İç Oğuza doğru oğuz- qıpçaq “yol xəritəsi” ilə

 

Qarabağ münaqişəsinin həllində türk birliyinin rolu haqqında

 

“Bəybars”dan üzü bəri

 

Əsgəri xidmətimin son günlərini Qazaxıstanın Aktyuba vilayətində keçirmişəm. Şimali Qazaxıstanın boz qırları-tarixi Dəşti-Qıpçağın bu yurd-oylaq yerləri rus hərbi isteblişmenti tərəfindən “Russkaya Saxara(Rus  Böyük Səhrası) deyə adlandırılar, ixtisara düşmüş yaxın və orta mənzilli raketlər burda sıradan çıxarılar, bütün Sovet İttifaqının  raket qoşunları, hava hücumundan müdafiə qüvvələrinin  sınaq təlimləri burda keçilərdi. Beləcə qədim qıpçaq alplarının at çapdığı  ovalar həyat üçün radioaktiv təhlükəli ərazilərə çevrilirdi.

O zaman adı xəritələrə düşən və düşməyən çoxsaylı hərbi şəhərciklərin, dəmir yol stansiyalarının bol olduğu Aktyuba vilayətində də, bütövlükdə Şimali Qazaxıstanda da resbublikaya öz adını vermiş etnosun nümayəndələrinə-qazaxlara elə də çox  rast gəlinməzdi. Bunun səbəbi türk dünyasının böyük mütəfəkkiri, qazax şairi, diplomatı və ictimai xadimi Oljas  Süleymenovun  1989-cu ildə “Komsomolskaya Pravda” da dərc olunmuş bir yazısında izah edilmişdi- 1920-ci iillərin sonlarından etibarən böyük sürgünlər üçün boş məkan yaratmaq naminə 3 milyondan çox  qazax soyqırıma məruz qoyulmuşdu. Hətta  rəsmi sovet statistikasında belə qazaxların 1959-cu ildəki  sayının 1929-cu ildəki saylarından 1 milyona qədər az olduğu göstərilirdi. Nəticədə etnonimlərinin mənası “azad” olan qazaxlar öz yurdlarında azad olmayan,  sadəcə respublikaya ad verən “titul xalqı”na çevrilmişdilər.  Nəticədə “yenidənqurma”nın son illərindən başlayaraq 2000-ci illərə qədər Qazaxıstanın başının üstünü siyasi-hüquqi sərhədlərinin daralması təhlükəsi almışdı. Şimal qonşusunun açıq-gizlin ərazi iddiaları velikorus təfəkkürünün  Vladimir Jirinovski kimi ifadəçiləri tərəfindən dönə-dönə səsləndirilmişdi.

  Və Qazaxıstan belə ağır, təhlükəli mirasdan çıxa bildi. Əvvəl O. Süleymenovun başlatdığı ekoloji hərəkat Şimali Qazaxıstanın radioaktiv təhlükələrdən tədricən çıxarılmasıyla nəticələndi,  sonra uzaqgörən dövlət xadimi Nursultan Nazarbayevin irəli sürdüyü “əvvəl iqtisadi müstəqillik, sonra siyasi suverenlik” modeli öz bəhrəsini verdi. Qazaxıstan Sovet İttifaqından, demək olar ki, itkisiz, siyasi və iqtisadi kataklizmlər baş vermədən qopa bildi. Amma Sovet İttifaqına ölüm hökmü olan Belovejskaya Puşşa sazişinə də dərhal qoşulmağa ləngimədi. Xaricdə yaşayan qazaxların tarixi vətənlərinə repatriasiyası proqramı, qazax dilinin real dövlət dili statusu  alması üçün atılan addımlar, paytaxtın Almatıdan Astanaya - Şimali Qazaxıstana köçürülməsi, qazaxların öz ölkələrində faiz göstəricilərinin 35%-dən 60%-dək artması, ərazi iddialarının tarixin arxivinə verilməsi-bütün bunlar müstəqilliyin qazaxlara bəxş etdiyi nemətlərdir. Nəticədə  avrasiyaçılıq(və ya qazax alimlərinin  dediyi kimi “asiopa”çılıq) ideyasının  Avropa İttifaqı tipli yeni real geosiyasi qüvvəyə -Avrasiya İqtisadi Təşkilatına,  ATƏT tipli CİCA təşkilatına (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri) çevrilməsinin şahidiyik.  2009-cu ildə Qazaxıtan dünya iqtisadiyyatını böhrandan çıxarmaq üçün vahid valyuta yaratmaq ideyası irəli sürməsi, ATƏT -in növbəti il üçün sədrliyini qazanması, Asiyanı Avropaya bağlayacaq dəmir yol  xəttinin tikintisinə başlanması... ilə yadda qaldı.

“Yenidənqurma”nın son dövrlərindən günümüzəcən Qazaxıstanın inkişaf yolunu iki qazax filmiylə təqdim etmək olar. 1980-ci illərin sonunda qazax kinematoqrafları səlibçilərə qarşı mübarizə aparmış qıpçaq əsilli Misir sultanı Bəybars haqda eyniadlı film çəkmişdilər. Tarixi də olsa, dövr üçün aktual idi, axı, o illərdə Qazaxıstan da Jirinovskiyə bənzərlərin yeni səlibı yürüşü ilə üz-üzəydi. Günümüzün Qazaxıstanı isə Nursultan Nazarbayevin ideyası, soydaşımız Rüstəm İbrahimbəyovun ssenarisi ilə çəkilmiş  Koşpendiler”(Köçərilər) filmi ilə səciyyələndirilə bilər. Filmin qəhrəmanı olan Oraz-  köçəri,  amma azad və məğrur tayfaları TÜRKÜSTAN  şəhərini qorumaq ideyası altında birləşdirə, filmdə səsləndiyi kimi ifadə etsək, Şimal Ayısına və Şərq Əjdahasına qarşı vahid cəbhə təşkil edə bilir.

 

İç Oğuz və Qıpçaq eli (Qarabağ və Qazaxıstan)

 

 Qarabağ münaqişəsinin ilk illərində hələ Moskvadan çox şeylər umurduq və mərkəzdəki əfkari-ümumiyyənin xeyrimizə dəyişməsi üçün SSRİ Ali Sovetinə seç(dir)ilmiş deputatlardan fəalllıq gözləyirdik. İntəhası, deputatlarımızın bir qisminin “ziyalılığı yol vermədiyindən”(tanınmış ictimai xadim olan deputatlardan biri özünə belə haqq qazandırmışdı), digərlərinin süst  mövqe tutması üzündən fəallıq əvəzində lal-dinməzliyin şahidiydik. Ona da şahid olduq ki, Spitakda-Hamamlıda zəlzələ qurbanlarını xilas etməyə tələsib özləri qurbana çevrilən azərbaycanlı xilasedicilərin faciəsini, Qarabağ həqiqətlərini SSRİ Ali Sovetinin kürsüsündən qazax Oljas Sülemenov səsləndirdi. O illəri xatırlayanlar yəqin ki, bu məqamı da nəzərdən qaçırmayıblar;  SSRİ Ali Sovetinin iclaslarında Nursultan Nazarbayev və Oljas Süleymenov  yanaşı oturardı.

 Qazaxıstanın  Qarabağ münaqişəsi ilə bağlı başqa ənələri də var. Qazaxıstan Respublikasının ölkəmizdəki  fövqəladə və səlahiyyətli səfiri,  Serik Primbetov azəri mediasına açıqlamasında qeyd edir: “1991-ci ilin 21-23 sentyabrında Rusiyanın birinci prezidenti Boris Yeltsin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev Dağlıq Qarabağ münaqişəsi regionuna, həmçinin Dağlıq Qarabağın paytaxtı Xankəndinə səfər etmişdi. Səfərin yekununa əsasən, 1991-ci il sentyabrın 23-də Jeleznovodskda imzalanmış, iki prezidentin birgə kommunikesi ortaya çıxmışdı. “Jeleznovodsk kommunikesi”nin məqsədləri kimi bunlar bəyan edilmişdi: regionda durumun sabitləşdirilməsi və deportasiya olunmuş əhalinin yaşayış yerlərinə qaytarılması, əsirlərin azad edilməsi, münaqişə zonasında Rusiya və Qazaxıstan nümayəndələrindən təşkil olunmuş informasiya qruplarının yerləşdirilməsi və durum haqda obyektiv informasiya təminatı”.

 Həmin danışıqlarda  Azərbaycan müxalifətinin  nümayəndələrindən biri kimi iştirak eləmiş Araz Əlizadənin sözlərinə görə, söhbət bütün qaçqınların ,  o cümlədən İrəvan, Zəngəzur, Göyçə qaçqınlarının öz tarixi torpaqlarına dönüşündən söhbət gedirmiş. Fəqət, diplomatik xətalarını sığortalamaq naminə erməni tərəfi bir qeyd-şərt qoyub: anlaşma  iki ildən sonra icra edilsin. İki ildən sonra Sovet İttifaqı artıq mövcud deyildi və həmin anlaşmanı xatırlayan da olmadı. İntəhası, bir incəlik var : Azərbaycan 1989-cu ilin oktyabrında suverenlik aktı qəbul etmişdi, Ermənistan Jeleznovodsk anlaşmasına getməklə suveren Azərbaycanın ərazi bütövlüyünü tanımış oldu. Bu, indi ermənilərin, elə Ermənistan prezidenti Serj Sərkisyanın da tez-tez təkrarladığı bir tezisi- “Dağlıq Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb”  iddiasını puça çıxarır.

 

ATƏT-in və AŞPA-nın ilk türk sədrləri

 

Xəbər verildiyi kimi, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev 2010 -cu ildə ATƏT-in sədri seçilib. Bəs, Qazaxıstan bu sədrlik çərçivəsində Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinin həllində hansı köməyi edə bilər? Yenə də səfir xatırlayır ki, 2007-ci ildə Qazaxıstan ATƏT üzvlərinə “Etnik və konfessiyalarası razılığın möhkəmləndirilməsi üzrə “Yol xəritəsi”ni təqdim etmişdi.  K. Saudabayev özü də qeyd edib ki, ATƏT sədri postunda fəaliyyətinin əsas prioritet istiqamətlərindən biri Dnestryanı, Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağ kimi həlli uzadılmış münaqişələrin nizamlanmasına dair ATƏT-in səylərini  artırmaq olacaq. Bununla əlaqədar o, fevralın 15-18-də Azərbaycan, Ermənistan və Gürcüstana səfər də edib.

Əhməd Yasəvidən dissertasiya müdafiə etmiş bir sabiq tələbə yoldaşım, filologiya elmləri namizədi Sərxan Xavəri ilə söhbətimdə K. Saudabayevin 1990-cı illərdə Qazaxıstanın mədəniyyət naziri olduğunu və internet üzərindən əldə etdiyim məlumatlara görə,  bir Yasəvi sevdalısı olduğunu xatırlatdım. Dedi ki, Yasəvi bütün türk dünyasınındır: qazax da, azəri də, özbək də, türkmən də, osmanlı da-”Yasəvi mənimdir  deyə bilər. Zira, dili, üslubu, tematikası, yanaşması ümutürk ruhunun təcəllisidir ki, var. Bir il  sonra  Saudabayev haqda da “O, sadəcə, qazaxların deyil, həm də türk dünyasının uğurlu diplomatıdır”  deyə biləcəyikmi? Zaman göstərər

   İkinci mühüm hadisə izə Azərbaycanda yaxşı tanınan türkiyəli parlamentari Mövlud Çavuşoğlunun AŞPA-nın sədri seçilməsi olub. O bu posta seçildiyi ilk günlərdən Ermənistan tərəfində ciddi narahatlıq yaşanması barədə mətbuatda gedən məlumatalrı təkrarlamadan onun dünənki bəyantlarına yer ayırırıq.  O,  Dağlıq Qarabağ münaqişəsinin həllinin ən yaxşı variantlarından biri AŞPA-nın 2005-ci ildə qəbul etdiyi qətnaməyə əməl edilməli olduğunu deyib.

Qeyd edək ki, AŞPA -nın 2005-ci ilin yanvarında Dağlıq Qarabağ münaqişəsinə dair  qəbul edilmiş 1416 saylı qətnaməsində qeyd olunub ki, Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın 20 faiz ərazisini işğal edib. Sənəddə bildirilir ki, Ermənistan dərhal öz qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmalı, qaçqınlar öz yerlərinə qayıtmalı və münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır.

 

CİCA-nın ikinci türk sədri

 

İyunun ilk ongünlüyündə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CİCA) İstanbulda keçirilən iclasında sədrlik Qazaxıstandan Türkiyəyə keçib. Konfransın məqsədi dövlət başçılarının keçirəcəyi yığıncaq üçün tövsiyələrin hazırlanması, ekspert ictimaiyyəti tərəfindən nəzəri çərçivənin çəkilməsi və CİCA-nın fəaliyyətlərini müzakirə etmək olub.  Ekspertlər qeyd edir ki,  Türkiyə CİCA-nın fəaliyyətlərini gücləndirmək yolu ilə aktivləşdirmək niyyətindədir. Türkiyə CİCA-nı həm Asya ilə əməkdaşlığını gücləndirmək, həm xarici siyasətində ABŞ-ı tarazlamaq, həm də çoxqütblü dünya sisteminin yaradılması üçün mühüm bir addım olaraq görür.   Çinin Beynəlxalq Münasibətlər İnstitutu Qlobal Stratejik Araşdırmalar Mərkəzi Dirketoru Manuyan Dongun “Asyadakı orta böyüklükdəki dövlətlərin çox şaxəli dünya sistemində rolu böyükdür” sözləri də əvvəlki cümlədəki analizi dəstəkləməkdədir.

 “RİA Novsti”nin icmalçısı Dmitri Kosırev “İzvestiya“ qəzeti üçün yazdığı  şərhdə qeyd edir ki,  Ankara get-gedə Avrasiyanın diplomatik mərkəzinə çevrilir:” Güclü dövlət olmaq üçün bu ölkənin hər cür imkanı- mədəni potensialı, Ərdoğan kimi ağıllı və çevik lideri var”. Müəllif Türkiyənin regiona təsir etmək imkanını həm də bu ölkədə Albaniyanın özündən daha çoxsaylı alban icması, Bosniyadakından daha çox boşnak icması, Abxaziyadkından daha çox abxaz icmaları yaşaması ilə əlaqələndirir. Elə burdaca əlavə etmək yerinə düşər ki,  müxtəlif dəyərləndirmələrə görə, Türkiyədə 5-10 milyonluq azəri icması yaşayır. Türkiyədəki azəri diasporunun fəallarından Camal Mehmetxanoğlu “Paritet”-ə açıqlamasında bu rəqəmin 5 milyon civarında olduğunu deyib. “Kanal D” kanalında aparılmışmüzakirələrdə isə 8-10 milyonluq icmadan bəhs edilmişdi.

 

Gözləntilərimiz

 

Türk dövlətlərinin  artan iqtisadi və siyasi gücü Qarabağ münaqişəsinin ədalətli həllində yardımçı ola bilərdi. Artıq Türkiyənin ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk qrupunun həmsədrləri içərisində yer alması barədə də təkliflər səslənir. İndilik bu təklifin həyat keçirilməsi real görünməsə də, Türkiyə dəfələrlə Qarabağ probleminin həllinə dair öz “yol xəritəsi” ilə çıxış edib . Müşahidəçilərin qeyd etdiyi kimi, Türkiyənin münaqişənin həlli yönündə fəaliyyəti Minsk qrupunun fəaliyyətindən daha intensivdir.

Qazaxıstana gəlincə,   “ATƏT-in yeni sədrinin Cənubi Qafqaz regionuna ilk səfəri: imkanlar və proqnozlar” mövzusunda keçirilmiş diskussiyada politoloq Fikrət Sadıxov bildirib ki, ən böyük gözləntimiz Dağlıq Qarabağ ətrafındakı 7 rayonun azad olunmasıdır. Tarixçi alim, Qarabağ münaqişəsinin araşdırıcısı Sübhan Talıblının “Paritet”-ə verdiyi şərhə görə, özünü əhəmiyyətli oyunçu kimi göstərmək üçün Qazaxıstan 19 ildən sonra yaxşı şans əldə edib. Amma o, hesab edir ki, Azərbaycan ictimaiyyəti maksimalist ümidlərə də qapılmamalıdır: “ Görülə biləcək ən böyük iş hörmətli Sudabayevin Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləməsidir. Ölkəmizdə ərazi bütövlüyü və öz müqəddaratını təyin etmə prinsiplərinin uzlaşdırılmasının mümkünlüyünü açıqlamaqla o, bunu əslində etmiş oldu”.

   Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılovsa  “Paritet”ə  açıqlamasında qeyd edib ki, Qazaxstanın ATƏT-ə sədrlik etməsi, qardaş Türkiyənin də  Avropa Şurası Parlament Assambleyasına rəhbərlik etməsi əminlik yaradır ki, hər iki qardaş ölkə münaqişələrin həll olunmasında kəskin və tərəfsiz mövqe nümayiş etdirəcək: “Məhz bunu nəzərə alaraq, rəhbərlik etdiyim qurum da 2010-cu ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gerçəkləşdirəcəyi layihənin əhatə dairəsində Türkiyə  ilə yanaşı,  Qazaxıstanın olmasını da vacib sayaraq, sentyabr ayında Alma-Atı şəhərində beynəlxalq konfrans keçirməyi planlaşdırır”.   Astanada yerləşən Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Vidadi Salahov da “Paritet”ə açıqlamasında vətəndaşı olduğu ölkənin ATƏT-ə sədrlik dövründə müsbət impulslar gözlədiyini qeyd edib.

 Əlbəttə ki, məsələyə daha realist yanaşmalar da var . Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov modern.az-da dərc edilmiş açıqlamasında qeyd edir ki, Qazaxıstanın xarici işlər naziri kimi ATƏT-in yeni sədri Azərbaycanın ərazi bütövlüyü problemini daha yaxşı bilir:” Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. ATƏT-in fəaliyyətdə olan sədrinin problemin həllinə konstruktivlik gətirmək, həll prosesini dinamikləşdirmək imkanları var.”

Digər türk dövlətlərinin geosiyasi mövqeyini yaxınlaşdırmaq üçün atılan addımlardan biri də məhz Azərbaycanın təşəbüsü ilə Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) yanvarın 15-dən rəsmən fəaliyyətə başlamasıdır. TürkPA-nın baş katibi Ramil Həsənov “Mediaforum” saytına bildirib ki, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentləri də müqaviləni ratifikasiya etməlidir. Assambleyanın genişləndirilməsinə gəlincə, R. Həsənov vurğulayıb ki, Türkmənistanın TürkPA-ya üzv olması üçün danışıqlar davam edir. Qurumun əsasnaməsinə görə türkdilli muxtar respublikalar TürkPA-ya müşahidəçi statusunda qoşula bilərlər: “Artıq Moldovanın Qaqauz vilayətindən bizə müraciət gəlib. Rusiya Federasiyasının Tatarıstan Respublikasının da müraciət edəcəyi gözlənilir”.

 

 Və ehtiyatlılıq

 

“Qazaxıstan ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində neytral mövqe tutacaq ki, bizi türk həmrəyliyində təqsirləndirməsinlər”. Bu fikirləri də Qazaxıstanın Azərbaycandakı səfirliyinin müşaviri Şamil Stamkulov  söyləyib.

 Türkiyəli müəllif  Nur Dəmirok yazır: “Mən, dəyərli adaşım Nursultan Nazarbayevi ciddi dünyagörüşlü  lider kimi görürəm”. Türkiyənin sabiq mədəniyyət naziri Namiq Zeybək isə N. Nazarbayevi “türk birliyi şüurunun lideri olan Qazaxıstanın əfsanələşən lideri“ adlandırır.  Onun “Radikal” qəzetində yazdığına görə isə, Nazarbayev ATƏT-in 11 il ərzində zirvə görüşü keçirməməsini böhran adlandırıb və deyib ki, ATƏT yeni dövrə uyğun , daha ədalətli  bir nizamın yaranması üçün zəmin hazırlamalıdır. Bu zəmin həm də beynəlxalaq hüquqa sayğıdan  keçir, pantürkizmdə suçlanmamaq naminə  beynəlxalq hüquqa ehtiyatlı münasibətdən deyil.

 O. Süleymenov ümummillideri liderimiz,   mərhum Heydər Əliyev barədə xatirələrində onu iri hərflərlə USTAD deyə anırdı.Ümummilli liderimiz bu ünvana sadəcə Azərbaycan tarixində oynadığı rola görə deyil, həm də rus-sovet cəza aparatı 1986-cı ildə əsasını tələbələr təşkil eləyən qazax milli hərəkatını beşiyindəcə boğmaq üçün işə düşəndə  haqqın-qazax xalqının yanında olmasına, Bolqarıstanda Jivkov üsuli-idarəsi Bolqarıstan türklərini zorən bolqarlaşdırma siyasətinə qarşı çıxa bildiyinə görə layiq bilinmişdi. Həm də Dinmuhammed Kunayevin 80-ci illər Qazaxıstanında tədricən gerçəkləşdirdiyi milli intibah siyasətini dəstəklədiyinə, slavyonofil şovinizmi, avropamərkəzçi-irqçi tarixi dilçilik nəzərəyyəsini alt-üst edən “Az və Mən”(“Az i Ya”) əsərinin çapından sonra O. Süleymenovun özünə hayan-qahmar olmasına görə layiq görülmüşdü.   İndi  USTAD  ünvanına başqa  müqtədir türk dövlət xadimlərinin də layiq olmaq şansı var.

 

 

Cəmaləddin QULIYEV

 

Paritet.- 2010.- 22-23 iyun.-S. 6-7.