Bölgələrimizin mətbəxi əcnəbi turistlərin diqqətini cəlb edib

 

Ümumrespublika Daxili Turizm sərgisində regionlarımızın zəngin folkloru, mətbəxi və adətnənələri çox gözəl nümayiş etdirilib

 

 Dünyanın ən dilbər guşələrindən  biri kimi şöhrət tapan, 9 iqlimi  birləşdirən ölkəmizin bir sıra regionları öz turizm potensialını Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən  1-ci Ümumrespublika Daxili Turizm Sərgisində nümayiş etdirdilər. Sərginin ilk sırasında üzərində Bakı ərazisindəki tarixi abidələr, hotellər, istirahət məkanlarının görüntüləri yer alan stend quraşdırılıb. Qədim   Naxçıvanın stendində isə “Duzdağ”, “Təbriz” və “Avtovağzal” hotelləri haqqında məlumatlar yer alıb. Burada həmçinin muxtar respublikada istehsal edilən yerli məhsullar, çaylar, sənətkarların əl işləri də nümayiş etdirilirdi. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin aparıcı məsləhətçisi İsfəndiyar İsmayılovun sözlərinə görə, hər il turizm mövsümündə Naxçıvana dünyanın müxtəlif ölkələrindən istirahət və müalicə məqsədilə turistlər gəlir.

Quba, Qusar və Xaçmaz rayonlarına məxsus stendlər də sərgi iştirakçılarının marağına səbəb olurdu. Bu bölgənin rəqs qruplarının çıxışları istər-istəməz oradan keçən ziyarətçiləri ayaq saxlamağa məcbur edirdi. Stendlərə gələn xarici qonaqlar xüsusilə Nabrandakı istirahət mərkəzləri haqqında məlumatlar almaq istəyirdilər.

Daxili turizmi sərgisinin respublika səviyyəsində ilk dəfə keçirildiyini deyən Qusar rayon mədəniyyət  və turizm şöbəsi  müdiri David İbrahimxəlilov  qeyd etdi ki, bu sərgi əsasən regionlarımızda olan turizm potensialının üzə çıxarılması üçün, turizm sənayesinin və infrastrukturunun olmasına bir baxışdır:”Biz bu, sərgidə milli yeməklərimizi nümayiş etdiririk və onlar haqqında qonaqlara geniş məlumatlar veririk və rayon haqqında bukletlər təqdim edirik”.

Qusarda hazırda 9 istirahət mərkəzinin olduğunu deyən idarə müdiri bildirdi ki, artıq  Şahdağ qış-yay turizm kompleksinin  inşasına başlanıb.

Azərbaycanın qabaqcıl mədəniyyət mərkəzlərindən biri də Qazaxdır. Bu sərgidə qazaxlıların 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində istifadə etdikləri geyim nümunələri, milli  musiqi alətləri yer almışdı. Rayonun mədəniyyət və turizm şöbəsinin nəzdində fəaliyyət göstərən folklor ansamblının çıxışları da ziyarətçilər tərəfindən maraqla qarşılanırdı.

Gəncənin stendində isə şəhər sənətkarlarının əl işləri nümayiş etdirilirdi. Gəncə Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mina Məlikovanın dediyinə görə, bu məkana gələn turistlər çalışırlar ki, Gəncəni xatırladan suvenirlər aparsınlar. Bu səbəbdən də stendlərində əsasən sənətkarlıq nümunələrinə yer veriblər. Bundan başqa, Gəncənin stendində şəhərin mehmanxanaları, Gəncə Şərab Zavodunun məmulatları, Göygöl, Hacıkənd, Daşkəsənə olan istirahət marşrutları haqqında məlumatlar da yer almışdı.

Qax və Zaqatala rayonlarının stendlərində də ziyarətçilər üçün maraqlı turizm məhsulları yerləşdirilib. Hər iki rayonun mədəniyyət və turizm şöbələrinin nəzdində fəaliyyət göstərən rəqs qruplarının çıxışları iştirakçıların diqqətini xüsusi olaraq cəlb edirdi.

Ən maraqlı stendlərdən biri də Şəki şəhərinə məxsus idi. Xan sarayı, karvansaralar, hamamlar haqqında məlumatlarla yanaşı, Şəki sənətkarlarının əl işləri də lövhəyə xüsusi rəng qatırdı. Şəki şəhəri Yuxarı Baş Memarlıq Qoruğunun direktoru  Təranə Abdullayeva qeyd etdi ki, daxili turizm sərgisinin keçirilməsi günün nəbzidir:”Yəni  çox vaxtında keçirilən bir sərgidir. Çünki Azərbaycanda turizm potensialını  inkişaf etdirməkdən ötrü çox gözəl bir tədbirdir. Burda nümayiş olunan stendimizdə Şəki sənətkarlarının əl işləri- təkəlduz, papaqçı, şəbəkə, ipək üzərində işləmə və s. sənətlərdən nümunə və şirniyyatlardan nümunələr  sərgilənib. Məlumat üçün bildirim ki, elan olunan üç paytaxt şəhərdən biri də Şəkidir. Şəkiyə  sənətkarlar paytaxt adı verilib ki, bu da təsadüfi bir hal deyil. Şəkidə sənətkarlığın tarixi qədimdir, elə bu səbəbdən də rayonumuz sənətkarlar paytaxtı adını alıb”.

“Hazırda Şəkidə 18 sənət növü üzrə 72 nəfər sənətkarlar fəaliyyət göstərir və  sənətkarlarda fəaliyyətlərini nəsildən-nəsilə ötürür. Sənətkarlara dövlət diqqəti və qayğısı nəticəsində 2007-ci ildə əsaslı təmir olunan və qoruq ərazisində yerləşən təcridxana binası sənətkarlar  mərkəzi adı altında sənətkarların ixtiyarına verilib”.

O xatırlatdı ki,  rəhbəri olduğu Yuxarı Baş Memarlıq Qoruğu  1967 -ci ildən fəaliyyət göstərir: “Qoruqda dövlət qeydiyyatından keçmiş 25 tarix, mədəniyyət, arxeoloji və s.  abidələr var.  Hələ onlarla mülk,  məscid, bina  var ki,  qeydiyyata alınmayıb, onların qeydiyyata alınması  haqqında Mədəniyyət və Turizm Nazirliyinə müvafiq məktubla müraciət olunub. Dünya əhəmiyyətli olan Xan sarayı həmin qoruqda yerləşir. Qoruq ərazisində 1  dünya, 11 ölkə, 13 isə yerli əhəmiyyətli tarix memarlıq abidəsi, körpülər, yeraltı arxeoloji abidə və s.) yerləşir”.Ötən il Xan sarayına gələn turistlərin sayının 32 min nəfər olduğunu deyən Təranə xanım bildirdi ki, hazırda rayonda 14 turizm istirahət mərkəzi fəaliyyət göstərir, 2 turizm istirahət kompleksi də ilin sonu üçün istifadəyə veriləcək.

 Lerik, Masallı və Lənkəran rayonlarına aid stendlərdə isə ölkəmizin cənub zonasına məxsus mətbəx nümunələri nümayiş etdirilirdi. Bundan başqa, ziyarətçilərə bu rayonların tarix-diyarşünaslıq muzeylərinin eksponatları, bu istiqamətdə yerləşən müasir tipli hotellər və istirahət məkanları haqqında ətraflı məlumatlar da təqdim olunurdu. Lənkəran turizm idarəsinin əməkdaşı bildirdi ki, belə bir  sərginin keçirilməsi Azərbaycanın turizm imicini dünyaya tanıtmaq üçün çox vacibdir:”   Lənkərana 2009-cu ildə  7 mindən artıq turist gəlmişdi, bunlarında əksəriyyəti Türkiyə, İran, İngiltərə və  ABŞ-dan  gəlmiş turistlər idi. Bu ildə hələ turizm mövsümünün  başlamamasına baxmayaraq, Lənkəranda xarici qonaqlar var”. Onun sözlərinə görə, hesablamalara əsasən 2009 -cu ildə Lənkərana   4500 nəfər əcnəbi turist gəlib, qalanları isə yerli qonaqlar olub ”Hazırda Lənkəranda 12 turizm istirahət kompleksi var. Bunlardan birinin fəaliyyəti standartlara uyğun olmadığından onun fəaliyyəti  dayandırılıb. Keçən il istirahət mərkəzlərində qiymətlərdə endirim olub. Lənkərana gələn qonaqlar ilk olaraq  rayonda olan tarixi abidələrlə, zəngin mətbəxi, əl işləri tanış olur və onlara rayon haqqında  CD təqdim olunur. Bu gün rayonumuzda 87 tarix mədəniyyət abidəsi fəaliyyət göstərir. Ötən il Dairəvi Qala dövlət tərəfindən bərpa edilib və bu turistlərin diqqətini çox cəlb edir. Stendimizdə Lənkəranın milli mətbəxi təqdim edilir. Hətta Birləşmiş Ərəb Əmirliklərindən gələn qonaqlar bizim stendə yaxınlaşıb, milli yeməklərimizlə maraqlandılar və onların dadına belə baxdılar. Onlar Lənkəran küküsü və ləvəngisini xoşladılar”.

Sərgidə Şamaxı, İsmayıllı və Qəbələ rayonlarının turizm potensialı da geniş nümayiş etdirilirdi. Bu bölgənin xüsusilə mətbəxi turistlərin diqqətini cəlb edir. Azərbaycana gələn turistlərin əksər hissəsi istirahət etmək və təbiətin gözəlliklərindən zövq almaq üçün məhz bu rayonları seçdiyini deyən İsmayıllı rayon  mədəniyyət və turizm idarəsinin müdiri Azər Abbasov bildirdi ki,  bu il birinci ümumrespublika sərgisi keçirildiyi üçün, bu sərgi  əvvəlki illərdən fərqlənir: ”Bu sərgidə 29-a  yaxın ölkədən nümayəndələr iştirak edir, o cümlədən rayonlarımız da sərgiyə qatılıb.    İsmayıllıda 2003-cü ildə bir istirahət mərkəzi olubsa, 2009-cu ildə  bu say 16-ya  çatıb.  Rayonumuza əvvəlki illərə nisbətən turist axını  hədsiz artıb. Ötən il rayonumuza on beş min nəfər turist gəlibsə, bu il isə bu rəqəmin  iyirmi beş min olacağı gözlənilir. İstirahət mərkəzlərindən götürülən rəqəmlərə əsasən deyə bilərəm ki, ildə rayonumuza  ümumilikdə 15 min  turist gəlir ki, bunun 7-8 mini xaricilərdir”.İdarə müdirinin sözlərinə görə, üstü açıq bir muzey olan  Lahıc qəsəbəsinə hər il  8-10 min nəfər turist gəlir ki, bunun da 70 faizi xarici qonaqlardır.  Artıq rayonda fəaliyyət göstərən istirahət mərkəzlərində çalışmaq üçün peşəkar kadrlar hazırlanır. Bu il İsmayıllı rayonunda zonalnı  turizm sahəsində çalışan mütəxəssislərin hazırlanması üçün peşə məktəbi açılacaq və bu təhsil ocağında ixtisaslı turizm kadrları hazırlanacaq.  Bu il də bu günü iyunun 15-də qeyd edəcəyik”. Bu ilki sərgidəki stendləri haqqında danışan turizm mütəxəssisi qeyd etdi ki, stenddə   Lahıcda toxunmuş İsmayıllı xalçaları, Lahıcda düzəldilmiş mis qablar və papaqçılıq, tikməçilik üzrə əl işləri nümayiş olunur , eyni zamanda İsmayıllıda istehsal edilən şərab və üç istirahət mərkəzimiz(Green house-yaşıl ev, Qaya və Qız qalası) haqqında məlumat verilir:” Onu da qeyd edim ki, Lahıc qəsəbəsində tarixən 39  sənət növü olub. Amma təəssüf ki, onların bir çoxu  bu gün istifadə edilmir. Bu sənətlərdən 6-7 sənət növü qalıb. Bu səbəbdən də biz istəyirik ki, bu sənət növlərinin yaşması üçün qrant layihə hazırlayaq.”

“Qarabağ” adlanan   lövhədə Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinə məxsus xalçalar, musiqi alətləri, məişət əşyaları yer almışdı. Bir də Qarabağımzın təbiətini, tarixi abiədələrini əks etdirən şəkillər vardı... Əminik torpaqlarımız alınandan sonra bu stend gələcək illərdə daha zəngin olacaq.

Kompleksin birinci pavilyonunda yerləşən “AİTF-2010” Turizm və Səyahətlər Sərgisinin ziyarətçiləri isə əsasən yerli vətəndaşlar idi. Burada İtaliya, İsveçrə, Almaniya, Avstriya, Fransa, Rusiya, Ukrayna, Belarusiya, Çin, Kipr, Sloveniya, Latviya, Litva, Estoniya, Vyetnam, Kamboca, Sinqapurdan 130-dən çox şirkət öz məhsulunu 33 istiqamət üzrə təqdim edirdi. Eyni zamanda Türkiyə, Yunanıstan, Kipr, Malayziya, Tunis, BƏƏ, Mavriki, Hindistan, Çexiya və Gürcüstan milli stendləri ilə çıxış edirdilər.

Malayziya, Maldiv, Mavriki, Seyşel adaları və Tailanddan olan şirkətlər isə “Adalarda cənnət” adlı ekzotik turizm marşrutunu təqdim edirdilər.

Stavropol diyarının tanınmış kurort şəhərləri olan Yessentuki, Jeleznovodsk, Kislovodsk, Mineralnıye Vodı, Pyatiqorsk ziyarətçilərə sanatoriya müalicəsi üzrə xidmətlərin ən geniş diapazonunu təqdim edirdilər. Sərgidə iştirak etmək məqsədilə ölkəmizə gələn Stavropol vilayətinin qubernatoru Valeri Qayevski bildirib ki, Azərbaycanın yeni bir turizm marşrutu kimi dünyada tanınması Rusiya turoperatorlarının diqqətini buraya cəlb edib. AİTF-2010 sərgisində Stavropol diyarına məxsus stenddə nadir sanatoriya müalicəsi vasitələri ilə məşhur olan Yessentuki, Jeleznovodsk, Kislovodsk, Mineralnıye Vodı, Pyatiqorsk kimi kurort şəhərlərinin ekspozisiyalarının bir araya gəldiyini deyən qubernator bildirdi ki, burada ilk dəfə olaraq, Rusiyanın tur-operatorları Sankt-Peterburq şəhəri üzrə ekskursiya turlarını da təklif edirlər.

Sərgiyə fəal qatılan ölkələrdən biri də Ukrayna şirkətləri idi. Onlar Azərbaycan turistlərinə təkcə Qara dənizin kurortlarını deyil, həm də Truskaves və digər şəhərlərin müalicə kurortlarını da təklif edirdilər.

AİTF-2010 sərgisinin ən maraqlı iştirakçısı bu il ilk dəfə sərginin tərəfdaşı qismində çıxış edən Türkiyədir. Bu ölkənin stendinin əsas şüarı “İstanbul Avropa mədəniyyətinin paytaxtı-2010”-dur. Bu şüar eyni zamanda stendin qarşısında dayanan və özünəməxsus geyim tərzinə malik 4 nəfər türkiyəli sənətçi tərəfindən demək olar ki, hər 5 dəqiqədən bir təkrarlanırdı. Qəzetimizə açıqlamasında Ankara Turizm Nazirliyinin nümayəndəsi Tayfun Şenel bildirdi ki, İstanbulun bu adı qazanması onlara uzun illərin əziyyəti hesabına başa gəlib. Türkiyəli təmsilçinin sözlərinə görə, AİTF sərgisində ilk gündən iştirak edirlər. Azərbaycanın turizm imkanları həmişə Türkiyə şirkətlərinin diqqətini özünə cəlb edib.      

Malayziya, Tailand və Hindistanın turizm şirkətlərinin təqdimatları da maraqlı idi. Hindistanın ölkəmizdəki səfirliyinin xətti ilə stenddə müxtəlif rəqs nömrələri təqdim edən rəqqasların çıxışları hələ uzaqdan ziyarətçilərin onlara yaxınlaşmasına səbəb olurdu. Qeyd edək ki, ziyarətçilər Hindistadan bir həftə və ya on gün qalmaq üçün 1000-1500 manat sərf etməlidirlər. Tailandın “New wts travel” turizm şirkətinin təmsilçisi Arailym Bailenova deyir ki, bu sərgidə artıq bir neçə ildir iştirak edirlər və nəticələr də onları qane edir.

Qeyd edək ki, bir neçə gündür hər kəsin diqqət mərkəzində olan turizm  sərgi bu gün öz işinə müvəffəqiyyətlə yekun vuracaq.

 

 

GÜNAY

 

Paritet.- 2010.- 1-3 may.- S. 11.