Azərbaycan iqtisadiyyatı gələcək iqtisadi artım üçün yaxşı potensiala malikdir

 

Dünya Bankı hesab edir ki, 2013-cü ildə Azərbaycanda adambaşına olan ÜDM $6,5 min, 2025-ci ilədək neft və qaz satışından əldə etdiyi gəlirlər 200 mlrd. dollar səviyyəsinə çata bilər

 

 Dünya Bankı 2025-ci ilədək Azərbaycanın neft və qaz satışından əldə edəcəyi gəlirləri $198 mlrd. həcmində qiymətləndirir.Bu hesablamalar Dünya Bankının hazırladığı və “İnterfaks-Azərbaycan” agentliyinin malik olduğu “Ölkə üzrə iqtisadi memorandum”da öz əksini tapıb.

DB-nin qiymətləndirmələrinə görə, 2008-2024-cü illərdə Azərbaycanın neft-qaz satışından əldə edəcəyi gəlirlər $198 mlrd. təşkil edəcək. Bu hesablamalar neftin qiyməti 2007-ci ilin göstəricisi, yəni 1 barelə görə $52 səviyyəsində olmaqla aparılıb. Sənəddə vurğulanır ki, Azərbaycanda neft ehtiyatları 9 mln. barel, qaz ehtiyatları 1,36 trln. kubmetr səviyyəsində proqnozlaşdırılır (2008-ci ilin iyul ayı üçün). Bundan başqa, bankın qiymətləndirmələrinə əsasən, Azərbaycanın neft və qaz satışından əldə edəcəyi gəlirlərin ən yüksək həcmi 2010-2015-ci illərə təsadüf edəcək, daha sonra isə tədricən azalmağa başlayacaq.

DB-nin proqnozlarına görə, əgər 2010-2030-cu illərdə neftin orta qiyməti 1 barelə görə $52 səviyyəsində olacaqsa, o zaman Azərbaycanın illik gəlirləri orta hesabla $5,9 mlrd. təşkil edəcək. Bu dövrdə neftin qiyməti 1 barelə görə $33 səviyyəsində olarsa (1978-2007-ci illərdə neftin orta qiyməti - İF), gəlirlər ildə  $4,5 mlrd. təşkil edəcək. Qeyd olunur ki, 2013-cü ilədək Dövlət Neft Fondunun aktivləri neft-qaz gəlirlərinin xərclənmə səviyyəsindən asılı olaraq 35-40 mlrd. manatadək arta bilər.Bankın qiymətləndirmələrinə görə, 2030-cu ilədək ARDNF-in aktivləri 72 mlrd. manata çata bilər.

Bank cari iqtisadi kursun və xərclərin əlaqələndirilməsinin gücləndirilməsi üçün Azərbaycan Prezidenti yanında İqtisadi Şuranın yaradılmasını məqsədəuyğun hesab edir.   Şuranın tərkibinə baş nazir, maliyyə və iqtisadi inkişaf nazirləri, Mərkəzi Bankın İdarə Heyətinin sədri, Dövlət Neft Fondunun  icraçı direktoru, Dövlət Sosial Müdafiə Fondunun sədri, prezidentin iqtisadi məsələlər üzrə müşaviri daxil ola bilər. Bununla yanaşı, şura strateji inkişaf, büdcə prosesi üzrə öz təkliflərini prezidentə təqdim edə bilər.Bundan əlavə şura səviyyəsində makroiqtisadi siyasət və prioritet xərclər üzrə ilkin müzakirələr, dövlət xərclərinin iqtisadi inkişaf səviyyəsinə təsirinin monitorinqini keçirmək olar. Şura səviyyəsində belə məsləhətləşmələr  büdcə xərcləri həcminin  idarələr arasında  razılaşdırılması prosesini tezləşdirməyə imkan  yaradacaq.

 Bundan  əlavə DB hesab edir ki, hökumət növbəti 5-10 il üçün respublika iqtisadiyyatının strateji  inkişafı üzrə çərçivə sənədi  hazırlamalıdır.DB-nin qiymətləndirmələrinə görə, Azərbaycan iqtisadiyyatı gələcək iqtisadi artım üçün yaxşı potensiala malikdir, həmçinin neft-qaz gəlirlərinin istifadə edilməsi hesabına respublika əhalisinin  rifahının yaxşılaşmasına nail olmaq olar.

DB hesab edir ki, 2013-cü ildə Azərbaycan əhalisinə adambaşına olan ÜDM $6,5 min. səviyyəsinə çata bilər. Buna həmçinin kənd yerlərində yoxsulluğun səviyyəsinin azaldılması, ASK və yüngül sənaye məhsullarının istehsalı və ixracı həcmlərinin artırılması hesabına da nail olmaq olar.

Bank Azərbaycanın kommunal və yol infrastrukturunun yaxşılaşdırılmasında  investisiyalara tələbatı hər il olmaqla 10 il ərzində $1,1 mlrd. səviyyəsində qiymətləndirir. DB-nın qiymətləndirmələrinə görə, hazırda Azərbaycanda mövcud olan infrastruktur hələ SSRİ dövründə yaradılıb və onun istismar müddəti başa çatıb. Bununla yanaşı onların cari təmir və işçi vəziyyətdə saxlanılması xərcləri yüksəkdir.

Həmçinin Azərbaycanda neft bumundan əvvəl avtomobil yollarının 56%-i acınacaqlı vəziyyətdə idi, daha 30%-nin isə təcili təmirə ehtiyacı var idi. Bundan əlavə, dəmiryol infrastrukturu da köhnəlib, MKT-nin su təchizatı sistemində və digər infrastrukturunda problemlər mövcuddur.

Qiymətləndirmələrə əsasən, Azərbaycanın kommunal və yol infrastrukturunun yaxşılaşdırılmasında investisiyalara tələbatı hər il olmaqla 10 il ərzində $1,1 mlrd. təşkil etməlidir.Həmçinin 2008-2011- ci illər ərzində elektrik enerjisi sahəsində investisiyalara tələbat ildə $910 mln. və ya $227,5 mln. məbləğində qiymətləndirilir. Bununla yanaşı uzunmüddətli perspektivdə elektrik enerjisi sahəsində investisiyalar $2 milyarddan $3,6 milyarda qədər  həcmdə qiymətləndirilir.Su təchizatının yaxşılaşdırılması sahəsində 2007-2017-ci illər üçün investisiyalar $2,7 mlrd. və ya ildə $244 milyona qədər səviyyədə proqnozlaşdırılır. Avtomobil yolları  sahəsinə 2005-2010-cu illər üçün investisiyalar $729,5 mln. və ya ildə $121,6 mln., dəmiryol infrastrukturunun yaxşılaşdırılmasına - $1,5 milyarda qədər və ya ildə $370 milyona qədər qiymətləndirilir.

Vurğulanır ki, 2005-2007-ci illər ərzində  hökumət  MKT və dəmiryol infrastrukturu sektorunun yaxşılaşdırılmasına investisiya qoyuluşları həyata keçirib. Həmçinin bu dövrdə elektrik enerjisi sahəsinə investisiyalar 420 mln. manat, qaz təchizatının yaxşılaşdırılması sahəsinə 64 mln. manat, su təchizatının yaxşılaşdırılmasına 125 mln. manat, süni suvarma sisteminin yaxşılaşdırılmasına isə  117 mln. manat təşkil edib. Eləcə də Bakı metropoliteninə investisiya qoyuluşları 82 mln. manat, “Azərbaycan Hava Yolları” QSC-nin ehtiyacları üçün 63 mln. manat, avtomobil yollarının yaxşılaşdırılması üçün isə 419 mln. manat məbləğində təşkil edib.

 

 

Əkbər

 

Paritet.- 2010.- 16-17 mart.- S. 2.