15 iyun-Azərbaycan
xalqının Milli Qurtuluş günüdür
Azərbaycanın
yeni tarixinin bütöv bir mərhələsi XX əsrin nəhəng
dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır.
Onun adı xalqın simvoluna, əməlləri isə şəxsi
hünər rəmzinə çevrilmişdir, həyat və
fəaliyyəti doğma xalqa və torpağa məhəbbət
və sədaqət meyarı olmuşdur. Azərbaycanda
möhkəm dövlətçilik ənənələrinin
və demokratik cəmiyyətin bərqərar olmasında
şəxsiyyətin rolu böyükdür. Bir sistem kimi
yanaşsaq cəmiyyətin digəri ilə əvəzlənməsi
prosesi mürəkkəb və ziddiyyətli tərəfləri
ilə seçilən sosial hadisədir. Elmi-metodoloji istiqamətlərdən
baxsaq, aydın olur ki, bir cəmiyyətin digəri ilə əvəzlənməsi
prosesində təkamül edən, formalaşan və bərqərar
olan formasiya həmin proses zamanı daxildən irəli gələn
dinamik qüvvənin hesabına reallaşmaqla yanaşı,
formalaşacaq cəmiyyətin təkamülü prosesinə
şəxsiyyətin timsalında təsir edən həlledici
qüvvə mühüm rol oynayır.
Azərbaycanın
ən yeni siyasi tarixi göstərdi ki, xalqımızın
bütün ümummilli məsələlərdə olduğu
kimi konkret olaraq, demokratik cəmiyyətin formalaşmasında
da şəxsiyyət fenomeni böyük rol oynayır.
Aydın olur ki, ümummilli lider Heydər Əliyev
özünün böyük həyat təcrübəsi,
nüfuzu, iradəsi və ən mürəkkəb
situasiyalarda dəqiq qərarlar çıxarmaq
bacarığına görə demokratik cəmiyyətə
keçid mexanizmini müəyyənləşdirərək,
bu istiqamətdə ardıcıl və sistemli siyasət həyata
keçirmişdir. Əslində bu görkəmli şəxsiyyət
Azərbaycanda müstəqil dövlət və demokratik cəmiyyət
formalaşdırmaq kimi tarixi vəzifəni böyük
çətinlikləri dəf edərək yerinə
yetirmişdir. Heydər Əliyev xalqımızın
Ümummilli Lideri kimi siyasi hakimiyyətə gələrkən,
ölkədə mövcud olan vətəndaş müharibəsini,
hakimiyyət böhranını,etnik separatiizm meyllərinin
qarşısını almaqla və müxtəlif dövlətlərin
ölkəmizə yönələn geostrateji
maraqlarını uzlaşdırmaqla Azərbaycanda demokratik cəmiyyətin
inkişafına təminat yaratdı. Bir sözlə,
xalqının tarixinin ən mürəkkəb və
ağır dövrlərində böyük öndər
Mustafa Kamal Atatürkün Türkiyədə, Mahatma Qandinin
Hindistanda, Adenaurenin Almaniyada yerinə yetirdikləri tarixi
missiyanı Heydər Əliyev Azərbaycanda
reallaşdırdı və bu gün də öz
ideyalarının müdrikliyi ilə ümummilli lider kimi
xalqımız qarşısında üzərinə
düşən vəzifələri şərəf və ləyaqətlə
yerinə yetirərək zəngin və qüdrətli Azərbaycana
gedən yola işıq salır. Əslində bu danılmaz həqiqət
kiminsə istəyib-istəməməsindən və yaxud
siyasi mənsubiyyətindən asılı deyil, Azərbaycan
reallıqlarında gedən proseslərin məntiqindən irəli
gəlir. Azərbaycanın ən yeni tarixinə nəzər
salsaq, bir daha aydın olar ki, onun hər bir məqamı
ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti
ilə sıx şəkildə bağlıdır.
Heydər
Əliyevin ilk dəfə 1969 - cu ilin yayında Azərbaycana rəhbər
seçilməsi ərəfəsində cəmiyyətdə
bədbinlik, ətalət, laqeydlik əhval - ruhiyyəsi
hökm sürürdü. Sosial - iqtisadi göstəricilərin
əksəriyyəti, o cümlədən əmək
haqqının səviyyəsinə, mənzil təminatına,
məktəblərin və xəstəxanaların sayına,
istehlak səviyyəsinə görə respublika ölkədə
axırıncı yerlərdən birini tuturdu. Ərzağın
xeyli hissəsi ittifaq fondundan alınırdı.
Ermənistanın
respublikaya qarşı növbəti ərazi iddiaları da həmin
dövrə aiddir. Əlbəttə, bu iddiaların hansı
faciəli nəticələrə gətirə biləcəyini
əhalinin böyük hissəsi dərk etmirdi. Lakin bu iddialar
şəraiti xeyli kəskinləşdirir, xalqın respublika rəhbərlərinə
inamsızlığını daha da artırırdı. Hər
yerdə söhbət gəzirdi ki, hansısa ərazilər
ermənilərə satılmış, yaxud tamah məqsədilə
hədiyyə edilmişdir. Hamı başa
düşürdü ki, respublika rəhbərlərinin ittifaq
orqanlarında nüfuzu yoxdur, onlar respublikanı ağır vəziyyətdən
çıxarmağa qadir deyildirlər. Yalnız yenicə
respublika rəhbərliyinə gəlmiş Heydər Əliyevin
qətiyyətli mövqeyi, şəxsi nüfuzu həmin
dövrdə Azərbaycanın növbəti ərazi itkisi ilə
üzləşməsinin qarşısını aldı.
Heydər
Əliyev inamsızlığın və sosial ətalətin
aradan qaldırılmasına dair yeni ideyalar tapdı və bu
ideyaları ilə Azərbaycan KP MK - nin avqust plenumunda
açıq çıxış etdi. Heydər Əliyevin həmin
plenumda dəlil - sübut baxımından kəskin məruzəsi
vəziyyətin həqiqi mahiyyətini açıb hamıya
göstərdi. O dövrdə təşəkkül
tapmış normalara, ideoloji tələblərə görə
belə çıxış gözlənilmirdi,
çünki mövcud dövlət quruluşunun tənqidi məsələləri
yol verilən hədd meyarı ilə dəqiq müəyyən
edilmişdir. Heydər Əliyevin açıq şəkildə
söylədiyi fikirlər Moskvada bəzilərin xoşuna gəlməsə
də, bu, bir reallıq idi.
Heydər
Əliyevin təklif etdiyi dəyişikliklər qanunauyğun
xarakter daşıyırdı. Dövr yeniliklər
dövrü idi və yalnız zamanın məntiqindən
çıxış edən innovativ qərarlar tərəqqini
təmin edə bilərdi. Elə qərarlar ki, onlara əsaslanaraq
cəmiyyət öz inkişafında keyfiyyətcə yeni
sıçrayış edə bilsin. Heydər Əliyev
özünün konkret fəaliyyətində həmişə
tarixi inkişafın obyektiv qanunauyğunluqlarına söykənən
dərin bilgisinə arxalanmış, xalqın potensial imkanlarına
və cəmiyyətin sağlam qüvvələrinə
güvənmişdir. Məhz bunun nəticəsi idi ki, Azərbaycan
xalqı gənc, enerjili və dinamik siyasi liderinin məqsəd
və niyyətlərini qəbul etdi. O dövrdə Azərbaycan
əhalisinin yaridan çoxu kənd yerlərində
yaşayırdı. Onların bütün həyatı, rifah
halı kənd təsərrüfatında işlərin necə
getməsindən asılı idi. Işlər isə pis
gedirdi. Istehsal həcmi ildən - ilə azalırdı.
Iqtisadiyyatın çox vacib sahələri perspektivsiz
sıralara aid edilmişdi. Heydər Əliyev respublikanın rəhbəri
seçildikdən sonra onun görkəmli təşkilatçılıq
qabiliyyəti, xalqı səfərbər edib öz
arxasınca aparmaq istedadı sayəsində 1969 - cu il kənd
təsərrüfatı ili uğurla başa
çatdırıldı. Uzun illər ərzində ilk dəfə
olaraq kənd təsərrüfatı məhsulları
istehsalında artım əldə edildi.
1969
- 1982 - ci illər ərzində bütün kənd təsərrüfatı
və onunla bağlı sahələr köklü dəyişikliklərə
uğradı. Azərbaycan tarixi bu qədər geniş
miqyaslı və dərin dəyişikliklər görməmişdir.
Bu illər nəinki bütün kənd təsərrüfatı
məhsullarının istehsalı artdı, həm də
mühüm sosial dəyişikliklər həyata
keçirildi, insanların güzəranı
yaxşılaşdı, kənd əhalisinin həyat tərzi
dəyişdi. Minlərlə yaşayış məntəqəsi
yaradıldı və abadlaşdırıldı, avtomobil və
dəmir yollarının inşasına, məktəblərin,
tibb müəssisələrinin tikintisinə diqqət
artırıldı, demək olar, hər rayonda və bir
çox kəndlərdə mədəniyyət sarayları və
klublar ucaldıldı, muzeylər yaradıldı. Su kəmərləri
tikintisi böyük miqyas aldı, yaşayış məntəqələrinə
qaz gəldi.
Bu
illərdə sənayenin baza sahələrinin inkişafı
üçün işlər görüldü. Burada
üstünlük verilən istiqamətlər - sənayenin
strukturunun təkmilləşdirilməsi və mövcud
istehsalatın modernləşdirilməsi idi. O vaxt sənayenin əsas
həcmini neftmaşınqayırması və neft emalı
zavodlarının məhsulları təşkil edirdi. Bu məhsulların
keyfiyyəti də yüksək deyildi. Əhalinin rifah halı
istehsalın çox məhdud bir sahəsində işlərin
vəziyyətindən asılı edilmişdir. Problem
çoxdan yaranmışdı. Lakin respublikanın əvvəlki
rəhbərlərinin heç biri bu məqsədlər
üçün vəsait ayrılmasına nail ola bilməmişdi.
Məhz ulu öndərin gərgin səyləri nəticəsində
Azərbaycanda iqtisadiyyatın
differensiallaşdırılmasına nail olundu, qeyri - neft sahəsinin
inkişafına yeni nəfəs gəldi və ölkədə
sürətlə yeni istehsal sahələri yaradılmağa
başlandı.
Heydər
Əliyev dünyada baş verən proseslərin təsiri nəticəsində
ölkənin ictimai - siyasi həyatında yenicə yaranmaq istəyən
meylləri məharətlə sezir və respublikanı
qarşıdakı sınaqlara vaxtında hazırlamaq
üçün hər şeyi edirdi. Onun gərgin fəaliyyəti
nəticəsində respublikada yeni ali məktəblər və
tədqiqat müəssisələri, onlarca kafedra və
laboratoriyalar yaradılmış, ali məktəblərə qəbul
xeyli artmışdı. Moskvanın, Sankt - Peterburqun, Kiyevin və
ölkənin digər şəhərlərinin ali məktəbləri
hər il Azərbaycandan əvvəlcə 500, sonralar isə
1000 nəfər gənci qəbul etməyə
başlamışdı. Hərbi ixtisaslar üzrə kadr
hazırlığına böyük diqqət yetirilirdi. Heydər
Əliyev Azərbaycanda kosmonavt hazırlamaq vəzifəsini də
qarşıya qoymuşdu. Bu məqsədlə
ixtisaslaşdırılmış uçuş məktəblərinə
onlarca gənc göndərilmişdi.
İqtisadiyyatda
və sosial sahədəki nailiyyətlər cəmiyyətdə
nikbinlik meyllərini gücləndirirdi. Ziyalılar, əhalini
geniş təbəqələri öz ölkəsinə və
liderinə görə fəxr edirdilər. Artıq
bütün Sovetlər İttifaqında Heydər Əliyevin
istedadlı rəhbər və dövlət xadimi olması
fikri formalaşmışdı. Beləliklə, bu görkəmli
şəxsiyyətin fəaliyyəti öz yüksək qiymətini
aldı və 1982 - ci ildə Heydər Əliyev SSRİ Nazirlər
Soveti həmsədrinin birinci müavini təyin edildi. Bu yeni vəzifə
həll edilən məsələlərin mürəkkəbliyinə
və miqyasına görə Heydər Əliyevin əvvəlki
fəaliyyəti ilə heç bir müqayisəyə gəlməzdi.
O vaxtkı sistemin hər bir rəhbərin fəaliyyətini
simasızlaşdırmaq və bərabərləşdirmək
xüsusiyyəti nəzərə alınarsa, Moskvanın
hakimiyyət dəhlizlərində itməmək, böyük
siyasətin adi statistinə çevrilməmək olduqca
çətin idi. Lakin Heydər Əliyevin qüdrətli
istedadı, müstəsna təşkilatçılıq
qabiliyyəti, məlum problemlərin həllinə qeyri -
standart yanaşma tərzi, görkəmli natiqlik məharəti
burada da özünü göstərdi. SSRİ Nazirlər
Sovetinin sədrinin birinci müavini vəzifəsində Heydər
Əliyev ən çox quruculuq işlərini həyata
keçirmişdi. Indiyədək postsovet məkanında
dövlət və ictimai xadimlər, sadə insanlar Heydər Əliyevin
gördüyü işlər haqqında dərin minnətdarlıq
hissi ilə söz açırlar. Onun təklifi ilə Azərbaycanın
Xəzər sahilboyunda kurort zonasının yaradılmasına
dair ittifaq əhəmiyyətli proqram qəbul edilmişdi.
Bütün bunlara əsasən heç də təsadüfi
deyil ki, Qərbin analitik mərkəzləri Heydər Əliyevi
Sovet dövlətinin yeni parlayan ulduzuna bənzədirdilər.
Lakin
Sovet dövlətinin başçısı Mixail Qorbaçov
bu qədər nüfuzlu, istedadlı dövlət xadimini
öz yanında görmək istəmirdi. Belə ədalətsiz
münasibətə etiraz olaraq, 1987 - ci ildə Heydər Əliyev
partiyada və dövlətdə tutduğu bütün vəzifələrdən
istefa etdi. Bu dövrdə respublika rəhbərlərinin fəal
iştirakı ilə ittifaq rəhbərliyi Heydər Əliyevin
ləkələnməsi üçün görünməmiş
kampaniyaya başladı. Lakin bütün bu cəhdlər
iflasa məhkum idi. Çünki Heydər Əliyev əvvəlki
kimi xalq tərəfindən sevilirdi, respublikada çox
böyük nüfuza və təsirə malik idi.
1990
- cı ildə ittifaq və respublika rəhbərliyinin iradəsinə
zidd olaraq Heydər Əliyev Naxçıvana
köçmüş və Naxçıvan Ali Sovetinin
deputatı, sonra isə sədri seçilmişdi. Beləliklə,
Azərbaycanın bu kiçik hissəsi böyük siyasətin
obyektinə çevrilmiş, Naxçıvanda millətin gələcəyi
ilə bağlı ümumdövlət və regional məsələlər
həll edilməyə başlanmışdı.
Bununla
birlikdə, ölkədə vəziyyət günbəgün
pisləşirdi. 1993 - cü ilin əvvəllərində
hakimiyyət tam iflic vəziyyətinə
düşmüşdü. Partiyalar, ictimai - siyasi hərəkatlar,
hətta ayrı - ayrı imkanlı şəxslər
silahlı qruplar və qanunsuz silahlı birləşmlər
yaradırdılar. Cəmiyyətdə müdafiəsizlik və
sivil birgəyaşayışın
mümkünsüzlüyü ovqatı kütləvi xarakter
almışdı. Hamının nəzərləri
Naxçıvana dikilmişdi. Ayrı - ayrı şəxslər,
müxtəlif partiyaların, ictimai hərəkatların,
rayon və kəndlərin nümayəndələri
Naxçıvana gedir, oraya minlərlə teleqram və məktub
göndərirdilər. Heydər Əliyevdən Bakıya
qayıtmaq və hakimiyyəti öz əlinə almaq dönə
- dönə xahiş olunurdu.
Və
nəhayət xalqın müqəddaratında “həqiqət
anı” olacaq 1993 - cü ilin yayı gəldi. Həmin ilin iyun
ayının 15 - də Heydər Əliyev Azərbaycanın
Ali Sovetinin sədri seçildi və Azərbaycan tarixində
Heydər Əliyev epoxasının ən dinamik, gərgin və
səmərəli dövrü başladı. Beləliklə,
Heydər Əliyev növbəti dəfə xilaskarlıq
missiyasını üzərinə götürərək
doğma xalqının köməyinə gəldi. Əgər
1969 - cu ildə onun birinci gəlişi Azərbaycana dirçəliş
və çiçəklənmə gətirdisə, 1993 -
cü ildə ikinci dəfə gəlişi isə Milli
Qurtuluş günü oldu.
Bu
qayıdışla ölkənin ictimai - siyasi, sosial - iqtisadi,
elmi - mədəni həyatında, beynəlxalq əlaqələrində
dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və
prinsiplərə uyğun şəkildə müstəqil
dövlət quruculuğu prosesi başlandı. Amma
bütün bunlara nail olmaq üçün ilk növbədə
ölkədə ictimai - siyasi sabitliyi təmin etmək
lazım idi. Bunsuz dağılmış iqtisadiyyatın bərpasına,
xarici sərmayələrin cəlb olunmasına, dövlət
quruculuğu ilə yüksək fəaliyyətə nail olmaq
mümkün deyildi. Ümummilli lider Heydər Əliyevin qətiyyətli
səyləri nəticəsində bu sahədə ciddi tədbirlər
görüldü. Ən əsası isə Azərbaycan
dövlətçiliyinin varlığına böyük təhlükə
olan 1994 - cü ilin oktyabr və 1995 - ci ilin mart dövlət
çevrilişi cəhdlərinin qarşısı
alındı, günahkarlar cəzalandırıldı. Bununla
da hakimiyyətə silah yoluyla gəlmə cəhdlərinə
bir dəfəlik son qoyuldu, ölkədə möhkəm,
davamlı sabitlik təmin edildi, demokratiyanın inkişafı
üçün sağlam şərait yaradıldı. Heydər
Əliyevin ikinci dəfə ölkə rəhbərliyinə
qayıtması və sözün əsl mənasında
“Ömrümün qalan hissəsini xalqıma
bağışlayıram!” - deyə öz xalqına sahib
çıxması böyük fədakarlıq idi.
Heydər
Əliyevin hakimiyyətə qayıtdığı dövrdə
ən ümdə, vacib məsələlərindən biri qərb
qonşumuş, dəyişməz düşmən Ermənistanın
getdikcə genişlənən təcavüzünün
qarşısını almaqdı. Ulu öndərin həyata
keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində
bir tərəfdən Azərbaycanın milli maraqlarını
qorumağa qadir olan nizamlı silahlı qüvvələr
yaradıldı, torpaqlarımızın müdafiə
olunması ilə bağlı mühüm addımlar
atıldı, digər tərəfdən atəşkəsə
nail olmaq üçün bütün siyasi və diplomatik
vasitələr işə salındı. Bununla da güclü
əks zərbələr alan düşmən
danışıqlara getməyə məcbur oldu və 1994 -
cü ilin may ayının 12 - də atəşkəs haqqında
saziş imzaladı. “İqtisadiyyatı güclü olan
dövlət hər şeyə qadirdir!” - prinsipinə əsaslanan
Ulu öndərin fəaliyyətinin ən mühüm, strateji
əhəmiyyət daşıyan istiqamətlərindən
biri bazar münasibətlərinə keçidin tələblərinə
uyğun bir şəkildə iqtisadi siyasət
hazırlayıb reallaşdırmaq, ölkə
iqtisadiyyatını böhrandan qurtarıb, dirçəliş,
ardından da inkişaf yoluna çıxarmaq idi.
Təsadüfi
deyildir ki, Azərbaycanın yeni neft strategiyasının
işlənib hazırlanması bu baxımdan
atılmış ilk və həyati əhəmiyyətli addım
omuşdur. 1994 - cü il sentyabr ayının 20 - də
dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin
müqaviləsi”nin imzalanması nəticəsində
Ümummilli lider Heydər Əliyev nəinki neft
strategiyasının təməlini qoydu, yeni neft əsrini
başlatdı, ümumiyyətlə Azərbaycan
iqtisadiyyatının inkişafının ana xəttini müəyyən
etmiş oldu. Beləliklə, Müdrik siyasətçi Heydər
Əliyev dünyanın diqqətini Cənubi Qafqaz regionuna cəlb
etdi, Azərbaycanın iqtisadi cəhətdən dünya
birliyinə inteqrasiyasının təməlini qoydu. Bu gün
Azərbaycan iqtisadiyyatının əsas arteriyalarını təşkil
edən Bakı - Tbilisi - Ceyhan, Bakı - Supsa neft, Bakı -
Tbilisi - Ərzurum qaz kəmərlərinin ideya əsasları
və sağlam bünövrəsi, məhz o zaman
atıldı.
Azərbaycanda
demokratik dövlət quruculuğunun fundamental əsasları
da Milli öndər tərəfindən qoyulmuş və onun rəhbərliyi
altında ölkəmizin demokratik dəyərlərə əsaslanan
hüquqi sistemin formalaşmasına başlanmışdır.
Beləliklə də, Müstəqil Azərbaycanın qurucusu
Heydər Əliyevin rəhbərliyi altında 1995 - ci ilin 12
noyabrında ümümxalq səsverməsi yoluyla ilk
Konstitusiya qəbul olundu və bu da öz növbəsində
demokratik qanunların qəbulunda, keçiriləcək
islahatların effektivliyində, Azərbaycanın gələcək
inkişafında təməl bünövrə rolunu
oynadı. Müstəqil dövlət quruculuğunun
bütün dövrlərində Azərbaycan
diplomatiyasının qarşısında qoyduğu ən
mühüm istiqamətlərdən və vəzifələrdən
biri Ermənistan təcavüzünün dəf edilməsi,
respublikamızın pozulmuş ərazi
bütövlüyünün bərpa olunması və
işğalçıların ölkə ərazisindən
çıxarılması, Dağlıq Qarabağ probleminin həlli
ilə bağlı beynəlxalq aləmin dəstəyinin
qazanılması olmuşdur. Ulu öndər Heydər Əliyev
bu istiqamətdə güclü diplomatik manevrlər etmiş,
konseptual, praqmatik və balanslaşdırılmış xarici
siyasət strategiyasının əsasını qoymuşdur.
Belə ki, təcavüzkar Ermənistanı müdafiə edən
ölkələrin bir çoxu bitərəfləşdirilmiş
və dünya dövlətlərinin Ermənistana təzyiq
etməsi üçün hərtərəfli
düşünülmüş diplomatik və siyasi iş
aparılmış; mövcud informasiya boşluğu
doldurulmuş, ictimai rəy respublikamızın xeyrinə dəyişdirilmiş
və Dağlıq Qarabağ və bu bölgə ətrafında
yaranmış problemlərin tarixi, mahiyyəti və kökləri
hərtərəfli açıqlanmış; Dağlıq
Qarabağda yaşayan ermənilərin Azərbaycan dövlətinə
qarşı yönəlmiş
çıxışlarının beynəlxalq separatizmin tərkib
hissəsi kimi qorxulu, ağır nəticələr törədən
və digər dövlətlərin də ərazisində
oxşar problemlərin alovlanmasına təkan verən təhlükəli
proses olduğunu sübut etmişdır.
Ümummilli
lider Heydər Əliyevin qurucusu və banisi olduğu Yeni Azərbaycan
Partiyasının proqramında təsbit etdiyi, həm də
dövlətimizin təməl prinsiplərindən biri
varislikdir. Varislik Azərbaycan xalqının əvvəlki
tarixi dövrlərdə əldə etdiyi nailiyyətləri
öyrənmək, prinsipial olaraq əldə edilənləri
gələcək nəsillərə ötürməkdir. Bu
gün Heydər Əliyev siyasi məktəbinin varisi və
layiqli davamçısı ölkə prezidenti Cənab
İlham Əliyevdir. Belə ki, cənab İlham Əliyevin hələ
2003 - cü ildə prezident kimi səlahiyyətlərinin
icrasına başladığı ilk gündən hakimiyyəti
xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi heç də
təsadüfi deyil. Ölkə başçısının
ümummilli lider Heydər Əliyev siyasi xəttini yüksək
səviyyədə davam və daha da inkişaf etdirməsi
müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini
şərtləndirən mühüm amil kimi
çıxış edir. Ənənəyə sadiq qalaraq,
yeni iş yerləri açılır, əhalinin sosial
rifahı yüksəlir, dövlət büdcəsinin gəlirləri
artırılır, Azərbaycan idxal edən ölkədən
ixrac edən ölkəyə çevrilir. Regionların
inkişafı və durmadan aparılan abadlıq və yenidənqurma
işləri, təhsil sistemindəki islahatlar və uğurlu
nəticələr, neft bazarındakı üstün
mövqe, səhiyyə sisteminin müasir standartlara cavab verməsi,
turizmin və idmanın inkişafı Prezident İlham Əliyevi
Azərbaycanda alternativsiz liderə, Cənubi Qafqaz regionunda isə
Heydər Əliyevdən sonra gələn ikinci böyük
siyasi xadimə çevirir.
Bu
yaxınlarda Azərbaycanın ən yeni tarixində
mühüm siyasi kampaniya - 15 oktyabr 2008 - ci il Prezident
seçkiləri uğurla başa çatdı. Azərbaycan
xalqı yekdilliklə özünün layiqli liderinə səs
verərək, Yeni Azərbaycan Partiyasının Sədri
İlham Əliyevi ikinci dəfə prezident
kürsüsündə görmək istəyini ifadə etdi. İstər xarici, istərsə
də yerli müşahidəçilərin demokratik meyarlar və
dünya standartları baxımından yüksək qiymətləndirdikləri
seçki prosesi exit - polla real nəticələrin demək
olar ki, üst - üstə düşdüyü fenomenal hadisələrdəndir.
Xalqın öz liderinə belə yüksək inam və
etimadı dünya praktikasında da az rast gəlinir. Xalqımızın
cənab İlham Əliyevə olan böyük inam və
etimadının arxasında bu görkəmli şəxsiyyətin
uzun illərdən bəri Vətən və millət
qarşısında göstərdiyi tarixi xidmətlər, gərgin
və şərəfli əmək dayanır. Eyni zamanda bu
parlaq qələbə heç şübhəsiz, Ümummulli
lider Heydər Əliyevin həmişəyaşar və daim
müasirliklə səsləşən ideyalarının
alternativsizliyinə olan ümumxalq inamının təntənəsi
idi. Məhz Onun müəyyənləşdirdiyi prinsiplərlə
gündən - günə inkişaf edən zəngin və
güdrətli Azərbaycanın fonunda tam məsuliyyətlə
demək mümkündür ki, müasir dövlətimizin
qurucusu, ümummilli lider Heydər Əliyev bu gün də
bizimlədir, daim onu sevən qədirbilən
xalqımızın qəlbindədir.
Paritet.-2010.-12-16 iyun.- S. 8-9.