“Şeyx Məhəmməd Xiyabani hərəkatı-90”

 

“Şeyx Məhəmməd Xiyabaninin qiyamında azərbaycanlılıq ruhu daha artıq özünü göstərirdi”

 

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şeyx Məhəmməd Xiyabani hərəkatı-90” mövzusunda elmi konfrans keçirildi.

 Konfransı giriş sözü açan  institutun direktoru, millət vəkili, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva 1920-ci ildə Şeyx Məhəmməd Xiyabaninin  rəhbərliyi altında baş vermiş xalq hərəkatından, Azərbaycan Demokrat Firqəsi və partiyada Xiyabaninin fəaliyyətindən, onun məqsəd və hədəfindən söhbət açdıqdan sonra Xiyabani şəxsiyyətinin ruhaniliklə yanaşı inqilabi-demokratik, böyük, mütəfəkkir və vətənpərvər cəhətlərindən,  və bu keyfiyyətlərin hərəkatın baş verməsinə və gedişinə göstərdiyi təsirdən söz açdı: “Xiyabani hərəkatı tariximizin azadlıq və qurtuluş uğrunda apardığı mübarizənin şanlı və şərəfli səhifələrindən biridir” - deyən G. Baxşəliyeva institutun İran və Cənubi Azərbaycan şöbələrində çalışan alimlərin Xiyabani irsini və onun adı ilə bağlı hərəkatı yeni şəraitdə daha ətraflı və dərindən öyrənəcəyini söylədi. O, ulu öndər Heydər Əliyevin çox dəyərlı bir fikrini də  xatırlatdı: “Xalqın hər bir günü tarixdə öz yerini tutmalıdır. Tariximizin hər bir nöqtəsi, hər bir günü bizim üçün əzizdir”.

Xiyabani hərəkatında diqqəti çəkən mühüm cəhətlərdən biri də hərəkatın əvvəldən axıra qədər milli xarakterdə, azərbaycançılıq ruhunda getməsi və Azərbaycanın İran daxilində zülmə, əsarətə qarşı çıxmaqda bayraqdar olmasının qabardılması olduğunu vurğulayan  G. Baxşəliyeva qeyd etdi ki,  Azərbaycanın xalq yazıçısı, əslən Cənubi Azərbaycandan olan alim akademik Mirzə İbrahimov öz məqalələrinin birində yazır: “Şeyx Məhəmməd Xiyabaninin qiyamında azərbaycanlılıq ruhu daha artıq özünü göstərirdi. Səttarxan inqilabından sonra güclənən irtica və təzyiq, hakim fars dairələri və istibdadın artan zülmü Azərbaycanı mütiləşdirmir, yatırdıb sakit etmir, əksinə,  daha artıq oyadır və hərəkətə gətirdi. Getdikcə Azərbaycandakı xalq hərəkatları, daha artıq milli xasiyyət kəsb etməyə başlayırdı. Şeyx Məhəmməd, Tehran hakimlərinin Azərbaycanda yaratdıqları zorakılıq və səfalət mənzərəsini xalqın nəzərində canlandırırdı”.

Xiyabani hərəkatı tariximizin azadlıq və qurtuluş uğrunda apardığı mübarizənin şanlı və şərəfli səhifələrindən biri kimi qiymətləndirən G. Baxşəliyeva əlavə etdi ki,  bu hərəkatın bütün çalarlarını tədqiq edib öyrənmək və bunları sonrakı nəsillərə çatdırmaq bizim vətəndaşlıq borcumuz və vəzifəmizdir: “Mən güman edirəm ki, institutun İran və Cənubi Azərbaycan şöbələrində çalışanlar Xiyabani irsini və onun adı ilə bağlı hərəkatı yeni şəraitdə daha ətraflı və dərindən öyrənməyə çalışacaqlar.”

 Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Əkrəm Rəhimli “Şeyx Məhəmməd Xiyabani hərəkatı və onun Cənubi  Azərbaycanın azadlıq hərəkatında yerimövzusunda məruzə etdi. Tarixə “Xiyabani hərəkatı” adı ilə daxil olan Güney Azərbaycandakı xalq hərəkatının başçısı - Azərbaycan xalqının ruhani, inqilabçı-demokrat oğlu Şeyx Məhəmməd Xiyabaninin fəaliyyətindən söz açan Ə.Rəhimli onun həyat və mübarizə yolunu 3 dövrə ayırdı : 1879-1905-ci illəri əhatə edən uşaqlıq və gənclik illəri; Məşrutə inqilabı və məşrutəçi rəhbərlərin Xiyabaninin həyatında və mübarizəsində yeni bir mərhələ açdığı 1905-1911-ci illər; Məşrutə hərəkatının yatırılması, Səttarxana və onun silahdaşlarına qarşı təqiblərin başlanması, ölkədə cəza maşınının işə düşməsinin minlərlə azadlıq mücahidi kimi Ş.M.Xiyabanini də mühacirətə və gizli fəaliyyətə keçməyə məcbur etdiyi dövr - 1911-1920-ci illər.

Xiyabaninin mübarizə əzmini xarakterizə edən natiq bildirdi ki, o ölkənin mənafeyinə düşmən mövqelərini cəsarətlə ifşa edib: “O, ruhani bir şeyx olaraq mübarizə meydanına atılır, inqilab əsgəri kimi ələ silah alıb məşrutəçilərin səngərində vuruşur, alovlu nitqləri ilə inqilab mücahidlərini qələbəyə ruhlandırmaqda tarixi xidmət göstərirdi. O, Səttarxanın qəhrəmanlığına, dönməzliyinə və kütləni mübarizəyə qaldırmaq bacarığına böyük qiymət verib. Xalq tərəfindən Təbriz Əncüməninə, sonra isə, İran Şura Məclisinə vəkil seçilən Xiyabani məntiqi və alovlu nitqləri ilə şahlıq rejimini, ona xidmət göstərən irticaçı qüvvələrin yaramazlıqlarını, ölkənin mənafeyinə düşmən mövqelərini  xitabət kürsülərindən cəsarətlə ifşa edib”.

Ucdantutma qırğınlar, soyğunlar, zülm və işgəncələr Azərbaycandakı istiqlaliyyət hərəkatını və azadlıq tələblərini məhv edə bilməyəcəkdirdeyən Xiyabaninin və silahdaşlarının Vətən torpağına səpdikləri azadlıq toxumlarının çürüyüb məhv olmadığını deyən Ə.Rəhimli zaman-zaman bu toxumların cücərib milləti azadlığın işıqlı sabahına doğru mübarizəyə ruhlandırdığını söyləyərək, Ş.M.Xiyabaninin son çıxışlarının birində dediyi fikri xatırlatdı: “Haqqa xidmət etmək istəyən bir qüvvə daha güclü düşmənlərin müqabilində məğlub olsa belə, o yenə bir gün dirçəlməyə və ölməz səsini qulaqlara çatdırmağa müvəffəq olacaqdır. Ey ölməz Azərbaycan, başını uca tut, yaşa və əbədi var ol!”

İnstitutun aparıcı elmi işçisi,  tarix elmləri doktoru Solmaz Rüstəmova  “Xiyabani hərəkatı və Komintern” mövzulu  məruzə ilə çıxış  etdi. Komunist internasionalının Cənubi Azərbaycanda Xiyabaninin başçılıq etdiyi milli azadlıq hərəkatına münasibətindən söz açan məruzəçi Kominternin bu hərəkatı görmədiyini, daha çox ruslarla əməkdaşlıq edən  Mirzə Kiçik Xana diqqət yetirdiyini söylədi. Xiyabani də heç bir kömək istəmədən özünü müstəqil aparsa da, bunun da sonu faciə ilə qurtarır.

İnstitutun əməkdaşı Sübhan Talıblı  Xiyabani hərəkatı Azərbaycan tarixşünaslığındamövzusunda məruzə etdi. Məruzəçi çıxışında bu mövzuda yazılan, səhifələrində Xiyabani hərərkatına geniş yer ayrılan elmi kitablardan, məqalələrdən söz aşdı. S.Talıblı məşhur jurnalist, inqilabçı demokrat Qulam Məmmədlinin “Xiyabani (Azərbaycan xalqının milli azadlıq mübarizəsi)”, tarix elmləri doktoru Şövkət Tağıyevanın “1920-ci il Təbriz üsyanı” və rus dilində çap olunmuş “İran Azərbaycanında milli azadlıq hərəkatı”,  filologiya elmləri doktoru Vüqar Əhmədin “Şeyx Məhəmməd Xiyabaninin həyatı, mühiti və ədəbi fəaliyyəti” kitabları haqında daha geniş söz açdı.

Konfransda eləcə də  AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru İslam Qəriblinin “Ş.M.Xiyabani hərəkatı və Güney Azərbaycandakı ədəbi mühit”, Şərqşünaslıq İnstitutunun əməkdaşı Cəmalə Mirzəyevanın məruzəsiTəcədüdqəzeti Xiyabani hərəkatının ideoloji silahı kimi”, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Vüqar Əhmədin isə Xiyabaninin dini-fəlsəfi görüşləri  adlı   məruzləri də dinlənildi.Tədbirdə həmçinin iştirakçılara Şeyx Məhəmməd Xiyabani ilə bağlı kitabların sərgisi də təqdim olundu.

 

 

G.BÜNYADZADƏ    

 

Paritet.- 2010.- 10-11 iyun.- S. 6.