Xilaskar

 

Ta qədim zamanlardan bəri ana və nənələrimizin saxlanc yeri bəzəkli sandıqlar olub. Mənim nənəm Güllünün də ən etibarlı saxlanc yeri gəlinlik sandığı idi. O da başqaları kimi, gəlinlik paltarlarını, daş-qaşlarını, iynə və sapını, habelə ən qiymətli əşyalarını sandıqda saxlayardı. Sandığın ağzına qıfıl vurub açarını da boynundan asardı. Sandıqların açılması uşaqların sevincinə səbəb olardı. Ona görə ki, sandıqlar açılanda orada olan bəzəkli kağıza bükülmüş konfet, kişmiş və xurmadan biz uşaqlara da pay düşərdi. Təxminən altı yaşım olanda Güllü nənəm sandığının ağzını açanda gözüm oradakı qanavuz parçadan olan düyünçəyə sataşdı. Özümdən asılı olmayaraq, nənəmdən icazəsiz həmin düyünçəni götürüb açdım. Oradakı kişi kəmərini götürüb belimə bağlamaq istəyəndə nənəm əsəbi halda kəməri əlimdən alaraq gözlərindən qanlı yaş axıtmağa başladı.Yaranmış vəziyyətdən çox narahat olduğum üçün ağlaya-ağlaya dərdi mənə məlum olmayan nənəmdən uzaqlaşdım. Nənəmlə mənim aramda bir anın içində baş verən narahatçılığın səbəbini öyrənməyə dəfələrlə cəhd etsəm də, buna cürətim çatmadı.

Günlərin birində gördüm ki, nənəm əllərini çənəsinə dayaq verərək dərdli -qəmli baxışları ilə sanki keçmişinə boylanır. Ona yaxınlaşıb, ötən əhvalatın səbəbini soruşdum. Nənəm: “O kəmər bacım oğlu Allahverdinindir. Allahverdi 1918-ci ildə erməni -müsəlman müharibəsində yoxa çıxıb, nə öldüyündən, nə də qaldığından xəbər vardır”, - deyərək dərindən ah çəkdi və qəmli gözlərinin yaşını silə-silə, kədərli-kədərli və ümidverici nəzərlərlə qarşımda  sirli tarix kimi canlandı.

Gözləyirdik ki, İkinci Dünya müharibəsindən sonra vəziyyətimiz yaxşı olacaq və ağrılı-acılı günlər canımızdan çıxacaqdır, lakin 1418 günlük müharibənin həyatımıza vurduğu yaralar hələ sağalmamış  ata-baba yurdumuzdan didərgin düşmək qismətimiz oldu.

Müharibə veteranı olan əmim İsmayılın canlı şahidi olduğu 1918-20-ci illərdə erməni-müsəlman savaşında bibim Çiçək Vedidə, babam Vəli isə yüzlərlə başqaları kimi aldığı ağır yaradan Naxçıvanın Əliyabad kəndində dünyasını dəyişərək orada torpağa tapşırılmışdır. Həmin vaxtdan 92 il keçməsinə baxmayaraq, bibimin və babamın ruhları məni uyuduqları torpağı ziyarət etməyə  səsləyirdi. Vedi düşmən tapdağı altında olduğuna görə mən ermənilər tərəfindən blokadada olan Naxçıvana getmək qərarına gəldim.

2006-cı ilin noyabrında dünyasını vaxtsız dəyişmiş qardaşım Vəlinin İmişli rayonunun Göbəktala kənd qəbiristanlığındakı məzarından torpaq götürüb Əliyabad kəndinə getmək üçün təyyarə ilə Naxçıvana uçdum. Orada babam Vəlinin uyuduğu Əliyabad kənd qəbiristanlığında yasin oxudarkən Tahir kişi ilə tanış oldum.

O, 1988-ci ildə Qərbi Azərbaycandakı ata-baba yurdlarından qaçqın düşdüyünü həsrətlə bəyan etməklə yanaşı,  bizim nəsli də yaxşı tanıdığını xatırlatdı. Dedi ki, 1905-1918-ci illərdən başlayaraq ermənilər Vedibasarı ələ keçirməyə çalışırdılar. Nəhayət, arxalandıqları dövlətlərin köməyi ilə hələlik buna nail olmuşlar, ancaq belə qalmaz bu dünyanın gedişi.

Ertəsi gün Tahir kişinin köməkliyi ilə Şərur rayonunun Cərçiboğan kəndində xalam Sara və onun övladlarını tapdım.

Şirin söhbətlər bir-birini əvəz etdikcə şadyanalıq aşıb-daşır, sanki sifətlərə nur çilənirdi. Sevincim göylərə yüksəldi. Oxucum, bu sevincimi səninlə bölüşmək mənə qismət oldu. Burada, xalamgildə öyrəndim ki, 1905-1918-1920-ci illərdə erməni-müsəlman savaşları zamanı  torpaqlarımız, sərvətlərimiz, var-dövlətimiz zəbt edilməklə yanaşı, adamlarımız, dəstə-dəstə xarici ölkələrə aparılaraq onların milliyəti dəyişdirilmiş, hansısa qaniçən millətə aid edilmişdir. Şükürlər olsun ki, millətini, xalqını, torpağını  sevən adamlar bu kimi qəddarlığın qarşısını  vaxtında almışlar.

Gəlin birlikdə Türkiyənin İstanbul və Bursa şəhərlərini gəzək, Allahverdi xalam oğlunun qızlarını tapaq və filologiya elmləri namizədi, dosent, əməkdar müəllim və fəxri təqaüdçü Lətif Hüseynzadənin “Araz şahiddir” əsərini və 1997-ci ilin iyul ayında qardaş Türkiyədə nəşr edilmiş “Tarix və mədəniyyət” jurnalını nəzərdən keçirək. Hər iki nəşrdə  və aparılan söhbətlərdə 1905-1920-ci illərdə ermənilərin və onların xaricdəki və daxildəki havadarlarının yetim və kimsəsiz uşaqları dəstə- dəstə yığıb xarici dövlətlərə aparmalarından, beləliklə, millətimizin genefonuna edilən  qəddarlıqları göz önünə gətirək. Bu və ya digər insani xüsusiyyətlərdən uzaq olanlar Güllü nənələrin, eləcə də xalqımızın köksünə sağalmaz yaralar vurduqlarını yada salaq. Böyük Atatürkün silahdaşı, Şərq cəbhəsinin komandanı general Kazım Qarabəkir Paşanın xalqımıza göstərdiyi qayğı və xidmətlər tarixi cəhətdən çox əhəmiyyətli olduğu qədər də unudulmazdır. Kazım Qarabəkir Paşanın xalqımıza göstərdiyi xidmətlər Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı üçün ən gözəl və unudulmayan nümunədir.

Kazım Qarabəkir Məmmədəmin Paşa oğlu 1882-ci ildə İstanbulda doğulmuş, ilk mükəmməl təhsilini İstanbulda Sultan Məhməd Fateh adına hərbi Rüştiyyə məktəbində almış, türk tarixini, ədəbiyyatını, dilini və dünya tarixini, fransız dilini dərindən öyrənmişdir. Kazım Qarabəkir istedadlı şair, rəssam, bəstəkar olmaqla yanaşı, həm də yaxşı kaman çalarmış. Bununla belə, o, rus, alman, ərəb və başqa dillərin də kamil bilicisi olub, “Cocuqlar babası” adına layiq görülüb. O, həm də şəfqətli bir müəllim imiş. Onun “Öyüdlərim” əsəri cocuqların təlim-tərbiyəsi üçün çox qiymətlidir. Öyrəndik ki, türk millətinin azadlıq hərəkatı tarixində Kazım Qarabəkir Paşanın böyük xidmətləri vardır. Çox hörmətli Paşa böyük sərkərdəlik bacarığı və məharəti ilə Anadolunun bir sıra bölgələrini və Qafqazda  da çoxlu müsəlman kənd və şəhərlərini, o cümlədən Naxçıvanı, Təbrizi düşmən işğalından azad etmişdir.

Kazım Qarabəkir Paşa bu və ya digər  xidmətlərinə görə türk dünyasında böyük şan-şöhrət zirvəsinə yüksəlmişdir. Onun Naxçıvan və onun ətrafındakı bölgələrdəki xidmətləri də əvəzsiz, yaddaqalan və tarixlər boyu həmişəyaşardır. Lətif müəllimin əsərində Naxçıvan ziyalılarının istəyi və Kazım Qarabəkir Paşanın təşəbbüsü ilə Naxçıvan Araz-Türk cümhuriyyətinin təşkilindən və o zaman Naxçıvanda yaşayan böyük şairimiz Hüseyn Cavidlə Kazım Qarabəkir Paşa arasındakı dostluq əlaqələrindən, Naxçıvanın gələcək taleyi üçün bu dostluq əlaqələrinin müsbət nəticələrindən geniş şəkildə bəhs olunur. Burada bir sıra maraqlı faktlar, hadisələr verilmişdir ki, bunlar tarixşünaslarımız, Cavidşünaslarımız və habelə türk generalı Kazım Qarabəkir Paşanın həyat və döyüş fəaliyyətinin indiyə qədər öyrənilməmiş cəhətlərini daha ətraflı aydınlaşdırmaq baxımından həm türk, həm də Azərbaycan oxucusu üçün olduqca əhəmiyyətlidir.

1828-ci ildə ilk dəfə ermənilər Azərbaycan torpaqlarına, eləcə də Naxçıvana köçürüləndə naxçıvanlılar onlara kömək və yardım etmişlər. Bu xeyirxahlığı unudan ermənilər 1918-ci ilin iyun ayında Andronikin başçılığı ilə 15 minlik daşnak-quldur dəstəsi ilə Naxçıvan ərazisinə soxulmuşdur. Onlar ilk olaraq Yayıcı kəndinin 700 evlik əhalisini qılıncdan keçirərək Araza tökmüşlər. Naxçıvanın belə ağır zamanlarında Mustafa Kamal Paşanın göstərişi ilə, Ənvər Paşa və Kazım Qarabəkir Paşanın komandanlığı altında türk ordusu Naxçıvana köməyə gəlmişdir. K.Q.Paşanın komandanlığı altında türk ordusu və Naxçıvan Araz-Türk Cümhuriyyətinin öz ordusu əks hücuma keçərək daşnak-quldur dəstələrini məğlub etmişdir. İrəvanın da təhlükə altında olduğunu görən ermənilər barışıq  istəmişlər. Beləliklə, Kazım Qarabəkir Paşanın başçılığı ilə 1920-ci il fevralın 2-də Gümrüdə Türkiyə ilə Ermənistan arasında sülh müqaviləsi bağlanmışdır.

Gümrü müqaviləsini Mustafa Kamal Atatürk Yeni Türkiyənin böyük hərbi-siyasi zəfəri kimi yüksək qiymətləndirmiş və bu münasibətlə nümayəndə heyətini təbrik etmişdir.

Naxçıvanın tarixi taleyi ilə bağlı olan bu müqavilədə ilk dəfə olaraq Naxçıvanın dövlətçilik statusu təsdiq və təsbit edilmişdir. 1921-ci il 16 mart və 13 oktyabrda Moskvada bağlanmış tarixi müqavilələrdə Naxçıvanın muxtariyyətı ilə bağlı bir sıra maddələr öz əksini tapmışdır.

Təsadüfi deyildir ki,  ulu öndər Heydər Əliyev Azərbaycan Prezidenti kimi 1992-ci ildə Türkiyədə olarkən bu müqavilələr haqqında Türkiyə dövlət başçıları ilə apardığı danışıqlarda bu sənədlərin xalqımızın həyatındakı tarixi rolunu yüksək qiymətləndirmiş və Türkiyə Cümhuriyyətinin rəhbərləri ilə birlikdə 1921-ci ildə imzalanmış mühüm beynəlxalq statusa malik Qars müqaviləsinin yenidən protokollaşdırılması ilə onun bügünkü siyasi mühitə çıxarılmasını bir daha təmin etmişdir.

Bağladıqları müqavilələrə məhəl qoymayan ermənilər Azərbaycana qarşı kin və ədavətlərini indinin özündə də davam etdirməkdədirlər.

Ermənilər tədricən işğal qüvvələrinin və erməni keşişinin köməyi ilə Osmanlı dövlətinin hər yerində:İstanbulda, Çuxuroba və Şərqi Anadoluda yetimxanalardakı müsəlman-türk uşaqlarının özlərininki olduğunu iddia edərək, onları alıb  zorla xristianlaşdırırdılar. Alınmış uşaqları xarici ölkələrdəki, xüsusən Amerikadakı yetimxanalarda yerləşdirir və onları protestantlaşdırırdılar. Həmin yetimxanalarda erməni və digər xristian uşaqlarına hər cür qayğı göstərildiyi halda, müsəlman uşaqlarına çox az diqqət yetirirdilər, belə izah edirdilər ki, guya imkanları elə də əlverişli deyildir.

Bu hadisələri müntəzəm izləyən Qarabəkir Paşanın əmri ilə 1920-ci ildə Qars şəhəri müftisi və tərəqqipərvər adamlardan təşkil edilən bir heyətin iştirakı ilə şəhərdəki amerikan missioner yetimxanasında olan və xristian adları ilə qeyd edilmiş 200-ə qədər müsəlman-türk uşaqları oradan qurtarılaraq Kazım Qarabəkir tərəfindən açılmış türk yetimxanasına gətirilmişdir.

Paşa türk uşaqlarını sadəcə missonerlərin əlindən xilas etməklə kifayətlənməmiş, missoner məktəblərinə alternativ olan, eyni zamanda onlarca oxuma-yazma, kino salonları olan  orta dərəcəli məktəblər açmış və himayə etmişdir.

Qars yetimxanalarında 4000 nəfərin olduğu düşünülərsə, Qarabəkir hikmətinin böyüklüyü daha çox nəzərə çarpar.

Qarabəkir Paşanın yaratdığı yetimxana və məktəblərin məzunları arasında professor, doktor Bəkir Sitki Baykal, professor, doktor Kazım Aras, əməkdar generallar Rəşid Pasin və Zəki İlter, Eski Kars, millət vəkili Abbüs Çetin və s. vardır.

Yuxarıda qeyd etdik ki, Paşanın səyi nəticəsində 4000 kimsəsiz və yetim uşaq Türkiyədə təhsil almış, boya-başa çatdırılmışdır. Onların arasında Qərbi Azərbaycanın  Vedi rayonundakı Göl kəndindən olan mənim xalam oğlu Allahverdi adlı bir oğlan uşağı da vardı.

Paşa Allahverdiyə xüsusi qayğı göstərmiş, onu sürücülük məktəbinə qoymuş, sonralar özünün xidməti maşınına sürücü götürmüş, hər cür qayğısını çəkmişdir. Hazırda Allahverdinin 26 övlad və nəvəsi vardır. Bu rəqəmə istinad etsək, demək olar ki, Qarabəkir Paşa türk dünyasına 104 min həyat bəxş etmişdir.

O illər çoxdan ötüb keçsə də, Kazım Qarabəkir Paşanın şanlı həyatı və onun türk dünyası qarşısındakı qayğı və xidmətləri unudulmaz xatirə kimi xalqın qəlbində daimi məskən salaraq yaşamaqdadır.

O, Azərbaycan xalqı üçün də həmişə əziz və unudulmaz olmaqla bugünkü işimizdə, əməlimizdə bizimlədir. Məhz buna görədir ki, 1999-cu ilin oktyabrında Naxçıvan şəhərində Kazım Qarabəkir Paşa məscidinin açılışı mərasimində iştirak edən ulu öndərimiz Heydər Əliyev üzünü Qarabəkir Paşanın mərasimdə iştirak edən qızı Timsal xanıma tutaraq demişdir:

“Əziz bacım, Siz bizim üçün çox qiymətlisiniz. Azərbaycan xalqı üçün qiymətlisiniz, naxçıvanlılar üçün qiymətlisiniz, çünki Sizin qəhrəman atanız Azərbaycan xalqı üçün, Naxçıvan üçün çox böyük xidmətlər göstərib və böyük irs qoyub gedibdir. Ona görə də mən təşəkkür edirəm ki, Siz buradasınız. Sizi xüsusi salamlayır və təşəkkürümü bildirirəm”.

Oxuculara onu da bildirmək istəyirəm ki, haqqında danışdığım Allahverdinin iki qızı-Güldən və Gülseren hazırda Türkiyənin Bursa şəhərində yaşayır. Bacılar onların ailəsinə göstərdiyi yaxşılıqlara görə Qarabəkir Paşanı həmişə minnətdarlıqla xatırlayırlar. Azərbaycana olan sevgisini yaşatmaq üçün kiçik bacı Gülseren iki oğlunu Azər və Baycan adlandırmaqla təskinlik tapır.

 

 

Səməd İSMAYILOV

 

Paritet.- 2010.- 26-30 iyun.- S. 12.