Milli musiqimizi Almaniyada layiqincə təmsil edən musiqiçi

 

Yusif Məmmədəliyev adına mükafata Köln Konservatoriyasının professoru, soydaşımız Elnarə İsmayılova da layiq görülüb

 

 Sevindirici haldır ki, bu gün Azərbaycan musiqisi və istedadlı musiqiçilərinin bənzərsiz ifası sərhədləri aşaraq  bir sıra xarici ölkələrdə səslənir, əcnəbilərin qəlbini riqqətə gətirir və onlarda milli musiqimizə böyük maraq yaradır. Azərbaycan klassik musiqi irsini xaricdə- Almaniyanda layiqincə təmsil edən belə  istedadlı musiqiçilərdən biri də Köln Konservatoriyasının professoru, Vaqner mükafatı laureatı Elnarə İsmayılovadır. Qeyd edək ki, bu il “Bilik” maarifçilik cəmiyyətinin verdiyi Yusif Məmmədəliyev adına mükafatın sahibləri arasında soydaşımız, istedadlı musiqiçi Elnarə İsmayılova da var. Mahir piano ifaçılığı, yüksək intellektual səviyyəsi ilə Azərbaycanı Avropada layiqincə təmsil edən E. İsmayılovanın maraqlı və zəngin həyat yolu var.

Belə ki, Elnarə xanım əvvəlcə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano sinfini, sonra isə Üzeyir Hacıbəyli adına  Dövlət Konservatoriyasını bitirib. Hələ tələbəlik illərində onun nümayiş etdirdiyi özünəməxsus ifa tərzi, dərin musiqi duyumu, virtuoz ifaçılıq qabiliyyəti onun peşəkar gələcəyinin parlaqlığından xəbər verirdi. Gənc pianoçunun öz sənətinə sonsuz məhəbbəti, peşəkarlığını daha da inkişaf etdirmək üçün göstərdiyi səylər onun Azərbaycandan uzaqlara aparıb. Elnarə xanımın xaricə ilk səfəri Almaniyaya-  Baxın, Haydinin, Bethovenin vətəninə olub. Onun burdakı ilk çıxışı Almaniyanın aparıcı musiqi xadimlərini və geniş dinləyici auditoriyasını valeh edib. Tezliklə yaradıcılığını davam etdirmək üçün o, Almaniyadan təklif alıb. Bunu  zəngin musiqi mədəniyyətimizi  xaricdə təbliğ etmək şansı kimi dəyərləndirən Elnarə xanım təklifi qəbul edib və Almaniyanın musiqi həyatına tezliklə qaynayıb qarışıb, məhsuldar və uğurlu konsert fəaliyyəti başlanıb.

E.İsmayılova tezliklə qonşu Avstriyanın Zaltsburq şəhərindəki Motsart Musiqi Akademiyasında, sonra İspaniyanın Madrid Universitetində solo konsertlərlə, İsveçrədə isə dünya şöhrətli opera ulduzları çıxış etməyə dəvət olunub. O, konsert proqramları ilə yanaşı biliyini və ifaçılıq ustalığını daha da təkmilləşdirmək məqsədilə Almaniyanın iki nüfuzlu musiqi təhsili ocağında təhsilinin davam etdirib. Köln və Essen Musiqi akademiyalarının aspirantura bölmələrini fərqlənmə diplomları ilə bitirib, ölməz bəstəkar Bethovenin vətəni Bonn şəhərində keçirilən piano ifaçılığı müsabiqəsinin qalibi olub. Bundan sonra o, Almaniyanın Bayroyt şəhərində görkəmli bəstəkar və pianoçu Ferents Listin əsərlərinin ən parlaq və özünəməxsus fərqliliklə ifa və interpretasiyasına görə Rixard Vaqner mükafatına layiq görülüb. Onu da bildirək ki, Elnarə bu mükafata layiq görülən ilk azərbaycanlı musiqiçidir. O, həmçinin Almaniya-Avstriya Mədəniyyət və Musiqi Cəmiyyətinin fəxri üzvüdür. İlbəil yaradıcılığını, ifaçılıq üslubunu təkmilləşdirən, biliyini artıran Elnarə xanımın Almaniyada 5 kompakt diski çıxıb. Essen və Köln şəhərlərinin Musiqi Akademiyalarının dosentidir. Bununla yanaşı, İsveçrənin Engelberg şəhərində onun fortepiano ustadlığı kursu uğurla keçir. Yaradıcılığında üstün cəhətlərdən biri də odur ki, harada çıxış etməsindən asılı olmayaraq dünya bəstəkarlarının əsərləri ilə yanaşı doğma Azərbaycan bəstəkarlarının əsərlərini özünün və tələbələrinin repertuarına daxil edir. Bu mövzuda söhbət düşəndə Elnarə xanım həmişə belə deyib:”Üzeyir bəyin, Qara Qarayevin, Fikrət Əmirovun, Cövdət Hacıyevin, Tofiq Quliyevin, Arif Məlikovun, Musa Mirzəyevin, Firəngiz Əlizadənin, Sevda İbrahimovanın və digər   bəstəkarlarımızın əsərlərini dünya konsert salonlarında səsləndirmək qəlbimdə sonsuz fərəh hissi doğurur”.

 Soydaşımız nəinki Azərbaycanın Almaniyadakı Səfirliyinin  təşəbbüsü ilə keçirilən tədbirlərdə, həmçinin Almaniyada Beynəlxalq miqyasda keçirilən festivallarda və ya böyük yaradıcılıq gecələri keçirilən konsert zallarında olan çıxışlarında da hər zaman Azərbaycan musiqisini ifa edir. 2007-ci ilin noyabrında Kassel şəhərində hər il ənənəvi keçirilən Kassel musiqi günləri festivalında bir saat yarımlıq solo proqramla çıxış edərək Azərbaycan musqisi ilə dinləyicilərin ruhunu sevindirdi. Daha sonra Elnarə xanımın yaşadığı şəhərdə - Avropanın mədəniyyət metropolu olan Kölndə yeni açılmış konsert zalında solo musiqi axşamında alman, ispan bəstəkarlarının əsərləri ilə yanaşı Azərbaycan musiqisini dinləyicilərə hədiyyə edib.

 Ötən illərdə o, Vuppertal Musiqi Akademiyasında Azərbaycan musiqisi haqda məruzə və fortepiano əsərlərinin ifasından ibarət musiqi axşamı keçirib. Eyni zamanda Essen Musiqi Akademiyasında və Köln şəhərindəki İncəsənət Salonunda isə Qara Qarayevin 24 prelyüdü haqqında məruzə ilə çıxış edib və bu əsərləri ifa edib. Qadın bəstəkarlarımızın təbliğinə xüsusi yer verən Elnarə xanım F.Əlizadə və S.İbrahimovanın fortepiano üçün əsərlərinin təqdimatını keçirib. 

Doğma Azərbaycanın musiqi mədəniyyətini uzaq ellərdə layiqincə təmsil edən soydaşımızın söylədiyinə görə, Vətən üçün darıxanda milli bəstəkarlarımızın əsərlərini və  xalq mahnılarımızı ifa etməklə doğma el-obası ilə təmasa girir və  mənəvi zənginliyini daha da dərinləşdirir.

Bizdə Elnarə xanıma yaradıcılığında uğurlar azulayırıq və istərdik ki, bundan sonrakı yaradıcılığında dünya musiqisi ilə yanaşı, Azərbaycan musiqisinin dünyada təbliğinə daha çox   üstünlük versin.

 

 

F.HÜSEYNZADƏ

 

Paritet.- 2010.- 11-12 mart.- S. 12.