplərdən uzaqlaşdırmaq üçün yerli TV və mətbuatda çıxışlar etmək, kənd turizminin onlara və yaşadıqları ərazilərə maddi və ekoloji cəhətdən xeyirli olmasını mütəmadi izah etmək lazımdır: “Ev sahiblərinin üzügülərliyi, interyer, otaqların qıcıqlandırıcı olmayan boya rəngi, həyətin səliqə-sahmanı, yaşayış yerlərinin, xüsusilə yardımçı otaqların təmizliyi xeyli önəm daşıyır. Turistlərin yerləşəcəyi otaqlarda əlavə yataq dəstləri, dəsmallar və s. olmalıdır. Onların istirahəti sakitlik şəraitində keçməlidir. Sabitlik amili qonaq evinin qiymət siyasətinə də aid edilir. Xidmətlərin qiymətlərini mövsümün ortasında dəyişmək son dərəcə arzuedilməzdir. Bu, turları qabaqcadan etibarlı şəkildə realizə edə biləcək turoperatorların işlərində xeyli çətinliklər törədər”.

Q.Yusupov bildirir ki, kənd turizminin inkişafında istənilən nəticəni əldə etmək üçün kənd əhalisinin bu yöndə maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Mütəxəssis bu baxımdan Avropa ölkələrinin təcrübəsindən yararlanmağı da məsləhət görür: “Kənd turizminin inkişaf istiqamətlərinin müəyyən edilməsi, xidmət müxtəlifliyinin təmini, meydana çıxan maneələri dəf etmək, təcrübə mübadiləsi həyata keçirmək məqsədilə inkişaf etmiş ölkələrdə mütəmadi olaraq kənd turizm konfransları, seminarlar keçirilir. Ev sahiblərinə turistləri qəbul etmək, onlara göstərilən xidməti düzgün təşkil etmək, əlavə xidmətlər və turistlərin sakit, rahat istirahətini təmin etmək yollarını göstərmək məqsədilə təlimlərin keçirilməsi önəmlidir”.

 Q. Yusupov maraqlı bir faktı diqqətə çatdırdı. Onun dediyinə görə, bugünlərdə Almaniya Xalq Universitetləri Birliyi tərəfindən maliyyələşdirilən layihələr çərçivəsində ölkəmizin cənub regionunun əhalisi arasında kənd turizmi mövzusunda təlimlər keçirilib. Təlimlərdə Masallı, Lənkəran, Yardımlı, Lerik, Astara rayonlarından olan və bu işə marağı olan sakinlər iştirak ediblər.

Mütəxəssis Azərbaycanda kənd turizminin inkişafı üçün maarifləndirmə tədbirlərinin bütün regionlarda və mütəmadi olaraq keçirilməsini məsləhət görür: “Fikrimcə, dövlət tərəfindən məqsədli kiçik kreditlərin verilməsi kənd yerlərində qonaq evlərinin təşkilinin stimullaşdırılmasına, eyni zamanda kəndlərin infrastrukturunun da yaxşılaşmasına müsbət təsir göstərə bilər.

   Kənd turizmi yalnız biznes növü deyil, eyni zamanda ictimai diplomatiya vasitəsidir. İnsanlar hotellərdə qapalı şəkildə qalmaq istəmirlər, onlar yerli sakinlərlə münasibət qurmaq, yerli məişət və adət-ənənələrlə tanış olmaq istəyirlər. Bu səbəbdən ev sahibləri xarici turistlər üçün ölkənin xoş simasını təbliğ etməli, digər regionlardan gələnlərlə isə sıx daxili əlaqələr yaratmalıdırlar”.

 

 

Günay

 

Paritet.- 2010.- 5-7 iyun.- S.9;15.