Erməni terrorizminin ifşası istiqamətində
diaspor təşkilatları tərəfindən müxtəlif
layihələr həyata keçirilir
“Ötən dövr ərzində əcnəbi
media nümayəndələri Azərbaycanda qaçqın
düşərgələrində olublar və onlara
Qarabağ münaqişəsi ilə bağlı məlumat
verilib”
Son illər ölkəmizdə dövlət və qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycana və ümumilikdə
türk xalqlarına qarşı ermənilər tərəfindən
törədilmiş soyqırım və terrorizm siyasətinin geniş ictimaiyyətə
çatdırılması
istiqamətində ölkə
daxilində və ölkədən kənarda bir sıra təbliğat və təşviqat
işləri aparır və layihələr həyata
keçirirlər. Bu istiqamətdə daha aktiv iş aparan dövlət təşkilatlarından
biri də Diasporla İş üzrə Dövlət Komitəsidir(DİDK).
Sözügedən qurumun erməni terrorizminin ifşası
istiqamətində gördüyü işlərlə
bağlı Təbliğat,
informasiya və analitik təhlil şöbəin müdiri
Elşad Miraləm məlumat verdi.
-Bu
gün Diasporla İş üzrə Dövlət Komitəsinin və
Azərbaycan diaspor təşkilatlarının əsas fəaliyyət
istiqamətlərindən biri
ermənilərin Azərbaycan
xalqına qarşı həyata keçirdiyi işğalçılıq,
soyqırım və terror siyasəti
barədə məlumatları dünya ictimaiyyətinə
çatdırmaqdan ibarətdir. Bu istiqamətdə də bizim diaspor təşkilatları ötən
müddətdə öz
potensial imkanları daxilində bir sıra tədbirlər həyata keçiriblər. Ötən illər ərzində
dünyanın müxtəlif
ölkələrində Ermənistanın səfirliklərinin
və beynəlxalq təşkilatların qarşısında bu məsələ ilə
bağlı azəri və türk diasporlarının birgə
etiraz aksiyaları olub. Eyni zamanda
türk diplomatlarına qarşı törədilmiş
terror aktları ilə bağlı, Azərbaycanda erməni
terror birləşmələri tərəfindən törədilmiş terror aktları ilə bağlı
dünya ictimaiyyətini məlumatlandırmaq istiqamətində
işlər görülüb. Bununla bağlı
ayrı-ayrı beynəlxalq və bir sıra xarici ölkələrdə
fəaliyyət göstərən
insan hüquqlarının müdafiəsi ilə
məşğul olan qeyri-hökumət təşkilatlarına
məlumatlar verilib, hesabatlar və videoçarxlar təqdim
olunub. Onu da qeyd edim ki, bu istiqamətdə
aparılan iş bu gün də davam edir və təbii ki, gələcəkdə
də davam etdiriləcək.
-
Bildiyimizə görə, bu günlərdə İsraildə
keçirilən konfransda da ermənilərin xalqımıza
qarşı törətdiyi soyqırım məsələsi
haqqında danışılıb...
-Xəbər
verildiyi kimi, mayın 5-6-da
İsrailin Təl-Əviv şəhərində “Ön Asiya:
kütləvi informasiya vasitələri və regional
münaqişələr” mövzusunda beynəlxalq konfrans
keçirilib. Azərbaycan
Diasporla İş üzrə Dövlət Komitəsinin
və Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının
birgə təşkil etdiyi konfrans dövlət rəsmlərinin,
regiondakı prosesləri dərindən bilən
politoloqların və mütəxəssislərin, habelə Azərbaycan,
İsrail, ABŞ, Ukrayna və Rusiyada fəaliyyət göstərən
rusdilli KİV rəhbərlərinin
iştirakı ilə medianın münaqişələrin həllində
roluna dair müzakirələr aparmaq məqsədi
daşıyıb. Konfransda
çıxış edən Dövlət Komitəsinin sədri
Nazim İbrahimov Azərbaycanda həyata
keçirilən islahatlar, İsrail-Azərbaycan münasibətlərinin
inkişaf perspektivləri, əlaqələrin
inkişafında dövlətlərimizin
başçılarının rolu, Dağlıq Qarabağ
münaqişəsi, İsrail-Azərbaycan arasında əlaqələrin
genişlənməsində və möhkəmlənməsində
diasporun rolu və digər məsələlər barədə
ətraflı məlumat verib. O, konfrans
iştirakçılarına Dağlıq Qarabağ
münaqişəsi haqqında ətraflı məlumat verib,
bu münaqişənin bütün bölgənin təhlükəsizliyi,
sülh və əminamanlığı üçün
yaratdığı problemlərdən danışıb.
Azərbaycandan gedən nümayəndələrin bir neçəsi bu mövzular ətrafında məruzələrlə
çıxışlar ediblər. Həmin məruzələrdən
biri də məhz
Dağlıq Qarabağ
münaqişəsi, onun nəticələri və bu məsələyə beynəlxalq ictimaiyyətin münasibəti mövzusuna həsr olunmuşdu.
Sözügedən məruzədə Dağlıq Qarabağ
münaqişəsinin başlanmasının səbəbləri
və Ermənistanın
işğalçılıq siyasəti ilə
bağlı faktlar, məlumatlar diqqətə çatdırıb və bu prosesdə Azərbaycanın beynəlxalq ictimaiyyətin gözləntiləri
ilə bağlı məlumat verildi.
Qeyd olundu ki, Azərbaycanın
hər hansı bir ölkənin onu müdafiə etməsinə
ehtiyacı yoxdur, ancaq Azərbaycan istəyir ki, dünya
ictimaiyyəti həqiqəti və
haqqı müdafiə etsin . Konfransda dünyanın müxtəlif
ölkələrində media nümayəndələri
iştirak edirdilər. Eyni zamanda azərbaycanlı və
israilli jurnalistlər arasında
görüşlər keçirildi. Biz ümumiyyətlə,
istəyirik ki, dünyanın
ayrı -ayrı ölkələrində fəaliyyət
göstərən KİV nümayəndələri Azərbaycan
haqqında əsl həqiqətləri bilsinlər.
Çünki KİV ictimai rəyin
formalaşmasında həlledici rol oynayır. İndiyədək bir sıra
ölkələrin media
nümayəndələrindən
ibarət heyət Azərbaycanda qaçqın
düşərgələrində olublar. Eyni zamanda Qarabağ
münaqişəsi ilə bağlı onlara məlumatlar
verilib və materiallar təqdim olunub. Bununla yanaşı,
xarici ölkə mediasının nümayəndələri
ötən əsrin əvvəllərində azərbaycanlılara
qarşı törədilmiş soyqırımı əks etdirən Qubadakı soyqırım məzarlığı
ilə tanış olublar. Mən hesab edirəm ki, bu istiqamətdə
işimizi bundan sonra da davam etdirəcəyik.
-
Komitənin saytında ermənilərin azərbaycanlılara
qarşı törətdiyi
soyqırımla bağlı materialların yer
aldığı bölüm varmı?
-Komitənin
saytında həm 20 Yanvar faciəsi, həm Xocalı soyqırımı və həm də Ermənistanın Azərbaycana
təcavüzü ilə bağlı faktları əks etdirən
bir bölmə var. Həmin bölmə də bu, məsələlərlə
bağlı ətraflı məlumat verilib. Eyni zamanda
Xocalı soyqırımına həsr edilmiş və DİDK-nin sifarişi ilə çəkilmiş filmdə saytda
yerləşdirilib. Amma biz hesab edirik ki, bunlar kifayət deyil. Məlum
olduğu kimi, Xocalı soyqırımının
tanıdılması ilə bağlı Leyla xanım Əliyevanın
rəhbərliyi ilə “Xocalıya Ədalət” adlı
böyük kompaniya
aparılır. Bu kampaniyada bizim diaspor təşkilatları da
fəal iştirak edirlər. Bu kampaniya ilə bağlı
bizim saytımızda ətraflı
məlumat verilib. Yəni biz düşünürük
ki, Xocalı soyqırımı ilə bağlı həqiqətləri
elə bir şəkildə təbliğ etməliyik ki,
artıq bunu azərbaycanlıların deməyə ehtiyacı olmasın.
Yəni ayrı-ayrı xarici ölkələrin ictimaiyyəti,
alimləri və ümumilikdə ictimai rəyi
formalaşdırmağa qadir olan adamlar bu həqiqətləri
dərk və qəbul etsinlər. Bu barədə onlar
danışsınlar. Çünki onların bu məsələlər
haqqında danışması daha effektli olar və biz bu zaman əsl
həqiqətlərin üzə çıxmasına daha
rahat nail ola bilərik.
Saytımızın materialları hələ ki
yalnız Azərbaycan dilindədir.
Çünki xaricdə
yaşayan azərbaycanlılar üçün nəzərdə
tutulub, amma istəyirik ki, gələcəkdə
müxtəlif dillərdə saytımızda materiallar olsun. Və bununla bağlı bizim
planlarımız var. Onu da qeyd
edim ki, bir sıra xarici ölkələrdə yaşayıb fəaliyyət
göstərən diaspor təşkilatlarının
saytları var. Sözügedən
saytlar həmin ölkələrin
dövlət dillərində hazırlanıb. O saytlarda da hər
bir ölkənin öz dilində diaspor nümayəndələrimiz
tərəfindən Azərbaycan həqiqətləri
haqqında məlumat yerləşdirilib.
-
Müxtəlif xarici ölkələrdə fəaliyyət
göstərən diaspor təşkilatlarımız ermənilərin xalqımıza
qarşı törətdiyi terror aktını yaşadığı ölkədə çatdıra bilirmi?
-
Azəri diasporunun
formalaşma tarixi yenidir. Diaspor təşkilatlarımız
öz potensiallarından mümkün qədər istifadə
edirlər. Amma daha böyük
uğurlar qazanmaq və ciddi addımlar atmaq üçün,
bu istiqamətdə işin təkmilləşdirilməsinə
ehtiyac var. Çünki yaşadığımız
qloballaşan dünyada hər gün dünyanın şərtləri
dəyişir, eyni zamanda təbliğat prosesinin öz şərtləri
yeniləşir və yeni texnologiyaların tətbiqinə
ehtiyac duyulur və bu baxımdan Azərbaycan diaspor təşkilatları
da öz fəaliyyətlərini
bu şərtlərə uyğunlaşdırmalıdır.
Bu şərtlərə uyğunlaşdırma istiqamətində
də addımlar atırlar. Əlbəttə, ümumilikdə
götürdükdə bizi əldə etdiyimiz nəticələr
qane etməyə bilər. Amma başqa kontekstdən
baxdıqda biz onu qeyd etməliyik ki, Azərbaycan diasporu
böyük bir yol keçməyə nail olub. Yəni Azərbaycan yeni müstəqillik qazananda,
dünya azərbaycanlılarının ilk qurultayı
keçirilənə qədər
xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması
sahəsində və bir araya gəlməsində müəyyən
problemlər vardırsa, bu gün bu problemlər artıq
yoxdur. Azərbaycanlıların təşkilatlanma prosesi demək
olar ki, başa çatıb. Azərbaycanlılar
yaşadıqları ölkələrdə cəmiyyətin
bir hissəsinə çevrilə biliblər. Onlar cəmiyyətə
inteqrasiya edir, tanınmağa başlayır və artıq
onların sözləri ictimaiyyət tərəfindən qəbul olunur və anlaşıla
bilirlər. Bu baxımdan daha ciddi nəticələr əldə
etmək üçün potensialımız var, amma biz əldə
etdiyimiz nəticələrlə kifayətlənməməliyik
və daha ciddi uğurlar əldə etməliyik.
Ümumiyyətlə, Diaspor Komitəsi
və diaspor təşkilatlarımızın əsas prinsipi
odur ki, dünya ictimaiyyətinə özümüzü
Xocalı soyqırımı və
Qarabağ problemi kontekstində təqdim edək. Ötən
illərin təcrübəsi göstərir ki, bəzən bu
arzu olunan effekti vermir. Azərbaycanın özünü
tanıtmaq üçün, daha böyük imkanları var.
Belə götürsək, bu gün ermənilər
dünyanın siyasi səhnəsinə soyqırım amili ilə
çıxırlar.Və özlərini soyqırıma məruz
qalmış xalq kimi təqdim edirlər. Belə deyək ki
bu gün “soyqırım” təqdimatı
onların bir brendinə çevrilib. Amma Azərbaycanın zəngin
təbii sərvətləri,
tarixi, mədəniyyəti , sürətlə inkişaf
edən iqtisaddiyyatı və
çox böyük dövlətçilik təcrübəsi
var. Azərbaycanda həyatın bir sıra sahələri
inkişaf edir. Və bu inkişaf kontekstində biz əgər,
Qarabağ həqiqətlərini və Ermənistanın Azərbaycana
təcavüzü məsələsini çatdırsaq bu daha
yaxşı effekt verə bilər. Bu baxımdan ki, təəssüf
ki, Azərbaycan xalqı bir çox faciələri
yaşamalı olub. Ayrı-ayrı ölkələrdə 20
Yanvar faciəsi, Xocalı soyqırımı, Şuşanın,
Laçının işğalı ilə bağlı tədbirlər
keçirilib. Və bu tədbirlərdə diaspor nümayəndələrimiz
tərəfindən dəvət olunmuş həmin ölkələrin
ictimai -siyasi xadimləri iştirak ediblər.
-
Komitə tərəfindən
ermənilərin xalqımıza qarşı törətdiyi
faciələri əks etdirən hər hansı materiallar
hazırlanıbmı?
-Xocalı
soyqırımı və ümumilikdə xalqımıza
qarşı törədilmiş erməni vəhşiliklərini
dünyaya çatdırmaq üçün Azərbaycan Milli
Elmlər Akademiyası, İnsan
Haqları İnstitutu, başqa bir sıra qeyri-hökumət təşkilatları,
dövlət təşkilatları və eyni zamanda Heydər Əliyev Fondu tərəfindən
bu istiqamətdə böyük layihələr həyata
keçirilib və təbliğat materialları
hazırlanıb. Biz o təbliğat materiallarından maksimum dərəcədə
istifadə edirik, eyni zamanda komitə
də öz imkanları daxilində
bu istiqamətdə təbliğat materialları
hazırlayır. Adətən, Azərbaycanla bağlı və
xalqımıza qarşı törədilmiş
soyqırım siyasəti ilə bağlı azərbaycanlı
müəlliflər tərəfindən yazılan materiallar
başqa ölkələrin ictimaiyyətində bir az qeyri
obyektiv təəssürat yaradır. Biz bu baxımdan hesab
edirik ki, xarici ölkələrin
elm adamlarının, jurnalistlərinin,
ictimaiyyət nümayəndələrinin bu həqiqətləri anlamaları
vacibdir ki, onlar bu həqiqətlər
haqqında yazsınlar, bunun
effekti daha böyük olar. Bu istiqamətdə biz ötən
il bir neçə layihələr həyata
keçirmişik. Azərbaycanla bağlı bir sıra əcnəbi
müəlliflərin əsərləri tərcümə
olunub. Bu sahədə işimizi davam etdirəcəyik.
-
Bir sıra xarici ölkə mətbu orqanlarında Qarabağla
və Azərbaycanla bağlı həqiqətə uyğun
olmayan məlumatlar verilir. Siz bu cür hallara necə cavab
verirsiniz?
-Bizim
bu məsələlərlə bağlı məlumatımız
olduqda öz səlahiyyətlərimiz daxilində operativ işlər
görürük. Eyni
zamanda bu işdə bizim diaspor təşkilatlarımız fəallıq
göstərirlər. Bu
yaxın illərdə Qarabağla bağlı erməni lobbisi
və diaspor təşkilatının təşəbbüsü
ilə filmər çəkilib, nümayiş etdirilib və internet saytlarında
yayımlanıb. Bu neqativ halın
qarşısı xaricdə
yaşayan diaspor təşkilatlarımızın müdaxiləsindən
sonra alınıb. Indi bir çox ölkələrdə
ki, diaspor təşkilatlarımız,
o cümlədən Amerika, Hollandiya, Belçika və Rusiyada
olan diaspor təşkilatlarımız virtual məkanla
çox fəal iş
aparırlar. Onların bir neçə dəfə Qarabağ həqiqətlərini
dünyaya çatdırmaq üçün, layihələri
olub və həmin layihələr uğurla icra edilib. Bu istiqamətdə
bu gün də iş aparılır.
Ümumiyyətlə, bu gün
virtual məkanda aparılan işin və təbliğatın daha böyük effekti var.
-
Komitə tərəfindən sözügedən mövzu ətrafında
təbliğat işləri aparılır?
-Ermənilərin terrorizm və
soyqırım siyasəti ilə bağlı komitə tərəfindən
müntəzəm iş aparılır. Diaspor təşkilatlarımız ermənilərin təkcə azərbaycanlılara
qarşı deyil, eyni zamanda Azərbaycanda olan digər
xalqların nümayəndələrinə qarşı da
törətdiyi soyqırım siyasətini dünya ictimaiyyətinə
çatdırmağa çalışırlar. Yəni bu,
diasporumuzun və ümumilikdə xaricdə yaşayan hər
bir vətənpərvər azərbaycanlının əsas fəaliyyət
prinsiplərindən biridir.
Günay
ƏSƏDOVA
Paritet.- 2010.- 5-7 iyun.-S. 6.