Adlarla
bağlı qanuna ehtiyac var
Pirağa İsmayılzadə: “Qanun elə bir şəkildə hazırlanmalıdır ki, adlarla bağlı bütün məsələləri özündə əks etdirsin”
Ad insanlara əsasən
onları başqalarından
fərqləndirmək
üçün verilir. İnsan
adlarının
öz sahibinin xarakterinə
və taleyinə təsir
göstərməsi
barədə inamlar
hələ qədim
dövrlərdən
mövcuddur. Bu təsirləri
çox vaxt mistika,
astrologiya ilə bağlayırlar. Hələ
bizim eradan əvvəl
Azərbaycan ərazisində
qeydə alınmış,
müəllifliyi Zərdüşt
Peyğəmbərə
aid edilən, dünyada
ən
qədim kitab
nümunələrindən
biri olan “Avesta”da
insan adlarının
əhəmiyyətinə
böyük
diqqət yetirilib və özünü
dərk etməyin
elə addan başladığı
qeyd olunub.
Keçmişdə
Azərbaycanda yeni
doğulan uşaqlara
adların verilməsinə
o dövrün
həm ictimai,
həm də
siyasi vəziyyəti
də təsir
göstərib. Məsələn, ərəb
və ya fars dövlətlərinin
Azərbaycana güclü
təsiri olduğu
dövrlərdə
uşaqlara daha
çox ərəb
və fars adları
qoyulurmuş. Sovet
hökuməti
qurulmazdan öncə Azərbaycanda körpələrə
həm də
dini adlar verilməsinə
çox rast gəlinib. Belə adlara misal
olaraq Məhəmməd, Əli, Osman,
İbrahim, Yusif, Fatimə
(Fatma), Zəhra,
Zeynəbı göstərmək
olar. Bundan başqa, o
vaxtlar bəzi
valideynlər arasında
uşaqlara nağıl
və dastanlardakı məşhur
qəhrəmanların
və ya tarixi
şəxslərin adlarını
vermək də
dəbdə idi:
Şah İsmayıl, Abbas , Məlik
Məmməd və s. Adlarla yanaşı
insanlar həm
də ləqəblərdən
istifadə edirlər. Hətta bəzi
insanlar daha çox
ləqəbi
ilə tanınır.
-
Adın nədir?
-
Kolxoz
Ümumiyyətlə, adların insan həyatında
özünəməxsus rolu var. Müəyyən olunub ki,
körpələrə qoyulan adlar mənasına uyğun
olaraq sonradan böyüməkdə olan uşaqların
xarakterinin formalaşmasına, psixikasına, hətta
karyerasına da təsir edir.
Lakin təssüf ki, heç də bütün
valideynlər bunu dərk etmirlər. Araşdırmalar
göstərir ki, Azərbaycanda adlar məsələsində
çox ciddi səliqəsizlik var. Təəsüf ki, bəzi
hallarda valideynlər yeni dünyaya gələn körpələrə
ad seçiminə başdansovdu yanaşırlar, bunun məsuliyyətini
anlamırlar. Valideynlərin səhvən qəribə,
xoşagəlməz adlar verdiyi uşaqlar isə böyüyəndən
sonra öz adlarından utandıqları üçün onu dəyişdirməyə
çalışırlar. Bu isə onlara
heç də asan başa gəlmir. Hətta
adından utandığına görə intihar edənlərin
olması da məlumdur. Qəribə
adların qoyulmasına sovet dövründə daha çox
rast gəlinir. Keçmiş SSRİ-nin
mövcüd olduğu illərdə isə bəzi valideynlər
öz körpələrinə rus və ya sovet
ideologiyasına uyğun adlar veriblər. Həmin
dövrdə bəzi azərbaycanlılara Kolxoz, Kombayn, Sovet,
Sovetxanım, Sovetnaz, Traktor, Marlen (Marks və Lenin), Ninel (Lenin
sözününn tərsinə oxunuşu), Komsomol, Oktyabr,
Bolşevik, Prikaz, Narkom kimi adlar
qoyulması buna misal ola bilər.
Bəzi zamanlarda isə uşaqlara adların verilməsinə
nə mövcud ictimai-siyasi vəziyyətin, nə də
ideologiyanın təsiri olub.
Sadəcə valideynlər övladlarına ad qoyarkən onun
necə səslənməsinin və mənasının fərqinə
varmayıblar: Dayandur,
Meyxoş, Mülkədar, Qarsalan, Mərkəz,
Zülümxan, Venera, Müdafiə...
Ölkəmizdə əcnəbi adların dəbdə
olduğu vaxtlara da təsadüf olunur. Ofelya, Afina, Ellada, Ruslan, Albert, Marks, Qrişa, Alyoşa,
Volodya, Sofiya, Novella, Tamara, Hamlet, Maqbet belə adlardandır. Həmdə son vaxtlar uşaqlarına əcnəbi
ad qoyanların sayının artması da müşahidə
edilir.
Bundan başqa, gülüş, nifrət və ikrah
doğuran adlardan istifadə olunması tövsiyə edilmir. Belə adlara Dobleyka, Qəqiş, Balaqədeş,
Quzubala,Vaxtilə, Zəlzələ, Lubiyə, Türməxanım,
Əmiş, Amlet, İşıqlan, Nazikbədən, Olimpiada,
Yerevan, Kələk, Məşuqə, Qarkom,
Qığılcım, Xaya, Kükü, Uxay, Xiyar, Şokalad,
Ördək, Koroğlan, Argentina, Telefon, Sidney, Xaşxanım,
Sərxoş, İbiş, Kukla, Opera, Sumqayıt, Şulu,
Şofer və digərləri daxildir. Çətin
tələffüz olunan adlar da mövcuddur. Məsələn, Sevinddş və bu kimiləri.
Dilçi alim Nizami Cəfərovun fikrincə, valideynlər
uşağa ad qoyanda hansısa bir ideologiyaya və ya hisslərə
qapılmamalıdırlar.
Körpələrə ad seçərkən, həm
onun necə səslənməsinə, həm də mənasına
diqqət yetirmək lazımdır. Uşaqlara
elə ad vermək lazımdır ki, böyüyəndə
utanmasınlar.
Türk və dini mənşəli adlar
daha çox dəbdədir
SSRİ-nin
dağılması və Azərbaycanın müstəqillik əldə
etməsindən sonra ölkəmizdə bütün istiqamətlər
kimi adam adları sahəsində də dəyişikliklər
baş verdi. Mütəxəssislər adam
adları sahəsində baş verən bu dəyişikliyi
müasir dövrün tələbi, həm də azərbaycanlıların
öz köklərinə qayıdışı kimi izah edirlər.
Onların sözlərinə
görə, artıq Azərbaycanda ərəb-fars adları
azalmaqda, türk mənşəli adlar isə artmaqdadır.
Bununla yanaşı, son illər uşaqlara yenidən
dini adların verilməsi halları da artıb. Ekspertlər bunu azərbaycanlıların İslam
dininə qaydışı ilə əlaqələndirirlər.
Müşahidələr göstərir ki, indi
uşaqlar arasında daha çox bir sözdən ibarət sadə
adlar üstünlük təşkil edir. Mürəkkəb
adlar isə getdikcə azalır. Digər
maraqlı məqam ondan ibarətdir ki, son vaxtlar yeni doğulan
uşaqlara telekanallarda nümayiş olunan serial qəhrəmanlarının
adlarını vermək də dəbə minib.
Dövlət Statistika Komitəsinin məlumatlarına
görə də Azərbaycanda əvvəllər dəbdə
olan ənənəvi adlar getdikcə unudulur. Rəsmi məlumata görə, hazırda
yeni doğulan uşaqlara 8 mindən çox ad verilir. Bunun 3600-dən çoxu qız, təxminən
4500-ü oğlan adıdır. Hazırda
qız uşaqlarına ən çox verilən adlar Fatimə,
Nərmin, Fidan, Aytac, Zəhra, Nuray, Nəzrin, Aysel, Ləman, Səbinə
və Leyladır. Sevinc, Günel, Leyla, Aygün, Günay, Sevda, Vüsalə,
Könül, Təranə, Samirə adları da
üstünlük təşkil edir. Ən çox dəbdə
olan oğlan adları isə Əli, Elçin, Vüqar, Anar,
Elnur, Samir, Elşən, Rəşad, İlqar, Vüsal, Murad,
Məhəmməd, Hüseyn, Nihat, Fərid və Nicatdır.
Adları necə dəyişmək
olar?
Qeyd edək ki, Ailə Məcəlləsinin 53.2-ci maddəsinə
görə, uşağa ad valideynlərin
razılığı ilə verilir.
Valideynlər arasında uşağın adına
münasibətdə razılıq olmadıqda yaranan fikir
ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həll olunur. Adların dəyişdirilməsi
Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Azərbaycan
vətəndaşlarının soyadlarının,
adlarının və ata adlarının dəyişdirilməsi
vəsadətləri haqqında” əsasnamə ilə tənzimlənir.
Orada nəzərdə tutulub ki, adın dəyişdirilməsinə
yalnız üzürlü hallar olduqda yol verilir.
Üzürlü hallar dedikdə isə adın pis səslənməsi,
çətin tələffüz olunması, milliyyətə
uyğun gəlməməsi, pis məna verməsi və s. nəzərdə
tutulur.
Ailə
Məcəlləsinin 54.1-ci maddəsinə görə, 18
yaşına çatmamış şəxsin adının dəyişdirilməsi
yalnız o halda mümkündür ki, buna icra hakimiyyətlərinin
tərkibindəki qəyyumluq orqanları validyenlərin birgə
xahişi əsasında icazə versin. 10
yaşına çatmış uşağın adı dəyişdirilərkən
onun özünün razılığı da tələb
olunur. Ailə Məcəlləsinin 189-cu
maddəsinə əsasən, vətəndaşların
özləri öz adlarını 18 yaşına çatandan
sonra dəyişə bilərlər. Bunun
üçün vətəndaşlar ilk növbədə ərizə
ilə yaşadıqları yerlərin VVADQ orqanlarına
müraciət etməlidirlər. Həmin ərizəyə
vətəndaşın şəxsiyyətini təsdiq edən
sənəd, əsaslı tərcümeyi-hal, doğum
haqqında şəhadətnamə, nikahdadırsa, nikah
haqqında şəhadətnamə, övladları varsa,
onların doğum haqqında şəhadətnamələri,
işləyirsə, iş yerindən arayış,
yaşadığı yerdən arayış, iki fotoşəkil
də əlavə edilməlidir. Bu sənədlər
VVADQ tərəfindən müvafiq rayonun polis şöbəsinə
göndərilir. Polis idarəsində həmin
şəxs barəsində hər hansı təqsirləndirici
materialın olub-olmaması yoxlanılır. Sonra sənədlər VVADQ şöbəsinə
qaytarılır. Bunun ardınca VVADQ öz
rəyini tərtib edir və baxılması üçün Ədliyyə
Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə
göndərir. Bu instansiyada da məsələ
araşdırılır. Qanunauygundursa, təsdiq
edilir, qanunauyğun deyilsə, imtina olunur. Adlarını
dəyişmiş vətəndaşa bununla bağlı şəhadətnamə
verilir.
Onu
da nəzərinizə çatdıraq ki, bu yaxınlarda Ailə
Məcəlləsinə edilən əlavə və dəyişikliklərə
görə, bundan sonra yeni doğulan uşaqlara adların
qoyulması yalnız valideynlərin öhdəsinə
buraxılmayacaq, bu zaman müvafiq icra hakimiyyətinin
qoyduğu qaydalar nəzərə alınacaq. Məqsəd
uşaqlara heç bir məna verməyən, pis səslənən,
ən əsası da gələcəkdə onların
utanmasına səbəb ola biləcək
adların verilməsinin qarşısını almaqdır.
Azərbaycanda adqoyma ilə bağlı 7-8
növ ənənə mövcuddur
Etnoqraf
Pirağa İsmayılzadə “Paritet”ə müsahibəsində
adların insanları bir-birindən fərqləndirmək
xüsusiyyətindən meydana gəldiyini bildirib: “Nəsil-icma
quruluşu dövründə insanların sayının
artması, onlarla bağlı münasibətlərin tənzimlənməsi
nöqteyi-nəzərdən insanlara adlar verilməyə
başlandı. İlk əvvəllər
adların verilməsində təbiət hadisələri əsas
rol oynayırdı. Misal üçün, əgər
yeni doğulan uşaq yağışlı və yaxud da
qarlı bir gündə dünyaya gəlirdisə ona havaya
uyğun adlar verilirdi. Ümumiyyətlə
isə, Azərbaycanda adqoyma ilə bağlı 7-8 növ ənənə
var. Yeni doğulan uşağa 3 gün ərzində ad
qoyulurdu. Bu ad gələcəkdə həmin
uşağın həyatını, əxlaqını,
bacarığını və digər keyfiyyətlərini
müəyyənləşdirməli idi. Elə
adlar var ki, uşağa mənaya görə verilirdi. Məsələn, Göyçək adı. Və yaxud da bəzən hökmdarlar adlarını
dəyişirdilər ki, uzunömürlü olsunlar. Bəzi adları da uşağı sosial statusuna
uyğun olaraq verilirdi. Məsələn,
elə olurdu ki, ata-anası vəfat edən uşağa Yetim
adı verilirdi. Adət-ənənəyə
uyğun adların qoyulması da geniş
yayılmışdı. Azərbaycanda
adqoyma ənənəsində varislik prinsipinin olması da diqqət
çəkir. Belə ki, bir çox
hallarda uşağa onun baba və nənəsinin adını
qoyurlar ki, bu da böyüklərə hörmət, onların
adını yaşatmaq istəyindən irəli gəlir.
Bəzi hallarda isə insanlara adlar onların
igidliyinə, qoçaqlığına görə verilirdi.
Bunun ən gözəl nümunəsi “Kitabi-Dədə
Qorqud” dastanıdır. Misal üçün, Buğaca
bu ad buğanı ram etdiyinə görə verilmişdi. Müasir dövrümüzdə isə uşaqlara həm
də film, roman qəhrəmanlarının, görkəmli
şəxsiyyətlərin adları verilir. Misal üçün, “Babək” və “Nəsimi”
filmləri çəkildikdən sonra bir çox valideynlər
öz uşaqlarına Babək, Nəsimi adları qoydular.
Eləcə də Səməd Vurğunun
“Aygün” poeması ilə bağlı Aygün, “Vaqif”
dramı ilə bağlı isə Vaqif adları geniş
yayılmağa başladı”.
Bəzi
tədqiqatçıların iddia etdiyi kimi
adlarımızın əksəriyyətinin fars mənşəli
olması ilə bağlı fikirlərlə
razılaşmayan P.İsmayılzadə, farsların da Azərbaycan
adlarından istifadə etdiklərini söylədi: “Bəzi tədqiqatçıların
sözlərinə görə, biz əsasən fars mənşəli
adlar götürmüşük. Əslində isə bizim fars mənşəli adlar götürməyimizlə
yanaşı, farslar da bizə məxsus adlardan istifadə ediblər.
Bu adlar da Azərbaycan xalqının tarixi
keçmişinə söykənən və milli-mənəvi
dəyərlərimizi özündə əks etdirən adlar
olub. Hətta İslam dini ilə
bağlı hesab edilən bir sıra adlar İslama qədərki
dövrdə Azərbaycanda geniş yayılmışdı.
Ümumiyyətlə, adlar ictimai-siyasi münasibətlərə
çox həssas reaksiya verir. Misal
üçün, Səfəvilər dövründə Azərbaycanda
yayılmış adların əksəriyyəti
simvollaşdırılmış adlardır. Məsələn, Həzrəti Əlinin dəfn
olunduğu Nəcəf şəhərinin adı ilə
bağlı olaraq Nəcəf adı geniş yayılmağa
başladı. Eləcə də onun
simvollaşdırılmış Zülfüqar
qılıncının adına uyğun
olaraq bir çoxları öz uşaqlarına Zülfüqar
adını verməyə başladı. Azərbaycan
cəmiyyətində çox maraqlı adlardan biri də Leyla
adıdır. Bu ad bizə ərəblərdən
gələn bir ad olmaqla Leylə kimi səslənir və “gecə”
mənasını verir. Nizami və
Füzuli kimi dahi şairlər öz əsərlərində-
“Leyli və Məcnun” poemalarında bu addan istifadə ediblər.
Orta əsrlər dövründə həm də adlarda
ikiləşməyin olması diqqət çəkir. Məsələn, Ağqoyunlu
hökmdarı Uzun Həsənin oğlunun adı Uğurlu Məhəmməd
idi. Onun əsl adı Uğurlu olsa da
İslamın təsiri nəticəsində sonradan Məhəmməd
adını qəbul etmişdi. Elə
adlar da var ki, sonradan dəyişdirilib. Məsələn,
Məhəmməd adı Azərbaycanda Məmmədə və
Türkiyədə Mehmetə çevrilib. Bu gün geniş yayılmış Oqtay adı isə
Çingiz xanın oğlu Ugedeyin adından
götürülüb”.
Köhnə adlarımız unudulub
Bəzi
hallarda insanların uşaqlarına mənasını bilmədikləri,
heç bir mənası olmayan və yaxud da pis məna verən
adlar verdiklərini deyən müsahibim, Azərbaycanda əvvəllər
mövcud olan bəzi adların sonradan unudulduğunu və
yaxud da başqa formalarda istifadə olunmağa
başlandığını təəssüf hissi ilə qeyd
edib: “Məsələn, əvvəllər Azərbaycanda
geniş yayılmış Günəş adı sonradan ərəblərin
təsiri nəticəsində Şəms, Şəmsiyyə
kimi işlənməyə başlanıb. Və
yaxud da Ayla bağlı adların yerinə Qəmər
adından istifadə olunub”.
P.İsmayılzadənin
fikrincə, adlarla bağlı problemləri həll etmək
üçün ilk növbədə əhali arasında
maarifləndirmə aparılmalıdır. Bu baxımdan
telekanallarda adlarla bağlı verilişlərin göstərilməsi,
mətbuatda məqalələrin dərc olunması müsbət
addım olardı. Xüsusən də aidiyyəti dövlət
qurumları uşaqlarına ad seçməkdə valideynlərə
kömək etməlidirlər.
Adlarla
bağlı qanunun hazırlanması fikrinə də
münasibət bildirən P.İsmayılzadə belə bir
qanunun qəbulunu məqbul saydığını bildirdi: “Lakin adlarla bağlı qanun layihəsinin
hazırlanması cəmiyyətdə birmənalı qarşılanmaya
bilər. Ola bilsin ki, ərəb və fars mənşəli,
eləcə də bizim milli-mənəvi dəyərlərimizə
yad olan adlar götürülsün və sırf Azərbaycan
mənşəli adlar qalsın. Qanun elə bir şəkildə
hazırlanmalıdır ki, adlarla bağlı bütün məsələləri
özündə əks etdirsin”.
Babək CAHANDAROV
Paritet.- 2010.- 10-11 iyun.- S. 9;11.