Ordu quruculuğu sahəsində
aparılan işlər mövqeyimizi gücləndirir
Ötən
il istehsal olunmuş müdafiə təyinatlı
məmulatların həcmi 3 dəfə, mülki məhsulların
həcmi isə 20 faiz artıb
Azərbaycan
Ordusunun tərəqqisi, dünya standartlarına cavab verməsi
əsas prioritetlərdən biridir. Ruh
yüksəkliyinin artırılması, peşəkarlıq,
müasir standartlara uyğunlaşma prosesi çox sürətlə
gedir.
Peşəkarlıqla
yanaşı, ordunun maddi-texniki bazası da möhkəmlənir. Bu
istiqamətdə son illər ərzində böyük işlər
görülür. Azərbaycanın ümumi hərbi xərcləri
son beş il ərzində 10 dəfədən
çox artıb. Bu gün Azərbaycan Ordusunun
büdcəsi Ermənistan dövlətinin illik büdcəsi
səviyyəsinə çatıb. Hərbçilərin
sosial-məişət vəziyyətinin
yaxşılaşdırılması üçün əməli-praktiki
tədbirlər görülür. İldə
iki dəfə əmək haqları qaldırılır.
Son bir neçə il
ərzində Azərbaycanda müasir hərbi sənaye
kompleksinin yaradılması dövlətin diqqət mərkəzindədir.
Bu məqsədlə Müdafiə Sənayesi
Nazirliyi yaradılıb. Azərbaycanda bu
sahədə istehsal olunan məhsullar dünyanın ən
yüksək standartlarına cavab verir. Silahlı
Qüvvələri müasir tələblərə cavab verən
müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını
maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində
istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə
təmin etmək üçün 2009-cu ildə də MSN-nin
müəssisələrində yeni istehsal sahələri
yaradılıb. Azərbaycan ilk dəfə
olaraq məhz bu ildə MSN-nin müəssisələrində
yaradılan və istehsal olunan məmulatlarla Beynəlxalq
Müdafiə Sənayesi Sərgisində (IDEF-2009) təmsil olundu.
Belə bir sərgidə Azərbaycanın
öz milli məhsullarını nümayiş etdirməsi digər
dövlətlər tərəfindən xüsusi maraqla
qarşılanıb.
2008-ci illə müqayisədə
ötən il nazirlik üzrə istehsal
olunmuş müdafiə təyinatlı məmulatların həcmi
3 dəfə, mülki məhsulların həcmi isə 20 faiz
artıb. Ümumilikdə 586 adda məmulat
istehsal edilib ki, bunun da 350-si müdafiə təyinatlı məmulatlardır.
Bu gün MSN aviasiya, naviqasiya, cihazqayırma və
digər istiqamətlər üzrə dünyanın
inkişaf etmiş dövlətlərinin firma və şirkətləri
ilə sıx əməkdaşlıq edir. Bu sahədən
danışan Prezident İlham Əliyev qeyd edib ki, hər yerdə
olduğu kimi daxili resurslara istinad etməliyik: “Necə ki, biz
siyasətdə, diplomatiyada, iqtisadiyyatda daxili resurslar
hesabına yaşayırıq və fəaliyyət göstəririk,
bu sahədə də maksimum dərəcədə daxili
imkanlardan istifadə edib güclü müdafiə sənayesini
yaratmalıyıq. Artıq bunu
yaratmışıq. Azərbaycan məhsulları
müxtəlif beynəlxalq sərgilərdə nümayiş
etdirilir. Artıq biz ixrac
imkanlarımızı da genişləndiririk. Biz müdafiə sənayesini yaradanda əlbəttə
ki, ilk növbədə öz daxili tələbatımızın
ödənilməsini nəzərdə tuturduq. Bu gün də bu prioritetdir, ordunun və
bütün hərbi qüvvələrin ehtiyacları ilk
növbədə ödənilməlidir. Ancaq
əgər ixrac üçün əlavə imkanlar olarsa, əlbəttə
ki, bu, ancaq alqışlanacaqdır. Bu, həm iş yerləridir,
həm yeni sənaye obyektləridir, həm də ki, əsas məsələmizi
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli üçün bizə
çox lazım və vacib olan sahədir”.
İldən-ilə
artan hərbi xərclərin tərkib hissəsi olan müdafiə
sənayesinə ayrılan xərclər də artır. Bir sözlə, hərbi potensialın gücləndirilməsi,
müasir ordunun yaranması üçün Azərbaycanda
çox böyük işlər görülür. Azərbaycan Ordusu inkişaf edir, müasir standartlara
cavab verir. Bizim ümumi hərbi xərclərimiz
2 milyard dollara bərabərdir. Ölkə
başçısının fikrincə, bu məsələ
ilə bağlı səylərimizi daha da gücləndirməliyik:
“Azərbaycanın hərbi və ordu potensialının
gücləndirilməsi, hesab edirəm ki, danışıqlar
prosesində ən vacib rollardan birini oynayır. Mən
hesab edirəm ki, son müddət ərzində
danışıqlarda müşahidə olunan dinamika, yəni
müsbətə doğru dinamika, o cümlədən Azərbaycanın
iqtisadi, siyasi və hərbi potensialının gücləndirilməsinin
nəticəsidir”. O bildirib ki, orduda və bütün hərbi
qüvvələrdə gedən proseslər mövqeyimizi
gücləndirir. “Həm döyüş
qabiliyyəti, həm də vətənpərvərlik ruhu
yüksək səviyyədədir. Əlbəttə
ki, texnika, silah-sursat, bütün lazımi məsələlər
2010-cu ildə də yubanmadan həll olunmalıdır”.
Prezident deyib ki, Azərbaycan Ordusunun
inkişaf etməsi,müasir standartlara
cavab verməsi bəzən müəyyən beynəlxalq təşkilatlarda
və dövlətlərdə narahatlıq doğurur: “Amma
onlar yaddan çıxarmamalıdır ki, Azərbaycan
müharibə şəraitində yaşayır, torpaqları
işğal altında, vətəndaşları
qaçqın-köçkün vəziyyətindədir. Biz hər an öz doğma torpaqlarımızı
azad etməyə hazır olmalıyıq və məhz bu məqsədlə
güclü ordu yaradırıq. Torpaqları
işğal olunmayan, Azərbaycanın problemlərini
yaşamayan ölkələr ordu quruculuğuna maksimum diqqət
göstərməyə bilərlər. Biz
isə bu işğaldan əziyyət çəkirik. Deməli, Azərbaycanda ordu quruculuğu, müdafiə
potensialının möhkəmlənməsi dövlətin,
hökumətin, hər bir vətəndaşın bir nömrəli
vəzifəsi olmalıdır. Biz öz doğma
torpaqlarımızı işğalçı qüvvələrdən
hərbi yolla azad etməyə hər an hazır
olmalıyıq”.
Bu gün Azərbaycan
Respublikasının Silahlı Qüvvələri
üçün vacib olan bütün ixtisaslar üzrə
kadrlar ölkəmizin ali hərbi məktəblərində
yüksək tələblərə uyğun hazırlanır.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi, Azərbaycan
Ali Hərbi Dənizçilik, Azərbaycan Ali Hərbi Təyyarəçilik
məktəbləri, Ali Hərbi Akademiya Silahlı Qüvvələrimizin
zabit kadrlara olan tələbatını tam ödəyir.
Ordu quruculuğunda
uğurlarımız kifayət qədərdir. Hansı cəhəti götürsək Ermənistandakı
vəziyyətdən bir neçə dəfə üstün
olmağımız göz qabağındadır. Çoxlu faktlar var ki, Ermənistanda əhali
dolanışıq ucbatından, dövlət siyasətinin
perspektivsizliyini dərk etdiklərindən ölkəni tərk
etməkdə davam edirlər. Heç bir
Ermənistan vətəndaşı Dağlıq Qarabağda hərbi
xidmət keçmək istəmir. Bu sahədə
də müqayisələr aparsaq, görərik ki, Ermənistanın
ordusunun inkişaf etdirmək perspektivi yoxdur.
Hazırda bölgədə
gedən siyasi proseslər Azərbaycanın mövqeyini
gücləndirir. Çünki, ölkəmiz
bu siyasi proseslərdə fəal iştirak edirik və bəzi
hallarda irəli sürülən təşəbbüslərin
müəllifi mövqeyindən çıxış edir.
Azərbaycanın iştirakı olmadan bölgədə
iqtisadi və regional əməkdaşlıq mümkün deyil
və bizim mövqe hamıya bəllidir. “O vaxta qədər
ki, torpaqlarımız işğal altındadır, Ermənistanla
heç bir əməkdaşlıqdan söhbət gedə
bilməz. Hesab edirəm ki, qarşı tərəf
bütün bu amilləri təhlil edərək reallıqla
barışmalıdır. Reallıq da
ondan ibarətdir ki, bu gün Azərbaycanla rəqabət
aparmaq çox çətindir, deyə bilərəm,
qeyri-mümkündür. Siyasi
potensialımız, iqtisadi gücümüz, ordu
potensialımız və beynəlxalq haqq-ədalət prinsipləri
bizim mövqelərimizi gücləndirir və mən əminəm
ki, bütün bu amillər və bizim fəal və hücum
siyasətimiz nəticədə torpaqlarımızın
işğalçılardan azad olunmasına gətirib
çıxaracaqdır.”
Dövlət başçısı
dəfələrlə bildirib ki, münaqişə yalnız
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
öz həllini tapa bilər, işğalçı qüvvələr
işğal olunmuş bütün torpaqlardan
çıxarılmalıdır, Azərbaycan vətəndaşları
həmin bölgələrə, o cümlədən
Dağlıq Qarabağa qayıtmalıdırlar. Ondan sonra Dağlıq Qarabağın hüquqi
statusu müzakirə oluna bilər. Biz bu
müzakirəyə hazırıq. Ancaq bir
şərtlə ki, bu status yalnız Azərbaycanın ərazi
bütövlüyü ilə müəyyən oluna bilər.
Azərbaycan başqa heç bir varianta getməyəcəkdir.
Prezident
xatırladır ki, ermənilər o torpaqları sülh yolu
ilə zəbt etməyiblər. “Bizim
torpaqlarımız müharibə yolu ilə, başqa ölkələrin
dəstəyi ilə işğal olunubdur. Baxmayaraq ki, o
hadisələrdən artıq 20 ilə yaxın vaxt
keçir, bunu heç kim
unutmamalıdır. Azərbaycan vətəndaşları,
gənclər, gənc nəsil bunu daim yadda saxlamalıdır.
Yəni, ermənilər bunu zor gücü ilə
ediblərsə, bizə nə üçün daim tövsiyə
edilir ki, sülh yolu ilə həll olunsun. Mən bir daha
demək istəyirəm ki, heç kim
müharibə istəmir. Kim istəyər ki,
indi müharibə olsun. Ancaq biz bu
dözülməz vəziyyətlə nə qədər
barışmalıyıq?! Nə qədər
dünya ictimaiyyəti və bu məsələ ilə məşğul
olan tərəflər belə təmkinli mövqedə
olacaqlar?!”
Buna görə də ölkə
başçısı daimi vurğulayır ki, hərbi quruculuq, ordu
quruculuğu daha da sürətlə getməlidir. “Çox işlər görülüb, amma hələ
də çox işlər görülməlidir. Bu məqsədlə bizim bütün
proqramlarımız icra edilir”.
Bizim qalib gəlməyə qadir
nizami ordumuz var. Gündən-günə döyüş
qabiliyyətini gücləndirir. Hazırda Silahlı Qüvvələrimiz
növbəti təkmilləşmə dövrünü
yaşayır. Ona hər cür qayğı göstərilir,
təminatı yüksək səviyyədədir. Bunun nəticəsidir
ki, əsgər də, zabit də, Ali Baş Komandan da ordumuzun
işğal altında olan torpaqlarımızı azad etməyə
qadir olduğunu qətiyyətlə bildirirlər. Xalq da öz
ordusuna inanır. Odur ki, torpaqlarımızı hərb yolu ilə
azad etməyi tələb edənlər də çoxalıb.
Əsgərlərimizin döyüş
hazırlığı, hərbi texnika ilə təchizatı
da buna əsas verir. Qələbədə əsas rolu əsgərin
təpəri, hünəri həll edir. Qorxaq əsgər ən
müasir silah növləri ilə təchiz olunsa da, zəif
düşmənə qalib gələ bilməz. Bunun əsas
göstəricisi fərarilikdir. Bu gün Ermənistan ordusunda
fərariliyin gündən-günə artdığını,
Azərbaycan Ordusunda isə belə halın, demək olar ki,
olmaması əsgərlərimizin hünərinin, vətənpərvərliyinin
və döyüşlər başlayarsa, mütləq qalib gələcəyinin
təsdiqidir.
F.Hüseynzadə
Paritet.-
2010.- 4-5 mart.- S. 1;4.