Bahalı olsa da, sərfəlidir

 

Xəzər dənizinin suyunun şirinləşdirilməsi ilə bağlı layihənin həyata keçirilməsi ekoloqlar tərəfindən məqsədəuyğun bilinir

 

 Məncə qlobal problemlərin arasında ən vacibi su məsləsi hesab olunmalıdır. Çünki su insan yaşayışı üçün ən əsəs iki komponetdən biridir. Bir də nəzərə almaq lazımdır ki, suyun çatışmazlığı birbaşa insan ölmü ilə nəticələnə bilər. Maraqldır ki, Ümumdünya Su Şurasının rəhbəri  Lui Fokonun məlumatına görə, 2005-ci ildə “suyun çatışmazlığı və ya onun aşağı keyfiyyəti planetdə aparılmış bütün müharibələrdən 10 dəfə daha çox ölümə səbəb olub”. Bu baxımdan suyun təchizatı artırılmalıdır, sadəcə yenidən bölüşdürmə kifayət deyil. Yeraltı suların səviyyəsi bütün qitələrdə azalır, bəşəriyyətin 40%-i beynəlxalq su ayrılmasından asılıdır, kənd təsərrüfatı torpaqları şoranlaşır, yeraltı suların su saxlayan təbəqələri çirkləndirilməkdədir və urbanizasiya suya tələbatı bir çox sistemlərin təchiz edə biləcəyindən daha çox artırır. İnkişaf etməkdə olan ölkələrdəki xəstəliklərin 80%-i su ilə bağlıdır. Onlardan bir çoxu insan ifrazatlarının pis idarə edilməsi ilə bağlıdır. Bir çox təkmilləşdirilmələrə baxmayaraq, 1,1 milyard insan hələ də təhlükəsiz içməli suya malik deyil, 2.6 milyard insanın standartlara cavab verən kanalizasiyadan məhrum olması hər il 1.7 milyon nəfərin diareya və onunla bağlı digər xəstəliklərdən ölməsi ilə nəticələnir.

 Bir çox böyük çaylar okeana çatanadək ilin bir hissəsini artıq suyu çəkilmiş vəziyyətdə axırlar. Son 40 il ərzində göl və çaylardan suyun alınması ikiqat artmışdır. BMT agentlikləri ehtimal edirlər ki, əhəmiyyətli dəyişiklik olmasa, 2050-ci ilə qədər 2 milyarddan artıq insan suyun çatışmadığı ərazilərdə yaşayacaq. İnsanların şirin su istehlakının 70%-i kənd təsərrüfatının payına düşür və böyüməkdə olan nəsillərin qidalandırılması üçün ona olan ehtiyac artacaq. Şəhərlərin suya tələbatı artmaqda davam edir, təbiətin də bütün tələbatları təmin edəcək qədər həyat qabiliyyətli olması üçün kifayət qədər suya ehtiyacı vardır. 3.000-dən artıq şirin su növü məhv olma təhlükəsi altında qaldıqları üçün və ya yoxa çıxan növlər kimi qeydiyyata alınmışdır. Ciddi siyasi və texnoloji dəyişikliklər meydana gəlməzsə, suyun kənd təsərrüfatında, şəhərdə və ekoloji məqsədlərə istifadəsi arasındakı kompromis üstündə gələcək mübahisələr qaçılmazdır. Əvvəllər su bölgüsü haqqında sazişlər münaqişədə olan insanlar arasında da bağlanmış və bu başqa sahələrdə əməkdaşlığa aparıb cıxarıb.

 Mütəxəssislər hazırda Azərbaycanın da su ehtiyatlarının çox məhdud olduğunu deyirlər. Ona görə də Xəzər dənizinin suyunun şirinləşdirilməsi alternativ su mənbəyi yaradacağı ümidlərini artırır. Hesablamalara görə, Cənubi Qafqazdakı su ehtiyatlarının 70 faizi Gürcüstanda, 20 faizi Ermənistanda, cəmi 10 faizi Azərbaycandadır. Məhz buna görə də respublikada prezident səviyyəsində bu məsələ diqqət mərkəzindədir. Prezident İlham Əliyev bunu nəzərə alaraq Xəzər dənizinin suyunun şirinləşdirilməsini 2010-cu il üçün pilot layihə hesab edir: “Vacib olan məsələlərdən biri Azərbaycanda heç vaxt sınaqdan keçməmişdir. Ancaq biz nə vaxtsa buna başlamalıyıq və Xəzər suyunun şirinləşdirilməsi, bu sudan suvarma üçün və gələcəkdə içməli su kimi istifadə edilməsi üçün lazımi tədbirlər görülməlidir. Mən hesab edirəm ki, 2010-cu ildə pilot layihəsi icra edilməlidir. Bu təcrübə başqa ölkələrdə vardır. Yaxın Şərq ölkələrində bu təcrübədən geniş şəkildə istifadə edilir. Biz bu gözəl təcrübəni tətbiq etməliyik. Bizim böyük su mənbəyimiz vardır. Sirr deyil ki, bizi qidalandıran çayların böyük əksəriyyəti ölkəmizdən kənarda formalaşır və biz ekoloji təhlükəsizliyin, su təhlükəsizliyinin təmin edilməsi üçün əlbəttə ki, Xəzər dənizinin suyundan dediyim məqsədlər üçün də istifadə etməliyik. Mən əminəm ki, pilot layihəsi uğurlu olacaqdır. Çünki burada yenə də deyirəm ki, heç bir yenilik yoxdur, müxtəlif ölkələrdə bu təcrübədən istifadə edilir. Düzdür, bu, bahalı bir layihədir. Ancaq insanların sağlamlığı, ekoloji və su təhlükəsizliyinin təmin edilməsi üçün biz, hesab edirəm ki, maliyyə problemlərinə baxmamalıyıq, biz bunu təmin etməliyik. 2010-cu ildə, hesab edirəm ki, biz ilkin layihəni görməliyik”.

Qeyd edək ki, dəniz suyundan içməli su kimi istifadə olunması ilk dəfə Yaponiyada, sonra isə İsraildə və digər ölkələrdə həyata kerçrilib.  Ekoloqlara görə, Azərbaycanda Xəzər sahillərindəki bəzi yaşayış məntəqələrində suyun məhdud olan yerlərində layihənin həyata keçirilməsi məqsədəuyğun bilinir. İlkin mərhələdə Yeni yaşma, Qala və Zirə qəsəbələrində, Xırdalanda dənizin suyunu duzsuzlaşdıraraq əhalinin istifadəsinə verilməsi nəzərdə tutulur. Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanda bu sudan hələlik içməli su kimi istifadə edilməyəcək. Dəniz suyu duzsuzlaşdırılaraq ilk dövürlərdə yaşıllıqların suvarılmasında istifadə olunacaq. Gələcəkdə isə əhalinin sudan içməli su kimi istifadə olunması məsələsinə baxılacaq.

 Dənizin suyunun şirinləşdirilməsi çirkli suyun yararlı hala gətrilməsindən bir neçə dəfə baha başa gəlir. Müqayisə üçün deyək ki, əgər gündəlik 5 kub metr suyun təmizlənməsi 1000-1500 manata başa gəlirsə, dəniz suyunun içməli vəziyyətə gətrilməsinə 20-25 min manat lazımdır. Lakin bu zaman təmizlənən suynun həcminin artırılması ilə qiymət dəyişmir. Buna görə də bir sıra ölkələr dəniz suyun təmizlənməsini nəzərdən keçirməyə başlayıb. Əvvələr isə dənizin suyunun təmizlənməsi indikindən daha baha başa gəlirdi. Bu, sutəmizləyici filtirlərin hər il dəyişdirilməsi ilə bağlı idi. Hazırkı qurğularda isə filtirlərin bir neçə il işlədilməsi məsrəfləri xeyli azaldıb. Qurğunun isə dənizə uyğun seçilməsi vacib hesab olunur. Xəzər dənizində istifadə olunan membran ola bilsin ki, başqa dənizdə istifadə olunmasın. Çünki xəzərdəki xuloridlərin sayı başqa dənizdən daha az və çox ola bilər.

Azərbaycanda analoji ən böyük qurğu sutkada 15 kub metr suyu şirinləşdirmək gücünə malikdir. O Neftçıxarma platformasında dənizin ortasında işləyən neftçiləri içməli su ilə təmin edir. Qurğuların alınması ilə bağlı Cənubi Koreya, İsrail və Alman şirkətləri ilə danışıqlar aparılır.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səftərzadənin sözlərinə görə, layihənin maliyyələşməsi ölkə başçısının “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təmin olunması haqqında” sərəncamı əsasında həyata keçiriləcək. O bildirib ki, layihə təklifi hazırlanıb və təqdim olunub: “Dəniz suyunun şirinləşdirilməsi hesabına bu problem həll olunacaq. Bu layihə ilkin mərhələdə Azərbaycanın cənub və şimal bölgələrində baş tutacaq. Belə ki, şirinləşdirilmiş şor sudan su mənbələrindən uzaq, Xəzər dənizinə yaxın ərazilərdə yaşayan sakinlər istifadə edəcək”.

Ekoloji baxımdan yüksək keyfiyyətə malik olacaq bu su Ümumdünya Səhiyyə Təşkilatının tətbiq etdiyi normativ əsasında təmizlənəcək. Şöbə müdirinin sözlərinə görə, bu layihədə küveytli mütəxəssislərin təcrübələrindən istifadə olunur.

Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu il yağış və çirkli suların təmizlənməsi layihəsini də həyata keçirəcək. R. Səftərzadənin sözlərinə görə, Xəzər dənizinə axıdılan çirkab sular kənd təsərrüfatı və yaşıllıqların suvarılmasında istifadə olunması üçün xüsusi qurğularda təmizlənəcək. Nazirlik rəsmisi qeyd etdi ki, Abşeron yarımadasında quraqlıq geniş hal aldığı üçün pilot layihə bu ərazidə baş tutacaq: “Lahiyədə konkret ərazi olaraq Hövsan, Binə, Sənqəçal, Bayıl qəsəbələri, Qaradağ rayonu və 20-ci sahə yaşayış massivi göstərilib. Damcı suvarma sistemi də qurulacaq və buna uyğun formul seçiləcək.

Xatırladaq ki, ETSN tərəfindən ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 12 rayonun 122 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Nəticədə 224 min nəfər əhali Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunub. Bu qurğulardan 36-sı 2009-cu ilin birinci yarısında istifadəyə verilib. Cari ildə ayrılmış 12 mln. manat vəsait hesabına hazırda 17 rayonun 63 kəndində modul tipli sutəmizləyici qurğuların quraşdırılması işləri gedir.

2009-cu il ərzində Abşeron yarımadasında “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nin daha 6 stansiyası istifadəyə verilib. Bununla da Mərdəkan, Buzovna, Bilgəh, Nardaran, Pirşağı və Novxanıya qədər sahilboyu ərazilərdə modul tipli təmizləyici qurğular quraşdırılmış stansiyaların sayı 16-ya çatdırılıb. Bunun nəticəsi olaraq, Pirallahıdan Novxanıyadək 86 km məsafədə dənizin suyu son 20-25 ildə ilk dəfədir ki, tamamilə təmiz qeydə alınıb.

Bu gün Dövlət Neft Şirkəti də Xəzər dənizində istismara yarasız özüllərin yenilənməsi prosesini  uğurla davam etdirir. Şirkətdən “Paritet”ə verilən məlumta görə, dəniz mədənlərində, xüsusilə Pirallahı və Çilov adalarında dəniz suyunun şirinləşdirilməsinə, suvarmada və qismən də, məişətdə istifadə olunmasına imkan verən “Əks-Osmoc” tipli bioloji təmizləmə qurğuları quraşdırılır. Bildirlidi ki, ARDNŞ-nin “28 may” NQÇİ-nin Çilov adasındakı “Əks Osmos” tipli qurğunun gücü gündə 300m3-dir. Bu günlərdə qurğunun açılışı gözlənilir.

 

 

FUAD

 

Paritet.- 2010.- 30-31 mart.- S. 9.