“Ölkəmizdə foto ilə bağlı maarifləndirməyə ehtiyac var”

 

Milli fotoqrafiyamızla bağlı Azərbaycan dilində heç bir kitab yoxdur

 

 Uzun illərdir ki, dünya incəsənətinin əsas növlərindən olan fotoqrafiya beynəlxalq bir dildir və müasir həyatda üçüncü bir göz vəzifəsini icra edir. Eyni zamanda  ən əsası  fotoqrafiya  baxmaqla görməyin ayrı-ayrı şeylər olduğunu göstərən sənət növüdür.  Fotoqrafiya yunanca işıq mənasını verən “photos” və yazı mənasını verən “graphes” sözlərindən meydana gəlib.  Bizdə həyatın müxtəlif anlarını sənədli bir formada cəmiyyət üzvlərinə  təqdim edən foto sənətinin tarixini öyrənmək üçün,   Azərbaycan Fotoqraflar  Birliyinin idarə heyətinin üzvü  Mirnaib Həsənoğlu ilə həmsöhbət olduq. O, xatırlatdı ki, XIX əsrin 60-cı illərində Xəzərdə hidroqrafiya ölçüləri aparılarkən, ekspedisiya üzvlərindən biri  kapitan-leytenant A.F.Ulskinin çəkdiyi Bakının dənizdən  görüntüləri Azərbaycan fotosunun  dövrümüzə gəlib çatan  ilk nümunələridir. Onun sözlərinə görə, 1858-1866-cı illərdə çəkilmiş həmin fotolarda indi  də şəhəri bəzəyən  Qız qalası, Şirvanşahlar Sarayının  məscidi, Qala divarları öz əksini tapıb:” Fotoqraflar sənayesi inkişaf sürətinə görə, XIX əsrin sonunda dünyada I yeri tutan Bakının, onun ətraf kəndlərinin mənzərələrini, neft buruqlarını, sənaye tikililərini, yol çəkilişlərini, müxtəlif memarlıq üslubunda ucaldılmış  zəngin binaları təsvir  ediblər. Onların yaradıcılığından keçən portret qalereyalarında əhalinin bütün təbəqələrinin  davranışı, geyimi, etnik xüsusiyyətləri həkk olunub. Sonralar Azərbaycanda yaranan milli fotoqrafiya  məktəbinin görkəmli nümayəndələri  M.Axundzdə, C.Kulişov, C.İbadov, M.Feldman, Y.Paxunkova, F.Bağırov, R.Nağıyev, Y.Xəlilov və digər məşhur  fotoqrafların sayəsində  foto sənətinin inkişafında mühüm nailiyyətlər qazanılıb”.

  Azərbaycan Fotoqraf Birliyinin idarə heyətinin üzvü  Mirnaib Həsənoğlu bildirdi ki, tez-tez fotoqraflar toplaşardılar və  foto ilə bağlı hər hansı bir birliyin yaranması zərurətini vurğulayırdılar:”  1990-cı ilin əvvəlində-SSRİ-nin dağıldığı vaxt işlək strukturlar fəaliyyətdən düşdü və tamamilə aydın bir zərurət yarandı ki, təcrübəli, həvəskar, peşəkar, bir sözlə, fotoqrafiyanı sevən hər kəsi birləşdirmək iqtidarında olan bir təşkilat qurmaq lazımdır. O zamanlar təşkilatlanmaqda Fransanın Nant şəhərində “Azərbaycan fotoqrafları” sərgisinin nümayişi bizim üçün ciddi və səfərbəredici amil rolunu oynadı. Sərgi 1995-ci ilin noyabrında baş tutdu, 24 fotoqrafın 105 əsəri göstərildi. Nümayişin uğuru gözlənildiyindən də artıq oldu, fotoqraflarımız yaradıcıqlarına, özlərinə qarşı böyük maraq hiss etdilər, ictimai rəy, bu gözəl peşəyə münasibət də  kökündən dəyişdi. Fransa fotosərgisindən sonra düz 3 il mübahisə-müzakirələr oldu, nizamnamə yazıldı, müxtəlif maneələr dəf edildi, təşəbbüs qrupu yaradıldı ki, o da işi məntiqi sonluğa çatdıra bildi: birlik 1994-cü ildən faktiki olaraq işləsə də, hüquqi statusa malik deyildi, amma indi o rəsmi qeydiyyata alındı. Nəhayət, 1998-ci il noyabrın 20-də AFB Ədliyyə Nazirliyindən qeydiyyatdan keçdi.  Birliyin 4 nəfər (Rafiq Qəmbərov, Mirnaib Həsənoğlu,  Asim Talıb və Namiq Məmmədov) təşəbbüs  qrupu oldu.    Belə demək olar ki, SSRİ  Dövlət  Mükafatı laureatı, əməkdar incəsənət xadimi, məşhur kinooperator Rafiq Qəmbərovun səyi nəticəsində    Fotoqraflar Birliyinin yaradılması foto sənətinin inkişafında və təbliğatında  müstəsna addım oldu. Kimin fotoya həvəsi var və ya kim foto da özünü ifadə vasitəsi kimi  görmək istəyir, onlar  ətrafımıza toplaşdılar. Bunlar arasında  peşəkarlar, həvəskarlar, sadəcə fotoya seyrçi kimi baxmaq istəyənlər də  vardır”. O bildirdi ki, fotoqrafiya ilə  bağlı mərkəzləşdirilmiş sistemin yaradılması vacibdir:” Sual oluna bilər ki, nəyə görə belə bir sistem yaradılması vacibdir? O səbəbdən  mərkəzləşdirilmiş sistemin yaradılması vacibdir ki, çünki fotoqrafların hər hansı biri  dünyasını dəyişdikdən sonra onun  arxivi müəmmalı qalır. Məsələn, ilk  tarixə adı yazılmış azərbaycanlı fotoqraf Mircavad Axundzadə. Bu fotoqraf dünyadan köçəndən sonra, onlar evlərini satıb  dəyişəndə, arxivi qalıb köhnə evdə və  itib. Bu gün  kino-foto arxiv var, burda fotolar, ancaq qorunub saxlanılır təbliğatı ilə məşğul olunmur”.

 AFB-nin əsas məqsəd və vəzifəsindən danışan Mirnaib müəllim qeyd etdi ki, onların əsas məqsədi milli foto sənətini  inkişaf etdirmək, ölkədə və xaricdə onun nailiyyətlərini yaymaq, foto irsimizdən yaradıcılıqda bəhrələnib,  onu qorumaqdır:” Bu gün  Azərbaycanda hələ də fotoqrafiyaya adicə  bir şəkil kimi baxırlar. Bu səbəbdən də incəsənətin əsas növü olan foto sənəti məişət fotoqrafiyasından seçilmir.  Bu məqsədlə də  AFB foto sənətimizin təbliği və inkişafı məqsədilə sərgilər, müsabiqələr, festivallar, ustad dərsləri və yaradıcılıq seminarları keçirir, Azərbaycan və xarici fotoqrafların iştirakı ilə konfranslar, simpoziumlar təşkil edir, həmçinin, həvəskar fotoqraflar hərəkatlarına hər cür dəstək verir”.

Mütəxəssis fotoqrafiyanın əhəmiyyəti barədə də danışdı: “Çəkmək və baxmaq hələ görmək demək  deyil. Yüz kadr çəkilirsə, onun içindən birini görə bilirsən. Fotoqrafiyanın bölmələri və janrları var: fotojurnalistika, art fotoqrafiya və s. Demək olar ki, fotojurnalistika informasiya daşıyıcısıdır. Fotoqrafiyanın    bir sıra üstünlüyü var.   Fotoya baxmaq üçün ona nə  kompüter, nə işıq lazımdır.  Çəkildi, çap olundu, ələ götürüldü o yaşayır”.  Bu gün fotoqrafiya sahəsində əsas   problemli məsələlərdən birinin  seyrçilərin fotoqrafiya ilə rəssamlığı səhv salması ilə bağlı olduğunu deyən   M. Həsənoğlunun sözlərinə görə, bəzən bir çoxları  fotoya baxıb deyirlər ki, bu nə yaxşı rəsm əsəridir: ”Rəssam nəyi görmək istəyirsə onu çəkir, ancaq fotoqraf isə gördüyünü çəkir. Fotoqraf gördüyünü  nə cür görüb çəkəcək,  bu fotoqrafın öz işidir. Fotoqraf gördüyünü çəkdiyi üçün foto tarixi və faktiki sənətdir. İnsanlar  səhər qalxandan, axşama qədər ən azı 50 qədər  fotoya baxırlar.İkincisi  hər kəsin bugünkü informasiya cəmiyyətində istifadə etdiyi əsas vsitələrdən biri kompüterdir. Kompüterə-internetə ilk olaraq informasiya daşıyıcısı olan fotolar yüklənir. Fotoqrafiyanın daha  bir üstünlüyü odur ki,  multmedia  yolu ilə fotolardan filmlər yığılır. İkincisi fotoqrafiya bu gün mobilqrafiya ilə əvəz olunur. Ola bilər ki, mobil telefonla silsilə fotolar çəkən insanlar  içərisində həyatını foto sənəti ilə bağlayacaq və ya həvəskar fotoqraflar  çıxsın. Foto bu gün də  bizim həyatımızda  var, irəliləyir və gedir”.

 ATB-nin 150 qədər üzvü var:”Amma  bizim birliyə üzv olmaq üçün müəyyən problemlər və şərtlər  var. Hər bir kəs ATB-nin üzvü olmaq üçün,  namizədlik stajı keçməlidir və yaxud da fotoqrafın təqdim etdiyi fotolar  fotoqrafiya və informasiya daşıyıcısı baxımından  vacib olmalıdır ki, həmin fotoqrafı biz birliyimizə namizəd və ya  üzv qəbul edək.  Əsas  tələbimiz odur ki, fotoqraf  gördüklərini çəkib, bizimlə bölüşsün. AFB hər zaman  çalışır  ki, kəmiyyətə  nisbətən kefiyyət  üstün olsun. Biz istəyirik ki, birliyimizdə olan fotoqraflar fotoqrafiyaya yaxın olsun, təmasda olsun, dərinliklərini  bilsin. Bu meyarlara cavab verənlər birliyimizə üzv qəbul olunur”.

Bu gün cəmiyyətimizdə foto sənətinin maarifləndirilməsi istiqamətində işlər aparıldığını deyən, M. Həsənoğlu  qeyd etdi ki, artıq sayt istifadəyə verilib:”Azərbaycanda elə bir təhsil müəssisəsi yoxdur ki, fotoqrafiyadan dərs versin. Avropa ölkələrində hansısa su hövzəsində balıq  tutmaq istəyirsənsə, sən ilk olaraq balıq tutmaq haqqında lisenziya almalısan və kurs keçməlisən. Bu gün ölkəmizdə fotoqraf peşəsinə tələbat böyükdür, yəni qəzet və  jurnallar, elektron saytlar açılıb ki, bunların hamısında fotoqraflar çalışır. Eyni zamanda çoxlu sayda məişət fotoqrafiyasında işləyən adamlar var. Bunların çoxunun  foto sahəsi üzrə bilikləri çox aşağıdır, hətta istifadə etdiyi fotoaparatı  belə bilmirlər. Foto da sənin görmək istədiyini texnika sənə verməlidir!”.

Artıq   AFB  özü  kurslar təşkil etməyə başlayıb: ”Bu yaxınlarda Sənan Ələkbərovun rəhbərli ilə üç aylıq kurs təşkil edilmişdi.  Bu kursdan 15 nəfərə yaxın buraxılışımız oldu. Hazırda Sevinc Pirizadənin iki qrup (yəni 12-16 yaş arasında, 16 yaşdan yuxarı fotoya həvəsi olanlar arasında) aparır. Bu foto kursları bitirənlərə AFB tərəfindən sertifikat verilir. Eyni zamanda sözügedən kursları bitirdikdə, yəni sonda baxış sərgisi keçirilir.   İkinci bir tərəfdən  AFB çalışır ki,  əyalətlərdə foto sənəti inkişaf etsin. Üç il əvvəl “Dialoq” adlı bir layihə keçirdik və Azərbaycanın  beş bögəsində olduq. Bu layihədə ekoloji savadsızlıq barədə danışıldı. Bu layihəni Bakı ilə yanaşı, Naxçıvanda, Gəncədə, Şəkidə və Nefçalada da həyata keçirdik. Bu dialoqda maraqlısı o idi ki, uşaqlar bizə bu  haqda nələri bilirlərsə danışdılar. Sonra bu  uşaqlar arasında seçilmişlərə  fotoaparatlar bağışladıq. Onların çəkdiyi işlərdən sərgi düzəltdik. Həmin zonalarda bu şəkillər nümayiş olundu və uşaqlar artıq foto sənətinin sirləri ilə yaxından tanış oldular. Bu yaxınlarda  başqa bir layihə həyata keçirdik. Bu layihənin birinci hissəsini başqa təşkilat icra etdi. İkinci hissəsi  isə  AFB tərəfindən həyata keçirildi. Zonalar üzrə uşaqlara fotoapartalar paylanmışdı. Onların çəkdiyi şəkillər arasından  informasiya tərəfdən daha baxımlı olan  fotoları  seçib, zonalar üzrə  sərgilər təşkil etdik. Bizim bu layihələri   təşkil etməkdə məqsədimiz odur ki,  əyalətdə olan cəmiyyəti də fotoqrafiya üzrə  savadlandıraq”.

ATB tərəfindən iki beynəlxalq foto festival keçirildiyini xatırladan M. Həsənoğlu qeyd etdi ki,  belə layihələr xarici ölkələr və Azərbaycan arasında foto sahəsində  ikitərəfli əlaqələrin yaranmasına kömək edir:” Bu festivallarda ən azından 15- 20  ölkədən nümayəndələr iştirak ediblər.Həmin foto festivalın işlərindən Mingəçevirdə və Gəncədə sərgilər təşkil etdik. Bundan əlavə “Elit” ticarət mərkəzində bir il müddətində ayda bir dəfə fotoları dəyişməklə sərgi keçirdik. Sonrakı dövrlərdə Azərbaycan fotoqraflarının işlərindən ibarət bir sıra  xarici ölkələrdə  sərgilər təşkil edilib. Belə ki,  AFB yarandığı bu 10 il ərzində yaradıcılıq birliyinin üzvləri bu zaman kəsiyində 100-dən artıq sərginin hazırlanması işində iştirak ediblər”.

AFB-nin bu gün əsas problemi birliyin  binasının olmasıdır.Qurum müxtəlif yaradıcı emalatxanalarda fəaliyyət göstərir:”Bu gün  AFB-nin  yeni sədri Asiyət Fətullayeva  öz yaradıcılq emalatxanasını quruma  verib. Həmin məkanda  kitabxana, sərgi salonumuz və s.  yaratmışıq, eyni zamanda saytımız (www. photographer.az) fəaliyyət göstərir. Çalışırıq ki, Azərbaycan fotoqrafiyasının antalogiyası ilə bağlı kitab nəşr etdirək. Bundan başqa Azərbaycan fotoqrafı Hüseyn Hüseynzadənin  kitabını nəşr edilməsini düşünürük.  Biz Azərbaycanda foto sənətinin təbliği ilə bağlı olaraq hər həftənin bazar gününü “açıq qapı” günü elan edirik. Yəni kim fotoqrafiyaya baxmaq, seyr etmək və ya foto  çəkmək  istəyirsə   AFB-nə gəlir, sərgi salonumuza baxır və Azərbaycan fotoqrafiyası ilə bağlı məlumat əldə edir”.

Azərbaycan dilində Azərbaycan fotoqrafiyası ilə bağlı heç bir kitabın olmadığını qeyd edən fotoqraf bildirdi ki, hətta Azərbaycan fotoqrafiyası ilə bağlı heç bir elmi araşdırma aparılmayıb:” Azərbaycan fotoqrafiyası  haqqında bir nəfəri Nailə xanım diplom işi müdafiə edib. Ancaq bu gün  gənclərin   fotoqrafiyaya marağı çoxdur və inanıram ki,  bu səbəbdən də gələcəkdə milli fotoqrafiya sahəsində uğurlarımız çox olacaq və peşəkar fotoqraflar hazırlanacaq”.

 

 

Günay

 

Paritet.- 2010.- 8-9 iyun.- S. 13.