“Meydan məclislərini keçməyən tarzən çətin peşəkar ifaçı olsun”

 

Vamiq Məmmədəliyev: “Bəzi insanlar, konkret olaraq, tarda yeniliklər etməklə onu yadlaşdırmağa səy göstərirlər”

 

Dəyərli musiqinin  insanların yaddaşında qalması üçün, onun kim tərəfindən ifa edilməsi, yəni tamaşaçıya hansı formada təqdim olunması əsasdır. Əgər  musiqi tamaşaçıya peşəkar ifaçı tərəfindən  təqdim edilirsə, o zaman həmin musiqi hansı dövrdə ifa olunmasından asılı olmayaraq, insanların qəlbində əbədi yaşayacaq və mənəvi zövq bəxş edəcək.  Uzun illərdir ,  hər şeydən təcrid olunaraq musiqi meydanına atılan və  tarını dilləndirərək, ifası ilə  klassik  musiqi irsimizə yeni bir ruh gətirən peşakar ifaçılardan  biri də tarzən,  əməkdar incəsənət xadimi, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi sənəti  fakültəsinin dekanı  Vamiq Məmmədəliyevdir.

Vamiq  Məmmədəliyev 1946-cı il iyun ayının 9-u Bakının  Kürdəxanı qəsəbəsində ziyalı ailəsində anadan olub. 1953 - 1964-cü illərdə 113 nömrəli  Kürdəxanı kənd məktəbində orta təhsil alıb. İbtidai musiqi təhsilini kənd klubunun tar dərnəyini aparan Dərdayıl Aydəmirovun sinfində alıb. 1967 - 1972-ci illərdə həmin klubda təlimatçı, bədii rəhbər və müdir vəzifəsində çalışıb. 1965-67-ci illərdə  hərbi xidmətdə olub. 1972-76-cı illərdə  Bakı Musiqi Texnikumunda, 1980-85-ci illərdə  Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasında  tar üzrə ali təhsil alan V. Məmmədəliyev bu tədris ocaqlarında  Bəhram Mansurov, Əhməd Bakıxanov, Hacı Məmmədov, Adil Gəray, Oqtay Quliyev, Sərvər İbrahimov kimi böyük sənətkarlardan muğamın sirlərini, ifa texnikasını və xanəndəni müşayiət formalarını mənimsəyib.  Mədəni Maarif  Texnikumunu bitirən kimi tar aləti üzrə ixtisas müəllimi (1971-1993),  Bakı Musiqi Akademiyasında baş müəllim, dosent (1988-2001) fəaliyyət göstərən  V. Məmmədəliyev 2001-ci ildə  Dövlət Mədəniyyət və İncəsənət  Universitetində açılmaqda olan musiqi sənəti fakültəsinə dekan vəzifəsinə dəvət olunur. V.Məmmədəliyev yaradıcılıqdan da kənar qalmır. Onlarla elmi məqalələr, metodiki göstəricilər, tədris proqramları tərtib etməklə bərabər mövcud kütləvi informasiya vasitələrində fəal iştirak edir. Demək olar ki, bütün xanəndələri -  Yaqub Məmmədov, Hacıbaba Hüseynov, Əbülfət Əliyev, Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abdullayev, Alim Qasımov, Zahid Quliyev, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Qəndab Quliyev, Könül Xasıyeva, Nazpəri Dostəliyeva və s. müşayiət etmiş  Vamiq müəllim nəinki konsertlərdə, həm də dövlət televiziyasında, qastrol səfərlərində, festivallarda uğurla çıxış edərək mükafatlara layiq görülüb. 1985-ci ildə Ümumittifaq “Melodiya” firması  V. Məmmədəliyevin ifasında  “Xaric Segah”” və  “Rahab” muğamlarını lentə alaraq yüksək tirajla çap edir. 1989-cu ildə İsveçdə  keçirilən “Falun Folkmusic Festival” folklor festivalında uğurla çıxış edərək 1-ci yerə layiq görülür və digər Avropa  ölkələrinə dəvətlər alır. 1994-cü ildə Fransanın  Maison De’s Cultures Du Monde” şirkəti  V. Məmmədəliyevin ifasında  Nəva və Rahab muğamlarını və onun müşayiətilə Qəndab Quliyeva və Canəli Əkbərovu   lentə alır. 1996-97-ci illərdə Avropa ölkələrində bu albomlar yüksək tirajla yayılır. Dəfələrlə İran, Türkiyə , İraq, Danimarka , Rusiya və  Ukraynada keçirilən tədbirlərdə uğurla çıxış edib, konsertlər verib. 2005-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə ərsəyə gələn “ Qarabağ xanəndələri” layihəsi  Azərbaycan musiqi mədəniyyətinin inkişafında daha bir addım oldu. Tarzən respublikada keçirilən müsabiqələrdə münsiflər heyətinin üzvü və sədri kimi də fəal ziyalı mövqeyini nümayiş etdirir.   2006-cı ildə ölkə başçısı cənab  İlham Əliyevin imzaladığı fəxri adlar siyahısında  V.Məmmədəliyevin adının olması tarzənin 60 illiyinə töhfə olub.

-Vamiq müəllim, tar alətinə sizdə ilk maraq nə vaxtdan yaranıb?

-  Atam bir neçə dil bilib və musiqiyə böyük marağı olub. Hərdən tara götürüb çalardı. Qardaşım, akademik Vasim Məmmədəliyev də musiqini çox gözəl bilir.  Məndə də tar alətinə həvəs uşaqlıqdan olub. Bir maraqlı  faktı da deyim ki,  mən solaxayam. Tarı ilk əvvəl sol əlimlə götürüb çalırdım və görürdüm heç nə alınmır. Sonra anladım ki, bu aləti çalmaq üçün  barmaq işlətmək lazımdır. Dərnəyə getdikdə isə gördüm ki, tarı sağ əllə çalmaq lazımdır,  çox əziyyət çəkdim sağa öyrəşənə qədər, amma bütün gücüm sol əlimdədir. Mənim bu gün  tar çalmağıma təkan verən sol əlimdədir. O vaxtlar atam Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu və başqa musiqiçilərlə daim təmasda olardı və bu  böyük sənətkarlar tez -tez  bizim evdə qonaq olardılar. Atamdan sonra bu işi mən davam etdirdim. Böyük ustadlardan musiqinin sirrini öyrəndim, çox əziyyət çəkdim  oldum tarzən Vamiq Məmmədəliyev. İnanın ki, bu sənəti mən pul qazanmaq üçün öyrənmirdim, sadəcə bu sənətə vurğunam və məhəbbətim var. Onun üçün də bu gün “meydandayam”.  Mən ifaçıyam və indiyə qədər də çalmağa gücüm var. Düzdür, indi bir az vəzifə məni sıxır, sənətlə az məşğul oluram. Amma buna baxmayaraq dəvət olunan yerlərə gedirəm   telekanallarda ustad dərsləri də verirəm. Trioda xanəndəni müşayiət edən tar ifaçısı muğamı çox yaxşı bilməlidir ki, dəsgahı idarə edə bilsin.

Konservatoriyaya daxil olanda dostlarımdan biri  mənə dedi ki, ailə qurduqdan sonra  sənin çalmağın qurtardı. Amma əksinə ailə həyatı qurduqdan sonra daha da sənətdə uğurlarım artdı, inanın evdə uşaq səsi gəlməzdisə mən məşq edə bilməzdim. Bizim gözəl meydan məclislərimiz olub, orda çox gözəl və istedadlı xanəndələrimiz toplaşıb. 1976-cı ildən 1996-cı ilə qədər meydan məclislərində və el arasında oldum, müəyyən məclislərdə iştirak etdim və o məktəbi keçdim. Bu məktəbi keçməyən çətin peşəkar ifaçı olsun. Gərək ustadların yanında olasan və onların iştirak etdiyi məclislərdə çıxış edəsən ki, səhvlərini desinlər və səhnə mədəniyyəti öyrətsinlər. Çünki  musiqiçinin səhnə mədəniyyətinin olması çox vacibdir .Heç vaxt yalandan çalmamışam, həmişə sənətdə ciddi olmuşam.  Bəzən görürsən ki, bəzi ifaçılarımız tarı saz kimi çalır.  Mən onlara bunu həmişə irad tuturam, tar çalmağın öz yolu var.  Bu gün evdə məndə saz, ud, kamança alətləri  var. Bəzən görürsən ki, bu alətlərin çalmasına  maraq göstərirəm , amma mümkün deyil ki, bütün alətlərdə çalmağı bacararsan.

- Bir peşəkar  ifaçı kimi,  musiqiçilərin tarda yenilik etməsini necə qəbul edirsiniz?

-  Musiqi sənətimiz  Üzeyir Hacıbəylidən üzü bəri bir çox sənətkarların səyləri ilə akademik səviyyəyə yüksəlib. Lakin bəzi insanlar, konkret olaraq, tarda yeniliklər etməklə onu yadlaşdırmağa səy göstəriblər. Alətə əlavə pərdələr bağlayırlar ki, müəyyən səsləri çıxara bilsinlər. Elə də bizim tarımız İran tarı kimi səslənir.  Mənə çox doğma olan tarı İran tarı ilə müqayisə etmək istəyirəm. Belə ki, İran tarına “şiraz tar” deyirlər və o, dizin üstündə çalınır. Cəmi 6 simi var. Əslində, biz də əvvəllər tarı diz üstdə çalmışıq. XIX əsrdə məşhur tarzən Sadıqcan tarı sinəyə qaldırıb. Sənətkarlar onun ifa imkanlarını genişləndirmək üçün baş sındırıblar. Onun sinəyə qalxması isə möcüzə yaratdı. Bütünlükdə muğam sənətindəki gərginlik aradan qaldırıldı. Amma son illər görürəm ki, Azərbaycan tarını millilikdən uzaqlaşdırmağa cəhd göstərənlər var. Mən bunun tam əleyhinəyəm.  Bəzən mənimlə mübahisə edirlər ki, əvvəllər də yad musiqilər olub, indi niyə olmasın? Onlara başa salmağa çalışıram ki, yadlaşma baş verəndə Azərbaycan muğamı millilikdən çıxır. Bizə yad səslər lazım deyil. Kifayət qədər zəngin musiqi tarixinə malik xalqıq. Belə düşünürəm ki, musiqinin nəzəriyyəsi ilə məşğul olan peşəkar kadrların sayı artmalı, eyni zamanda hər bir musiqi məktəbində şagird və tələbələrə zəruri elmi biliklərin aşılanması vacibdir.

-Bildiyinizə görə, sizin evdə kiçik bir muzeyiniz  var?

- O zamanlar bir  qalayçı vardı. O hər fəsildə  Kürdəxanıya  gələrdi. Ancaq bizə gələndə günlərlə işləyərdi.  Nənəmdən qalan qədim mis qablar çox idi. Mən mis qablar toplamağa 1991-ci ildən başladım. İndi  evimdə olan muzeydə iki yüz iyirmiyə yaxın mis qabım var. Onun üçün mis qablar toplamağa meylim daha çoxdur ki, şüşə qab sınır, mis qabsa təsadüf hallarda sınar. Ən əsası mis qablar üzərində çox gözəl naxışlar var . Mənim üçün maraqlıdır ki, tarixi çox qədimlərə gedib çıxan bu qablar üzərində savadı olmayan insanlar necə ustalıqla naxış vurublar.  Ümumiyyətlə,  ev muzeyimdə  qədim və əntik əşyalar çoxdur.  Hazırda məndə  üç qramafon da var.

 

 

GÜNAY

 

Paritet.- 2010.-11-12 mart.- S. 13.