Azərbaycan turizm mövsümünə hazırdırmı?

 

“İri şəhərlərdən aralanıb sakit yaşıl guşədə istirahət etməklə insanlar fiziki və psixoloji bərpaedici təsirə məruz qalırlar

 

 Turizm inkişaf etdikcə  ölkə iqtisadiyyatına böyük təsir göstərmək şansına malik olur. Son illər dövlət səviyyəsində daxili turizmə yönəlmiş tədbirlər bu sahənin intensiv surətdə inkişafına imkanlar yaradır. Hazırda əyalətlərdə müasir tələblərə uyğun hotellər, kottec kompleksləri, digər istirahət mərkəzləri tikilib turistlərin istifadəsinə verilir.  Bu istirahət ocaqlarında istirahətçilər üçün  müxtəlif xidmətlər göstərilir.  Ölkəmiz zəngin turizm resurslarına malikdir: meşə, dağ, çay, bulaqlar, şəlalələr, dəniz, istisu müalicə ocaqları, qoruqlar, saysız tarixi yerlər buranı turistlər üçün cəlbedici məkana çevirir.

Özünəməxsus adətnənələrin, kulinariyanın olması buranı daha cazibədar edir. Hər il ölkəmizə gələn turistlərin sayında qeydə alınan  artım da bu sahənin inkişafı dünyada maliyyə böhranı ilə əlaqədar  turistlərinin sayından xəbərə verir. Məlumat üçün bildirək ki,  ötən il düyada iqtisadi böhranın olmasına baxmayaraq,  Azərbaycana gələn turistlərin sayı öncəki ilə nisbətən  2 faiz artıb. Belə ki, ötən il ölkəmizə  1 milyon 830 min xarici ölkə vətəndaşı gəlib ki, bunun  da  1 milyon 430 min nəfəri turist olub.Bu il də artıq turizm mövsümü başlayır.

 Turizm İnstitutunun turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalovun dediyinə görə, dövlətin turizm sahəsinə göstərdiyi diqqətin nəticəsi olaraq, son zamanlar Azərbaycanda istirahət məkanlarının sayı artır və rəqabət də güclənir. Bu səbəbdən də builki mövsümdə qiymət azalması müşahidə olunur: “Məsələn, Nabran istirahət zonasında fəaliyyət göstərən turizm obyektlərində günü adambaşına 20 manat olmaqla, 3 dəfə yemək də daxil, təkliflər var. Bundan əlavə, görülən işlərin nəticəsi olaraq, turizm sahəsində xidmət göstərən kadrların peşəkarlıq səviyyəsində də irəliləyişlər var. Bu il həm də institutumuzun ilk məzunları diplom alaraq turizm sektorunda fəaliyyətə başlayacaqlar”.

   İnstitutun  Turizm biznesinin təşkili və texnologiyasının təşkili kafedrasının müəllimi  Qəhrəman Yusupov  bildirdi ki, Azərbaycanda da kənd turizmi mövsümi xarakter daşıyır və yalnız yay aylarına təsadüf edir: “Dünya turizm sənayesində kənd əraziləri  - kənd turizmi möhkəm yer tutmuşdur. Iri şəhərlərdən aralanıb sakit yaşıl guşədə istirahət etməklə insanlar fiziki və psixoloji bərpaedici təsirə məruz qalırlar. Kənd yerində istirahət seçiminin motivləri tamam müxtəlif ola bilər: Dəbdəbəli kurortlara vəsaitin olmaması; vəsaitin az və ya çox olmasından asılı olmayaraq təbiətə yaxın olmaq şansı; ekoloji cəhətdən təbiizvi ərzaqla qidalanmaq imkanı; kənd təsərrüfatı işlərinə qoşulmaq imkanı; kənd həyatı və adətlərini öyrənmək imkanı və s. “.

Kənd turizminin  əsasən Nabran zonasında, Quba, Şəki, Qax, Şamaxı, Göygöl və digər rayonların istirahət zonalarına yaxın yerlərdə  inkişaf etdiyini deyən  Q. Yusupov  bildirdi ki, Naftalan şəhərində, Qalaaltı, Lənkəran, Masallı istisu sanatoriyalarının yaxınlığında yerləşən kəndlərdə isə müalicəyə gələn insanlar üçün yerləşdirmə və qidalanma xidmətləri təklif olunur:” Bu kənd evlərində normal səviyyədə sanitariya qovşaqları olmur. Turistlərin istəyinə uyğun şəraitin yaradılması, onlara müvafiq xidmətin göstərilməsi müəyyən maddi xərclər tələb edir. Lakin bu xərclər yaxın gələcəkdə artıqlaması ilə ev sahibinə qayıdacaqdır. Belə ki, kənd evinin sahibi turistlərə hər cür rahatlığı olan ev (evin bir hisəsini,  1-2 otaq və ya bütünlüklə ev) və yemək (turistlərin istəyi ilə) təqdim etməklə bərabər, onlara bələdçilik, tərcüməçilik,  nəqliyyat xidməti göstəmək, ev heyvanları və quşları bəsləmək üçün qısa müddətli imkan yaratmaqla əlavə xidmət haqqı əldə edə bilər”.

Turizm mövsümündə kənd turizminin  əhəmiyyətindən danışan  Q.Yusupov bildirdi ki,  kənd turizmi yalnız evlərdə gecələmək və qidalanmadan ibarət deyildir:”Kənd turizmi eyni zamanda turistlərə, onların istəyi ilə regionun təbiət yerlərinə və antropoloji abidələrə ekskursiyaların təşkili, turistləri regionda yaşayan əhalinin adətnənələri ilə tanış etmək deməkdirmumiyyətlə, kənd yaşıl turizmi sağlam həyat tərzi təbliğatı, təbiətdə yaşamaq vərdişi əldə etmək, heyvanat aləmi və bitkilərə sevginin tərbiyə edilməsi, ailənin möhkəmlənməsi, kəndlərin bərpa olunması, kəndlərdə adətnənələrin və mədəniyyətin bərpası, şəhərlə kənd əhalisi arasında möhkəm əlaqələrin yaradılmasına bir körpüdür”.   Sh11

Bakı Turturizm şirkətinin rəhbəri Fayis Məmmədov deyir ki, hər bir şirkət ildən-ilə fəaliyyət sahəsini genişləndirir, çünki yeknəsəq turlar insanları bezdirir: “Azərbaycanda turizm sahəsində güclü rəqabət var. Rəqabətə davam gətirmək üçün yeni marşrutlar təqdim etmək lazımdır. Xarici ölkə vətəndaşlarının Azərbaycana maraqları böyükdür. Mayın əvvəllərində biz Fransadan gəlmiş böyük bir turist qrupunu qəbul etdik. Onlar bir neçə beynəlxalq marşrut üzrə Azərbaycanın demək olar ki, bütün regionlarında oldular. Bu qrupun üzvləri 15 gün İranda, 15 gün də Orta Asiyada qaldıqdan sonra bizə gəlmişdilər. Onların ölkəmizə marağı o qədər böyük idi ki, 30 gün başqa ölkələrdə olduqdan sonra 13 gün də Azərbaycanda qaldılar”.

Şirkət rəhbərinin sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi işlər nəticəsində son illər Azərbaycanın qərb bölgəsinə də maraq artıb. Bu bölgədə Göygöl (keçmiş Helenendorf) rayonu ərazisində xüsusilə alman turistləri maraqlandıran məskənlər var: “Burada iki əsrə yaxın yaşı olan alman evləri olduğu kimi qalıb. Biz alman dilində kataloq hazırlamışıq. Çalışırıq ki, almanları qərb bölgəsinə gedən marşrutla yaxından tanış edək. Şimal marşrutu Quba-Xaçmaz və Qusardan keçir. Xarici turistlər əsasən Quba, Qusar, Qəbələ, Şəki, habelə Lerik və Yardımlı rayonlarında istirahətə üstünlük verirlər. Tələblərə uyğun olaraq da biz bu rayonlara müxtəlif turlar, o cümlədən atçılıq, macəra və gəzmə turları hazırlayırıq”.

   Millenniumturizm şirkətinin rəhbəri Ruslan Quliyev isə qeyd edir ki, bu mövsümdən gözləntiləri böyükdür. Bu il şirkət öz fəaliyyətində bir sıra yeniliklər edib: “Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, İsmayıllı-Qəbələ marşrutları üzrə mövcud olan turları təkmilləşdirmişik. “İpək yolu”, “Uzunömürlülər diyarına səyahət”, “Azərbaycanda alman məskənləri”, “Abşeronda dəniz istirahətimarşrutları üzrə bu mövsümdə MDB, Şərqi və Qərbi Avropa, Türkiyə və Asiya ölkələrindən turistlərin gəlişi gözlənilir. Bu il, eyni zamanda, qiymət siyasətimizə də yenidən baxacağıq. Minimal gəlirlə kütləviliyi təmin etməyə çalışacağıq. Əsasən hotel gecələmələrinin qiymətlərini aşağı salmaq istəyirik. Bununla da əlavə xidmət sahələrini daha da genişləndirərək, bu sahələrdən əldə etdiyimiz gəlirlə ümumi gəlir balansını saxlamaq niyyətindəyik”.

Mədəniyyət və Turizm Nazirliyinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun  mətbuata verdiyi məlumata görə  bu, turizm şirkətlərində turizm növləri üzrə daha çox inkişaf müşahidə olunur: “Konkret olaraq “İpək yolu”, “Aleksandr Düma Qafqazda”, “Şərab yolubeynəlxalq turizm marşrutları üzrə müxtəlif turlar təşkil olunub. Qərb bölgəsində turizmin inkişaf etdirilməsi məqsədilə nazirlik tərəfindən müxtəlif treninq-kurslar təşkil edilib. Bundan başqa, Qubada Turizm İnstitutunun, cənub bölgəsində isə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə turizm sahəsində çalışan insanların peşə hazırlığının yüksəldilməsi, hotellərin qəbul şöbəsi, mərtəbə və restoran-masa xidməti, aşpazlıq üzrə kurslar reallaşdırılıb. Bu kurslarda 200-dən yuxarı insan iştirak edib. Turizm müəssisələrində keyfiyyət, müştəri xidmətləri baxımından irəliləyişlər var. İstirahət mərkəzlərində bu il qiymət endirimləri müşahidə olunur. Bunu istirahət obyektlərinin sayının artması və sağlam rəqabətin yaranması ilə izah etmək olar. Üstəlik, istirahət mərkəzlərinin tanıdılması sahəsində reklam işləri artıb. Regionlarda yerləşən turizm-istirahət mərkəzləri ilə hotellər arasında əməkdaşlıq genişlənib”.

   M.Qəhrəmanov onu da qeyd edib ki, bu il 2009-cu ilə nisbətən ölkəmizə gələn turistlərin sayında artım olacağı proqnozlaşdırılır: “Daxili turizm bazarında da artım olacağı gözlənilir. Mövsüm də tez başladı. Havaların istiləşməsi ilə əlaqədar olaraq, iyunun 1-dən turizm mövsümü başlayıb. Artıq bölgələrə istirahət turları reallaşdırılır”.

Biz də əminik ki, həm yerli sakinlər,  həm də əcnəbilər  isti yay günlərində yaxşı dincələcək və Azərbaycanın rəngarəng  və möcüzəli təbiəti  ilə ünsiyyətdə olacaqlar.

 

 

G.ƏSƏDOVA

 

Paritet.- 2010.- 17-18 iyun.- S. 9;11.