“Azərbaycanı sevdirməyin yolu, Azərbaycanı tanıtmaqdan keçir”

 

Elşad Miraləm: “Lobbi quruculuğu elə bir sahədir ki, burda daha çox danışmaq yox, iş görmək lazımdır”

 

Bu gün fəaliyyətinin əsasında Azərbaycançılıq ideologiyası dayanan, bu ideyanı fəaliyyətində prioritet götürən və bir sıra xarici ölkələrdə mövcud olan azəri diasporlarının  fəaliyyətini koordinasiya edən Diasporla İş üzrə Dövlət  Komitəsi tərəfindən son zamanlar bir sıra yeni layihələr həyata keçirilib. Komitənin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Elşad Miraləm “Paritet”ə müsahibəsində bu və ya digər məsələlər haqda məlumat verib.

-Bilirsiniz ki, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanma prosesi əsasən 1990-cı illərə yəni, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrlərə təsadüf edir. Məhz bu dövürdən etibarən dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar təşkilatlanmağa başlayıblar. Bu günə qədər də təşkilatlanma prosesi davam edir. Hazırda dünyanın bir çox ölkələrində  370-dən artıq Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Dünya azərbaycanlılarının birinci və ikinci qurultaylarında Azərbaycan diaspor təşkilatlarının qarşısına bir çox vəzifələr qoyulub. Əsas vəzifələrdən biri  Azərbaycan həqiqətlərinin dünya ictimayyətinə çatdırılmasıdır. Bura   həm Azərbaycan torpaqlarının işğalı faktı, həm  azərbaycanlılara qarşı tarixin müxtəlif mərhələlərində törədilmiş soyqırım  və terror aktları, eyni zamanda deportasiya  ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılması daxildir. İkinci  əsas  istiqamət   Azərbaycanın qədim tarixinin və zəngin mədəni irsinin dünyada tanıdılmasıdır. Yəni, biz əgər istəyiriksə Azərbaycanın haqq səsini dünyada eşitsinlər, təbii ki, bunu üçün də dünyanın müxtəlif ölkələrində Azərbaycanı yaxından tanımalıdırlar. Diasporunda əsas prinsipi ondan ibarətdir ki, Azərbaycanı dünyada daha çox sevdirmək üçün, daha çox dostlar qazandırmaq üçün sadəcə olaraq Azərbaycanı tanıtmaq istiqamətində iş aparsın. Azərbaycanı sevdirməyin yolu, Azərbaycanı tanıtmaqdan keçir. Üçüncü əsas istiqaməti isə odur ki, diaspor təşkilatlarımız Azərbaycana çoxlu dostlar qazandırmağa çalışır və güclü Azərbaycan lobbisinin formalaşması istiqamətində fəaliyyət göstərirlər. Bu istiqamətdə də müxtəlif xarici ölkə kütləvi informasiya vasitələri, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrin ictimai qurumlarıyla , qeyri-hökumət  və siyasi təşkilatlarıyla, dövlət orqanlarıyla əməkdaşlıq qururlar.

- Lobbidən söz düşmüşkən, bu gün azərbaycanlıların lobbi quruculuğu və bu istiqamətdə apardığı işlər  sizi qane edirmi?

- Ümumiyyətlə, lobbi quruculuğu çox mürəkkəb və çox həssas məsələdir. İndi dünyanın bir çox  yerlərində yaşayan azərbaycanlılar  yaşadığı ölkənin  ictimai-siyasi həyatında  fəal iştiraka və KİV ilə əməkdaşlığa, cəmiyyətə inteqrasiya etməyə çalışırlar. Çünki onlar bu yollarla dünyada  Azərbaycanı daha yaxşı tanıda bilərlər. İndiyədək Azərbaycan diaspor təşkilatlarının təşəbüsü ilə dünyanın müxtəlif ölkələrindən Azərbaycana KİV nümayəndələri gəlib, ölkəmizlə ümumilikdə tanış olublar, eyni zamanda qaçqın və məcburi köçkünlərin yaşadığı məkanlara gediblər. Bununla yanaşı,  bu gün bir çox diaspor təşkilatlarımızın,  bir sıra  ölkələrin parlament üzvləri ilə əlaqələri var. Amma biz , təbii ki, qarşımızda duran vəzifələrə nəzər yetirdikdə görürük ki, bu əlaqələr hələ o qədər də qənatbəxş səviyyədə deyil. Bizim diaspor təşkilatlarımız elə sistemli əlaqələrə malik olmalıdırlar ki, bu əlaqələrdən istifadə edərək Azərbaycan həqiqətlərini daha effektiv şəkildə təbliğ edə və  dünya ictimaiyyətinə çatdıra bilsinlər.  Ümumiyyətlə, diasporun formalaşmasında bir neçə mühüm komponent var. Birinci komponet odur ki,  burda ideologoya olmalıdır.Tam qətiyyətlə deyə bilərik ki, Azərbaycan diasporunun belə bir ideologiyası-(azərbaycançılıq ideologiyası) var.İkinci mühüm komponent isə maliyyə dəstəyidir. Təəssüf ki,  xarici ölkədə yaşayan azərbaycanlı iş adamlarımız hələ arzu etdiyimiz səviyyədə bu prosesdə fəal iştirak etmirlər. Üçüncü mühüm komponent isə bu işin icrası ilə könüllü və  vətənpərvər  adamların məşğul olmasıdır. Onlar bu proseslərdə iştirak etsinlər və mövcud olan maliyyə imkanları çərçivəsində layihələrini  həyata keçirə bilsinlər. Yenə qeyd edirəm bizim tam , yetkin formalaşmış bir ideologiyamız var, amma o istiqamətə gedirik ki, gələcəkdə iş adamları , ziyalılar, orta təbəqədən olan həvətənlərimiz də bu prosesdə fəal iştirak edib diasporumuza dəstək versinlər. Bu komponetlərin tam şəkildə harmoniyasını yarada bilsək, o zaman biz həm də güclü Azərbaycan lobbisinin formalaşmasına nail ola biləcəyik. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən nailiyyətlər var.  Bilirsiniz, lobbi quruculuğu elə bir sahədir ki, burda daha çox danışmaq yox, iş görmək lazımdır.

- Türk mətbuatında yazılıb ki, da ABŞ Konqresində “erməni soyqırımı” layihəsinin müzakirəsi  zamanı Azərbaycan diasporu sükut nümayiş etdirib. Bu istiqamətdə Komitə tərəfindən  xaricdə mövcud olan diaspor təşkilatlarımızla hər hansı bir iş aparılıbmı?

-Əvvəlcə onu qeyd edim ki, Diasporla İş  üzrə  Dövlət Komitəsi xaricdə olan hər hansı bir Azərbaycan diaspor təşkilatına təlimat verən bir orqan deyil. Komitə, ancaq onların fəaliyyətini koordinasiya edir.  Müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən  bizim diaspor təşkilatları  bu və ya digər məsələlərlə bağlı özləri təşəbbüslə çıxış ediblər. Diasporumuzun müəyyən məsələlərlə bağlı  elə təşəbbüsləri olur ki, biz onları dəstəkləyirik. Və təbii ki, ABŞ Konqresində bu “qondarma erməni soyqırırmı”ilə bağlı qəbul olunmuş qərara da bütün türk diaspor təşkilatları kimi, azərbaycanlı diaspor təşkilatları da  öz etirazlarını bildiriblər. O cümlədən bu istiqamətdə  ABŞ-da keçirilən tədbirlərdə də bizim  diaspor nümayəndələri iştirak ediblər. Xatırladım ki, 2007-ci ildə  Bakıda ölkə başçısı   İlham Əliyevin təşəbbüsü ilə azəri və türk diaspor təşkilatlarının forumu keçirilib. Həmin forumda da Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası haqda sənəd qəbul olunub. Həmin sənəddə Azərbaycanın və Türkiyənin milli maraqlarına aid olan məsələlər  azəri və türk diaspor təşkilatlarının birgə fəaliyyət göstərməsi və yaxından əməkdaşlıq etməsi ilə bağlı müddəalar da  yer alıb.  İndi elə bir mərhələ gəlib çatıb ki, bizim diaspor təşkilatları ayrı-ayrılıqda özlərini təqdim etmirlər ki, biz azəri diasporunun nümayəndəsiyik və Türkiyənin maraqlarına qarşı olan bu soyqırıma öz etirazımızı bildiririk. Çünki  artıq  bunu deməyə  ehtiyac görülmür.  Hər iki ölkənin diaspor təşkilatlarının sıx şəkildə  qarşılıqlı əməkdaşlığı var. Eyni zamanda  türk və azəri icmaları bir-birinə o qədər  inteqrə ediblər ki, faktiki olaraq, kimlərin orda təmsil olunduğu ola bilsin ki, ilk baxışdan görünməsin. Amma  ABŞ Konqresinin  bu qərarı ilə bağlı azəri diaspor təşkilatları da  rəsmi şəkildə öz etirazlarını bəyanatlar və  ABŞ prezidentinə  müraciətlər formasında bildiriblər. Yəqin ki,  bundan sonra da bildirəcəklər.  Yenə deyirəm Komitə heç kəsə təlimat vermir və belə bir səlahiyyəti də yoxdur. Ancaq hər hansı bir diaspor təşkilatı keçirəcəyi  tədbirlə bağlı bizlə məsləhətləşərsə,  o zaman biz öz tövsiyələrimizi verə bilərik. Amma haqqında danışdığımız məsələ ilə bağlı  bizim diaspor təşkilatlarımız könüllü olaraq öz etirazlarını bildiriblər və  bu proses hələ də davam edir.

-”Virtual Həftə Sonu”  məktəbi  layihəsi üzərində aparılan iş nə vaxt sona çatacaq və  bu günlərdə işinə start verilən elmi diaspor saytının diaspor işində nə kimi əhəmiyyəti olacaq?

- Virtual Azərbaycan  məktəbi ideyası AMEA-nın İnformasiya Texnologiyaları  İnstitutunun təklifidir. Bu təklif Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının iclasında irəli sürülüb və qəbul edilib. Hazırda biz  İTİ ilə bu istiqamətdə işləyirik. Demək olar ki, bu layihə ilə bağlı işlərin əsas hissəsi arxada qalıb və indi müəyyən  kiçik texniki məsələlər üzərində iş aparılır. Qeyd edim ki, burda  Azərbaycan dili ilə  yanaşı, Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti və ədəbiyyatıyla   da  bağlı virtual dərslər tədris olunacaq və bu haqda məlumatlar  yerləşdiriləcək. “Virtual Həftə Sonu” məktəbi elektron bir məktəb olduğu üçün, xaricdəki soydaşlarımızın çoxusuna   internet vasitəsilə bu məktəbdə təhsil almaq imkanı verəcək.   Ümid edirım ki,  bu layihə ətrafında daha geniş kontingenti  cəlb edə biləcəyik. Bu məktəbdə tədris Azərbaycan dilində olacaq. Amma gələcəkdə ehtiyac yaransa ki,  ola bilsin başqa xarici dillərdə də tədris aparılsın. Amma ilk variant  Azərbaycan dilində olacaq. Hansı ki, bir sıra  ölkələrdə yaşayan soydaşlarımız Azərbaycan dilini,  mədəniyyətini, ədəbiyyatını və s. öyrənməkdə problemlərlə qarşılaşırdılar, bu  məktəbin fəaliyyətə başlamasından sonra bu  problemlər aradan qaldırılacaqdı. Yaxın zamanlar da “Virtual Həftə Sonu” məktəbi üzərində işin başa çatması gözlənilir. Bundan başqa elmi diaspor saytı ilə də tanışıq və dəstəkləyirik. Amma  hesab edirik ki, bu sayt daha təkmil olmalıdır.

-Dünya Azərbaycanlıları Gənclərinin Konqresinin keçirilməsi nə vaxta müəyyənləşdirilib və bu istiqamətdə hansı işlər görülür?

-Sözügedən  konqresin  keçirilməsi bu ilin sonları üçün nəzərdə tutulub. Bu toplantı  dünya azərbaycanlıları gənclərinin I konqresidir.   Məlum olduğu kimi, ölkə prezidentinin imzaladığı müvafiq sərəncamına  uyğun olaraq dövlət proqramı çərçivəsində xaricdə çoxlu sayda azərbaycanlılar təhsil alırlar. Eyni zamanda  indiyədək  bir sıra xarici ölkələrdə məskunlaşmış azərbaycanlı gənclər var. Bu da Azərbaycan üçün böyük bir potensialdır. Bizdə çalışırıq ki, bu potensialı diaspor quruculuğu işinə cəlb edək. Elə sözügedən konqresində keçirilməsində əsas  məqsəd bundan ibarətdir.

- Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların əsas problemi nədir?

- Bu gün azərbaycanlılar dünyanın müxtəlif ölkələrində məskunlaşıblar. Hər bir ölkənində özünün daxili ictimai, siyasi  mühiti var.  Bu səbəbdən də müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın problemləri də müxtəlifdir. Biz həmvətənlərimizin problemlərini mütəmadi olaraq tədqiq edirik, təhlillər aparırıq və müəyyən nəticələr əldə edirik.  Bu nəticələrə uyğun olaraq  işimizi qururuq. Amma biz diqqəti daha çox o ölkələrə yönəldirik ki, orda yaşayan azərbaycanlıların sayı daha çoxdur və onlar daha çox problemlərlə qarşılaşırlar. Bu baxımdan Rusiyada, Gürcüstanda və digər ölkələrdə yaşayan soydaşlarımızın problemlərini diqqət mərkəzində saxlamağa çalışırıq. Eyni zamanda  bir sıra ölkələrdə həmvətənlərimizin hüquqlarının  azadlıqlarının pozulması ilə bağlı hallar olur və biz öz səlahiyyətlərimiz çərçivəsində, müvafiq  dövlət orqanlarının, xarici ölkələrdə  diplomatik nümayəndələrimizin köməyi və dəstəyi ilə bu məsələlərə operativ müdaxilə etməyə və bu problemləri aradan qaldırmağa çalışırıq. Amma ümumilikdə təsnifat aparsaq çox uzun bir siyahı alınar.

- “Xaricdı yaşayan Azərbaycanlılar nələri bilməlidir” adlı toplunun nəşr başa çatıbmı?

 -  Komitə tərəfindən xaricdə yaşayan azərbaycanlılar üçün yaddaş kitabı nəşr edilib.Bu kitabda  xaricdə yaşayan soydaşlarımızın insan hüquqları ilə bağlı sənədlər, konvensiyalar əksini tapıb.  Eyni zamanda xaricdə yaşayan azərilər Azərbaycanda keçirilən  seçkilərdə necə səs verə bilər, bununla bağlı Azərbaycan Respublikasının  qanunvericiliyində nəzərdə tutulmuş müddəalarla bağlı arayışlar verilib. Bununla yanaşı, xaricdə yaşayan həmvətənlərimiz -iş adamları  Azərbaycan iqtisadiyyatına necə investisiya qoya bilməsi ilə bağlı da məsələlər orda yer alıb.  Bu toplunun hazırlanmasında yerli mütəxəssislərin fikri əsas götürülüb, eyni zamanda  müəyyən məsələlərlə bağlı diaspor təşkilatları ilə də məsləhətləşmələr olub.  Əminəm ki, bu yaddaş kitabcası  diaspor təşkilatları üçün dəyərli və faydalı bir mənbə olacaqdır.

-Qadınların diaspor işində fəallığı barədə nə deyə bilərsiniz.

- Biz çalışırıq ki,  xaricdə yaşayan azərbaycanlı gənclər, eyni zamanda azərbaycanlı qadınlar  diaspor  işində fəallıq göstərsinlər.  Avropada qadınlarla bağlı təşkilat yaradılıb və bu il onların toplantısının keçirilməsi nəzərdə tutulub. Bu təşkilatın yaradılmasında da məqsəd Avropada  yaşayan azəri qadınları bir araya gətirmək və fəaliyyətlərini koordinasiya etməkdir. Bizim diasporun fəal qadın nümayəndələri hesab edirlər ki,  qadınların potensialdan diaspor işində  yetərincə  istifadə olunmayıb.  Bu səbəbdən də qadınlar  bu işə daha çox cəlb olunmalıdır.

-Bu gün  diaspor təşkilatlarının rəhbərləri ilə söhbət zamanı onlar Azərbaycanla bağlı materialların az olduğunu qeyd edirlər. Bu istiqamətdə Komitə hansısa işlər icra edir?

-  Komitə tərəfindən Azərbaycanın tarixinin, həqiqətlərinin təbliği ilə, o cümlədən  Xocalı və 31 Mart Dünya Azərbaycnlılarının  soyqırımı ilə bağlı silsilə  kitablar nəşr olunub. Azərbaycan dövlətinin tarixi, ulu öndər Heydər Əliyevin diaspor sahəsində fəaliyyəti ilə bağlı, cənab prezident İlham Əliyevin diaspor quruculuğunda fəaliyyəti ilə bağlı filmlər çəkilib, disklər istehsal olunub və  diaspor təşkilatlarına çatdırılıb. Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən Azərbaycan  həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı materialların hazırlanması və nəşri üzrə aktiv və sistemli iş aparılır. Bu sahədə komitə tərəfindən  bir sıra işlər  görüləcək . Amma Bu işdə xarici ölkələrdə yaşayan iş adamlarımızda fəal olmalıdırlar və Azərbaycanla bağlı silsilə kitablar nəşr edilməsinə və film çəkilməsinə köməklik etməli, eyni zamanda yaşadıqları ölkələrdə təbliğ etməlidirlər.

- Bu gün erməni diasporu, azəri diasporu ilə müqayisədə  daha çox öz “yalnış” fikirlərini dünyaya çatdırır. Bu barədə sizin fikrinizi bilmək maraqlı olardı.

-Əlbəttə, tarixi təcrübəni müqayisə etsək görərik ki, erməni  diasporunun təcrübəsi və tarixi daha zəngindir, eyni zamanda imkanlar fərqi var, bu da təcrübədən irəli gəlir. Amma buna baxmayaraq bizim diasporumuz qısa vaxt ərzində böyük yol keçməyə nail olub. İkinci  bəzi ölkələr əsl həqiqətləri yox, eşitmək istədiklərini eşidirlər. Bu amil həm azəri diasporunun fəaliyyətinə və həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına öz təsirini göstərir. Bütün bunlara baxmayaraq, hesab edirik ki, bizim diaspor elə bir gücə və elə bir potensiala malik olmalıdır ki, biz öz həqiqətlərimizi  dünya ictimaiyyətinə yüksək səslə çatdıra bilək.

-Diaspor sahəsində hansı yeniliklər gözlənilir?

-Diaspor quruculuğu və fəaliyyəti konkret bir dövrlə məhdudlaşmayan bir prosesdir. Müasir və qloballaşan dünyada da  şərtlər intensiv şəkildə dəyişir.Yeni şərtlər meydana çıxır. Buna görə əsas məqsədimiz odur ki,  elə bir strategiya hazırlayaq ki, bütün zamanlarda özünü  doğrulda bilsin.  Diaspor təşkilatları da çalışırlar ki, fəaliyyətlərini  müasir dünya şərtlərinə uyğunlaşdırsınlar və o şərtlər əsasında Azərbayacan həqiqətlərini dünyaya çatdırsınlar. Qarşıda duran əsas işlərimizdən biri  xaricdə yaşayan azərbaycanlı iş adamları ilə sistemli əlaqə qurulmasına nail olardıq. Çünki bu əlaqə  diasporun işinin daha  da güclənməsinə təkan verər.

 

 

G.Əsədova

 

Paritet.- 2010.- 13-15 mart.- S. 7.