Qazpaylayıcı stansiya və
məntəqələr modernləşdirilir
Teymur
Cəfərov: “İnformasiya texnologiyaları, kompüter və
aktiv telemetriya sistemləri ilə təchiz ediləcək
dispetçer mərkəzinin yaradılması
üçün məqsədyönlü işlərə
başlanıb”
Regionun lider ölkəsi
kimi, Azərbaycan artıq təkcə özünün deyil,
bütövlükdə bölgənin Avropaya, eləcə də
onun enerji təhlükəsizliyi sisteminə qoşulmasına
çalışır. Vaxtilə Rusiya və
İrandan qaz idxal edən Azərbaycan artıq son illərdə
qaz ixrac edən ölkəyə çevrilib. Bununla yanaşı ölkə daxilində də
qazlaşma prosesi sürətlə gedir. Prezident
İlham Əliyev tərəfindən təsdiq olunmuş
Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2004-2008-ci illər) çərçivəsində
13 illik fasilədən sonra Naxçıvan Muxtar
Respublikası qazla təmin edilib. Tarixdə
ilk dəfə Yardımlı, Lerik, Füzuli rayonu Horadiz şəhərinə
qaz çəkilib, Ağcabədi, Beyləqan rayonları,
Ağdam rayonunun Quzanlı qəsəbəsi və s. rayonlara
təbii qaz verilib. Bu gün də
regionların qazla təminatı dövlətin diqqətindədir. Dövlət başçısı
bu haqda danışarkən deyib ki, Azərbaycanda
qazlaşdırılma prosesi daha da sürətlə getməlidir:
“Bu gün Azərbaycanda qazlaşdırılma demək olar ki,
85 faizdir. Ancaq bu 85 faiz o demək deyil ki, hər
bir yaşayış məntəqəsində əhalinin 85
faizi qazla təmin edilir. Bu 85 faizin
böyük əksəriyyəti Bakı, Sumqayıt və
böyük şəhərlər hesabına
formalaşır. Biz elə etməliyik ki,
bütün rayonlarda, əlbəttə ki, indi bütün
rayon mərkəzlərinə qazın verilməsi təmin
edilir, rayon mərkəzlərinə yaxın olan kəndlərə
də qaz xətləri çəkilməlidir. Biz çalışmalıyıq ki, Azərbaycanda
qazlaşdırılmanı ən azı 90 faizə
qaldıraq”. Hazırda bu istiqamətdə
işlər Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin “Azəriqaz” İstehsalat Biliyi tərəfindən
aparılır. “Azəriqaz” İB-nin yeni qazlaşma və inkişaf
şöbəsinin rəis müavini Teymur Cəfərovla əlaqə
saxlayıb planda olan işlər haqda məlumat öyrəndik.
-Azərbaycan
iqtisadiyyatında yanacaq-enerji sektoru mühüm yer tutur, əhalinin
sosial vəziyyətinin və məişət şəraitinin
yaxşılaşdırılmasına təsir göstərir.
Bu baxımdan əhalinin enerji
daşıyıcıları ilə, o cümlədən təbii
qazla təchizatı daim diqqət mərkəzindədir.
Bu sahədə atılan hər bir addım Azərbaycanın
müstəqilliyini daha da möhkəmləndirir,
iqtisadiyyatın sağlamlaşmasına, islahatların sürətləndirilməsinə,
daxili siyasi-iqtisadi sabitlyin daha da möhkəmləndirilməsinə
xidmət edir.
Prezident İlham Əliyevin
14 fevral 2005-ci il tarixli 635 saylı fərmanı ilə təsdiq
olunmuş “Yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər)
üzrə dövlət proqramı” ölkənin qaz təminatının
yaxşılaşdırılması ilə yanaşı, qaz
təsərrüfatının dinamik inkişafının təmin
edilməsinə zəmin yaradıb. Sənədin icrası ilə
bağlı qaz təsərrüfatının tam yenidənqurularaq
müasir tələblərə cavab verən səviyyəyə
çatdırılması üçün ARDNŞ-ə həvalə
edilmiş tədbirlər proqramının həyata
keçrilməsi məqsədilə, “Azəriqaz” tərəfindən
ilk növbədə qaz təsərrüfatının əsas
inkişaf strategiyasının prinsipləri müəyyənləşdirilib.
Bunlar da ölkənin qaznəqletmə şəbəkəsi
və onun tərkibinə daxil olan ayrı-ayrı seqmentlərin
kompleks şəkildə fəaliyyət göstərməsi,
şəbəkənin qaznəqletmə imkanlarının
maksimum artırılması, müasir infrastrukturun
yaradılması, qaz təsərrüfatının yenidənqurularaq
beynəlxalq standartlara uyğun tam modernləşdirilməsi,
vaxtı ilə qazlaşdırılmış yaşayış
məntəqələrinin qaz təminatının bərpası,
yeni qəsəbələrin qazlaşdırılmasından
ibarətdir. Eyni zamanda bura bütün
istehlakçıların, o cümlədən əhali abunəçilərinin
qaz sayğacları ilə təmin edilməsi, istehlak olunan
qazın dəyərinin yığım səviyyəsinin
yaxşılaşdırılması, təbii qazın qəbulu
və paylanması zamanı itki səviyyəsinin minimuma
endirilməsi və normalara uyğun olmasının təmin
edilməsi, qaznəqletmə sisteminin bütün mövcud
istismar və texniki təhlükəsizlik qaydaları tələblərinə
cavab verməsi, texniki xidmətin və istismarın Avropa
standartları səviyyəsinə çatdırılması
da aiddir.
- Bu dövlət
proqramı çərçivəsində hansı işlər
görülüb?
- Qaz təsərrüfatının
əsas inkişaf strategiyasının prinsipləri əsasında
“Azəriqaz” İB tərəfindən 2010-2015-ci illər ərzində
həyata keçiriləcək tədbirlər proqramı
hazırlanaraq onun icrasına başlanıb. Tədbirlər
proqramına uyğun olaraq cari ildə Rusiya Federasiyasına
ixrac edilən təbii qazın həcminin artması ilə
bağlı 1220 mm diametrli “Mozdok-Qazıməmməd” magistral qaz kəmərində
geniş miqyaslı təmir-bərpa işləri
aparılıb. İrana təbii qazın ixrac
imkanlarının artırılması üçün
1220/1020mm diametrli 211km uzunluğunda “Hacıqabul-Astara” magistral
qaz kəmərinin təmir-bərpası işlərinə və
bu proqramın tərkib hissəsi olaraq Astara Kompressor
Stansiyasının qazvurma imkanlarının
artırılması üçün yeni aqreqatların və
kommunikasiyaların quraşdırılması layihəsinin həyata
keçirilməsinə başlanılıb. Gürcüstan
Respublikasına qazın ixracı imkanlarının
artırılması və Hacıqabul-Qazax istiqamətində
regionların davamlı qaz təminatı üçün
yüksək təzyiqli qazın təhlükəsiz və
etibarlı şəkildə nəqli məqsədilə cari
ildə həmin istiqamətdə mövcud 1020/1220mm diametrli
magistral qaz kəmərlərinin təmir-bərpası və
yenidənqurulması işlərinə başlanacaq. Payız-qış mövsümündə
respublikanıın enerji təminatında mühüm rol
oynayan Qalmaz yeraltı qaz anbarına yüksək təzyiqli
qazın vurulması və götürülməsi
üçün 21 km uzunluğunda 720 mm diametrli magistral qaz kəmərinin
cari ildə tikintisi tamamlanıb. Azəri-Çıraq-Günəşli
və Şahdəniz yüksək təzyiqli qazının
müxtəlif istiqamətlərdə və texnoloji rejimlərdə
təhlükəsiz nəqli məqsədilə 47 km
uzunluğunda 1020 mm
diametrli “Səngəçal-Hacıqabul” magistral
qaz kəmərinin tikintisi işləri aparılır.
- Regionlarda
qazalşdırma prosesinin vəziyyəti necədir?
- Naxçıvan
MR-nın enerji təhlükəsizliyinin təmin edilməsi məqsədilə
Naxçıvan ərazisində qazın sıxılması və
izotermik saxlanılması üçün qaz anbarının
tikintisi üçün layihələndirmə mərhələsinə
başlanıb. Bu qaz anbarı müasir
texnologiyalara uyğun olaraq inşa ediləcək. Həmçinin Naxçıvanın qaz təchizatının
etibarlığının təmin edilməsi
üçün uzunmüddətli proqramda 180km uzunluğunda
530/323mm diametrli İqdır-Sədərək magistral qaz kəmərinin
tikintisi imkanları araşdırılır. Ən
prioritet məqsədlərdən biri olan regionların qaz təminatının
yaxşılaşdırılması üçün vaxtilə
qazlaşmış, lakin hazırda təbii qazla təmin
olunmayan yaşayış məntəqələrinin qaz təminatının
bərpası, qazlaşmayan yaşayış məntəqələrinin
qazlaşdırılması istiqamətində mərhələ-mərhələ
yeni kəmərlərin
və paylayıcı qurğuların tikintisi, mövcud
paylayıcı şəbəkəsinin bərpası işlərinə
başlanılıb. Regionların qaz təchizatının
yaxşılaşdırılması istiqamətində iri həcmli
layihələrdən biri də Neftçala, Hacıqabul, Dəvəçi,
İsmayıllı, Salyan, Siyəzən, Şirvan, Lənkəran,
Masallı, Cəlilabad, Biləsuvar, Şəki, Ucar, Sabirabad və
Saatlı rayon mərkəzlərinin, Abşeron rayonunun qaz təsərrüfatının
yenidənqurulmasıdır. Bu istiqamətdə
Hacıqabul və Dəvəçi şəhərlərində
işlərə başlanaraq davam etdirilir. Respublikanın sərhəd bölgəsi olan Gədəbəy
rayonunun I mərəhələdə Novosaratovka, Qaramurad,
Ataxal kəndlərinin qazlaşdırılması məqsədilə
325mm diamerli magistral qaz kəmərinin və paylayıcı
şəbəkənin quraşdırılması işləri
davam etdirilir. “Azəriqaz” tərəfindən
sərhəd bölgələrində yerləşən digər
yaşayış məntəqələrinin qaz təminatına
da xüsusi fikir verilir. Regionların qaz təminatında
mühüm rol oynayan mövcud qaz-paylayıcı
stansiyaların və onların texnoloji qurğularının bərpası
işləri aparılır.
- Bəs paytaxtın
qazla təchizatı ilə bağlı hansı işlər
görülür?
- Bakı şəhərinin
müxtəlif inzibati rayonlarında qaz sayğacları həyət
evlərindən və mənzillərdən müvafiq olaraq
çölə və pilləkən qəfəsinə
çıxarılır.
Yenidənqurma və
modernizasiya layihəsinin konsepsiyasının hazırlanması
məqsədilə, “Azəriqaz” və Avropa tərəfdaşları
artıq bu istiqamətdə birgə intensiv işlərə
başlayıblar. Yenidənqurma konsepsiyası təsdiq
olunduqdan sonra bilavasitə layihənin icrasına başlanacaq.
Bu proqrama şəhərin qaz təsərrüfatının
idarəetmə strukturunun və texniki xidmətin təkmilləşdirilməsi,
bu strukturun Avropa təcrübəsinə
uyğunlaşdırılması, mərhələlərlə
şəbəkənin müasir dövrün tələblərinə
uyğun tam yenidən qurularaq modernləşdirilməsi, yeni
yaşayış massivlərinin qazlaşdırılması,
qaz təchizatının etibarlığının və
dayanıqlığının təmin olunması
üçün dairəvi qaz təchizatının tətbiq
olunması, fərdi qaztənzimləyicilərin
quraşdırılması ilə istehlakçıların
qaz təchizatını orta təzyiqli qaz kəmərləri
vasitəsilə həyata keçirilməsi,
qazpaylayıcı şəbəkələrin yenidənqurulması
və genişləndirilməsi, yerüstü şəbəkələr
əvəzinə polietilen borulardan ibarət yeraltı şəbəkələrin
tikintisi, mərkəzləşdirilmiş çevik nəzarət
və ölçü-qeydiyyat sisteminin tətbiqi, informasiya
texnologiyalarının tətbiq edilməsi, qəza-dispetçer
xidmətinin müasir tələblərə uyğun təkmilləşdirilərək
modernləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi,
əhali abonentlərində təbii qazın uçotunun
yalnız “smart-kart” tipli qaz sayğacları ilə
aparılması daxildir. Bu layihənin icrası
tam başa çatdıqdan sonra gələcəkdə bu təcrübə
əsasında “Azəriqaz” İB Respublikanın digər
regionlarında həmin modernizasiya və yenidənqurma işlərini
aparmağı da nəzərdə tutur.
- Respublikamızda qaz təsərrüfatının
inkişafı üçün hansı müasir
texnologiyalardan istifadə olunur?
- Ölkə ərazisində
qaz şəbəkəsinin məsafədən idarəolunması,
istismar təhlükəsizliyinin təmin olunması, texnoloji
rejimlərə nəzarətin gücləndirilməsi, şəbəkədə
vahid və çevik nəzarət sisteminin
yaradılması məqsədi
ilə, “Azəriqaz” -da müasir tələblərə cavab
verən, informasiya
texnologiyaları, kompüter və aktiv telemetriya sistemləri
ilə təchiz ediləcək dispetçer mərkəzinin
yaradılması üçün məqsədyönlü
işlərə başlanılıb. Həmçinin “Azəriqaz”
-ın mərkəzi idarəetmə aparatında və struktur
təşkilatlarında müasir rabitə-informasiya
texnologiyalarından istifadə edilməsi üçün də işlər
aparılır.
Ölkəmizdə
hasil olunan təbii qazın keyfiyyət göstəricilərinin
beynəlxalq standartlara uyğun olması üçün bu
göstəriciləri müəyyən edib onların
standartlara uyğunluğuna nəzarət edilməsi məqsədi
ilə müasir qaz-analizi avadanlıqları ilə təmin
olacaq laboratoriya yaradılır. Qaz-paylayıcı
stansiya və məntəqələr modernləşdirilir.
Əsas məqsədlərimizdən
biri də, mərkəzləşdirilmiş vahid məlumat-kompüter
və uçot sisteminin yaradılması, istehlak olunan
qazın dəyərinin ödənilməsi zamanı əhali
abonentləri üçün müasir
informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək
imkanlarının yaradılması, ilk növbədə
Bakıda və ətraf qəsəbələrdə,
sonrakı mərhələdə isə digər şəhər
və rayon mərkəzlərində “Smart-kart” tipli qaz
sayğaclarını quraşdırmaqla əvvəlcədən
ödəniş sisteminə keçməkdən ibarətdəir.
Ötən və
cari ildə qaz-nəqli şəbəkəsində
aparılmış tikinti, yenidənqurma və təmir-bərpa
işləri əhalinin və sənayenin qaz təchizatının
əhəmiyyətli dərəcədə
yaxşılaşdırılmasına, qaz itkilərinin
azalmasına zəmin yaradıb. Bütün bunlar son
illərdə Prezident
İlham Əliyevin rəhbərliyi ilə
keçirilən məqsədyönlü, uzaqgörən
iqtisadi siyasətin bəhrəsidir. Ölkədə geniş
miqyaslı iqtisadi və idarəetmə islahatlarının həyata
keçirilməsi nəticəsində bütün sahələrdə
göstəricilərin artması və daxili
sabitlyinin daha da möhkəmlənməsi,
respublikamızın bazar iqtisadiyatı istiqamətində
inamla irəlilədiyini təsdiq edir.
F.Abıoğlu
Paritet.-
2010.- 13-15 mart.- S. 9.