“Novruz ərəfəsində ölkəmizə gələn xarici turistlərin sayı ildən-ilə artır”

 

Mütəxəssislərin fikrincə, Novruz bayramı günləri ölkədə karnaval turizmini inkişaf etdirmək olar

 

Hər hansı  bir ölkə ilə daha yaxından  və ətraflı tanış olmaq üçün gərəkdir ki, ilk əvvəl  həmin ölkənin mədəniyyəti ilə tanış olasan.  Əslində turistləri bu və ya digər səfərə cəlb edən əsas amillərdən biri də həmin ölkənin yerli mədəniyyətidir. Azərbaycanın  kökləri çox qədim olan zəngin mədəni irsi, milli adət-ənənələrində olan spesifik xüsusiyyətləri, milli mətbəxi, geyimləri, bayramı və s. daim əcnəbilərin diqqət mərkəzindədir.  Qeyd edək ki, bu sadaladıqlarımız arasından xalqımızın ən qədim dövrünün adət-ənənələrini günümüzə qədər qoruyub saxlayan və öz orijinallığı ilə hər zaman  seçilən Novruz bayramıdır.

Müşahidə edərkən görmək olur ki, müxtəlif xalqlar  öz bayramlarını elə bir səviyyədə yəni,  xüsusi bir təntənə ilə  təqdim edirlər ki, bu da  həmin ərəfədə ölkəyə minlərlə turistin gəlməsi ilə nəticələnir.  Yerli turizm mütəxəssisləri ilə   söhbətimizi Novruzu  turistlərinin tanıyıb maraq göstərdiyi bayramlar səviyyəsinə çatdırmaq üçün həyata keçirdikləri  və görüləcək işlər  ətrafında qurduq.

Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyevanın mətbuata verdiyi məlumata görə, mart ayı ərzində nazirlik ölkəmizi iki beynəlxalq turizm sərgisində təbliğ edir. Bunlardan biri Almaniyada baş tutan “İTB-Berlin”, digəri isə Moskvada keçiriləcək beynəlxalq turizm və səyahətlər sərgisidir. L.Verdiyeva söyləyib ki, əvvəlki illərdən fərqli olaraq, bu il Novruz bayramı haqqında hər iki sərgidə ziyarətçilərə daha geniş məlumat veriləcək: “Nazirlik tərəfindən xalqımızın Novruz ənənələrini əks etdirən xeyli sayda reklam-çap məhsulları, o cümlədən buklet və disklər hazırlanıb. Bundan əlavə, “İTB-Berlin” sərgisinə bayramın simasını göstərən obrazlar - keçəl, kosa, bahar qızı da aparılıb. Həmçinin hər iki sərgidə Novruz şirniyyatlarından ibarət süfrə açılacaq”.

Novruz ərəfəsində bir neçə layihə həyata keçirəcəklərini deyən “Bakı Tur” turizm şirkətinin rəhbəri Fayis Məmmədovun dediyinə görə, mərkəzlərində Novruz atributlarını özündə əks etdirən bukletlər və disklər hazırlanıb: ”Biz də bu reklam-çap məhsullarını xarici ölkələrdə paylamaqla məşğuluq. Turizm şirkəti kimi isə hələ ki, hər hansı buklet hazırlamamışıq. 2008-ci ilə nisbətən 2009-cu ildə Azərbaycana gələn turistlərin sayı artıb. Əsasən İran və Türkiyədən gələn turistlər Novruzla daha çox maraqlanırlar. Almanları mədəni turizm çox maraqlandırdığından onlar üçün müəyyən proqramlar hazırlamaq olar. Düşünürəm ki, Braziliyadakı karnaval kimi, biz də Novruz bayramını yüksək səviyyədə reklam etməliyik”.

“Novruz bayramı xarici turistlərin ölkəmizə cəlb edilməsində mühüm rol oynaya bilər”-deyən  turizm üzrə mütəxəssis, “Sevgün Travel” turizm şirkətinin rəhbəri Bahadur Bilalov bildirdi  ki, ölkəmizə gələn turistlərin təkcə mədəniyyətimizlə tanış olmadığını, eyni zamanda ölkəmizdə qalacağı müddətdə müəyyən vəsait xərcləyərək mədəniyyətimizin, iqtisadiyyatımızın inkişafına kömək etdiyini yaddan çıxarmamalıyıq: “Buna baxmayaraq, azərbaycanlıların ən əsas və sevimli bayramlarından olan Novruzun adı dünya şöhrətli bayramların sırasında çəkilmir. Hətta bu bayram ərəfəsində şənlikdə iştirak etmək üçün Azərbaycana gələn xarici turistlərin də sayı yetərincə olmur.Nəzərə almaq lazımdır ki, bu bayram müxtəlif bölgələrdə müxtəlif formada qeyd edilir. Məsələn, Qazax bölgəsində bu bayramın necə keçirilməsi İ.Şıxlının “Dəli Kür” romanında,  Gəncədə keçirilən bayram Mirzə Abbas Abbaszadənin xatirələrində əks olunub. Bu günümüzdə Novruz bayramının Naxçıvanın Ordubad rayonunda daha təmtəraqlı keçirilməsi faktı məlumdur”.

B.Bilalov deyir ki, xarici turistlərin marağını ölkəmizə cəlb etmək üçün bu bayramı sistemli şəkildə təşkil etmək lazımdır: “Bununla da dünyada analoqu olmayan Novruz bayramı beynəlxalq karnavallar sırasına düşər. Bu, nəinki xarici turistlərin diqqətini cəlb edər, hətta bayram şənliklərində iştirak etmək istəyən turistlərin sayını artırar. Bunun üçün turizm təşkilatları internet səhifələrində Novruz bayramının qeyd olunmasını əks etdirən milli adət-ənənələrimizin təbliğini genişləndirməklə, turistlərdə mədəniyyətimizə qarşı böyük maraq yaratmalıdırlar”.

Mütəxəssis Azərbaycanda keçiriləcək beynəlxalq tədbirləri bahar bayramı vaxtına salmağı, gələn turistlərə bayramın adət-ənənələrini olduğu kimi çatdırmağı, Novruzu əks etdirən suvenirlərin istehsalını təşkil etməyi tövsiyə edir: “Belə olan halda, Novruz bayramı beynəlxalq karnavallar sırasına düşər və hər kəsdə bu bayram haqqında maraq artar. Yaddan çıxarmaq lazım deyil ki, turizm dünyada ən gəlirli sahələrdəndir. Məhz bu baxımdan qeyri-neft sektoruna, xüsusən də turizm sahəsinə sərmayə qoymaqla iqtisadiyyatımızın gücünü daha da artıra bilərik”.

Novruz bayramının xalqımızın və ümumillikdə Şərq  xalqlarının dəyərli bayramı olduğunu deyən Turizm İnstitutunun  Tədqiqat və İnkişaf Mərkəzinin direktoru Eldar Aslanov  bildirdi ki,  Novruz təbiətin oyanmasını, təqvimin dəyişməsini simvolizə edən bahar bayramıdır:”Azərbaycanda Novruz bayramı ölkədə turizmin inkişafı baxımından maraqlı mövzudur. Xüsusilə xaricidə yaşayan etnik Azərbaycanlılar üçün (əlaxüsus Rusyada, İranda və s.) ölkəmizdəki Novruz şənlikləri maraq doğrucudur. Müşahidələr göstərir ki, bu ölkələrdən Novruz bayramı günlərində hər il çoxlu sayda turist ölkəyə gəlir və ildən-ilə artır. Əgər biz Novruz bayramı şənliklərinin dünyada təbliğini daha artırmaq bu istiqamətdə gələn turistlərin sayını daha da arta bilərik. Bu mənada İçərişəhər, Qazax rayonunun Kosalar kəndindəki Novruz şənlikləri maraqlı turizm məhsulu kimi ortadadır. Ümumiyyətlə, avropalı turistlər üçün bu tip yerli özünəməxsusluğu olan adət-ənənələr, bayramlar, festivallar hər zaman diqqət cəlb edib. Ona görə də Novruz bayramı, onun simovllarının təbliğ olunması, turistlər üçün müvafiq məhsulların (həmçinin suvinirlərin) hazırlanması qarşımızda duran vəzifələrdəndir”.

 “Ölkədə turizmin inkişaf surəti söyləməyə əsas verir ki, yaxın gələcəkdə Novruz şənlikləri xarici turistlərin ölkəyə axını üçün  vəsilə olacaqdır. Amma bu istiqamətdə turizm sənayesi işçilərinin üzərinə də çox işlər düşür”-deyən ekspert əminliklə  bildirdi ki, bu istiqamətdə aparılan kompleks səylərlə yaxın gələcəkdə  Novruz bayramı şənlikləri Azərbaycanda karnaval turizmi üçün əsas məhsullardan biri olacaqdır.

Ümumilikdə Novruz bayramının ölkə turizminə təsirindən danışan E.Aslanov bildirdi ki, Novruz bayramı ölkədə karnaval turizmi üçün mühüm bir məhsuldur:” Onun özünəməxsus simvolları, hədiyyələri və karnaval xüsusiyyətləri turistlərin əylənməsi baxımından maraqlıdır. Əlbəttə ki, Novruz yalnız Azərbaycanın deyil, bir-çox şərq xalqlarının bayramı olduğu üçün xarici turistlərə həm Azərbaycan, həm də digər şərq xalqlarının Novruz adətlərini karnavallar, festivallarla təqdim etmək olar. Bu günlərdə həmçinin müxtəlif musiqi festivalları, elmi simpozumlarla və s., müvafiq tədbirlərlə müxtəlif kateqoriyadan olan turistləri həm Novruz bayramına, həm də digər mədəni tədbirlərə dəvət etmək olar”.

Qeyd edə ki, 2009-cu ilin sonlarında Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Bir neçə gün əvvəl isə BMT Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz Günü kimi tanıdı və bu haqda qətnamə qəbul etdi. Novruz bayramı öz milli koloritliyinə görə,bu gün dünyada kütləvi şəkildə qeyd olunan heç bir beynəlxalq karnavaldan geri qalmır, sadəcə olaraq, dövlət və kommersiya sektoru, xüsusilə turizm təşkilatları onun beynəlxalq səviyyədə təbliği üçün səylə çalışmalıdır.  Əminik ki, gəlişi hər bir kəsin həyatına bahar təravəti gətirən, təbiəti oyadaraq, canlandıraraq ona  gözəllik, təravət simvolu olan yaşıl “don” geyindirən  Novruz-Bahar bayramı  gələcək illərdə daha geniş miqyasda qeyd ediləcək və dünyada tanınacaq.

 

 

G.ƏSƏDOVA

 

Paritet.- 2010.- 18-19 mart.- S. 9.