“Tomka”nın arzusu tarixi qadın obrazlarını oynamaqdır

 

Naibə Allahverdiyava: “Pəri-cadu” tamaşası məni bir aktrisa kimi daha çox tanıtdı”

 

  İncəsənətin xalq tərəfindən sevilən və daim diqqət mərkəzində olan növlərindən biri də teatrdır.  Teatrı  tamaşaçılara sevdirən əsas meyarlardan biri aktyor və aktrisanın canlı və inandırıcı oyunudur. Bu gün Azərbaycan teatr səhnəsində   biri-birindən maraqlı obrazlar qalereyası yaratmış,  həqiqətən də öz inandırıcı və canlı oyunu ilə tamaşaçıların qəlbini riqqətə gətirən sənət adamlarımız var. Belə sənət adamlarından biri də  artıq uzun illərdir ki, heç nəyə baxmayaraq,  fədakarlıqla teatr səhnəsinə atılmış, bir sıra obrazlara yeni ruh vermiş və  hər kəsin yaddaşında  “Tomka” kimi qalan, hər zaman səhnədə həyatdakından fərqli olaraq  çox nikbin görünən əməkdar artist Naibə Allahverdiyevadır. Bizdə xeyli müddətdir ki, efirlərdə görünməyən  Naibə xanımla görüşüb onun maraq dolu sənət dünyasında baş verənlərdən xəbərdar olduq. Aktrisa  xoş siması və səmimiyyəti ilə bizimlə həmsöhbət olub, həyat və sənət yolunun maraqlı tərəflərlərindən danışdı.

-Səhnəyə ilk gəlişim  Naxçıvan Dövlət Musiqili Dram Teatrında (NDMDT) olub.  Məni sözügedən teatra təyinatla göndərdilər və iki il orda işlədim.  Bu teatrın səhnəsində “Apardı sellər Saranı”, “Gülən adam”, “Astana” və başqa bir sıra tamaşalarda oynamışam. NDMDT -dan qayıtdıqdan sonra iki il işsiz qaldım,  sonrakı illər  isə Dövlət Gənc Tamaşaçılar Teatrında yaradıcılıq fəaliyyətimi davam etdirdim. İlk olaraq DGTT administrasiya  köməkçisi kimi çalışdım. Sonra isə sözügedən teatra   Mədəniyyət  Nazirliyinin  köməkliyi və təyinatı ilə  gəldim. Həmin teatrda çalşdığım bir ildə heç bir  rol almadım. Bir ildən sonra isə Ağaxan Salmanov mənə ilk rolu verdi. Bundan sonra yaradıcılığımın  daha intensiv mərhələsi başladı və silsilə rollar oynadım. Belə ki, istedadlı rejissor  Loğman Kərimovun  quruluş verdiyi tamaşalarda oynadım.”Dədə Qorquq”da(Burla Xatun), Tamara Vəliyevanın “Mənim  ağ göyərçinim” tamaşasında ana-Münəvvəri və başqa tamaşalarda rol aldım. Beləliklə də  sənət dünyamda yaxşılığa doğru dönüş oldu.

- Bir müddət əvvəl xəstə idiniz. İndi səhhətiniz necədir?

-Bu gün səhhətim əvvəlkilərə nisbətən yaxşıdır. Sənətkara diqqət olanda dövlət və xalq tərəfindən xəstəliyim belə yaddan çıxır. Bu gün  ölkə Prezidentinin sərəncamı ilə  mükafat alıram,   teatrımızda rəhbərlik tərəfindən  mənə qarşı münasibət yaxşıdır. Bu diqqətdə hər şeyi unutdurur və məni sənətə daha möhkəm bağlayır və yardıcılıq həvəsi yaradır.

- Bu yaxınlarda siz Muskomediyanın səhnəsində  bir tamaşada oynamısınız.

 -Dövlət Musiqili Komediya Teatrının səhnəsində qoyulan  “Matəm marşı” tamaşasında  oynamağa məni əməkdar incəsənət xadimi, Dövlət Musiqili Komediya Teatrının direktoru  Əliqismət Lalayev dəvət etdi. Mən Əliqismət müəllimlə Naxçıvanda birgə  işləmişdim. İlk dəfə səhnəyə gəldiyim illərdə işlədiyim ilk rejissor Ə.Lalayev olub. O, “Apardı sellər Saranı” tamaşasında mənə  Sara obrazını verib. 

-  “Dədə Qorqud”da  Burla Xatun obrazını oynamısınız,  başqa hansı tarixi  qadın obrazlarını  oynamaq istərdiniz?

-Ümumiyyətlə, mən tarixi qadın obrazlarını oynamağı sevirəm. Düzdür, Azərbaycanın klassik ədəbiyyat tarixində tarixi qadın obrazları azdır. Yəni kişi obrazlarına daha çox önəm verilir. Amma xarici ədəbiyyatda isə qəhrəman qadın obrazları daha çoxdur. Mən çox istərdim ki, Kleopatranı, Anna Karenanı və s.  oynayım.

- Bir zamanlar tez-tez  televiziya tamaşalarına  çəkilirdiniz, bu gün bir az fasilə var, bu sahədə  deyəsən...

Doğurdanda mən  bir müddət teletamaşalara ve səhnəciklərə çox dəvətlər alırdım və çəkilirdim. Sonuncu çəkildiyim  Ramiz Mirzəyevin “Bəylik  dərsi” tamaşası idi. Yeni il və başqa bir sıra bayram proqramlarına aktyorlar tez-tez dəvət alıb, çəkilirdilər. Mənim üçün, əlbəttə teatr önəmlidir. Çünki teatr canlı sənətdir və   tamaşaçılar məni teatrdan da  çox sevirlər.

- Son oynadığınız tamaşalar içərisindən sizə uğur gətirən “ Pəri Cadu” tamaşası  olub. Siz bu tamaşada öz oyununuzdan razı qaldınızmı?

-Müəllifi görkəmli dramaturqumuz Əbdülrəhim bəy Haqverdiyev quruluşcu rejissoru Nicat Kazımov  olan  “Pəri-Cadu” tamaşasına  bir dəfə gələn tamaşacı ikinci dəfə yenə də gəlib baxır. Bu tamaşada oynadığım obraz  Şamama Cadu obrazıdır. Şeytanın  yoldan çıxartdığı bir insan  obrazdır.  Sonradan şeytanlaşmış bir obrazdır. Müasir dillə desək “vampirdir”. Bu mistik bir tamaşadır. Mən belə bir şey eşitmişəm ki, hər hansı aktyor, aktrisa mistik tamaşa oynadıqdan sonra  onun həyatına təsir edir. Sözügedən tamaşa mənim də səhhətimə  təsir etdi.  Bu tamaşanı oynadıqdan iki gün sonra çəkilişə getdim, çəkiliş zamanı ehtiyatsızlıqdan  ayağım sındı,    o rola görə mən axsayardım. Bu hadisə mənim yaddımda çox qalıb. Buna baxmayaraq,  “Pəri Cadu” tamaşasındakı obrazım mənim çox sevdiyim və dəyər verdiyim bir obrazdır. Belə deyərdim ki, teatrda oynadığım böyük obrazlarımdan biridir.

Onu da qeyd edim ki, bundan əvvəl Tatarıstanda türkdilli xalqların teatr festivalı keçirilir. Orada Azərbaycanı Gənc Tamaşaçılar Teatrı təmsil edirdi. Biz ora “Pəri Cadu” əsərini aparmışdıq. Quruluşçu rejissor isə Nicat Kazımov idi. Kollektiv Kazan şəhərində çox böyük uğurla çıxış etdi. Tamaşaları Rusiyanın və digər ölkələrin tanınmış tənqidçiləri də izləyirdilər. Bizim tamaşanı çox bəyəndilər, yüksək qiymətləndirdilər. Təşkilatçılar razılığa gəldilər ki, festivalın “Qran-pri” mükafatı olmasın. Tənqidçilər bizim tamaşada ən çox qadın rollarını bəyənmişdilər. Bildirildi ki, əgər “Qran-pri” olsaydı, qadın rolları alardı. Təvazökarlıqdan uzaq olmasın, amma deyim ki, əsasən də mənim oynadığım Şamama Cadu obrazı yüksək qiymətləndirildi. Hətta o festivala qatılmış bir tənqidçi mənim rolum və oyunum haqqında deyib ki,  bu tamaşada  Şamama Cadu obrazını oynayanın aktrisa olduğunu bilirdim, amma onunla mənim nəzərlərim qarşılaşanda  çox qorxdum.

Deyərdim ki, tamaşaçılarda və sənət adamları da həmişə məni  komediya  aktrisası kimi   qəbul edirlər. Amma bu obraz hardasa insanların fikrini dəyişdi.

- Siz,  hansı janrda oynamağı  daha çox sevirsiniz?

Belə deyərdim ki, gənc yaşlarımda komediyanı daha çox oynayırdım.  Bu janrda ilk oynadığım səhnəcikdə və televiziya tamaşalarında  həmişə tərəf-müqabillərim  məşhur və istedadlı sənət  adamları olub. İndi komediyadan bir az uzaqlaşmışam.  Bu hal da  yəqin yaşımın artmasında  irəli gəlir ki, məndə sənət və həyatda  dramatikləşmə daha çox özünü büruzə verir.

Ancaq  onu da qeyd edim ki, komediya oynamaq, dramatik obraz  oynamaqdan daha çətindir. “Pəri -cadu” tamaşasında oynadığım Şamama cadu obrazı həm dramatikdir və həm də  xarakterik bir obrazdır. Bu çoxşaxəli bir roldur.

- Demək olar ki, komediyadan uzaqlaşıb dramaturgiyaya yaxınlaşmağınıza  şəxsi həyatınızda baş verən hadisələr  təsir edib?

-Ola bilsin şəxsi həyatla da bağlıdı və ya  çoxdandı komediya oynamıram, bəlkə bundan irəli gəlir. Bilmirəm nədənsə bu gün dramatikliyə daha çox yaxınlaşıram. Amma komediyada iş daha çoxdur və daha çətindir.

- Siz bir sıra filmlərə də çəkilmisiniz. Filmə çəkilməyin hansı üstünlükləri var?

-Məlumat üçün bildirim ki,  indiyə kimi 200-ə yaxın tamaşada oynamışam. Təxminən 10 filmə çəkilmişəm. Amma fikrimcə, say əsas deyil. Əsası oynanılan obrazların keyfiyyətidir  Filmə çəkilmək üstünlüyü odur ki, film qalır. Yəni sənin gənclik illəri lentin yaddaşına həkk olaraq qalır. Çətinliyi də ondadır ki,  teatrda bir obrazı bir dəfə pis oynadın sonra düzəliş edib, daha yaxşı oynaya bilərsən,  amma filmdə bu mümkün deyil. Amma filmdə oynamaq maraqlıdır. Sadəcə olaraq, bizim dövr belə gəldi ki, filmlər  çox az çəkildi. Hərdən fikirləşirəm ki, ömür-gün getdi heş nə də qalmadı.... qalan bir iki tamaşa oldu. İndiki filmlərin səviyyəsi o qədər aşağıdır ki, heç  həvəsim də yoxdur ki, filmə çəkilməyə. Filmin çəkilməsi üçün, böyük vəsait ayrılmalıdır, görürsən ki, bu vəsait ayrılmır və ya ayrılanda da  elə insanlara pul verilir ki, onlar qeyri-peşəkarlardı. Film çəkənlərin çoxusu həmişə aktyora pul vermək məsələsi gələndə belə deyərdim ki, “ əlləri bağlanır” . Bu gün filmə çəkilmək həm maddi cəhətdə nsərfəli deyil , həm də filmlərinin səviyyəsi çox  aşağıdır. Yeni çəkilən filmləri efirlərdən izləyirəm, o filmlərdə arzuolunan sənəti görmürsən.  Mən rejissor deyiləm, aktrisayam, ancaq bu gün müasir filmləri izləyəndə qeyri -peşəkarlığı görürəm və çox saylı səhvlər var. Fikirləşirəm ki, əgər, bu  filmi çəkənin rejissor savadı varsa, niyə bir kadr qura bilmir. Bu səbəbdən bu gün filmlərə çəkilməyə marağımda yoxdur.

Bu gün Azərbaycanda kinorejissorluq fakültəsində təhsil alan istedadlı gənclərə  şərait yaradılmalıdır ki,  onlar  xaricdə təhsil alsınlar. Sənət itməsin etibarlı  və peşəkar əllərdə olsun

- Mən belə başa düşdüm ki, siz sənət aləmində olan  bugünkü gənc nəsildən razısınız?

-Əlbəttə, bu gün istedadlı gənclərimiz az da olsa, var. Bilirsiniz,  sənət və ümumilikdə incəsənət elə  bir möcüzəli aləmdi ki, gərək doğulanda  sənin qanında olsun. Yəni sən gərək, anadan aktyor və ya aktrisa kimi, dünyaya göz açasan. Bu sənət bir növ fədai bir sənətdir. Biz bu cür düşünürük. İndiki gənclərin çoxusu sənətə o qədər də maraqlı deyillər. Mən aktyor sənətini başqa cür təsəvvür edirəm. İlk növbədə aktyor savadlı və geniş dünyagörüşünə malik olmalıdır, eyni zamanda pisxoloq  olmalıdır və ən əsası müşahidə etməyi bacarmalıdır. Gənc yaşlarımda mən şəhərdə gedirdim, insanların hamısını müşahidə edirdim.  Adi bir qaraçı rolunu oynamışam. Bu rolu balaca səhnəcikdə oynamışam, amma çox yadda qalıb. Ona görə ki, qaraçı rolunu mənə  verəndə, mən 28 Maya  getdim. Orda bir malakan qaraçısı tapdım. Ona xeyli pul verdim ki, o danışsın. Qaraçı danışırdı və mən də onu diqqətlə müşahidə edirdim. Və onda  gördüklərimi oynadığım obrazda cəmləşdirdim. Bu obrazım reallıqdan götürüldüyü üçün, maraqlı oldu. Tomkanı da oynayanda  bu rolu da  müşahidə edib tapmışam. Çox istərdim ki, indi gənclərimiz güclü müşahidə qabilliyətinə malik olsunlar.  Həqiqətən, çox istedadlı gənclərimiz var, sadəcə olaraq onları yönəltmək lazımdır. Birdə bu gün gənc və istedadlı aktyorlarımızın reklamı yoxdur.

- Gənc həmkarlarınızdan kimləri daha çox bəyənirsiniz?

- Gənc həmkarlarımdan Nicat Kazımovu çox bəyənirəm. Gənc rejissorlar arasında o mənim üçün bir nömrəlidir. Bizim teatrda Kəmalə adlı aktrisa var. O da maraqlı aktrisa və gözəl insandır. Həmçinin Elşən Rüstəmov, Elnur Hüseynov, Günel Məmmədova da itstedadlı gənclərdir. Akademik Milli Dram Teatrından isə Vəfa Zeynalova çox xoşuma gəlir, efirə, səhnəyə yaraşır. Musiqili Komediya Teatrından Əkbər Əlizadə, Tünzalə Əliyeva, Ülviyyə Əliyeva xoş təsir bağışlayır. Əkbər şirin aktyordur. Sumqayıt teatrında İlahə Səfərova da maraqlıdır, dadlı və duzludur. Çox heyif ki, elə aktrisa ortaya çıxa bilmir.

-  Elə “Tomka” obrazından söz düşmüşkən, bu gün tamaşaçılar  hələ də sizi  “Tomka” kimi tanıyırlar, sevirlər  və bəzən belə çağırırlar. Bu sizə xoş gəlirmi?

- Xoş gəlir. Ancaq “Tomka” obrazı mənim vizit kartım deyil. Vizit kartım teatrdakı obrazlarımdır. Elələri var ki, mənim oynadığım balaca qaraçı obrazını daha çox bəyənir. Özüm isə hesab edirəm ki, mənim səhnədə vizit kartım Şamama cadu obrazı olub. Çünki bu rolla dünyaya çıxa, ölkəmizi təmsil edə bilərəm.

- Yaxşı tamaşa sizin üçün nə deməkdi?

-Yaxşı tamaşa...  Mən öz təcrübəmə və əyani olaraq gördüyümə əsaslanıb deyə bilərəm ki, “Pəri-cadu” tamaşasını oynayanda  tamaşaçılar 15 dəqiqə ayaqüstə alqışladılar. Yaxşı tamasşa bu deməkdir. Bu gün deyirlər ki, teatra tamaşaçı gəlmir. Amma bu gün mənim çalışdığım  Dövlət Gənc Tamaşaçılar Teatrına tamaşaçılar çox  gəlir. Bu da onu deməyə əsa verir ki, DGTT artıq tamaşaçı sevgisi qazanıbdır. Bir müddət əvvəl sözügedən teatr sönmüşdü. Amma bu gün öndə gedən teatrlardan biridir. Bu hal məni sənət adamı kimi çox sevindirir.

- Teatatrdakı rəhbərlik dəyişikliyi teatra nə verdi?

- Bizim teatrın rəhbərliyi dəyişəndən və Mübariz Tağıyev bədii rəhbər təyin olunandan xeyli dəyişikliklər var. İndi də Cənnət Səlimova baş rejissor təyin olunub. O, böyük şəxsiyyət və rejissordur. İndiyə kimi bizə gələn baş rejissorların əksəriyyəti ancaq kabinetdə oturmaqla məşğul idilərsə, Cənnət xanım belə deyil və çox çalışqandır.

- Oynadığı hansı obrazda Naibə xanın özünü görüb?

-”Mənim ağ göyərçinim” tamaşasında  ana obrazını  oynayanda , o zaman övladım çox kiçik idi. Bu səbəbdən də  həmin  obrazı oynadıqda özümün analıq hissimi bu obraza verirdim.  Həmin obraz çox gözəl yazılmışdı və təsvir edilmişdi. Ümumiyyətlə, həmişə özümüzü və tamaşaçını düşündürən obrazlar oynamalıyıq. Əgər, biz tamaşaçını düşündürürüksə, deməli, biz sənət adamları da oynadığımız  obrazdan nələrisə götürürük.

- Teatr bu gün  sizin üçün nədir?

-Teatr mənim  dərdlərimi unutduran müqəddəs bir məkandır. Baxmayraq ki, ilk əvvəllər teatra gələndə çox haqsızlıqlarla qarşılaşırdım. O zaman teatr mənə dərd gətirirdi. Ancaq bu gün isə əksinə teatr mənim dərdlərimi unutdurur.

- N. Allahverdiyevanın bu qədərmi çox dərdi var, bu işdə ona yeganə köməkçi teatrdı?

-Hə... çoxdur....(Susur).

- Biz hər zaman Naibə Allahverdiyevanı  səhnədə çox nikbin  və gülərüz görürük. Bəs  həyatda Naibə xanın necədir?

Bilirsiniz, mən elə xarakterli adam ki,  birdən özümü xoşbəxt və birdən də ən bədbəxt insan kimi  hiss edirəm. Bəzən görürsən ki, adi bir şeydən  çox xoşbəxt oluram.

- Artıq 27 il keçib,  geriyə dönəndə hansı hissləri keçirirsiniz?

- Bu illər ərzində itirdiklərim çox olub. İlk olaraq bu sənətdə sağlamlığımı -əsəblərimi itirdim.  Bilirsiniz ki, aktyor  çox həssas olur, mən cavanlıqda  bu sənətdə çox...çox  haqsızlıqlarla rastlaşdım.  Tanrı mənə kömək oldu yenidən ayağa qalxdım.  Amma bu sənətdə qazandıqlarımla yanaşı,  itirdiklərim az olmayıb.

- Bir övladınız var... sizin üçün ailə və övlad sevgisi nədir?

-Bu sənət özünə qarşı böyük bir məhəbbət tələb edir. Ailə ilə sənətin paralel olması qeyri mümkündür Aktrisanın işi çox çətindir. Aktrisa həm ana, həm qadın və həm də səhnədə olmalıdır. Bizim işimizdə zehni işlə yanaşı, fiziki iş də var. Bu da insanı yorur. Ailə ilə sənət  çox çətindir. Gözəl bir sənət adamı olmaq üçün bütün problemlərdən uzaq olmalısan, ancaq rolun haqında düşünməlisən.

- İndi hansı tamaşa üzərində işləyirsiniz

-Hazırda  rejissoru Nicat Kazımov olan “Yatmış gözəl” əsəri üzərində  işləyirik. Mən bu tamaşada kraliçanı oynayıram. Arzu edirəm ki, gələcəkdə Təhminəni, Anna Karenanı və   Kleopatranı oynayım.

- Fikrinizcə əvəzedilməz aktrisasınız?

- Bəli. İkinci Naibə yoxdur. Mən başqa tipli bir aktrisayam.

Xatırladaq ki,  Naibə Allahverdiyeva M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib. 1994-cü ildən Gənc Tamaşaçılar teatrında aktrisa kimi fəaliyyət göstərir. Teatrda ilk rolu D. Mehdinin “O da mənəm, bu da” tamaşasında Nazlı rolu olub.  . Ə. Əmirlinin “Bala bəla sözündəndir” tamaşasında Bibi, T. Kazımovun “Səsin sehri” tamaşasında Səfurə, A. Həsənzadənin “Mağara” tamaşasında Xatun, Ə. Dəmirçizadənin “Dədəm Qorqud” tamaşasında Burla Xatun, T. Vəliyevanın  “Mənim ağ göyərçinim” tamaşasında Münəvvər, S. Rüstəmin “Çimnaz xanım yuxudadır” tamaşasında Çimnaz rolları yaddaqalan, maraqlı obrazlardandır. N.Allahverdiyeva bir kino aktrisası kimi də bir sıra filmlərdə çəkilib. “Qara volqa” filmində Rita, “Məhəbbətin hökmü” filmində Çevriyyə rolları aktrisaya tamaşaçı rəğbəti qazanıb və s.  2000-ci ildə  əməkdar artist fəxri adı ilə təltif olunub və Prezident mükafatçısıdır.

 

 

GÜNAY

 

Paritet.- 2010.- 10-11 iyun.- S.12.