Rənglərin
qovuşduğu sirli bir aləm...
Son
illərdə
ölkəmizdə dövlət tərəfindən
gələcəyimizin təminatçısı olan uşaqlara
xüsusi diqqət və qayğı
göstərilir. Eyni zamanda onların yaradıcı qabiliyyətlərinin
üzə çıxarılması istiqamətində müxtəlif tədbirlər keçirilir.
Belə ki, bu yaxınlarda Vergilər
Nazirliyinin təşəbbüsü və Tofiq
İsmayılov adına Uşaq-Gənclər
Yaradıcılıq sarayının dəstəyi ilə
“Uşaq dünyası” qalereyasında “Vergilər
uşaqların gözü ilə”
adlı rəsm müsabiqəsi keçirilib. Məlumat
üçün bildirək ki,
sözügedən sərgi
artıq bu mövzuda keçirilən 8-ci müsabiqə sərgidir.
Qeyd
etdiyimiz sərgi-müsabiqədə rəssamlıq üzrə
birincilik əldə etmiş 7
yaşlı Seymur Novruzovla həmsöhbət olub, onun “rənglər
dünyası” ilə
yaxından tanış olduq. Bu balaca rəssamın rəsmlərində
olan rəngarənglik və millilik onun zəngin daxili aləminin, geniş
dünyagörüşünün, intellektinin olmasını göstərir. Çox kiçik
yaşlarından rəssamlığa
maraq göstərən Seymurun dediyinə görə, altı aydır ki, intensiv olaraq rəssamlıq
dərnəyinə gedir: “Mənim
artıq bir neçə aydır ki, gəldiyim və rəssamlıq
sənətinin sirlərini öyrəndiyim Tofiq İsmayılov adına
Uşaq-Gənclər Yaradıcılıq sarayının nəzdindəki “Uşaq dünyası”
qalereyasındakı rəsm dərnəyində müəlliməmiz olan Kəmalə Rüstəmova bizə rəssamlıq sənətinin
incəliklərini və rənglərlə
işləmə üsulunu öyrədir. Və bizim qrupda olan
18 nəfər uşaqlar
bir-birinə köməklik edir.
Eyni zamanda bir-birimizin işləri ilə bağlı
fikir söyləyirik”.
Seymur
bu günədək çəkdiyi rəsmlərdən
danışaraq bildirdi ki, daha
çox heyvanların rəsmlərini çəkməyi xoşlayır:
“Artıq 30-dək rəsmlərim var. Bu rəsmlər müxtəlif
mövzulara həsr edilib. Mən
daha çox rəngli
boyalarla işləməyi sevirəm”.
“Çəkdiyim
rəsmlərdə bayrağımızın rənglərindən
(yaşıl, göy, qırmızı) tez-tez istifadə edirəm. Bu rənglər mənə daha
yaxındır. Onun üçün ki, mən Azərbaycanı çox sevirəm” -deyən Seymur bildirdi ki, rəssamlığı
çox sevsə də, amma
böyüyəndə ən
böyük arzusu Vətənini qoruyan yaxşı əsgər-
polis olmaqdır: “İstəyirəm
ki, torpaqlarımız azad olsun həmin yerlərin gözəl mənzərələrinin rəsmlərini çəkim. Bu mənim ən
böyük arzumdur”.
O,
“Vergilər uşaqların
gözü ilə” adlı rəsm müsabiqəsinə
təqdim etdiyi rəsmindən
danışaraq qeyd etdi ki, bu müsabiqə
üçün bina şəkilini
çəkib:” Hər kəs vaxtında vergini ödəməlidir
ki, şəhərimiz gözəlləşsin və yeni
tiklilərin sayı artsın. Bu şəkili çəkməkdə də əsas məqsədim bu olub.
Gələcəkdə də bu
mövzuda silsilə rəsmlər çəkəcəyəm”.
Seymurun rəssamlıq dərnəyinə
gəldiyi ilk gündən
yoldaşlarından aktivliyi ilə fərqləndiyini deyən müəlliməsi
Kəmalə Rüstəmova bildirdi ki, onun dərnəyə gəlməsinin
əsas məqsədi gələcəkdə xəttinin
gözəl olması ilə bağlıdır:”Amma çəkdiyi
rəsmlər göstərir ki, Seymur daha böyük
yaradıcı gücə malikdir və onun gələcəkdə
hansı sənəti seçməsindən asılı
olmayaraq, bu sahədə də gələcəyi parlaqdır.
Deyərdim ki, bu balaca rəssam daxilində olan bütün
yaradıcı qüvvəsini və istedadını çəkdiyi
rəsmlərinə köçürüb. Belə ki, o, rəsmlərində yağlı
boya, sulu boyadan ustalıqla və professionallıqla istifadə
edərək, gözəl rəsmlər çəkəcək.
Ən əsası isə onun bütün əsərlərində
Vətəninə, xalqına bağlılığını
görmək olur”. Kəmalə xanım onu da qeyd etdi ki, Seymurun bu gün ölkənin
inkişafına və çiçəklənməsinə
xidmət edən vergilər mövzusunda rəsm çəkməsi
onu çox sevindirir:” Kiçik
yaşlı uşağın bu
mövzuda rəsm çəkməsi onun intellektindən xəbər
verir. Onun işlərində, eyni zamanda uşaq dünyasının
saflığı da duyulur, bu çox təqdirəlayiq
bir haldır. Mən bir müəllim
kimi onun gələcəkdə
yaradıcılığından daha
çox şeylər gözləyirəm”.
Seymurun
valideynləri övladlarının
bu rəsm sərgisindən birincilik əldə etməsinə
çox sevindiklərini dedilər və bildirdilər ki, hər bir
valideyn üçün, övladının uğurunu
görmək sevindiricidir:” Seymurun
ilk uğuru bizləri çox sevindirir.
Onun
məhz bu müsabiqədə
birincilik əldə etməsinə və müvəffəqiyyət
qazanmasına çox şadıq. Övladımızın
işlərinə həyəcansız
baxa bilmirik: ”Bu, əlbəttə, sevinc həyəcanıdır.
Çox istərdik ki, övladımız bu sənətə
həmişə indiki kimi, ciddi yanaşsın və bu
mövzuda gözəl əsərlər yaratsın. Əgər,
özü istərsə bizdə çalışarıq ona
kömək edək ki, gələcəkdə bu işlə
peşəkarcasına məşğul olsun”.
Qeyd
edək ki, builki müsabiqənin
sonunda müsabiqədə qalib gələn rəsm əsərləri
və balaca rəssamlar mükafatlandırıldı.
Münsiflər heyəti həmçinin asfalt üzərində
çəkilən rəsmlərin qaliblərini və hekayə
müəlliflərini də elan edib, onları
mükafatlandırdılar. Eyni zamanda sərgidə
nümayiş olunan rəsmlərin katoloqu da
hazırlanacaq. Sənətsevərlərin
nəzərinə çatdıraq ki, uşaqların saf qəlbindən
süzülüb gələrək rənglər vasitəsiylə
ağ kağız üzərində təsviri verilən rəsmlər
bir neçə gün Tofiq
İsmayılov adına Uşaq-Gənclər
Yaradıcılıq sarayının qalereyasının
divarlarını bəzəyəcək.
GÜNAY
Paritet.- 2010.- 17-18 iyun.- S. 13.