Nabranda müasir xidmət göstərilir

 

Respublikamızda  yerli əhalinin və xarici turistlərin  daha çox istirahət üçün üz tutduğu məkanlardan biri də Nabrandır. Nabran  Azərbaycanın dilbər guşəsi olmaqla  yanaşı, həm də böyük bir turizm bazarıdır. Qeyd edək ki, ildən-ilə inkişaf edən, böyüyən dünyanın ən gözəl turizm mərkəzləri  səviyyəsində fəaliyyət göstərməsinə  önəm  verilən  bu gözəl istirahət  məkanında  onlarla bir-birindən fərqli istirahət məskənləri yaradılıb.  Sözügedən məkanda yaradılan müasir  dünya standartlarına  cavab verən istirahət guşələrində də xidmətin  səviyyəsinə xüsusi diqqət yetirilirbu sahədə bir sıra layihələr həyata keçirilir.

“Dostluq“ turist bazarının direktoru Eyvaz Rəcəbov bildirib ki,  bu turizm mərkəzində  bir dəfəyə  300-400 nəfər turist qəbul  etməyə normal şərait var:”Ümumiyyətlə, yayın qızmar günlərində Azərbaycanımızın ən füsunkar istirahət mərkəzi sayılan Nabranda fəaliyyət göstərən onlarla turizm mərkəzi əhalinin ixtiyarına verilib, burada öz həmvətənlərimizlə birgə xarici qonaqlar da mənalı istirahət edir  Xidmətin  səviyyəsidə digər özəl  istirahət  məkanlarından geri  qalmır. Yəqin ki, belə olmasa əhalinin böyük əksəriyyəti burada  dincəlməyə üz tutmaz. Əlbəttə, cibə  uyğun maliyyə   xərcləridə buna imkan yaradır”.

Bundan başqa “Xəzər” turist bazası da Nabranın ən böyük və uzun müddət fəaliyyətdə olan istirahət məkanları sırasındadır. “Düzdür,  burda özəl fəaliyyət göstərən turist mərkəzlərindəki kimi dəm-dəsgah olmasa da”-deyən “Xəzər”in turist  bazasının direktoru Fais Məmmədov bildirib ki, gərgin səy və əmək nəticəsində bu mərkəzdə  əsaslı yenidənqurma işləri aparılıb:” İlk öncə milli memarlıq üslubunda olan möhtəşəm giriş darvazası bunu deməyə əsas verir.  Eyni zamanda dünyanın 30-dan çox ölkəsində turizm sahəsində təcrübə toplayan F.Məmmədov təşəbbüsü ilə bir-iki ildi rəhbərlik etdiyi istirahət məkanında yeniliklər  həyata keçirilib. Belə ki, yeni ofis binası tikilib, burda həmçinin, qeydiyyat və gözətçi üçün də bina  tikilib. Turizm bazasında 100 metrlik ərazidə maşın dayanacağı yaradılıb. İstirahət mərkəzində yeni yaşıllıqlar, qazonlar salınıb, xeyli gül-çiçək əkilib və  işıqlanma sistemi quraşdırılıb. “Yaşıl şəhərcik”i ətrafdakı ev heyvanlarından qorumaq üçün onun ətrafına hasar çəkilib və darvaza qoyulub. İşçilərin yaşadığı 6 ev sökülərək əsaslı şəkildə yenidən qurulub. Bundan başqa buradakı yararsız ticarət köşkləri sökülüb yerində müasir tipli mağazalar yaradılaraq pulsuz olaraq istifadəyə verilib. 2-ci mərtəbədə 8 hissədən ibarət hamam yaradılıb. Korpusun dəhlizi sökülərək əsaslı şəkildə yenidən qurulub. Eyni zamanda çayın üzərində körpü yenidən qurulub və  yeməkxanada hərtərəfli yenidənqurma işləri aparılıb. Bura müasir tipli mətbəx avadanlıqları ilə tam təchiz olunub. Bu isə xidmətin yüksək səviyyədə olmasından xəbər verir. İstirahət mərkəzinin bütün işçiləri xüsusi forma ilə təmin olunub. İstirahət mərkəzinin direktorunun sözlərinə görə, burda əsaslı dəyişikliklər hələ də davam etməkdədir:” Bir maraqlı faktıda nəzərinizə çatdırım ki, demək olar ki, “Xəzər”in sakinləri hər il  eyni insanlardır. Yəni, artıq bizim istirahət mərkəzini özünə doğma evi qədər əziz bilən sakinlərimiz var. Hər il “Xəzər”də dincəlməyə adət etmiş insanlar bu ənənəni hər il  davam etdirirlər. Burada boş yer tapmaq da çətindir İstirahətdən də razılıqlarını bildirirlər. Bu hal da bizi sevindirir.  Düzdür, hər il daim sakinlərlə yanaşı, istirahət üçün mərkəzimizə gələn yeni insanlarla da rastlaşırıq”. Haqqında danışılan  istirahət guşəsində mənalı istirahət üçün hər cür şərait mövcuddur. Belə ki, müxtəlif çeşidli, ləzzətli yeməklər, mədəni qulluq, idman oyunları üçün yaradılan şərait hamının ürəyincədir. Məmmədovun dediyinə görə, gələn mövsümdə “Xəzər”i tanımaq mümkün olmayacaq. Bizdə istərdik ki,  Xəzər  həmişə öz adını doğrultsun və insanlara göstərdiyi yüksək xidmətlə ətrafına işıq saçsın və digər istirahət mərkəzlərinə nümunə olsun.

 Təbiətin çox gözəl guşəsində yerləşən istirahət mərkəzlərindən biri də “Şahdağ”dır.  Bu turist bazası da Xəzərin düz kənarında meşə ilə həmahəng bir guşədə yerləşir. “Şahdağ”  turizm bazasında da əhalinin mənalı istirahət etməsi üçün, layiqincə dincəlmək hamının arzusudur. “Şahdağ” sakinlərinin bu arzusu çin olub.  “Şahdağ” turizm mərkəzinin direktoru Rəhim Hacıyev  bildirib ki, buraya gələn  turistlər burdaki vəziyyətdən razı gedirlər:” Bizim istirahət mərkəzində  hər yerdə səliqə səhmana diqqət yetirilir. Bundan başqa  çoxçeşidli yeməklər, mənalı istirahət üçün quraşdırılan müxtəlif idman qurğuları, gənclərin zövqünü oxşayan diskoteka, hər gün nümayiş etdirilən kino-filmlər hamının ürəyincədir”.

 

 

G.ƏSƏDOVA

 

Paritet.- 2010.- 2-3 mart.- S. 16.