Beynəlxalq
əməkdaşlıq təhsilin əsas prioritetlərindəndir
1980-ci ilin yayında bizim
ailəmizdə əlamətdar bir hadisə baş verdi. Orta məktəbi
təzəcə bitirmiş əmim oğlu qəbul imtahanlarından əla
qiymətlər alaraq Leninqrad İnşaat Mühandisləri
İnstitutuna qəbul olundu.
Keçmiş sovetlər dönəmində bu şərəfə
ancaq yüksək istedad sahibləri nail olurdular və
biz də yaxın qohumumuzun bu uğuruna ürəkdən
sevinirdik. Sevincimizin
bir səbəbi də o idi ki, onu Leninqrada respublikanın birinci şəxsi
Heydər Əliyev şəxsən özü yola
salırdı. O vaxtlar bütün digər sahələrə
olduğu kimi, təhsilə də xüsusi önəm verən
ümumilli liderimiz istedadlı Azərbaycan gənclərinin
sovetlər birliyinin müxtəlif şəhərlərində
yerləşən ali təhsil
ocaqlarında oxumasına böyük diqqət və
qayğı göstərirdi. Bizim ailə bü diqqət və qayğının
şəxsən şahidi olub.
Həmin gün əmim
oğlu ilə bərabər, digər gənc tələbələri
də o
vaxtkı Lenin sarayına (indiki Heydər Əliyev sarayı) dəvət
etmişdilər. Respublikanın rəhbəri bu gənclərin
qarşısında çıxış edərək onlara
xeyir dua verdi və harda oxumalarından asılı olmayaraq Azərbaycanın
şərəfini uca tutmağı tapşırdı. Sonra isə bir-bir gənc tələbələrin
əlini sıxıb üzündən öpdü. Yaxşı yadımdadır, bu möhtəşəm
tədbiri televiziya ekranından izləyən əmimin gözləri
dolmuşdu. Ömrünün 50 ilini ucqar dağ kəndində
müəllimlik sənətinə həsr edən Vəli əmim müharibənin
od-alovundan keçmişdi. Kifayət
qədər həyat təcrübəsinə malik olsa da, təhsilə
verilən bu yüksək qiyməti az qala heyrət içində
izləyirdi. Heydər Əliyevin diqqət və qayğısı,
hər bir Azərbaycan gəncini
şəxsən təbrik edərək bağrına
basması və nəhayət, istedadı ilə seçilən
gənclərin əldə etdikləri uğurlara elə
onların öz valideynləri qədər sevinməsi bu
böyük insanın necə vətənpərvər dövlət
başçısı, uzaqgörən siyasi xadim və elm fədaisi
olduğunu nümayiş etdirirdi.
Tarixə ötəri nəzər
Azərbaycanda təhsil sahəsində beynəlxalq əlaqələrin
və təcrübə mübadiləsinin tarixi kökləri
XVIII-XIX əsrlərə təsadüf edir .Ümummilli
liderimizin ötən əsrin 70-ci illərindən bu mühüm
və vacib məsələyə sistemli şəkildə,
ardıcıl diqqət və qayğı göstərməsi
əslində bu ənənələrin dövlət rəhbəri səviyyəsində uğurla davam etdirilməsi demək
idi. O,bu təcrübənin
mili maraqlara cavab verdiyini və
yeni yetişən nəslin təlim-tərbiyəsində
mühüm rol oynadığını yaxşı
bilirdi. Azərbaycanda
elmin, mədəniyyətin tərəqqisində müstəsna
xidmətləri olan Həsən bəy Zərdabi Moskva
Universitetinin fizika-riyaziyyət şöbəsinin yetirməsi
deyildimi? 1865-ci
ildə bu təhsil ocağını əla qiymətlərlə
başa vuran Həsən bəy Zərdabiyə əxlaqına
və təhsildə uğurlarına görə universitetin
Elmi Şurası tərəfindən hətta namizədlik dərəcəsi
də verilmişdi. Digər bir ziyalımız
, 1880-1890-cı illərdə Strasburq universitetində təhsil alan Mövsüm bəy
Xanlarov sonradan Bakıya qayıtmış, 1897-ci ildə qabaqcıl rus və azərbaycanlı
alimləri birləşdirən Rus Texniki Cəmiyyəti
Bakı Şöbəsini yaratmışdı. Azərbaycanda
kimya və kimya sənayesinin inkişafında əldə edilən
uğurlara görə biz həm də bu kimyaçı alimə
minnətdar olmalıyıq. Əsərləri London və Parisdə çap
olunan, 40 ildən çox Kazan və Sankt-Peterburq universitetlərində
professor kimi dərs deyən Mirzə Kazımbəy də yüksək elmi uğurlara imza
atmış və Azərbaycana baş ucalığı gətirmiş
ziyalılarımızdandır.
Bu sırada
Mirzə Məhəmməd Şəfinin, Mirzə
Abdulla Vəzirovun, Mirzə Cəfər Topçubaşovun, Məhəmməd
Əliyevin və başqalarının adlarını çəkmək
olar.
Yeri gəlmişkən, Xalq Cümhuriyyəti
dövründə də bu sahə diqqətsiz
qalmamışdır. Hələ 1919-cu ildə Xalq
Cümhuriyyəti Parlamenti tərəfindən 100 nəfər
azərbaycanlı gəncin xaricdə təhsil almağa
göndərilməsi ilə bağlı qərar qəbul edilmişdi..
Bu gənclərin, demək olar ki, yarısı Almaniyaya, digər
yarısı isə Fransa, İtaliya, İngiltərə və
Türkiyəyə göndərilmiş, onlar
üçün yol xərci və təqaüdlər müəyyənləşdirilmişdi.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Nəriman
Nərimanov tərəfindən “Xaricdə oxumağa göndərilən
azərbaycanlı tələbələrə yardımın
davam etdirilməsi haqqında” xüsusi dekret
imzalandı. Ancaq
bu dekretin ömrü qısa oldu. Xaricdə təhsil alan, yaxud diqqətsizlikdən məcburiyyət
qarşısında qalaraq təhsilini yarımçıq
qoyub Bakıya qayıdanların
böyük əksəriyyəti repressiya qurbanına
çevrildi. Bununla belə, 1920-ci illərin
ortalarından başlayaraq azərbaycanlı gənclərin
Rusiyanın iri şəhərlərində yerləşən
ali məktəblərə göndərilməsində müəyyən
irəliləyişlər hiss
olundu və bu, artan xətlə davam etdirildi. Məlumat
üçün deyək ki, əgər 1925-26-cı tədris ilində Rusiyada 120 azərbaycanlı təhsil
alırdısa, 1929-30-cu tədris ilində onların sayı
244 nəfərə çatmışdı. 1950-ci ildə isə
təkcə Moskva və Leninqradın ali təhsil
ocaqlarında 800-dən artıq azərbaycanlı təhsil
alırdı.
Azərbaycanda yerləşən ali məktəblərə
də əcnəbi gənclərin qəbulu həyata
keçirilirdi. Məsələn, 1956-cı ildə Almaniya və
Bolqarıstandan
ali təhsil almaq üçün Bakıya 40 tələbə
göndərilmişdi. Ancaq yuxarıda deyilənlər davamlı xarakter
daşımadığından təhsilin inkişafında əsaslı
dönüş yaratmaq üçün yetərli deyildi.
Sıçrayış
Tarixə nəzər saldıqda Azərbaycanda ali təhsili inkişafının, ölkədən
kənarda kadr hazırlığı məsələsinin məhz
1970-1980-cı illərdə yüksək vüsət
aldığını görürük. Bu
işin sistemli şəkildə həyata keçirilməsi
görülən işin effektini ikiqat
artırmışdı. Təkcə onu demək kifayətdir
ki, bu illərdə keçmiş SSRİ-nin təqribən 60-dək böyük şəhərinin
170-dən çox tanınmış ali təhsil
ocaqlarında 15 mindən artıq azərbaycanlı gənc təhsil
almışdı. Bu gənclər respublikanın xalq təsərrüfatı,
elm, təhsil və mədəniyyətinin
80-dən artıq sahəsini əhatə edən 250-dən
çox ixtisasa yiyələnmişdilər. Bütün bunlar
o vaxtlar respublikaya rəhbərlik edən Heydər Əliyevin
Azərbaycan xalqının mili maraqlarından doğan əsas
ideya və prinsiplərdən
çıxış etməsi, ölkənin gələcək
inkişafının perspektivlərini müəyyənləşdirən
strateji addımlar atması və nəhayət, gecəli-gündüzlü
ağır zəhməti hesabına başa gəlmişdi. O
illərin statistikası ümummilli liderimizin necə
uzaqgörən bir ölkə başçısı, cəsarətli
dövlət xadimi olduğunu göstərir. Etiraf edək ki, bu yolda o, hətta öz siyasi
karyerasını belə təhlükə altına qoymaqdan
çəkinməmişdi. Axı sovet ideoloji
maşınının tam gücü ilə işlədiyi
bir vaxtda xalqın mili maraqlarından çıxış etmək
böyük cəsarət və risk tələb edirdi.
Gəlin bir daha faktlara müraciət edək. 1969-70-ci tədris ilində
respublikadan kənara 60 nəfərlik plana qarşı cəmi
47 nəfər təhsil almağa gönədirlmişdi.
Ancaq 1975-ci ildə bu rəqəm təqribən
15 dəfə artırılaraq 700 nəfərə
çatdırıldı. 1978-ci ildən isə bu proses daha intensiv
xarakter aldı. Yaxud
digər bir fakta diqqət yetirək. 1969-70-ci tədris
ilində ölkədən kənarda təhsil alan
gənclərin yalnız 40 faizini azərbaycanlılar təşkil
edirdi. 1970-80-ci illərdə bu rəqəm 98 faizə qədər
yüksəldi. 80-ci illərin əvvəllərindən
isə 1500-dək gənc hər il Azərbaycandan
kənarda təhsil almağa göndərildi.
Heydər Əliyev hər dərs ilinin başlamasına
bir müddət qalmış bu gənclərin yolasalma mərasimində
iştirak edir, onlarla bir-bir şəxsən
görüşür və
öz öyüd və tövsiyələrini verirdi.
1970-80-ci illərdə Azərbaycandakı ali
məktəblərdə təhsil alan əcnəbi tələbələrin
də sayı artmış, ixtisasların çeşidi
genişləndirilimişdi. Məsələn, əgər
1961-1970-ci illərdə respublikamızın ali
təhsil ocaqlarında cəmi 300 əcnəbi tələbə
təhsil alırdısa, 1971-ci ildə onların sayı 943 nəfər
olmuşdur. 1979-cu ildə isə bu rəqəm
təqribən 2000-dək yuksəlib. Əgər 1971-ci ildə Azərbaycana
43 ölkədən tələbə göndərilirdisə,
1979-cu ildə bu
ölkələrin sayı 70-ə çatıb. Azərbaycan Ali və Orta İxtisas
Təhsili Nazirliyində yaradılan xarici əlaqələr
şöbəsinin və əcnəbi tələbələrlə
iş üzrə katibliyin bu sahədəki fəaliyyəti
xüsusi qeyd olunmalıdır.
Hərbi təhsil
Ümummilli liderimiz milli maraqlara cavab verən
hərbi təhsil sisteminin yaradılması işinə də
daim böyük diqqətlə yanaşıb. Məhz onun təşəbbüsü
ilə 1971-ci ildə Bakı şəhərindəki 2
saylı səkkizillik internat məktəbinin bazasında hərbi
təmayüllü ilk hərbi məktəb yaradıldı.
Hərbi məkətəbə azərbaycanlı
müdavimlərin daha çox cəlb olunmasını həmişə
diqqət mərkəzində saxlayan Heydər Əliyev bu təhsil
ocağına öz övladı kimi bağlı idi. Hər
il hərbi
liseyi bitirən yüzlərlə gənc azərbaycanlı sovetlər ittifaqının müxtəlif
ali hərbi təhsil ocaqlarında oxumağa göndərilirdi. Bundan əlavə, Bakıda yerləşən
Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə və
Ali Hərbi Dənizçilik Məktəbinə azərbaycanlıların daha çox qəbul edilməsi
respublikanın birinci şəxsi tərəfindən daim nəzarət altında
saxlanılırdı. Bu uzaqgörən müdrik siyasətin
nəticəsi idi ki, Azərbaycan müstəqillik əldə
etdikdən sonra
ordu quruculuğu işində ortaya çıxan
kadr probleminin həllində
qısa vaxtda ciddi uğurlar əldə olundu. Belə ki,
xalqın təkidi ilə 1993-cü ildə ikinci dəfə
hakimiyyət sükanı arxasına keçən ümummilli liderimiz MDB qoşun hissələrində
xidmət edən azərbaycanlı zabitləri Vətənə
çağırdı və onun tarixi müraciəti
cavabsız qalmadı. Bu zabitlərin
tam böyük əksəriyyəti vaxtilə şəxsən
respublika rəhbərinin diqqət və qayğısı sayəsində hərb
sənətinə yiyələniblər.
Daha bir faktı da xüsusi qeyd etmək yerinə
düşər. Məhz Heydər Əliyevin uzaqgörən
siyasəti nəticəsində 4 may 1994-cü ildə Azərbaycan
Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq”
(SNT) Proqramına, 1996-cı ildə isə Təhlil və
Planlaşdırma prosesinə qoşuldu. Azərbaycan
Ali Hərbi Məktəblərində təhsil sistemi
müasir tələblərə cavab verən NATO
standartlarına uyğunlaşdırıldı, təhsilin keyfiyyəti
artırıldı. Beynəlxalq əlaqələr sahəsində təhsillə
bağlı bir sıra vacib sənədlər imzalandı.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində
NATO ///- SNT kafedrası
və Milli SNT Təlim Mərkəzi
yaradıldı. Məhz bütün bunların
nəticəsində Azərbaycan Ali Hərbi Məktəblərinə
beynəlxalq səviyyədə maraq artdı. İndi bu təhsil
ocaqlarında xarici ölkələrdən gəlmiş gənc
kursantların təhsil alması qürurla qeyd etdiyimiz
faktlardandır. Eyni zamanda, hər il onlarla gənc azərbaycanlı
kursant bir sıra xarıci ölkələrin ali hərbi məktəblərində
hərb sənətinin incəliklərinə yiyələnir.
Son söz əvəzi
Göründüyü kimi, istər keçmiş sovetlər
dönəmində, istərsə də müstəqil Azərbaycan
Respublikasının bugünkü həyatında təhsil sistemi ilə bağlı
beynəlxalq əməkdaşlıq məsələsi,
sözün həqiqi mənasında, ümummilli liderimiz Heydər
Əliyevin adı ilə bağlıdır. Sevindirici haldır ki, əsası əbədiyaşar liderimiz tərəfindən qoyulan
bu təhsil ənənələri
indi də uğurla davam
etdirilir. Hər il bir sıra
Avropa ölkələrində oxumağa göndərilən yüzlərlə azərbaycanlı
gənc Vətənimizi dünyada
layiqincə təmsil edir və tanıdır. Bütün bunlar isə öz növbəsində
Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasında,
heç şübhəsiz, önəmli rol oynayacaq.
İsa İSMAYILOV
Paritet.- 2010.- 26-30 iyun.-
S. 9.