Bir göz qırpımında ötən 65 il    

 

Və ya 78 nəşrə damğasını basan Azad Zülaloğlu    

 

Yaxın keçmişimizdə hər hansı bir sahədə insanı fərqləndirmək üçün “zəhmətkeş”,”fədakar və bu kimi digər ifadələrdən bolluca istifadə edərdik. Fərqi yox idi - bu adam hansı sahədə çalışırdı -istər xalq təsərrüfatında, istərsə də mədəniyyətdə olsun...Bəs görəsən, həyatını çalışdığı sənətsiz, peşəsiz təsəvvür etməyən insanları necə adlandırasan? Fanatmı? Peşəsinin vurğunumu?..Çox düşünsəm də, ürəyimdən tikan çıxaran belə bir ifadə tapmadım. Sözüm bunda deyil.

Məqsədim tamam başqadır.  İyirmi ildən çoxdur ki, bu insanı tanıyıram.O qədər yaxından tanıyıram ki, cəsarətlə deyə bilərəm ki, bəlkə onun yaxınları onu mənim qədər yaxşı tanımırlar. Çünki bir vaxtlar adını mətbuat səhifələrində gördüyüm, radio dalğalarında eşitdiyim bu insanla- Azad Zülaloğlu ilə uzun müddət çiyin-çiyin işləmək mənə qismət olub.Və ilk günlərdən onun müxbürlik peşəsinə məhəbbətinə heyran qalmışam. Mən 1989-cu ildə Lənkəran radio verilişləri redaksiyasına işləməyə gələndə Azad Zülaloğlu burada, necə deyərlər, müsbət mənada ”at oynadırdı”. Əsas simalar başqaları olsa da, o, demək olar ki, bir neçə nəfərin yerinə qələm çalırdı. Bir dəfə də olsun, “bu mənim işim deyil, yorulmuşam, bacarmaram” kəlmələrini ondan eşitmədim. Hətta gördüyü işlərin dəyərini almasa belə!. Azadla bir kollektivdə işlədikcə onu daha yaxından tanımağa başladım. Bu sənətinə vurğunluq, jurnalistikanı hava, su kimi sevmək idi. Bu işgüzarlıqda başqa nəsə axtarmağın özü günah idi. Çünki o, bu sənət üçün doğulmuşdu. O, dünyaya gəlmişdi ki, jurnalist olsun!.Və bütün istedadlar kimi qələm dostumun mətbuat aləminə daxil olması, özünə yer tutması böyük çətinliklər hesabına başa gəlmişdi...

 Bu il Azad Zülaloğlunun 65 yaşını qeyd edəcəyini eşidəndə bir qədər heyrətləndim.Ona görə yox ki, bundan xəbərsiz idim.Sadəcə 20 il bundan əvvəl tanış olduğum Azad sanki heç dəyişməmişdi.O işgüzarlıq, o həvəs, o yaradıcılıq həvəsi...

1945-ci ildə Lənkəranın ən böyük kəndi Boladidə dünyaya göz açan və orta məktəbi də həmin kənddə bitirən Azad hərbi xidmətdən sonra sovxozda əmək fəaliyyətinə başlayır.Lakin hələ orta məktəbdə oxuyarkən qəlbində baş qaldıran  jurnalistikaya  maraq ona bir anlıq olsa belə, rahatlıq vermir.Yazıları müxtəlif nəşrlərdə işıq üzü görür. 1970-76-cı illərdə Lənkəran şəhər 113 saylı texniki peşə məktəbinin kitabxanasında işləməyə başlayır. Yerli “Leninçi”, radio verilişləri redaksiyaları ilə müntəzəm əlaqə saxlayır. Lakin o,  bununla kifayətlənmir. Respublikada elə mətbu orqanı yox idi ki, Azad Zülaloğlunun imzası orada görünməsin. ”Sovet kəndi”, ”Azərbaycan gəncləri”, ”İnşaatçı”, ”Azərbaycan dəmiryolçusu” qəzetləri və bir sıra jurnallar onun müxtəlif səpgili yazılarına həvəslə yer verirdilər. Ümumilkdə isə, onun indiyə kimi 78 dövrü nəşrdə 1000-dən çox yazısı işıq üzü görüb.

 A.Zülaloğlu keçən əsrin 80-cı ilin əvvəllərindən Lənkəran radio verilişləri redaksiyası ilə daha sıx əməkdaşlığa başlayır. Tanınmış yazıçı Məmmədhüseyn Əliyev, Vaqif Hüseynov, İltifat Saleh, Hacı Etibar Əhədov, tanınmış jurnalist Səlim Ağayev Azadın radio jurnalisti kimi formalaşmasında mühüm rol oynayırlar. Həmin illərdə o, çoxdankı arzusunu həyata keçirir. Ailə vəziyyətinə görə ali təhsil ala bilməsə də, redaksiyanın zəmanəti ilə Azərbaycan Jurnalistlər Birliyinin nəzdindəki Jurnalist Sənətkarlığı İnstitutuna qəbul olunur. İki il müddətində Azad burada respublikanın tanınmış sənətkarlarından aldığı dırslərin hesabına bu peşənin sirlərinə daha dərindən yiyələnir.1990- cı ilin may ayından isə o, Lənkəran radio verilişləri redaksiyasında redaktor kimi fəaliyyətə başlayır.Bundan sonra Azad daha böyük həvəslə yaradıcılığını davam etdirir.Təkcə operativ xəbərləri, maraqlı zarisovkaları, tarixi oçerkləri ilə deyil, satirik janrda yazdığı duzlu-məzəli lətifələri, miniatürləri,şeirləri ilə dinləyicilərin sevgisini qazanır. ”Balaəminin lətifələri” başlığı ilə dərc etdirdiyi lətifələri dildən-dilə gəzir. ”Şəfəq”, ”Söz”, ”Məşəl”, ”Mozalan” jurnalları, ”Lənkəran”, ”Aşkarlıq”, ”Bizim era” və digər qəzet və jurnallar  onun lətifələrinə həvəslə yer ayırırlar.Yazıları dəfələrlə müxtəlif müsabiqələrin mükafatına layiq görülür. 2005-ci ildə isə anadan olmasının 60 illiyi münasibətilə AJB onu Həsən bəy Zərdabi diplomu ilə təltif edır.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Azad Zülaloğlu bu gün də yaradıcılığını coşğun həvəs və şövqlə davam etdirir. Hazırda o, ”Molla Nəsrəddin XXİ əsrdə”jurnalının bölgə müxbiridir. Lətifə və satirik yazılarından ibarət ilk kitabını çapa hazırlayır.

Qələm dostumuz həm də gözəl ailə başçısıdır. Ömür-gün yoldaşı Sevil xanımla iki oğul, bir qız böyüdüb. Oğlu Fəqan və qızı ailə həyatı qurub. İki oğul nəvəsi Azad Zülaloğlu ailəsinin noğulu, nabatı, bəzəyidir..

Bu önəmli anda mən Azada gözəl-gözəl arzular diəyə bilərəm: uzun ömür, can sağlığı, yaradıcılıq uğurları və daha nələr-nələr...Görəsən, həyatda çox şeylərə nail olan “min cavana dəyən bu 65 yaşlı oğlanın” ürəyinin dərinliyində daha hansı ülvi istəklər öz növbəsini gözləyir?     Sonda bütün arzularımı sadalamadan demək istəyirəm: Qələm dostum Azad Zülaloğlu,  qoy səninçün əlamətdar olan bu 2010-cu ildə qəlbində növbəsini gözləyən həmin arzuların barını dadmaq nəsibin olsun!

 

Qeyd: Zaman üçün 50, 60, istər 65, lap 100 yaş olsun, bir göz qırpımıdır. Çoxları bunun heç fərqinə də varmırlar. Niyə bu dünyaya gəliblər, bu həyatdan köçəndən sonra onlardan nə qalacaq? Nə yaxşı ki, Azad Zülaloğlunu belə aqibət gözləmir. Çünki ondan qalacaq yüzlərlə müxtəlif janrda yazdığı əsərləri, bundan sonra yazmasa belə, bu ömrü heç də hədər yaşamadığını  ona fəxr etməyə əsas verir.

 

 

Sərraf Talıb

 

Paritet.- 2010.- 2-3 mart.- S. 14.